Bazar, 24 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Ölüm kamerasından nazir kürsüsünə - “NKVD” Rokossovskini nəyə görə həbs etmişdi

Müharibə başlayanda Stalin Konstantin Rokossovskini yanına dəvət edir və kiçik dialoqdan sonra soruşur:

-Konstantin Konstantinoviç, sizin Almaniya Silahlı Qüvvələrinin strukturu haqqında hər hansı bir məlumatınız var?

Rokossovski başını bulayaraq cavab verir:

-Xeyr, yoldaş Stalin, almanlar yeni hərbi struktur yaradanda mən həbsdə otururdum. “NKVD”-nin zirzəmisində mənə bu haqda heç kim məlumat vermirdi.

“Həbsdə olmağa vaxt tapmadız? “,- deyə, Stalin Rokossovskinin eyhamlı fikrinə zarafatla cavab verir və yəqin ki, ürəyində bu peşəkar hərbçini nə vaxtsa həbs etdirdiyinə görə özünü qınayır.

Maraqlıdır ki, Stalin bütövlükdə İkinci dünya müharibəsi dövründə tərəflərin silahlı qüvvələrində ən tanınmış və ən bacarıqlı sərkərdələrdən biri sayılan Rokossovskini hansı səbəbdən həbs etdirib?

Qeyd edək ki, Konstantin Rokossovski 1937-ci ilə qədər SSRİ Silahlı Qüvvələrində yüksək hərbi vəzifələr tutub. 1937-ci ildə Stalinin işə saldığı “Böyük terror” və repressiya planları marşaldan da yan keçməyib. Vaxtilə Baykalda Rokossovskinin tabeliyində xidmət edən korpus komandiri İvan Qryaznov və korpus komissarı Viktor Şestakov onun haqqında Stalinə məxfi məktub ünvanlayıb, Rokossovskini yapon və polyak kəşfiyyatçıları ilə əlaqədə, antisovet fəaliyyətdə ittiham ediblər.

Məhz həmin ərəfədə orduda “təmizlik” işləri aparan Stalin məktubu “NKVD” başçısı Nikolay Yejova yönləndirib. Yejov məktubu aldıqdan üç gün sonra, 1937-ci il avqustun 17-də Rokossovskinin həbsinə order verib. Rokossovski vəzifəsindən azad edilib, bütün mükafatları geri alınıb, partiya sıralarından xaric olunub. Həmin vaxt Rokossovski Pskovdakı 5-ci korpusun komandiri vəzifəsində xidmət edib.
Həbs olunduqdan sonra “NKVD”-nin Leninqrad vilayəti üzrə baş idarəsinin təcridxanasında saxlanılıb. İttihamlarla razılaşmayan komandir ən ağır işgəncələrə məruz qalıb. Ölüm kamerasına salınan Rokossovskini hətta bir neçə dəfə güllələnmə kamerasına da aparıblar.

Sonralar nəvəsinin yazdığı xatirələrdə qeyd olunur ki, “NKVD” təcridxanasında babasının üç qabırğasını sındırıblar, əl və ayaq barmaqlarını çəkiclə döyərək yalan ifadə verməyə məcbur ediblər. Amma bu işgəncələrə baxmayaraq, xarakter etibarı ilə möhkəm və iradəli olan Rokossovski yalan ifadə verməkdən imtina edib, dözüm nümayiş etdirərək haqqında söylənilən iftiraların yalan olduğunu sübut etməyi bacarıb.

Rokossovskinin həbs olunması orduda sakit qarşılanmayıb. Vətəndaş müharibəsinin iştirakçısı olan, sovet-alman müharibəsi dövrünə qədər ordu quruculuğuna böyük töhfələr verən, şəxsi heyət arasında xüsusi nüfuza malik olan və bütün bunlarla yanaşı yüksək insani keyfiyyətləri ilə fərqlənən komandirin iki ildən artıq bir müddətdə “NKVD” zirzəmisində işgəncələrə məruz qalmasına SSRİ-nin hərbi elitasının bəzi üzvləri göz yummayıb.

Rokossovskinin azad olunması üçün Stalinə bir neçə dəfə müraciət olunub. Amma bu müraciətlər heç bir nəticə verməyib. Nəhayət, 1940-cı ildə SSRİ-nin müdafiə naziri təyin olunana marşal Semyon Timoşenko hərbi şuranın müşavirəsindən sonra Stalindən təkbətək qalmağı xahiş edib.

Öz xatirələrində Timoşenko həmin görüşü belə xatırlayıb:

“Müşavirə sona çatdıqdan sonra mən Stalindən təkbətək görüş xahiş etdim. Hamı müşavirə zalını tərk etdikdən sonra ikimiz qaldıq və mən ona Rokossovski haqqında fikrimi bildirdim. İosif Vissarionoviç, biz Rokossovskini həbsdə saxlamaqla peşəkar və bacarıqlı bir hərbçini itiririk. Sizi şəxsi araşdırmalarımdan sonra tam əmin edə bilərəm ki, onun xarici kəşfiyyatla heç bir əlaqəsi olmayıb. Belə bir ərəfədə, İkinci dünya müharibəsinin getdiyi bir vaxtda Rokossovski ordumuzun sıralarında olmalıdır. Stalin Timoşenkonu diqqətlə dinləyib və bir cümlə ilə münasibət bildirib: “Sənədlərini hazırlayın”.

Rokossovskinin həbsdən azad olunması mənim üçün həm də mənəvi bir rahatlıq idi. Mən onu yaxşı tanıyırdım. Həm peşəkarlığına, həm dövlətə sədaqətinə, həm də insanlığına yaxşı bələd idim...”

Beləliklə, Konstantin Rokossovski 1940-cı ildə həbsdən azad olunub, bütün mükafatları geri qaytarılıb, partiya üzvlüyünə bərpa edilib və 9-cu korpusun komandiri təyin olunub.

Sonralar Stalinlə Rokossovskinin arasında çox sıx dostluq münasibətləri yaranıb. 24 iyun 1945-ci ildə Qızıl Meydanda keçirilən Qələbə paradına marşal Rokosovski komandanlıq edib. Daha sonra Stalin onu Polşaya göndərib, Rokossovski Polşanın müdafiə naziri vəzifəsinə təyin edilib. O, SSRİ-də yeganə hərbçi olub ki, iki ölkənin, SSRİ-nin və Polşanın marşal rütbələrini daşıyıb.

Rokossovski bütün həyatı boyu Stalinə sədaqət nümayiş etdirib. Hətta Stalinin vəfatından sonra da. Polşadan qayıtdıqdan sonra SSRİ müdafiə nazirinin müavini vəzifəsində çalışan Rokossovskiyə artıq hakimiyyətdə olan Xruşov Stalinin əleyhinə mətbuatda çıxış etməyi təklif edəndə marşal bu təklifi nifrət və qəzəblə qarşılayaraq, baş katibə fikrini konkret bildirib: “Stalin mənim üçün müqəddəsdir...” Bu cavabdan iki gün sonra Rokossovski vəzifəsindən azad edilib.

Marşal ömrünün son illərində “Hərbi tarix jurnalı” ilə sıx əməkdaşlıq edib və müharibə xatirələrini yazıb. Rokossovski 1968-ci ildə 71 yaşında vəfat edib.

İlham Cəmiloğlu (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Rövnəq Abdullayev SOCAR-ın prezidenti vəzifəsindən alınır? - Prezidentin sərəncamında adı keçmir...

“Bəylər Əyyubov stəkan yuyurdu, bizə çay süzürdü” – Bağında işləyən dülgər qadın

SOCAR-ın Müşahidə Şurasının tərkibi təsdiqlənib - Siyahı 

Paşinyan: “Bayden gəldisə, Putin gedə bilər” - Video 

Nazirin səhhətinin ağırlaşdığı təsdiqləndi - Müalicə nəticə verməyib...

Oqtay Əsədovun həyat yoldaşının Moskvadakı qalmaqallı “Kapriz”i əsaslı təmir olunub - Foto

600 ailə Hadruta köçmək istəyir – Prezidentə müraciət edildi

Polad Bülbüloğlu atasının Şuşadakı evində “Gəl, ey səhər” oxudu - Video

Lavrov Qarabağdakı sülhməramlılara status istəyir

Ən çox oxunanalar