Sahibkar İlon Maskın sərvəti son beş gündə 37,3 milyard dollar artıb...
Poliqon xəbər verir ki. bu barədə Bloomberg Billionaires Index reytinq nəşri məlumat yayıb. Məlumata görə, bu, 2022-ci ilin martından bəri Maskın mənfəətində ən böyük həftəlik artımdır. Belə ki, bir gün əvvəl “Tesla” səhmləri Çin texnologiya şirkəti “Baidu” ilə potensial əməkdaşlıq xəbərləri fonunda bahalaşıb.
Təkcə aprelin 29-da İlon Maskın sərvəti Bloomberg reytinqinə görə 18,5 milyard dollar artaraq 201,5 milyard dollar təşkil edib. Eyni zamanda, “Tesla” səhmləri həmin gün 17,76% artıb.
Qeyd edək ki, aprelin 28-də İlon Mask Çinə gəlib və Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Çyanla görüşüb. Bloomberg-in mənbələrə istinadən verdiyi məlumata görə, milyarder “Baidu” ilə əməkdaşlığa razılaşıb. Çin şirkəti “Tesla” ilə birlikdə FSD avtonom sürücülük proqramının həyata keçirilməsi üçün xəritəçəkmə və naviqasiya sistemləri hazırlayacaq.
Agentlik qeyd edir ki, avtonom sürücülük və sürücüyə yardım sistemləri Çində getdikcə geniş yayılır. Bu fonda “Tesla” ölkədə sərt rəqabətlə üzləşdi, Çin avtomobil bazarındakı payı 2023-cü ilin birinci rübündəki 10,5%-dən dördüncü rübdə 6,7%-ə düşüb.
Poliqon.info