Çərşənbə, 21 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Operativ Qərargaha etiraz: “Heç bir yerdə sərt karantin 7 ay davam etmədi” 

İnsanın doğuluşundan ölümünə qədər yükləndiyi bütün məlumatlar şüuraltında saxlanılır.

Bütün fikirlər, duyğu və hislər, öyrəndiyimiz, eləcə də ətraf mühitdə nə baş verirsə, insanın sonrakı psixikasında güzgü kimi əks olunur. Pozitiv hadisələr müsbət emosiyalar, neqativlər isə mənfi əhval-ruhiyyə yaradır. Tam indi, həyatımızın bir parçasına çevrilən pandemiyalı günlərdə davranış və hərəkətlərimiz kimi…

İnsanların psixikasının, əsəb sisteminin, ən əsası isə sağlamlığının qənimi kəsilən koronavirus azadlığımızı əlimizdən alıb. Getdikcə aqressivləşən, nevrozlaşan və depressiyaya düşən insanlar hələ ki, dözür. Amma dözüm də bir yerə qədər…

Cebhe.info-nun müsahibi Avropa Nevroloji Akademiyanın həqiqi üzvü, həkim-nevroloq Qalib Əsədovdur. Sosial şəbəkələrdə kifayət qədər aktiv paylaşımları və faydalı tövsiyələri ilə seçilən tanınmış həkimlə həmsöhbət olduq.

-Son illər insanlar səhhətindəki problemləri əsasən əsəb sistemi ilə əlaqələndirirlər. “Məndə nevroz var” insanların sanki sevimli ifadəsi olub. Niyə belə durum yaranıb? Pandemiya bu durumu bir qədər də tətikləyibmi?

-İlk növbədə bir məsələni həssas oxucular üçün qeyd edim ki, bəli “nevroz” termini bu gün Xəstəliklərin Beynəlxalq Təsnifatında yoxdur. Sadəcə, bu termindən istifadə etməyimiz insanların arasında bu sözün daha yaxşı anlaşılması ilə əlaqədardır.

Ümumiyyətlə, bütün canlılarda sinir sisteminin vəzifəsi, kənardan və orqanizmin daxilindən gələn siqnalları qəbul edib, onlara qarşı cavab reaksiyası hazırlayaraq, həyata keçirməkdən ibarətdir. Alıdğımız qıcıqlar nə qədər pozitiv emossiya yaratmağa xidmət edirsə, o qədər özümüzü xoşbəxt hiss edəcəyik. Məsələn, aclıq hissi yaranıb, qıdalanıram və bu tələbatım ödəndiyi üçün özümü xoşbəxt hiss edirəm. Səhər işə gedərkən, tutaq ki, qarşıma çıxan ilk adamın məni qəzəbli baxışlarla süzməsi və ya aldığım hansısa neqativ emosiya bütün gün ərzində əhval-ruhiyyəmin aşağı düşməsinə səbəb olur.

Bu gün insanlar arasında aqressiv davranışın artması da məhz gün boyu aldığımız mənfi qıcıqlarla əlaqədardır. Bu il isə bu neqativ təsirlərə biri də əlavə olundu –koronavirus... İnsanların adət etdiyi azadlıqlar əlindən alındı, istirahət hüququ məhdudlaşdı, hətta ilk dövrdə evdən çıxmaq belə qadağan olundu. Düşünürəm ki, pandemiyanın ilkin dövrlərində bu kimi addımlar zəruri, vacib idi. Amma təbii ki, bütün bunlar çox həssas olan sinir sisteminə təsir etməyə bilməzdi. Bu gün həyəcan-təşviş pozuntuları (panik atak), depressiya, yuxusuzluq və digər psixoloji əlamətlərlə xəstələrin çoxalması bunu sübut edir. Üstəlik artıq tam aydın hiss olunur ki, getdikcə aqressiv davranış formaları çoxalır. Əksəriyyət normal polemika apara, mübahisə edə bilmirlər. Fikirlərimizlə razılaşmayan birini görən kimi dərhal söyüş, təhqir ritorikası işə düşür. Anlamırıq ki, hər kəsin istənilən məsələ ilə bağlı fərqli fikirləri ola bilər və kimisə mənim düşündüyüm kimi düşünməyə məcbur etmək olmaz.

-Sizcə insanların əsəblərini müalicə etməklə ölkədəki qətllərin, intiharların, zorakılığın qarşısını neçə faiz almaq mümkündür?

-Ümumiyyətlə, qətl, zorakılıq, intiharlarda genetik faktor önəmli olsa da, bu cür adamlarla peşəkar psixoloqun işləməsi belə halların qarşısını almaq iqtidarındadır. Çox görmüşəm ki, intihar edən adam bu cəhd baş tutmadıqda, amma xəsarət aldıqda, sağalması üçün tibb işçilərinə yalvarır, sağaldıqda isə təşəkkür edir. Son zamanlar dünyada belə bir tendensiya yaranmaqdadır ki, zorakılığa meyilli olan, aqressiv aktlar törədən birini cəmiyyətdən təcrid etməklə yanaşı, onlarla həm də psixoloqlar məşğul olmalıdırlar. Düşünürəm ki, özündə hansısa qeyri-adekvat hərəkət hiss edən biri psixoloqa, psixiatra, nevroloqa müraciət etməlidir.

Məsələn, 1 avqust 1966-cı ildə Çarlz Witman (Charles Whitman) Texas Universiteti Qülləsinə çıxıb, insanlara atəş açmağa başlayır. 13 insanın öldüyü, 33 insanın yaralandığı bu hadisə Witmanın polislər tərəfindən vurulması ilə bitir. İstintaq zamanı müəyyən olunur ki, o, bir gün əvvəl anasını və həyat yoldaşını da öldürüb. Polislər Whitmanın məktubunu tapırlar.

“Mən özümü son günlərdə tanıya bilmirəm. Həmişə ağıllı və mədəni bir gənc olmuşam. Amma son zamanlarda (nə zaman başladığını xatırlamıram) bir çox qeyri-adi və məntiqsiz düşüncələrə dalıram. Mən öləndən sonra fiziki bir pozuntunun olub-olmadığını müəyyən etmək üçün bədənimi ətraflı müayinə etməyinizi istəyirəm”,- deyə o, yazırdı. Müayinə zamanı bəlli olur ki, onun beynində 20 qəpiklik boyda şiş əmələ gəlib. Bu şiş amiqdalaya təzyiq edərək, Witmanı aqressiv bir insana çevirmişdi. Amma o vaxtında peşəkarlara müraciət etsəydi, təbii ki, belə bir faciə yaşanmazdı. Odur ki, özlərində ruh düşkünlüyü, mənasız düşüncələr, onu narahat edən və qeyri adekvat fikirləri olan insanlar vaxtında peşəkara müraciət etməlidirlər.

-Bu, həm də bahalı müalicədir. Amma hər bahalı xidmət də yaxşı keyfiyyət vəd etmir. Yaxşı mütəxəssisi necə seçək, hardan tapaq? Ümumiyyətlə, Azərbaycanda bu sahədə peşəkarlar nə qədərdir?

-Azərbaycanda peşəkarların sayının nə qədər olmasını deməyə çətinlik çəkirəm, amma kifayət qədərdir, deyərdim. İstənilən keyfiyyətli xidmət bahalıdır. Yaxşı mütəxəssisi necə seçmək barədə sualnıza cavab olaraq məşhur bir kəlamı xatırlatmaq istərdim. “Əgər həkimlə söhbətdən sonra xəstə özünü az da olsa yaxşı hiss etmirsə, deməli o, həkim deyil”.

-Son aylar dünyada yaranmış vəziyyət-pandemiyanın həm də insanların əsəb sisteminə olduqca mənfi təsir göstərdiyi deyilir. Sizin müşahidələrinizə əsasən, bu vəziyyədən cəmiyyətin neçə faizi nevroz olaraq çıxacaq?

-Artıq cəmiyyətdə pandemiya qadağalarının fəsadları görünməkdədir. Mən iqtisadi, təhsil sahədəki zərərləri qoyuram bir kənara... Vəziyyət elə alınıb ki, koronovirus sözünə qarşı insanlarda bir qəzəb, hiddət yaranıb. Əslində belə alınmasının bir səbəbi də Operativ Qərargahın məhdudiyyətləri lazım olduğundan daha uzun müddət tətbiq etməsi, işləməyən insanlara tətbiq olunan cərimələr və digər faktorlardır. Heç bir yerdə 7 ay boyunca sərt karantin rejimi davam etmədi. Təəssüf ki, hələ də həftəsonu ictimai nəqliyyatın hərəkəti, toylar, ad günü kimi insanlarda pozitiv emossiya yaradan tədbirlər qadağandır. Bütün dünyada yay aylarında istirahət mərkəzləri işlədiyi halda, bizdə qadağalar davam etdi. Bunun nəticəsini isə ətrafımızda görürük. Hərdən mənə elə gəlir ki, əsəbləri pozulmayan adam qalmayıb, sadəcə müayinə olunmayan var.

-Başqa ölkələr kimi, Azərbaycan da aylarla karantində qaldı. Bir həkim kimi karantinin hansı qadağa və ya qaydalarını absurd hesab etmisiz? Hər halda indi müəyyən qədər nəticə çıxarmaq mümkündür.

-“Başqa ölkələr kimi” deməzdim. Bizdə sərt karantin rejiminin tətbiqi və miqyası daha böyük oldu. Bayaq dediyim kimi, bütün yay ərzində çimərliklərin bağlı saxlanılması, rayonlara gediş-gəlişə, açıq havada ad günü, toy tədbirlərinin keçirilməsinə, ictimai nəqliyyatın həftəsonu istifadəsinə qoyulan qadağaları absurd hesab etmişəm. Eyni zamanda, elə ilk gündən yüngül xəstələrin hospitalizasiya olunmasının əleyhinə idim. Apteklərə müvafiq dərmanlar verilmirdi ki, birdən kimsə özbaşına atıb zəhərlənər. Bu məntiqlə apteklərdə, ümumiyyətlə, dərman satılmalı deyil. Evdə müalicə alanlar dərmanla bağlı xeyli çətinliklər yaşadılar. Yeri gəlmişkən, bu gün də ölkənin dərman sektorunda vəziyyət ürəkaçan deyil. Keyfiyyətli dərmanların sayı getdikcə azalır və həqiqətən bu gün dərman yazmağa çətinlik çəkirik. Bütün dünyada məşhur olan dərman şirkətlərinin preparatları ya yoxdur, ya da çətin tapılır. Apteklərdə GMP sertifikatlı dərmanlar çox azdır. Keyfiyyəti az olan jeneriklərin ümidinə qalmışıq. Həkimin üzünü ağardan keyfiyyətli dərmandır. Fürsətdən istifadə edib müvafiq qurumları bu sahəyə diqqət göstərməyə dəvət edirəm.

-Yazılarınızdan birində qeyd edirsiz ki, virusdan hətta bir insanın ölümü də faciədir, buna söz yox...Amma ümumilikdə rəqəmlər elə də qorxulu deyil. Sadəcə, ölkələr bu qədər xəstə sayına hazır olmadığına görə dünya çalxalanıb. Amma bütün təbliğata baxmayaraq, hələ də dünyada virusla bağlı qeyri-müəyyənlik hökm sürür. İxtisasca virusoloq olmasanız da, bu istiqamətdəki müzakirələri necə dəyərləndirirsiz?

-Əvvəlcə, gəlin aydınlaşdıraq görək adamlar virusdan ölüb, yoxsa virusla ölüb? Dünya hələ siz qeyd etdiyiniz kimi, konkret nəticələr çixarmayıb və bu sahədə qeyri- müəyyənlik hökm sürür. Ölümləri analiz etdikdə görürük ki, əksəriyyət əlavə xroniki xəstəlikləri olan insanlardır. Bəli, təmamilə sağlam, heç bir xəstəliyi olmayan insanların da COVİD-19 virusuna yoluxduqdan sonra həyatını itirməsi faktları var. Ümumiyyətlə, bu neçə ayda bir məsələni dəqiqləşdirmişəm. İnsan özü-özünü qorumalıdır. “Zorla məhəbbət olmur” deyirlər. Zorla, cərimə və qadağalarla da sağlamlıq olmur. Özümüzü qorumalıyıq. Məsafə, qapalı məkanda maska və əlləri tez-tez dezinfeksiya etmək lazımdır, vəssalam. İnsanların şüuruna bunu yeritmək lazımdır. Beyinə bu yeridilməsə, adam polis görən kimi maska taxacaq, o, gözdən itdikdən sonra isə yenə açıb cibinə qoyacaq. Nə əlini yuyacaq, nə də məsafə saxlayacaq. Yeri gəlmişkən, dövlətin ilkin dövrdə gördüyü işləri yüksək qiymətləndirirəm. Modul tipli xəstəxanaların açılması, sərhədlərdə ciddi karantin rejiminin tətbiqi, maska istehsalı, tibb işçilərinin səfərbər edilməsi və s. Bu gün biz bu virusa qələbə çalmağa tam hazırıq. Buna kifayət qədər resurslarımız da var, çarpayı fondu da. İndi imkan vermək lazımdır ki, insanlar getsinlər işlərinin arxasınca... Həyat əvvəlki axarına qayıtmalıdır.

-Aylar sonra indi deyilir ki, sosial məsafə, maska, tibbi spirtlə əslində özümüzü qorumamız mümkündür. Əgər bu mümkün idisə, o zaman bu qədər qapanmaya nə ehtiyac vardı? Bu, sadəcə virusun sürətlə yayılmasına görə idi, yoxsa həm də onun mənşəyi barədəki qeyri-müəyyənliyə görə?

-Pandemiyanın ilkin dövrlərində qapanmaya ehtiyac vardı. Yadınızdadırsa adicə, maska, spirt belə apteklərdə tapılmırdı. Bilmirdik hansı dərmanlardan istifadə etmək lazımdır, müalicə hansı istiqamətdə aparılmalıdır. Qapanma bizə vaxt qazandırdı. Yuxarıda saydığım tədbirləri, (maska istehsalı, modul xəstəxanalar və s.). Həm də kiçik zaman ərzində kütləvi yoluxma olsaydı, səhiyyə sistemi kollapsa düşərdi və ölüm sayı daha çox olardı. Amma indi vəziyyət tam fərqlidir. Müalicə istiqamətlərini bilirik, kifayət qədər çarpayı fondu var, bu xəstəliklə mübarizədə lazımi təcrübə toplanılıb. Bu gün qapanmaya ehtiyac yoxdur.

-Pandemiya yayılandan belə bir deyim var- uşaqlar koronavirusa yoluxmur. Sizcə koronovirus yaş ayırımı edirmi?

-Əslində xəstə ilə yaxın kontakda olan hər kəs bu virusa yoluxa bilər. Sadəcə, 70-80 % insan heç bilməyəcək ki, yoluxub. Yəni xəstəlik asimptom, yəni əlamətlərsiz keçəcək. O cümlədən, uşaqlar da bu virusla yoluxur. Sadəcə, uşaqlar bu xəstəliyi daha yüngül keçirir və ağırlaşmalar nadir hallarda baş verir.

-Məktəblər açıldı, bağcalar da açılır. Artıq məktəblərdən yoluxma ilə bağlı xəbərlər gəlir. Təbii olaraq ailələr də narahatdır. Məktəblərin yenidən bağlanmasına lüzum varmı?

-Məktəblərin bağlanmasını, təhsilin dayandırılmasını heç vəchlə qəbul etmirəm. Əksinə, məktəblərdə dəsr sistemini əvvəlki qaydada bərpa etmək lazımdır. Dövlət həmişə intellektual insanların hesabına inkişaf edir. Yaponiyada Xirosima və Naqasakiyə atom bombası atılanda dərslər açıq havada olsa belə davam etdirilirdi. Sunami şəhərləri yerlə yeksan etdikdə belə, bir gün də olsa dərs dayanmadı. Ona görə də bu gün Yaponiya inkişaf etmiş dövlətlərdən birinə çevrilib. Əgər biz inkişaf etmiş dövlətə çevrilmək istəyiriksə, təhsilimizə əl uzatmamılıyıq. Yox, əgər Əfqanıstan modelini seçmişiksə və cahilliyə doğru getmək istəyiriksə, həqiqətən də bu yolda məktəbə ehtiyac yoxdur…

-Sizcə, bundan sonra ikinci dalğa gəlsə, Azərbaycanda sərt karantinə ehtiyac varmı?

-Düşünürəm, artıq neçənci dalğa gəlirsə-gəlsin, karantin rejiminə ehtiyac yoxdur. Ola bilər, hansısa yerdə virusla yoluxanlar tapılsın. Bu halda lokal karantin həyata keçirilməlidir. Bütün ölkəni hansısa bazarda və ya zavodda virus tapıldığı üçün iflic vəziyyətinə gətirmək olmaz.

-TƏBİB və Səhiyyə Nazirliyinin virusla mübarizədə rolunu necə qiymətləndirirsiz?

-Pandemiyanın ilk günlərindən virusla mübarizənin bütün ağırlığı TƏBİB-in üzərinə düşdü. İnsaf naminə demək lazımdır ki, ilk aylarda kifayət qədər ağır işin öhdəsindən müvəffəqiyyətlə gəlirdilər. İş olan yerdə səhvlərin olması da təbii idi. İyun-iyul aylarında, ölkədə yoluxanların sayı kəskin artarkən, hər şey qarışdı bir-birinə… “Evdə müalicə alın!” dedilər, apteklərdə müvafiq dərmanlar yox idi. Analizlərə 3-4 gün ərzində cavab verilirdi və bir neçə dəfə özləri bildirdilər ki, bağışlayın, səhv olub. Belə kobud səhv olar? Test qiymətlərinin həddindən çox baha olması, təcili yardımın gecikməsi, kütləvi seroloji müayinənin aparılmaması, ekspress testlərdən istifadə edilməməsi əziyyətin pisləşməsinə səbəb olan faktorlar idi.

Yeri gəlmişkən, COVİD-19-la mübarizədə həyatlarını itirənlərin 20 %-ə qədəri tibb işçiləri oldu. Könüllü şəkildə tam sağlam insanlar-həkimlər, tibb baçıları, kiçik tibb işçiləri bu müharibəyə getdilər və şəhid olanlar oldu. Təəssüf ki, bu tibb işçilərinə nə TƏBİB, nə də Səhiyyə Nazirliyi tərəfindən lazımi qiymət verildi. Hətta bu gün çox sayda tibb işçisi adicə əmək haqlarını almaqda çətinlik çəkir və ya düzgün hesablanmadığını iddia edirlər. Bu narazılıqlar tezliklə yoluna qoyulmalıdır. Maska taxmağa səbrimiz çatmadığı halda, bu insanlar, qızmar yay günlərini saatlarla kombinezonda keçirməyə məcbur idilər, ailələrində ayrı, hər an yoluxma riski ilə fədakarlıq edirdilər. Onların zəhməti, fədakarlığı mütləq qiymətləndirilməlidir.

-Azərbaycanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında peyvənd alınması ilə bağlı saziş imzalanıb. Sizcə, peyvənd koronavirusun qarşısının alınmasında kömək olacaq?

-Düşünürəm ki, peyvəndlə bu virusa qalib gəlmək mümkün olmayacaq. O biri viruslar kimi COVİD-19-da yayılacaq, aqressiv növləri məhv olacaq, insana az zərər vuran mutantları isə orqanizmimiz özü məhv edəcək. Çünki kollektiv immunitet yaranacaq və artıq bu virus bədənimiz üçün təhlükə yaratmayacaq. Bundan əvvəlki SARS və MERS kimi COVİD-19 da itib çıxıb gedəcək. Yeri gəlmişkən koronaviruslar ailəsinə daxil olan SARS və MERS viruslara da peyvənd tapılmadı. Bəşəriyyətin tarixi boyu belə pandemiyalar çox olub. Taun, vəba, çiçək, ispan qripi və s. COVİD-19 virusunu da bax belə bir aqibət gözləyir. Sadəcə indi bir müddət çalışmalıyıq ki, mümkün qədər yoluxmaqdan özümüzü gözləyək. Bunun üçünsə çox sadə qaydalar var və əminəm ki, bu qaydaları hamınız bilirsiz.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Paşinyandan məğlubiyyət etirafı: “Qarabağı itirdik...”

Artsrun Ovannisyandan məğlubiyyət anonsu: "Dünya ölkələri, Rusiya bizə yardım etməlidir, uduzduq"

Koronaviruslu xəstələri müalicə edən həkim rəqsi ilə gündəm oldu - Video

Erməni terrorizmini dəstəkləyən rus qadın Bakıda biznesini necə itirdi?

Ermənilər Paşinyanın arvadını biabır etdilər - Foto

Rusiya Ermənistan-Azərbaycan sərhədinə yerləşib - Kremlin verdiyi bu qərar nədən xəbər verir?

Qarabağ: Türkiyə və Rusiyanın vəziyyətə uyğun tərəfdaşlığı

Ermənistan prezidentinin ərə gedən oğlundan xəbər var – Fotolar

Ermənilər Nikol Paşinyanın gülünc vəziyyətə düşməyini məsxərəyə qoydular

loading...

Ən çox oxunanalar