Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Otel otağında kimsəsiz ölən dahi...

Müasirləri Teslanı "XX əsri yaradan insan" hesab edirdilər...

Təbii ki, elektrikin tarixi Tesladan başlanmır, ondan da əvvəl bu sahədə Faradey, Maksvell, Amper, Hers, Edison  kimi alimlərin fundamental ixtiraları olub. Bu alimlərdən sonuncusu Teslanın iş ortağı və eyni zamanda rəqibi Tomas Edison elektrikdən praktikada geniş istifadə etsə də, enerjinin bütün dünyada yayılmasında, planetar miqyas qazanmasında Teslanın daha böyük rolu var idi. O, bütün yer kürəsinin elektrikləşdirilməsinə nail olmuşdu. Tesla  elektrik barədə hər şeyi bilirdi. Bununla yanaşı, o, kosmik proseslərin elmi təhlilini də vermişdi. Tesla süni idrak hazırlamağa çalışırdı, fikirlərin fotoşəklini almaq üzərində işləyirdi. O, zamanı idarə etmək təşəbbüsü də göstərirdi.

Modern.az unudulmuş dahi barədə yazını təqdim edir.

Unudulmuş dahi

İxtiraçının kəşflərindən bütün bəşəriyyətin geniş istifadə etməsinə baxmayaraq, adı və əməlləri az qala unudulub. O, bütün bəşəriyyəti pulsuz enerji ilə təmin etməyə çalışırdı. Bununla kapitalist sənayesini çökdürmək imkanına sahib idi. Adının unutdurulmağa  çalışılmasında bu amillərin də böyük rolu var idi.  Onun ən önəmli ixtiralarından biri dəyişən cərəyan generatoru idi. Əgər bu generator olmasaydı, müasir energetika meydana gəlməzdi, müasir sivilizasiya yüz il geri düşərdi.

Allah xofu və kitab aludəçiliyi ilə keçən uşaqlıq

Nikola Tesla  1856-cı ildə Xorvatiyanın kiçik dağ kəndində doğulub. 8 yaşına çatanadək zəif və qətiyyətsiz uşaq idi. İstədiyi hər hansı məsələnin həllinə girişməsi üçün nə qüvvəsi, nə də cəsarəti çatırdı. O, heç bir səbəb olmadan ya şənlənir, ya da qəmlənirdi. Bədən ağrısı və ölüm haqqında düşüncələri özündən kənarlaşdıra bilmirdi. Onda güclü Allah xofu vardı. Gecələr gözünə görünən əcinnələrdən, adamyeyən nəhənglərdən qorxurdu. Nikolada kitab oxumaq aludəçiliyi vardı. Atası onun bu məşğuliyyətinin qarşısını almağa çalışırdı. Qorxurdu ki, oğlunun gözlərinə xələl gələ bilər. Gecələr hamı yatandan sonra atasının kitablarını oxuya bilməsi üçün donuz piyindən uzun-uzun şamlar düzəldirdi. Elə həmin dövrdə Nikola özündə qəribəliklər hiss etməyə başlamışdı. O, təsəvvüründə canlandırdığı hər hansı bir cismi, mexanizmi özü düzəltdiyini xəyal edirdi. Teslanın çox güclü yaddaşı vardı. Oxuduğu yüzlərlə kitabın hər bir sətrini, hər bir şəklini və çertyojunu yaddaşında saxlaya bilirdi.

Qara pişikdən də xeyir gələrmiş...

Bir dəfə Tesla  hava qaralan zaman həyətdə oturub sıx tüklü qara pişiyini tumarlayırdı. Onun diqqətini pişiyin tükü ilə özünün barmaqları arasında əmələ gələn xırda qığılcımların ətrafa işıq saçması çəkdi. Uşaq bu hadisədən təəccüblənərək, atasından qığılcım yaranmasının səbəbini soruşdu. Atası: "Bunun səbəbini dəqiq bilmirəm, mənə elə gəlir ki, bu, ildırımın daxilindəki qüvvədir" - dedi. Atasının bu cavabı on yaşlı Nikolanı heyrətə saldı. Beləliklə, oğlanda sirli elektrik qüvvəsinə maraq yarandı. Elə bu marağı da onu Qratz Universitetinə gətirib çıxardı. Baxmayaraq ki, atası onun da özü kimi keşiş olmasını təkid edirdi.

“İxtiraçılar kralı”nın qəzəbinə tuş gəldi

Öz ixtiralarını gerçəkləşdirə bilmək üçün beyni yeni-yeni kəşflərlə dolu, cibi isə boş olan Tesla  1884-cü ildə Amerikaya üz tutdu. Amma Nyu-York onu ilk andan sınağa çəkdi. Gəmidə oğrular tərəfindən soyulan baqajsız, ac və pulsuz qalan Tesla körpüdən birbaşa "İxtiraçıların kralı” adını qazanmış  Tomas Edisonun yanına yollandı. Tomas Edisonun bütün kəşfləri sabit cərəyana söykənirdi. Terslanın icad etdiyi dəyişən cərəyan sistemi Edisonun sabit cərəyan sisteminə nisbətən çox daha ucuz və əlverişli idi. Teslanın inkişaf etdirdiyi transformatorlar vasitəsi ilə elektriki incə kabellər üzərindən uzaq məsafələrə itkisiz daşımaq mümkün idi. Və o, Edisonla razılığa gələrək bu sistemi onun müəssisələrində də tətbiq  etdi. Edison bunun müqabilində Teslanı  50 min dollarla mükafatlandıracağını söyləsə də, sonradan bu pulu verməkdən imtina etdi. Bundan sonra Tesla  Edisonla yollarını ayırdı. Edison sözündən dönməklə qalmadı, həm də Teslanın bundan sonrakı elmi karyerasını pisləməyə, onu alçaltmağa başladı. Bu gün Teslanın bu qədər az tanınmasında Edisonun bu səylərinin də böyük payı var. Ən qəribəsi də odur ki, sonralar Tesla ixtiralarına görə “Edison mükafatı”na layiq  görüləcəkdi... Edison tərəfindən davamlı tənqid olunan birinə bundan daha pis bir mükafat ola bilməz. Radarın kəşfinə maneə törədən biri kimi yenə də Edisonun adı hallanır. 1-ci Dünya Müharibəsində ABŞ dövləti Alman dənizaltılarını təsbit edəcək bir sistem inkişaf etdirməyə çalışırdı və bunun üçün Edisondan kömək istəmişdi. Teslanın bu mövzudakı təklifi  enerji dalğalarını istifadə etmək oldu. Bu gün bu sistemə radar deyirik. Edison Teslanın təklifini təbii olaraq rədd etdi. Ona  fikrincə, bu, çox axmaq bir təklif idi. Bu səbəbdən də dünya radarın icadını 25 il gözləmək məcburiyyətində qaldı.

Dünyanın ilk milyarderi ola bilərdi...

Edisondan ayrıldıqdan sonra Teslanın nə iş yeri, nə də pulu yox idi. Ancaq onun ixtiraları  milyonçu Vestinhauzun marağına səbəb olmuşdu və o, Tesla ilə bir müqavilə imzaladı. Müqaviləyə görə, Vestinhauz satdığı hər bir kilovat dəyişən elektrik üçün Teslaya 2.50 dollar verəcəkdi. Tesla pulsuzluq səbəbiylə reallaşdıra bilmədiyi işləri üçün nağd pula qovuşmuşdu. Teslanın Vestinhauzdan alacağı pulun 1 milyon dolları keçməsi milyonçunu maliyyə problemlərlə üz-üzə gətirdi. Tesla müqaviləsi etibarlı olduğu müddətcə Vestinhauzun iflas edəcəyini bildiyi üçün müqaviləni cırıb atdı. Çünki onun ən böyük məqsədi insanlara ucuz elektrik verə bilmək idi. Dünyanın ilk milyarderi olmaqdansa, patentləri qarşılığında özünə ödənən 216,600 dollara razı oldu. Və milyonçu Vestinhauzun maliyyə dəstəyi ilə Niaqara şəlaləsində Teslanın ixtiraları əsasında su elektrik stansiyasının inşasına başlanıldı.  Bu, dünyanın ilk hidroelektrik stansiyası idi.

Radio və rentgenin əsl “atası”

Tesla italyan radiotexniki və iş adamı Qulyelmo Markoninin "radionu icad etdim" deyə ortaya çıxmasından 10 il əvvəl radionun təməl iş prinsiplərini artıq kəşf etmişdi. Markoninin radiosu səs çatdırmır, yalnız siqnal ötürə bilirdi. Halbuki bu, Teslanın Markonidən illər əvvəl reallaşdırdığı bir şey idi. Ancaq ədalət gec də olsa bərqərar oldu. 1943-cü ildə, yəni Teslanın öldüyü il ABŞ Yüksək Məhkəməsi Markoninin patentlərini Teslanın bu mövzuda daha əvvəl reallaşdırdığı işlər səbəbiylə ləğv etdi. Hələ bir çox müraciət qaynağında Markoni “radionun atası” olaraq göstərilərkən, Teslanın adından heç danışılmırdı. 1895-ci ildə Rentgen cihazını kəşf etdiyi bilinən Vilhelm Röntgendən hələ 3 il əvvəl Tesla bu şüalarla təcrübələr aparmış və insanın daxili orqanlarının uğurlu şəkillərini əldə etməyi bacarmışdı.

Dünyanı ikiyə ayırmaq gücünə sahib idi

Kəşflərini  davam etdirən Tesla yer üzü ilə eyni tezlikdə titrəşmə yaratmağa yarayacaq, buxar gücü ilə işləyən bir titrəşmə cihazı yaratmışdı. Nəticədə nə oldu? Yaxın ətrafdakı bütün mənzilləri sarsıdan şiddətli bir zəlzələ meydana gətirdi. Binalar sarsıldı, şüşələr qırıldı, boya və suvaqlar divarlardan töküldü. Teslanın hesablamalarına görə eyni sistemlə Empire State binasını yox etmək, hətta dünyanı ortasından ikiyə ayırmaq da mümkün idi.

Kəşfləri cin-şeytan əməli adlandırılırdı

1931-ci ildə tamaşaçılara yeni fenomen nümayiş etdirən Tesla  avtomobilinin mühərrikini çıxartdırıb yerinə elektromotor qoydurdu. Sonra da kapotun altına kiçik bir qutu bərkitdi. Sürücünün yerində əyləşib qazı basan kimi maşın hərəkətə gəldi. Tesla  bu maşınla saatda 150 km sürətlə gedirdi. Maşında heç bir batareya, yaxud akkumulyatorun olmaması onun alim kolleqalarını son dərəcə təəccübləndirmişdi. Alimlərin "Enerjini haradan alırsan?" sualını Tesla  "Əhatəsində olduğumuz efirdən" deyə cavablandırmışdı. Əgər o dövrün adamları Teslanın işini cin-şeytan əməli adlandırıb onu pərt etməsəydilər, indiki dövrdə biz benzin istifadə etmədən, daimi mühərrikli avtomobillərdə gəzə bilərdik. Tesla  kütlənin belə bir münasibətindən hirslənərək anlaşılmaz qutunu maşından çıxararaq öz laboratoriyasına aparmışdı. Həmin qutunun sirri indiyədək açılmamışdır. İnsanların mənfi münasibətinə baxmayaraq, avtomobillərdə istifadə edilən ilk "spidometr"i icad etmək isə ona nəsib olub.

Milçəkdən fil düzəldən dahi

Tesla elm tarixində kəşfləri ilə yanaşı, qəribəlikləri ilə də iz qoyub. O,  mikrob yoluxmasından çox qorxduğuna görə, əllərini tez-tez yuyur və əlcək taxırdı. Otellərdə yaşadığı dövrlərdə gündə iyirmiyədək dəsmal tələb edirdi. Nahar vaxtı yemək masasına milçək qonanda yenidən sifariş verirdi. Rəsmi ziyafətlərdən başqa hər zaman tək yemək yeyirdi, xüsusən də heç bir vəchlə onu bir qadınla eyni masaya əyləşdirmək mümkün deyildi. Heç vaxt evlənməyən Tesla qadınlardan uzaq olmağın onun istedadına kömək etdiyini düşünürdü.  Özündən başqa birinin saçlarına toxunmaqdan iyrənirdi. 3 rəqəminə çox diqqət yetirirdi. Yalnız 3-ə bölünə bilən otel otaqlarında qalırdı. Göyərçinləri çox sevirdi. Çox az dostu var idi, ən yaxın dostu isə məşhur yazıçı Mark Tven idi. Bütün bu qəribəlikləri ilə yanaşı, Tesla elektrotexnika ilə məşğul olmaqdan başqa, professional səviyyədə linqvistika ilə məşğul olurdu, şeir yazırdı, musiqini və fəlsəfəni gözəl bilirdi, səkkiz dildə rəvan danışmağı bacarırdı.

Yoxa çıxan əlyazmalar

Tesla nəzəriyyələrini sınayacaq maliyyə qaynaqlardan məhrum olduğu üçün yalnız qeyd tuta bilirdi. Arxasında tonlarca qeyd dəftəri qaldı. Lakin Teslanın gündəliklərinin və əlyazmalarının əksər hissəsi aydınlaşdırılmamış səbəblərdən yoxa çıxmışdır. Bəlkə də Pentaqonun seyflərində saxlanır və nə vaxtsa istifadəyə yararlı olacaq. Onun bioqraflarının gəldikləri qənaətə görə isə, həmin sənədləri bəlkə də Teslanın özü İkinci Dünya müharibəsinin başlanğıcında yandırmışdır ki, günahsız əhalinin qırılması imkanları heçə endirilsin.

Bütün ömrü boyu 800 icadın patentini aldı. Əgər maliyyə dəstəyindən məhrum qalmasaydı, Edisonun rekordunu belə keçə bilərdi. Edison patentləri alınmış 1093 ixtiranın sahibiydi. Bütün həyatını ancaq elmi axtarışlara həsr etmiş Nikola Teslanın öz şəxsi evi belə olmayıb. Bütün ömrü boyu otellərdə qalan dahi hətta öləndə də bir otel otağında kimsəsiz və pulsuz şəkildə bu dünyaya gözlərini yumub.

pia.az


Etiket: Nikola Tesla

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar