Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oqtay Əsədov xalqa "yuxarıdan aşağı baxır?" yoxsa əhaliyə deməyə sözü yoxdur?

Oqtay Əsədovun analoqsuz “seçki taktikası”...

Hər bir seçki istər müstəqil, istər müxalif, istərsə də hakim siyasi qüvvəni təmsil edən namizəd üçün xalqın arasına çıxmaq, onun nəbzini tutmaq, problemlərini daha dərindən öyrənmək, özünü insanlara daha yaxından tanıtmaq, öz intellektini, siyasi savadını, səviyyəsini, eləcə də həm özünün, həm də təmsil olunduğu siyasi qüvvənin məqsəd və məramlarını, siyasi platformasını və s. insanlara çatdırmaq üçün unikal şansdır.

Ancaq təcrübə və bugünkü reallıq göstərir ki, 9 fevral növbədənkənar parlament seçkilərində iştirak edən namizədlərin bir qismi nəinki bu şansdan istifadə edir, əksinə, seçki prosesinə yuxarıdan aşağı baxır, saymaz, laqeyid münasibət göstərir, özünü az qala fövqəladə dahi siyasi fiqur kimi bu siyasi kampaniyanın və onda iştirak edənlərin beş pillə üzərində görür.

Ən çox təəssüf və heyrət doğuran isə odur ki, belə namizədlər əsasən hakim partiyanın üst təbəqəsində təmsil olunan şəxslərdir. Hansı ki, əslində məhz onlar daha fəal olmalı, daha çox seçicinin qapısını döyməli, problemlərilə maraqlanmalı, hakimiyyətin elan etdiyi islahatları təbliğ etməlidirlər.

Götürək hörmətli Oqtay Əsədovu. Hal-hazırda O.Əsədov seçkidəki hüquqi statusuna görə, namizədliyi verilən 45 saylı dairədəki digər 15 namizəddən heç nə ilə seçilmir, yaxud hazırda hansısa ucqar dağ kəndində seçki kampaniyası aparan müstəqil namizəddən nə artıq, nə də əskikdir.

Ancaq bu namizədi digərlərindən fərqli olaraq, nə dairədə, nə seçicilərlə görüşdə, nə də heç olmasa görüntü xatirinə hansısa şəhidin, əlilin qapısını döyən yerdə görən var. Adam özü şəxsən, demək olar ki, heç bir kampaniya aparmır.

Sanki camaatı özünə yaraşdırmır, elə bil əhalinin, “qara camaatın” arasına çıxsa, pencəyinə toz qonar. Bəs görəsən, 15 ildir Azərbaycan parlamentinə sədrlik edən Oqtay Əsədovun xalqa, seçicilərinə deməyə heçmi sözü yoxdur?

Bəlkə bütün işləri görüb, bütün vədləri yerinə yetirib də, camaatın bundan xəbəri yoxdur? Əgər varsa, niyə bunu özü şəxsən çıxıb söyləmir? Əgər Oqtay Əsədov bu prosesə belə laqeyid münasibət göstərirsə, digər YAP-çıları necə qınayasan?

Əslində, ən çox elə Oqtay Əsədovun – özünü buraxan parlamentin spikerinin xalqa deyəcək sözü olmalıdır. Ən azından necə oldu ki, onun 15 il rəhbərlik etdiyi parlament birdən-birə islahatlarla ayaqlaşa bilmədi, etimadı doğrultmadı və buraxılması üçün Prezidentə müraciət etdi?

Necə oldu ki, heç bir ciddi müzakirə aparılmadan parlament üzvləri demək olar hamılıqla bu qərara səs verdi və buna baxmayaraq, elə həmin şəxslərin əksəriyyəti yenidən deputatlığa namizəd oldular?

Bəlkə də bu sualların cavabı var, ancaq bu cavabı da camaatın arasına çıxıb verməli olan birinci şəxs elə Oqtay Əsədov olmalıdır. Məhz o, islahatların mahiyyətini, önəmini və xalqa verəcəyi faydaları, lazım gələrsə, qapı-qapı düşüb insanlara izah etməlidir.

Bəs o nə edir, niyə xalqın ayağına getmir, bəlkə ölkə başçısından da artıq, böyük siyasi fiqurdur Oqtay müəllim? Niyə getmir, bəlkə xalqdan hansısa irad, narazılıq eşidə bilər, ona görə?

Xeyr, hörmətli spiker yaxşı bilir ki, xoşbəxtlikdən, yaxud bədbəxtlikdən, “qara camaatın” onun ranqında olan vəzifəli şəxslərə birbaşa kəskin irad, narazılıq bildirmək kimi şakəri, “lüksü” yoxdur. Camaat ondan uzağı nəsə xahiş edə bilər… Ancaq görünür, hörmətli spiker heç həmin xahişləri də dinləmək istəmir…

Ümumiyyətlə, xalqa, camaata, seçiciyə bu saymazyana, yuxarıdan aşağı, laqeyid münasibət nədən, haradan qaynaqlanır görəsən? Bəlkə hakimiyyətin, vəzifənin verdiyi iqtisadi, maddi imkanlardan? Bəlkə “xalq səs versə də, verməsə də seçiləcəyəm” arxayınçılığından? Əsədovun seçki kampaniyasına aid fotoya baxın – bir neçə gənc əlində onun plakatını tutur, bu da olur təbliğat!

Bu, 21-ci əsrdə özünü müasir dünyanın bir parçası elan edən Azərbaycanın parlament spikerinin seçki təbliğatıdır – göründüyü kimi, çox “müasir”, “kreativ” və “analoqu olmayan” yanaşma, “seçki taktikası”.

Axı hansı seçici bu “təbliğatın” qarşısında duruş gətirərək, seçki günü O.Əsədova səs verməyə bilər?…

Ən azından Oqtay Əsədov xalqın arasına çıxmaqla, onunla səmimi ünsiyyət qurmaqla, təbliğat aparmaqla, özünün və siyasi hakimiyyətin problemlərə baxışını bölüşməklə, elə öz imicinə də əhəmiyyətli dərəcədə müsbət çalarlar qata bilərdi.

Yoxsa, kimlərinsə nəzərində yenə də özünü parlament sədrindən çox, göndərilən qanunları sorğu-sualsız təsdiqlənməsini təmin edən baş notarius, yaxud Zahid Orucu yerli-yersiz danlayan məktəb “zavuçu” kimi qala bilər. Hələ onun Rusiyadakı əmlakı və biznesi barədə yayılan və heç düz-əməlli təkzib də olunmayan biznesi barədə məlumatları demirik…

Çoxları Milli Məclisin özünü buraxması, yeni növbədənkənar parlament seçkisinin təyin edilməsi və bunun islahatların siyasi qolunun əsas hissəsi kimi elan olunmasından sonra Oqtay Əsədov kimi fiqurların yeni məclisdə yer almayacağını düşünürdülər.

Lakin hazırda O.Əsədovun nəinki yenidən deputat mandatı qazanacağı, hətta yenə də parlamentin spikeri postunu tutacağı iddia olunur. Əgər bu iddialar təsdiqini tapacaqsa, daha deyəcək söz qalmır. (AzPolitika.info)

pia.az


Etiket: Oqtay Əsədov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar