Çərşənbə axşamı, 22 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Ölkədə insandan çox silah var - ABŞ dünyanın terror mərkəzinə çevrilir...

“Milli Tüfəng Dərnəyi” 2016-cı ildə Trampın prezident seçilməsi üçün 30 milyon dollardan çox pul xərcləyib

Abdullah Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 6 avqust 2019-cu il

ABŞ-ın 3 ayrı ştatında həftə sonu baş tutan hücumlarda 29 insan həyatını itirib. Hücumların “ağ dərili irqçi” əsaslarla baş verdiyi yönündə ciddi sübutlar var. ABŞ prezidenti Tramp isə yenə hücumçuların sadəcə olaraq “ruhi xəstə” olduğunu deməklə kifayətlənib. Tramp ağ irqçiliyin təhdid olduğunu etiraf etmək istəmir. Demokratlar isə Trampı Ağ İrqçi şiddətini qızışdırmaqda günahlandırırlar. Tramp yaxın zamanda bir mitinqdə əslən köçkün olan 4 Demokrat millət vəkilinin ölkələrinə geri qayıtmalarını istəyib, mitinqdə isə “onları geri göndər” sədaları yüksəlib.

Köçkünlər Avropada yüksələn irqçi sağın hədəfinə çevriliblər. Ağ dərili irqçilər ABŞ-a və Avropaya xas “ağ-xristian” cizgisinin köçkünlər tərəfindən parçalandığını müdafiə edirlər. Tramp da Avropanın köçkünləri qəbul etməsinin “Avropanın cizgisini zədələdiyini” bildirmişdi.

2019-un mart ayında Yeni Zelandiyada ağ dərili irqçi bir terrorçunun 2 ayrı məscidə hücum etməsi nəticəsində 51 müsəlman qətlə yetirilmişdi. Həftə sonu Texasın sərhəd şəhərlərindən olan el-Pasoda bir ticarət mərkəzinə hücum edərək 19 nəfəri öldürən cinayətkar bu Yeni Zelandiya terrorçusuna təriflər yağdırıb. Yeni Zelandiya terrorçusu isə 2011-də Norveçdə 77 nəfəri qətlə yetirən Anders Brevikdən ilhamlandığını deyib. Ağ dərili irqçilər arasındakı bu əlaqələr qlobal bir terror şəbəkəsinə işarə edir.

Əvvəlki kütləvi hücumlardan sonra fərdi silahlanma ilə bağlı bir kampaniya yaradılıb. Demokratların üstünlük təşkil etdiyi Nümayəndələr Palatası isə fərdi silahlanmanı məhdudlaşdıran bir qanun layihəsi qəbul edib. Layihənin qüvvəyə minməsi üçün onu Senatda təsdiq etmək lazım idi. Respublikaçıların nəzarət etdiyi Senatda böyük bir qismə liderlik edən Miç Mekkonel isə layihəni ümumi məclisə təqdim etməyib. Demokratlar Mekkonelə çağırış edərək layihəni məclisə gətirməsini tələb ediblər. Lakin Mekkonelin konkret bir açıqlama verməməsi diqqəti cəlb edib.

ABŞ adam başına düşən silah sayına görə dünyada birinci yerdədir. Odlu silahlarla gündə təxminən 100 insan həyatını itirir. Hər 100 nəfərə təxminən 120 silah düşür. Yəni ölkədə silahların sayı insanlardan daha çoxdur. ABŞ dünya əhalisinin 4,4%-nə, sivil silahların isə, demək olar, yarısına sahibdir. Dünya miqyasında silahlı ölümlərin yarısından çoxuna ev sahibliyi edən 6 ölkə içində ABŞ 2-ci yerdədir.

“Fərdi silahlanma”ya məhdudiyyətlər gətirilməsinə qarşı olan ən güclü lobbi isə 5 milyondan çox üzvü olan “Milli Tüfəng Dərnəyi”dir (NRA). NRA 2016-cı ildəki prezident seçkilərində Trampın seçilməsi üçün 30 milyon dollardan çox pul xərcləyib. NRA-nın rəhbəri Carol Dodqen Midous, eyni zamanda, “Amerika Mühafizəkarlar Birliyi”ndə də rəhbər köməkçisidir. Midous, həmçinin, Corciya ştatında 3 dönəm “Respublika Milli Komitəsi”nin üzvü olub.

2019-un aprel ayında NRA-nın rəhbəri seçilən Midous verdiyi bir reportajda Trampın 2-ci dəfə prezident seçilməsi üçün çox çalışacağını bildirib. ABŞ-da mühafizəkar siyasətçilər seçkilərdən əvvəl kovboy papaqları və silahları ilə poz verərək NRA-ya salam göndəriblər.

Qeyd edək ki, Tramp da 2019-un aprel ayında keçirilən NRA iclasında fərdi silahlanma üçün mübarizə aparacağına dair söz verib. “BMT Silah Ticarəti Sazişi”ndən ABŞ-ın imzasını çəkəcəyi ilə bağlı bir sənəd imzalayan Tramp bildirib ki, BMT yaxın bir zamanda ABŞ-ın bu sazişi rədd etməsinə dair rəsmi bir bildiriş alacaq. Başqa bir NRA iclasında isə silahlanma hüquqlarının mühasirədə olduğunu deyən Tramp silah hüquqlarını məhdudlaşdırmaq istəyən Demokratları sərt şəkildə tənqid edib.

Demokratlar “Ağ İrqçi terror”u və “fərdi silahlanma”nı 2020-ci il seçkilərində effektiv bir kampaniya halına gətirmək istəyirlər. NRA başda olmaqla, bütün silah lobbiləri isə ən yaxın müttəfiqləri olan Respublikaçıların qalib gəlməsi üçün daha çox pul xərcləyəcəklər. ABŞ həm öz içində, həm də dünyada silahlanma yarışını təşviq edir. Görək amerikalılar “Hərbi-Sənaye Kompleksi” adlandırdıqları bu canavarının, bu “ölüm lobbisi”nin qarşısını ala biləcəklərmi?

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar