Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nursultan Nazarbayevin varisi kim olacaq: Qızı Dariqa, kürəkəni Timur,yoxsa?

İrina Corbenadze

Rosbalt.28.11.2018

Qazaxıstan prezidentinin varisi ətrafında ajiotaj hakimiyyət tranzitinə fəal hazırlığı, ya da elbasının özünün erkən dövlət başçısı seçkisinə qatılacağını ifadə edə bilər.

Nazarbayev İslam Kərimovun ölümündən sonra SSRİ dönəmindən bəri sovetsonrası respublikalarda ölkəsinə başçılıq edən yeganə liderdir. Qazaxıstanın hazırda ömür sürən, amma qocaman yaşına girmiş, respublikanı hətta sovet dönəmindən yönəldən daimi prezidenti Nursultan Nazarbayevin varisinin kim olacağı haqda “ulduz falları” getdikcə daha geniş yayılır. Və bu hətta ABŞ-a da çatıb – ölkə ekspertləri Nazarbayevdən sonra QR prezidenti postunu kimin tutacağını fəal müzakirə etməyə başlayıblar. Bu da başa düşüləndir: Vaşinqton Qazaxıstanı Mərkəzi Asiya bölgəsinin onun üçün geopolitik açar ölkəsi kimi çoxdan nişana alıb. Və başlıcası budur ki, nə Moskvanın, nə də “kollektiv Qərb”in diktatına uyan şəxsiyyətin başçılıq etdiyi ölkəni. Bu isə Mərkəzi Asiyada nüfuz iddiasına malik bütün gücləri maraqlandırır və həvəsə gətirir.

Məsələn, respublikada hakimiyyətin götürülməsindən sonra siyasi böhran qorxusu gələn məşhur “The National Interest” nəşri Qazaxıstanda hakimiyyət tranzitinin dərdinə qalıb. “The Diplomat” isə onun ardınca Nazarbayevin qohumluq və iş çevrəsindən bir sıra şəxslərin prezidentliyə şanslarını incələyib. Bundan savayı, Qazaxıstan ekspertləri daxil olmaqla çoxları proqnoz və analitik hesablamalarla məşğul olurlar. Lakin onların öngörmələrinin dəqiqliyə iddiası apriori faydasızdır: Nazarbayev o qədər sadə adam deyil, respublikadakı durum hakimiyyət uğrunda çarpışma kontekstində o qədər sualtı axınlarla zəngindir ki, “elbasıdan sonra kimin və nəyin olacağı”nın dəqiq bölgüsünü vermək son dərəcə məlumatlı adam üçün də çətindir. Yalnız bir şey aydındır: ikinci Nazarbayev olmayacaq. Onun özü də buna şübhə etmir, son dövrlərdəki hərəkətləri bundan xəbər verir. Birincisi, respublika parlamenti prezidentə praktik olaraq qeyri-məhdud səlahiyyətlər ayıraraq ona Təhlükəsizlik şurasına ömürlük başçılıq etmək icazəsi verib. Belə gedişi iki cür şərh etmək olar: ya Nazarbayev hakimiyyətin yeni prezidentə təhvil veriləcəyi halda ölkənin millətçi güclər tərəfindən parçalanması və başqa fəlakətlərdən sığortalayaraq bütün məsələlərin həlli hüququnu özünə saxlayır (bu, indiyədək özünü doğruldub), ya da hakimiyyət tranzitindən sonra şəxsi təhlükəsizliyi haqda narahat olur.

Qazaxıstanda başlanmış səlahiyyətlərin prezident, parlament və hökumət arasında bölünməsi də bunun xeyrinə danışır ki, Nazarbayev hakimiyyəti verməyə hazırlaşır və güclü prezident idarəçiliyi planında özünə adekvat əvəz tapacağına inanmır. Ehtimal ki, Nazarbayev hakimiyyətin hər üç qanadına əndazə daxilində müstəqillik göstərən öz adamlarını gətirəcək, eyni zamanda Təhlükəsizlik şurasının ömürlük katibi, yəni Nazarbayevin özü “dirijor” rolunu oynayacaq. Bu, xarici siyasət sahəsində indi məhz elbasının zamin olduğu çoxyönlülükdə və ölkə daxilindəki siyasi güclər arasında nisbi sakitliyin saxlanmasında xüsusən aktualdır.

Amma Nazarbayevin hakimiyyət tranzitinə hazır olduğuna hamı inanmır – Qazaxıstanda növbəti prezident seçkiləri 2020-də baş tutmalıdır. Məsələn, “EurAsia Daily” analitik Erbol Edilovun fikrini gətirir – buna əsasən, prezident özünün qatılmağa hazırlaşdığı erkən seçkilərə hazırlaşır. Aydındır ki, bu onun üçün uğursuz olmayacaq. O, hesab edir: “Prezidentin hər şeydən qabaq əhalinin sosial suallarına vurğulanmış son ismarıcını, habelə Təhlükəsizlik şurasının bu yaxınlarda keçirilmiş toplantısında birdən gündəliyə gələn əhaliyə kommunal xidmətlər tarifinin azaldılması məsələsini incələyərək güman etmək olar ki, Nursultan Nazarbayev 2019-cu ilin başlanğıcında vaxtından qabaq yenidən ölkə prezidenti seçilməyi qət edib”.

Dariqa Nazarbayeva

Və izah edir: “Nazarbayevin QR Təhlükəsizlik şurasının başçısı mövqeyinə keçə biləcəyi və dövlət başçısı səlahiyyətlərini başqa adama verərək oradan bütünlükdə ölkəyə rəhbərliyi davam etdirəcəyi məsələsi, demək olar, “ehtiyat variant”dır”.

Politoloq Kazbek Beysebayev də onunla razıdır: “Prezident ilin sonunadək əhali üçün elektrik enerjisi tariflərini azaltmağı tapşırıb. Bu yenilik maaşların artırılması və qiymətlərin qabağını almaq tədbirlərilə yanaşı erkən seçkilər versiyasının xeyrinə getdikcə daha çox danışır. Yeri gəlmişkən, Alma-ata akimatı (merliyi) ali məktəblərdən tələbələrin siyahısını təcili təqdim etməyi tələb edib”.

Bəs onlar Nazarbayevin öz iştirakıyla erkən seçkilərə hazırlaşdığı, hakimiyyətin ötürülməsi yalnız zaman və Nursultan Abişoğlunun özünün seçim məsələsidirsə, onda necə? Və burada elbasının varisi kimin olacağından qayğılanan “The Diplomat”a qayıdaq. Bu başdan deyək ki, respublikada prezidentliyə öz namizədliyini irəli sürməyə yasaq qoyulub – ali posta yalnız partiyalar və ictimai birliklərin irəli sürdüyü şəxslər iddia edə bilərlər ki, bu da qovğa meydanını daraldır və şərti olaraq ikiyə bölür: prezident ailəsindən irəli sürülən və ən yaxın çevrəsindən iddiaçılar.

Ailə nəzərə alınsa, dövlət başçısı postuna namizəd kimi birinci növbədə Nazarbayevin böyük qızından – hazırda parlament senatının deputatı olan Dariqadan danışmaq olar. Lakin Amerikanın sözügedən nəşri hesab edir ki, onun “təcrübəsi azdır” – senat sədri postuna idia edib, amma “uçub”. İkincisi, o, qadındır, Qazaxıstan isə Qırğızıstan deyil (Roza Otunbayevanın bir vaxtlar prezident seçildiyi nəzərdə tutulur). Belə ki, Dariqa Nazarbayevaya – məqalədə deyilir – hökumət başçısı, ya da nazir rolu daha çox uyğun gəlir.

Ailədən irəli sürülənlər mövzusunu davam etdirsək, Nazarbayevin qohumu – Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Samat Abişin hansısa şansları var. Amerika nəşri onun adını ümumiyyətlə çəkmir, amma Qazaxıstanın özündə “şayiələr dolaşır”.

Potensial prezidentlərin praktik olaraq bütün “siyahılarında” Nazarbayevin kürəkəni, ortancıl qızı Dinaranın əri Timur Kulibayevin də adı keçir.

Timur Kulibayev

“The Diplomat”ın yazdığı kimi, onun təhsili yaxşıdır və idarəçilik təcrübəsi də var, amma prezident kürəkəninin karyera artımına şəxsi həyatındakı müəyyən dolaşıqlıq mane ola bilər: ona iki oğul doğmuş varlı biznes-ledilərdən biriylə romanı haqda məlumdur. Əmək şəraitinin yaxşılaşdırılması tələbilə mitinqin gedişində 15 neftçinin həlak olıduğu yeddi il qabaqkı Janaozen hadisələrində iştirakı üzündən Kulibayevin səhmləri ictimaiyyətin gözündə aşağı dəyərli ola bilər. Nazarbayevin qohumları deyil, amma “yaxın çevrəsi”ndən danışılsa, senat sədri Kasım-Jomart Tokayev, parlament spikeri Nurman Niqmatulin, prezident administrasiyasının başçısı Adilbek Casıbekov, Milli Təhlükəsizlik Komitəsi sədri Kərim Məsimov, Qazaxıstanın ən varlı biznesmenlərindən biri Bulat Utemuratovun enən xətt üzrə prezidentliyə şansı var. Olduqca maraqlı və müəmmalı fiqur – Qazaxıstanın Rusiya səfiri İmanqali Tasmaqambetov ayrıca durur. Bu, belə deyək, ABŞ-ın analitik çevrələrindən fraqmentar möhkəmləndirilən daxildən baxışdır. Deməli, “The Diplomat” nə Niqmatulini, nə Casıbekovu, nə də Utemuratovu mümkün varis kimi nəzərdən keçirir, hesab edir ki, ən yüksək şansa Tokayev malikdir – o, indiki anda respiblikada ikinci şəxsdir. Amma yaşını – 65 – və daxili-siyasi çağırışların öhdəsindən gələ bilməməyini ona minus yazırlar. Qaldı ki Məsimova, Qazaxıstanın gələcək inkişafı məsələlərindən son dərəcə məlumatlıdır. Amma “beşinci xana” onu pis durumda qoya bilər – o, uyğurdur, bu isə respublikanın müəyyən çevələri üçün “nöqsandır”. Bu türkdilli xalqın böyük çoxluğu – 10 milyon adam Çinin Qərb ucqarında yaşayır, Qazaxıstanda isə uyğurlar 243 min nəfərdir.

İmanqali Tasmaqambetov

Amma, bax, Tasmaqambetov maraqlı və perspektivlidir, lakin Nursultan Nazarbayevin ona həqiqi münasibəti tam aydın deyil. Qazaxıstanın indiki Rusiya səfiri keçmişdə vətəndə yüksək postlar tutub – baş nazir, prezident administrasiyası başçısı, Alma-Ata və Astana icra hakimiyyətinin başçısı. Prezidentin ailəsinə yaxın sima sayılır. Amma nədənsə onu Moskvaya – gözdən irağa göndərib. Deyirlər ki, Tasmaqambetovun respublikada böyük nüfuzu olub, özünə xeyli düşmən qazanıb, başlıcası isə, özünü gələcək prezident kimi görüb ki, bu da Nazarbayevə çox da xoş gəlməyib – ən yaxın silahdaş ciddi rəqib ola bilərdi.

Amma burası da var ki, onun “sürgün”ünə başqa izahat da tapmaq olar: Rusiya Qazaxıstan üçün son dərəcə önəmli ölkədir və Astanaya orada təkcə eşidən qulaq deyil, həm də manevr etməyə, milli maraqların tarazlaşdırılması və lobbiləşdirilməsinə qabil yaxşı beyin gərəkdir. Hər şeyə əsasən, Tasmaqambetov isə beynini yaxşı işlədir.

Bir sözlə, Qazaxıstanın növbəti prezidenti kimin olacağını sezmək əsilsiz işdir. İstisna deyil ki, Nazarbayev bir çox baxımdan ondan geridə qalan, o zaman praktik olaraq heç kimin tanımadığı Vladimir Putini qəflətən əlcəkdən çıxardan Boris Yeltsinin “fənd”ini təkrar edə bilər. Çox ağıllı və batmaz siyasətçi nüfuzundan faydalanan Qazaxıstan prezidentindən bu da baş verər.

Tərcümə Strateq.az-ındır.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar