Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oktyabrın 12-nə qədər Ermənistan ya mövqeyini dəyişməlidir, ya da Paşinyanı devirəcəklər - Müsahibə

Zərdüşt Əlizadə: Azərbaycanla Rusiya arasında sövdələşmə yoxdur...

“Erməni xalqı arasında xeyli sayda ləyaqətli, vicdanlı, ağıllı adam tanıyıram ki, onlar xəstə, dəli cəmiyyətdə çərləyirlər”

Siyasi gündəm sentyabrın 27-dən AzərbaycanErmənistan arasında başlanan hərbi əməliyyatlardır. Meydan TV siyasi icmalçı Zərdüşt Əlizadəylə söhbətində bu yöndə yaranan suallara cavab almağa çalışıb.

- Zərdüşt bəy, siz ötən həftə demişdiniz ki, başlanan hərbi əməliyyatların hansı sövdələşmənin nəticəsi olduğu informasiyaları təhlil edəndən sonra, yaxın 2 gündə məlum olacaq. Zaman çox keçib, nəticə barədə nə deyə bilərsiniz?

- Nəticə odur ki, məncə, Azərbaycanla Rusiya arasında sövdələşmə yoxdur. Ola bilər, Türkiyənin də cəlb edilməsiylə sövdələşmə daha geniş miqyasdadır. Amma buna da ümid yoxdur, çünki artıq tərəflərin səsləndirdikləri bəyanatlar hər hansı bir geriləmək və yaxud sövdələşmə üçün əsas vermir. Azərbaycanın Ali Baş Komandanı deyib ki, Ermənistan ordusu ərazilərimizdən çıxmalıdır, ondan sonra Qarabağ ermənilərinin statusu haqqında danışa bilərik. Yəni, 7 rayon azad olunandan sonra status haqqında söhbətlər başlayacaqsa, kimin hansı mövqedə olacağı bəllidir. Kim öz imlasını diktə edəcək, kim ona tabe olmalıdır. O biri tərəfdən Türkiyənin, - o Türkiyə ki Rusiyanın hegemonluğunu sarsıdıb və təsirini neytrallaşdırıb,- Prezident Ərdoğanın qətiyyətli bəyanatları göstərib ki, Türkiyə də artıq geri çəkilmək fikrində dyil. Bu baxımdan düşünürəm ki, artıq müharibə ərəblərin dediyi “hərbu-l-istinzaf”, yəni qanaxıtma müharibəsinə çevrilib. Tərəflər bir-birini bihal edənə qədər döyüşəcəklər, belə olan halda isə kimin imkanlarının, resurslarının daha çox olması hamıya bəllidir. Əgər müharibə belə davam edərsə, 10 gündən sonra Ermənistanın daxili vəziyyətində ciddi dəyişiklik olacaq.

- Yəni, oktyabrın 12-də?..

- O vaxta qədər Ermənistan ya mövqeyini dəyişməlidir, ya da Paşinyanı devirəcəklər.

- Bu baxımdan Minsk Qrupunun həmsədr dövlətlərinin 1 oktyabr bəyanatı hərbi əməliyyatlara təsir edəcəkmi?

- Bəyanat xoş niyyətdir, qan tökülməsin, dayanın, danışın. Amma buna bənzər bəyanatlar 30 ildir səslənirdi. Əgər danışıq aparan bir tərəf deyirsə ki, tutduğum torpağı ilhaq da edirəm, bir addım da geri çəkilmirəm, o zaman hansı əsasla daışıqlar gedə bilər?! Əgər həmsədr dövlət başçıları sülh istəyirdilərsə, niyyət bəyanatı məzmunlu olmalıydı. Məsələn, deyərdilər ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır, danışıqlarda erməni ordusunun çıxarılması məsələsi müzakirə olunmalıdır, eyni zamanda, Azərbaycan öhdəlik götürməlidir ki, Qarabağ ermənilərinə qarşı güc tətbiq etməyəcək və onlarla şərəfli status məsələsini müzakirə edəcək. Bəyanatda bu məqamlar yer alsaydı, o zaman onun sülh məzmunlu olmasından danışmaq olardı. Amma Qarabağda insanlar bir-birini qırır, bunlar da barışıqdan danışır. Bu, pişik Leapoldun bəyanatına oxşayır.

- Bir sıra ekspertlər deyir ki, həmsədr dövlətlərdə erməni lobbisi güclü olduğundan məlum bəyanat səslənməliydi, xüsusən də Fransanı nəzərdə tuturlar. Bu fikirləri bölüşürsünüzmü?

- Xeyr. Mən ümumiyyətlə Azərbaycan cəmiyyətində erməni lobbisinin şişirdilməsi nağılına çox mənfi yanaşıram. Hər bir ölkədə lobbi o zaman sərbəst fəaliyyət göstərib ki, həmin dövlətin geosiyasi, geoiqtisadi maraqlarına xidmət edir. Rusiyada azərbaycanlıların bir ittifaqı vardı, onlar Bakıdan idarə olunurdu, yaşadıqları ölkənin Prezident Aparatının, Dumasının göstərişlərini yerinə yetirmirdilər. Nəticədə Rusiya Ədliyyə Nazirliyi ittifaqı ləğv etdi. Amma erməni təşkilatı və digər Azərbaycan təşkilatları fəaliyyət göstərirlər. Çünki onlar Rusiya hökumətinin göstərişlərinə itaət edirlər. Fransa da özünün marağını yaxşı qoruyan dövlətdir. Elə təsəvvür etmək ki, Fransanın dövlət maraqlarına zidd olaraq Ermənistanın maraqlarını qoruya bilən hansısa bir diaspora fəaliyyət göstərir, bu, çox böyük yanlışlıqdır. Həmin təşkilatı o andaca bağlayarlar.

- O zaman Fransa Prezidenti Makronun son açıqlamasına baxaq. Guya, ərəb ölkələrindən muzdlu döyüşçülər Türkiyə vasitəsilə Azərbaycana gətirilib. Onun dedikləri nə dərəcədə əsaslıdır?

- Əsassızdır və siyasi möhtəkitlik, siyasi mübahisədir. Fərz edək, Qərbdə deyirlər ki, Putin Navalnını zəhərləyib. Sual verirəm, Putin Navalnının nəyindən qorxurdu ki, onu zəhərləsin?! Navalnının pulu, partiyası və tərəfdarları var? Hətta ona seçkidə iştirak də qanunla qadağandır. Çünki üzərində ödənməmiş məhkumluq var. Belə olanda, Putinin nəyinə lazımdır onu zəhərləmək?1 Bəli, Putinin ətrafında kimsə Navalnını zəhərləyə bilər, səbəb də həmin adamın sərvətini açıb ifşa edib. Amma Qərbdə hamı bağırır ki, Putin Navalnını zəhərləyib. Navalnı özü də bu iddianı səsləndirir. Siyasi mübarizədə belə şeylər olur. Biz bəzən ermənilərə böhtan atırıq, onlar da bizə atır, yaxud hərdən həqiqətlər də səslənir. Siyasi mübarizədə belə şeylər olur.

- Rusiyada Ermənistan-Azərbaycan münaqişəsinə iki baxışın olduğu vurğulanır. Prezident Putinin və Xarici işlər naziri Lavrovun yanaşması. Məsələn, Peskovun açıqlamalarıyla Xarici İşlər Nazirliyinin bəyanatları arasında fərq hiss olunur, bu barədə daha çox sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov danışır...

- Əvvəl Rusiyanın xarici siyasətlə məşğul olan 5 idarəsi vardısa, indi 2 idarəsi var. Məsələn, Neft Nazirliyi ilə Moskva merinin hər birinin öz xarici siyasəti vardı. İndi xarici və müdafiə nazirliklərin öz siyasəti var. Amma bütövlükdə götürdükdə Rusiyanın imkanları Türkiyənin müdaxiləsindən sonra xeyli məhdudlaşıb. Onların mövqelərindəki fərqə baxmayaraq, Rusiyanın qəti addım atmaq imkanı çox məhduddur.

- Ancaq mediada Rusiyanın “Vaqner” qrupunun bölgəyə gəlməsi barədə fikirlər də səslənmişdi...

- Onların neçə “Vaqner” qrupu var, biri Suriyada, digəri Liviyada, Mərkəzi Afrikada... Bu qrup Rusiya ordusundan böyük oldu? Boş söhbətdir, hər şey imkandan asılıdır.

- Oktyabrın 1-də Ermənistan Azərbaycandakı azsaylı xalqlara müraciət edib ki, müharibəyə dəstək verməsinlər. Siz onların müraciətini necə qiymətləndirirsiniz?

- Çox gülünc şeydir. Ola bilməzdi ki, onlar barışmağın vacibliyini desinlər, tarixi keçmişimizi xatırlayaraq. Bunun əvəzinə bizi dağıtmaq, əzmək, bir-birimizi içəridən qarşı-qarşıya qoymaq haqda düşünürlər. Bu cəhdləri çoxdan görürəm, həqarət doğurur. Ermənistan gah talış, gah ləzgi kartından istifadə edirlər. Ermənistanın özündə bir azlıq qalmayıb, tək-tük adamlar qalıb, deyəsən, 1 azərbaycanlı, 10 rus, 5-10 yezidi kürdü. Yəni mono-etnik Ermənistan Azərbaycandakı milli azlıqları onların tərəfinə keçməyə çağırır. Azərbaycandakı heç bir milli azlıq Ermənistanın tərəfinə keçməyəcək. Müharibənin ilk dövründə, 1992-ci ildə ən mühüm rollardan birini talışlardan ibarət Lənkəran batalyonu oynamışdı. Xeyli talış vətənləri Azərbaycan naminə canlarından keçmişdi. O cümlədən, ləzgilər də qəhrəmanlıqla vuruşurdu. Bəli, Azərbaycanda idarəetmədə qüsurlar, ədalətsizliklər var, amma türklərə olan ədalətsizlik azlıqlara olan ədalətsizlikdən çoxdur.

- Birinci sualıma cavabınızda əməliyyatların Azərbaycan ordusunun xeyrinə gedəcəyini dediniz. Belə olan halda beynəlxalq aləm, dünya gücləri Azərbaycana müharibəni aparmağa imkan verəcəkmi?

- Bəli, hərbi əməliyyatlar şübhəsiz Azərbaycanın xeyrinə gedəcək. Sual verirəm, dünya nə edə bilər və nəyin əsasında? Fərz edək, BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvünün dövlət başçıları müraciət etdi ki, dayanın. Cavab nədən ibarətdir, möhtərəm dövlət başçıları, siz bizə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyə mane olursunuz? Siz Azərbaycana BMT Nizamnaməsinin dövlətlərin özünü müdafiə hüququ verən 51-ci maddəsinin istifadəni qadağan edirsiniz? Siz necə böyük dövlətsiniz ki, dünyada sülhün zamini kimi çıxış edirsiniz və bir dövləti özünü müdafiə hüququndan məhrum edirsiniz?! Budur cavab. Biz Ermənistanın bir qarış torpağına iddia etmirik, Azərbaycan ərazisində yaşayan ermənilərin də hüquqlarını muxtariyyat səviyyəsində tanımağa hazırıq. Amma ərazimizi itirmək fikrində deyilik. Eyni zamanda, deyirik ki, düşünün, Qarabağda yaşayan 50 min erməninin guya təhlükəsizliyi naminə 500 azərbaycanlının insan hüquqlarının pozulmasına nə qiymət verirsiniz? Nəhayət, heç bir beynəlxalq mexanizm yoxdur ki, Azərbaycanı hərbi əmıliyyatları dayandırmağa məcbur etsin. Ola bilsin ki, kiməsə pullarını dondurmaq işarəsi verə bilərlər. O zaman həmin adam seçim qarşısında qalacaq, ya vətən, ya pul! O biri tərəfdən, həm də anomaldır ki, həmin hədənin arxasında ciddi heç nə yoxdur. Çünki bu addımı atsalar, dünyada minlərlə adam Qərb banklarından pulunu geri götürər, o cümlədən, ərəb əmirlikləri.

- Necə düşünürsünüz, baş verənlər Ermənistan cəmiyyətini sülhə doğru dəyişəcəkmi?

- Mən çox ümid edirəm. Erməni xalqı arasında xeyli sayda ləyaqətli, vicdanlı, ağıllı adam tanıyıram ki, onlar xəstə, dəli cəmiyyətdə çərləyirlər. Amma eyni zamanda öz xalqların da sevirlər. Mən onlara hörmətlə yanaşıram, əsla bu xalqların əbədi və əzəli düşmən olmasını istəmirəm. Nə vaxtsa barışacağıq, əməkdaşlıq edəcəyik, bunun əsasında etimad yaranacaq, etimad yarananda dostluq da mümkündür. Hər halda mənim erməni dostum var, Georgi Vanyan, layaqətli, şərəfli, mərd insandır. Amma xəstə cəmiyyətin sağalması üçün hansısa bir sarsıntı olmalıdır ki, onlar öz xülyalarından xilas olsunlar. Guya əlahiddə erməni qlobusu var, erməni qanunları, əxlaqı var, ermənilər başqa xalqlardan üstündür, nəyə görə?! Yaxşı xalqsız, amma başqa xalqlardan üstünlüyünüz yoxdur və hörmətə layiq olmaq üçün başqalarına da hörmət edin. Siz hər hansı cəmiyyətdə görmüsünüz ki, kimsə gəlib hamıya sataşsın, ona hörmət etsinlər? Yox. Əgər hörmət qazanmaq istəyirlərsə, özlərini hörmətə layiq aparsınlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar