Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Niyə?

Bunu da yazım, bir də heç vaxt bu mövzulara girməyəcəm. Çünki sıradan bir vətəndaş olaraq artıq yorulmuşam, bezmişəm.

Əvvəla, şəxsən mənim Azərbaycana olan sevgimi və yanğımı ölçəcək heç bir cihaz, alət yoxdur. Adam? Adam heç yoxdur. Kartof-soğan, xiyar-pomidor satırmış kimi əlində tərəzi tutub başqalarının vətən, millət sevgisini çəkiyə vuranlara da ancaq gülə bilərəm. Ona da həvəsim olsa... Bu ölkədə güləcək və ağlayacaq daha ciddi mətləblər var.

Mənim Azərbaycan sevgim başqadır. Və bu sevgini də tamada təfəkkürlü boşboğazlardan, başqasının övladlarının acısına poema yazıb öz övladlarını prokuror, səfir təyin elətdirən şair-yazıçılardan öyrənməmişəm. Üzeyir bəydən, Əbdürrəhim bəydən öyrənmişəm.

Onların öyrətdiyi Azərbaycan sevgisinin içində şübhələnmək var, sorğulamaq var, etiraz etmək var, ələşdirmək var. "Niyə" sualı var.

Mən günorta velosipeddən yıxılıb dizlərini asfalt üzərində sıyıraraq evə ağlaya-ağlaya gələn oğlumu bağrıma basıb, apteklə 103 arasında vurnuxub axşam klaviatura arxasına keçərək başqasının bir avantüraya qurban gedən oğlunun rəsmini görüncə "Şəhid gələn gün vətən torpağının toy-bayramıdır" yaza bilmərəm. Bil-mə-rəm!

Mən səhər bir tələbədən rüşvət alıb, ya da bir xəstənin ağrıyan yerindən əvvəl onun cibinə baxıb axşam da hansısa toyda hörmətli ziyalı, professor-zad kimi söz verilərək yüksək əxlaqi dəyərlərdən dəm vura, "O gün olsun belə xeyir işlər Laçında, Kəlbəcərdə qurulsun" deyə sağlıq qaldıra bilmərəm.

Mən Karlovı-Vara dincəlməyə gedib orada qaçqınlıq haqqında guya çox kədərli hekayə yaza bilmərəm, jurnalistlər binasından ev almaq üçün şortikimi başıma geyinib şəhid valideynlərinin qanpulu tələbini ələ sala bilmərəm, öz oğlumun-qızımın adına şirkətlər açıb özgələrinin oğlunu-qızını güllə qabağına, canını fəda etməyə çağıra bilmərəm.

Mən monitor arxasına keçib "Filan yerin kofesini bəyənmədim, deyirlər bəsməkan yerdə baha olsa da, burdan min dəfə ləzzətlidir" yazıb iki saat sonra həmin kofedən qurtumlaya-qurtumlaya, məsələn, Biləsuvardakı nimdaş geyimli bir atanın facebook-dakı şəklinin altına "Başını dik tut! Belə bir övlad yetişdirdiyin üçün fəxr eləməlisən" sözlərini döşəyə bilmərəm.

Mənim Azərbaycan sevgim başqadır. Hətta o, bir sevgidən daha çox ağrıdır, sorğulamaqdır, quşqu duymaq, etiraz etməkdir. "Niyə" sualını verə bilməkdir.

Mənim Azərbaycan sevgimin maddi qarşılığı yoxdur: ona nə saxta mandat düşür, nə prezident təqaüdü, nə "Tərəqqi" ordeni.

Mənim Azərbaycan sevgim tribunaçı deyil, qara-qışqırıqçı deyil, küyçü deyil, "hurrey"çi deyil, sağçı deyil, solçu deyil, dinçi deyil, millətçi, liberal deyil. Şair deyil, artist deyil, məmur heç deyil.

Mənim Azərbaycan sevgim başqadır və çox sadədir: "Niyə, axı niyə?"

"Niyə"çidir mənim Azərbaycan sevgim. Yəni – sorğulayıcıdır.

Həmişə və hər yerdə, hamıya inadla soruşmağa da davam edəcək.

Salamat qalın!

Elnur ASTANBƏYLİ (arqument.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar