Çərşənbə axşamı, 17 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Ötən həftənin mozaikası: “Çörəyi ver çörəkçiyə...”

Yola saldığımız həftə bir çox hadisələrlə zəngin oldu: Prezidentin həyata keçirdiyi kadr islahatları, Gürcüstanda baş verənlər, Ərdoğanın böyük “İstanbul məğlubiyyəti”, ABŞ-İran gərginliyinin qopma nöqtəsinə gəlməsi və s.

Azər Qaramanlı yazır...

“Çörəyi ver çörəkçiyə...”

Hər şeydən əvvəl qeyd edək ki, prezident İlham Əliyevin son təyinatları ölkə daxilində geniş rezonansa səbəb oldu. Rezonansı yaradan əsas səbəb isə prezidentin təhlükəsizlik və daxili sabitliyin təmin olunmasında “köhnə qvardiya”ya yenidən böyük etimad göstərməsi idi. Çünki prezidentin son iki ildə həyata keçirdiyi kadr islahatlarında “köhnə qvardiya”dan ayrılmaq, yeni komanda formalaşdırmaq istəyi açıqca hiss olunurdu. Bunun bir çox siyasi və iqtisadi səbəbləri vardı və bu səbəblər üzündən prezidentin yeni komanda formalaşdırmaq istəyi çox təbii görünürdü.

Onu da qeyd etməliyik ki, son bir neçə ildə MTN-DTX-nın peşəkar təhlükəsizlik orqanı olaraq nüfuzunda ciddi zədələnmələr müşahidə olunmuşdu. Bu üzdən sözügedən sahədə “köhnə qvardiya”ya mənsub peşəkara etimad göstərilməsi də normal qəbul olnmalıdır. Xüsusən son illər problemlərin yaşandığı və ölkəmizin təhlükəsizliyini təmin edən DTX-ya Əli Nağıyev kimi bir peşəkarın təyin olunması vurğulanmalıdır.

Açıq deməliyik ki, Namiq Abbasov dönəmindən sonra DTX-da peşəkarlığın aşağı olması uzaqdan hiss olunurdu və boşluq ortaya çıxan qalmaqallarla və problemlərlə diqqəti cəlb edirdi. İndi o boşluğun doldurulması hər kəsin gözləntisidir və ümid edirik ki, Əli Nağıyev bir peşəkar kimi bu vəzifənin öhdəsindən layiqincə gələcək. Hər halda bu gün ictimaiyyətin gözləntisi bundan ibarətdir.

DİN-ə gəlincə, Azərbaycan polisində son 25 ildə elə bir ciddi problem və boşluq hiss olunmayıb. Ramil Usubovun öz vəzifəsini tam peşəkarcasına həyata keçirməsinə də heç kimin şübhəsi olmayıb. Bu durumda Ramil Usubovun yetirməsi və birbaşa Usubov sisteminin əsas aparıcı siması olan Vilayət Eyvazovun zamanında da hansısa boşluğun yaranması imkansız görünür. Əksinə əksəriyyətin ehtimalına görə, Vilayət Eyvazov sistemin daha təkmil çalışmasını təmin edəcək biridir və yəqin ki, belə də olacaq.

Yəni artıq əminliklə demək olar ki, prezident İlham Əliyev Azərbaycanın sərhədlərində böyük beynəlxalq oyunların getdiyi indiki zaman üçün ölkənin təhlükəsizliyini və daxili sabitliyini təmin etmək üçün əsas addımları atdı. ABŞ-İranİran-israil arasındakı gərginliyin yüksələn xəttlə artması və iplərin qopma həddində olduğu bu ərəfədə ölkənin təhlükəsizliyinin və daxili sabitliyinin təminatı peşəkarlara həvalə edildi.

İndi daha çox yenidən iqtisadi islahatlara köklənmək zamanıdır və əsas problemlər də yenidən məhz iqtisadi sahədə özünü göstərməkdədir. Son illərdə iqtisadiyyat sahəsində ciddi kadr və struktur islahatları həyata keçirilməsinə baxmayaraq, bu islahatların özünü doğrultmaması da ortadaır. Xüsusən maliyyə sektorunda və gömrük sistemindəki çatışmazlıqar hələ də iqtisadiyyatımızın əsas problemi olaraq qalmaqdadır. Bankların ölkə iqtisadiyyatını normal qaydada kreditləşdirə bilməməsi, əksinə iqtisadiyyatın normal kreditləşməsinin əsas maneəsinə çevrilməsi hələ də qalır. Bu sahədə aparılan ciddi struktur və kadr dəyişiklikləri problemin həllinə yol açmayıb və bank sektoru hələ də yüksək faizli kreditləri ilə ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsinə əsas maneə olaraq qalmaqdadır. Bu xüsusən qeyri- neft sektorunun inkişafına aiddir.

Gömrük sisteminə gəlincə isə bu qurumun rəhbərliyi geniş islahatlar həyata keçirdiyini və şəffaflıq yaratdığını dəfələrlə bəyan etsə də monopoliya və ədalətsiz yanaşma hələ də iqtisadiyyatımızın inkişafında əsas problem olaraq qalmaqdadır. Gömrük sisteminin neqativlərini gömrükdən mal keçirən sahibkarlar hər gün dilə gətirsələr də, qurumun rəhbərliyi əsasən “islahat” adı altında gözə kül üfürməklə məşğuldur və bu qurumun fəaliyyətində iqtisadiiyatın inkişafını tənzimləyəcək heç bir real islahatın keçirilməməsi də göz qabağındadır.

Ərdoğanın İctanbul itkisi və “İsrafilin suru”

Dünən İstanbul Böyük Şəhər Bələdiyyəsinə keçirilən təkrar seçkilərdə AKP-nin böyük məğlubiyyəti Ərdoğanın şəxsi faciəsi kimi qəbul olunmalıdır. Daha doğrusu, Ərdoğan bunu belə qəbul edir. Yoxsa bitmiş bir seçkini adminstrativ təzyiqlərlə ləğv etdirib təkrar seçkilərə getməz və özünü həm Türkiyədə, həm də bütün dünyada biabır etməzdi.

Dünən yaşananlar doğrudan Ərdoğan adına biabırçılıq idi və bu rüsvayçılığı yaradan, daha doğrusu, öz faciəsini doğuran adam da məhz Rəcəb Teyyub Ərdoğan idi.

İstanbul Ərdoğan üçün hər şeydən önəmliydi. O bu şəhərdə yetişmiş və bu şəhərdən siyasətə, Türkiyəyə və bütün dünyaya meydan oxumuşdu. İndi qos-qoca meqapolis 25 ildən sonra Ərdoğanın ixtiyarında deyil. Bunu həzm edə bilmək belə, Ərdoğan üçün bütün siyasi həyatında yaşadığı ən böyük rəzalət və ən böyük faciədir.

Əslində Binəli İldırımın zorla İstanbula “sürgün” edilməsi Ərdoğanın İstanbulu itirməmək üçün son şansı idı və həm də böyük səhvi idi. Binəli İldırımı İstanbula yollamaqla Ərdoğan əslində “bu şəhər mənimdir, heç kim bu şəhəri məndən ala bilməz” mesajını vermişdi. Yəni dolayısı ilə İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyinə öz namizdliyini irəli sürmüşdü. Çünki Binəli İldırım Ərdoğanın sonuna qədər inana biləcəyi sonuncu “köhnə qvardiya” mənsubu idi...

Ərdoğanın “köhnə qvardiyası” indi yoxdur. O “qvardiya”nın bütün komandirləri indi ona qarşıdır və bu qarşıdurmanı Ərdoğanın sonsuz hakimiyyət hərisliyi yaradıb.

Bundan sonra AKP-nin və Ərdoğanın taleyində əsas rolu da məhz Ərdoğanın “köhnə qvardiyası” oynayacaq. Ona qarşı olan ciddi siyasi fiqurlar indi Ərdoğanla haqq-hesab çəkməyə hazırdırlar. Türkiyənin yeni dönəmini də onlar yazacaqlar.

Hazırda Türkiyədə nə AKP, nə CHP, nə MHP və İYİ Partiya növbədənkənar seçkilərin keçirilməsini istəmirlər. Buna maraqları belə yoxdur. Çünki Kılıcdaroğlu hələ qazandığı bələdiyyərdə möhkəmlənməli və xalqın nəbzini tutmalıdır. Ərdoğan isə yaralı vəziyyətdə və çox pis iqtisadi şəraitdə xalqın hüzuruna çıxmağa hazır deyiL. Növbədənkənar seçkilərin marağında məhz Ərdoğanın “köhnə qvardiyası” görünür və onlar növbədənkənar seçkilərə ancaq AKP-ni bir neçə yerə parçalayaraq gedə bilərlər. Bunun hazırlığı isə artıq Ərdoğanın prezident seçkilərindən sonra aparılmağa başlamışdı. Dünən Ərdoğanın İstanbuli itirməsi artıq “köhnə qvardiyası” üçün bütün qapıları açdı. Yəni dünən Ərdoğan üçün həm də “İsrafilin suru” çalındı...

Puç olan “gürcü arzuları”...

Ötən həftə qonşu Gürcüstanda siyasət qaynar qazana dönüşdü və bu qazanı heç kəsin gözləmədiyi halda bir rus kommunist-dindar deputat qaynatdı. Əslində Sergey Qavrilov adlı rus kommunist-dindar deputatın elədiyini ancaq ifrat sırtıqlıq adlandırmaq olardı və bu gürcülər tərəfindən elə o cür də qəbul edildi.

Qavrilovun bir gün əvvəl Gürcüstanın torpaqlarının 25%-ni işğal edilməsinə qəbullanmasını dilə gətirərək keçib Gürcüstan parlamentinin sədrinin kreslosunda oturması İvanişvili hakimiyyətinin buraxdığı ən böyük səhv olaraq dəyərləndirilməlidir və protokolda baş verənlərin heç bir izahı da yoxdur. Elə Qavrilov da özünün yekəxanalığını məhz Gürcüstan hakimiyətinin onu Gürcüstan parlamentinin sədrinin kreslosunda oturtmaqla izah edir və bu izahın fonunda “Gürcü arzusu”nun bütün arqumentləri mənasız görünür.

Ortada olan sual başqadır. İşğalçı dövlətin deputatının Gürcüstan parlamentinin sədrinin kreslosunda əyləşməsi doğrudan təxribat idi, yoxsa bu bir talesizlik ucbatından yaşanmışdı? Əgər ortada təxribat varsa, bu təxribatı kim törətmişdi? Gürcüstanı aşağılamq üçün fürsət axtaran Rusiya, yoxsa İvanişvilinin Rusiya ilə bağlarını qoparmaq istəyən Salome Zurabişvili? Müxalifətin bu təxribatda yer alması imkansız görünür, çünki protokolu onların müəyyənləşdirməsi məntiqsizdir. Eyni arqumentlə Rusiya da çıxış edə bilər və edir...

Putinin Gürcüstana qarşı turist embarqosu Gürcüstanı pis yerdə yaxalasa belə, Gürcüstan prezidenti demək olar ki, hücumların və istefa tələblərinin hədəfi deyil. Rusiyanı işğalçı və Gürcüstanın düşməni adlandıraraq Moskva ilə münasibətlərdə gərginliyi pik həddinə çıxaran şəxsin də məhz prezident olduğunu nəzərə alarsaq, onda “Gürcü arzusu” daxilində ciddi fikir ayrılıqlarının olmasını da iddia etmək mümkndür. İndi İvanişvili “təyin etdiyi prezidentin” arxasınca yüyürməyə və onun ətəklərindən tutmağa məhkum görünür. Əks təqdirə onu “vətən xaini” belə adlandırmaq “su içimi kimi bir şeydir” və Saakaşvilinin tərəfdarları artıq belə də deyirlər.

Hadisələrin Saakaşvilinin əlinə oynaması da artıq ortadadaır. Zamanla Saakaşvilininin əslən fransalı olan və Qərb yönümlü xanım Salome Zurabİşvili ilə barışma ehtimalını da istisna etmək olmaz. Hər halda Saakaşvili və Zurabişvilinin fikir atalarının Avropada oturmaları sonucda bu iki siyasətçinin ortaq nöqtə tapmasına yol aça bilər. O zaman İvanişvilinin və “köhnə Gürcüstan” tərəfdarlarının “gürcü arzusu” doğrudan puç oa bilər və bu Rusiyanın bölgədə mövqelərinin daha çox zəifləməsi ilə müşahidə oluna bilər.

Turistlərə gəlincə isə, onları Şərqi Avropadan Gürcüstana yönləndirmək eləd ciddi problem kimi görünmür...

Azər QARAMANLI
pia.az


loading...