Bazar ertəsi, 27 İyun 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

"Putin daha qalib gələ bilməz" - Müharibənin növbəti mərhələsi üzrə 5 ssenari 

Rusiyanın Qara dəniz donanması məhv edilə bilər”

"Heç kim Rusiya-Ukrayna müharibəsinin necə nəticələnəcəyini və nə vaxt bitəcəyini deyə bilməz. Amma gerçəklik budur ki, bu müharibədə Rusiyanın qalib gəlmək şansı sıfıra bərabərdir. Qərb hökumətləri və analitiklərin fikrincə, Rusiya bu müharibədə əsas məqsədlərinin heç birinə nail ola bilmədi. Ukrayna hazırda tank döyüşlərinin artilleriya zərbələri ilə əvəz olunduğu müharibənin son mərhələsindədir. Belə olan halda düşünmək olar ki, müharibə gec-tez atəşkəs və ya barışıqla başa çatacaq"

"AzPolitika.info" xəbər verir ki, ABŞ-ın "The Wall Street Journal" portalında dərc olunuan "Rusiya artıq qalib gələ bilməz. Müharibənin növbəti mərhələsinin 5 mümkün ssenarisi" başlıqlı məqalədə sözügedən mövzuya toxunulur. Həmin məqalənin tərcüməsini oxuculara təqdim edirik:

Ssenari 1 - "Rusiya ordusu məğlub olacaq, Rusiya çökəcək"

Yüksək motivasiyalı, yaxşı silahlanmış və taktiki cəhətdən bacarıqlı Ukrayna qüvvələri Rusiya ordusunun zəif nöqtələrini çox yaxşı analiz edib. Qərb analitiklərinin fikrincə, Ukraynadakı ağır itkilərdən sonra rus zabit korpusu ciddi şəkildə zəifləyib.

Müharibə ilə bağlı Qərbin əksər təhlilləri göstərir ki, Moskvanın qüvvələrini şərq və cənub-şərqdə cəmləşdirmək və Donbasda möhkəmlənmək planı rusların gözlədiyindən daha ləng həyata keçirilir. Pentaqon rəsmiləri iddia edirlər ki, Ukrayna ordusu artıq vəziyyəti dəyişməyə başlayıb. Ukrayna ordusunun əks-hücumlarla rus qüvvələrinə növbəti ağır məğlubiyyətlər yaşadacağı istisna edilmir. Çeçen döyüşçülər və digər silahlı birləşmələrdən istifadə Rusiya ordusnun koordinasiyasını daha da çətinləşdirib.

Daha sonra qeyd olunur ki, Kiyev ətrafında məğlubiyyətə uğrayan Rusiya ordusunun “B” planı da özünü doğrultmur. Belə ki, rus qoşunlarının həmin ərazilərdən çıxarılaraq, Donbasa yönəldilməsinə baxmayaraq, burada da hücum əməliyyatları nəzərdə tutulan tempdə getmir: “Moskvanın Ukrayna Silahlı Qüvvələrini mühasirəyə almaq planının icrası mümkünsüz görünür. Artıq ABŞ-ın Ukraynaya verdiyi M777 haubitsaları işə salınıb. Pentaqon bildirir ki, bu silahlar döyüş meydanında situasiyanı dəyişməyə başlayıb. Ukraynaya verilən 90 haubitsadan 77-si artıq Xarkov da daxil olmaqla, döyüş mövqelərinə çatdırılıb...”

London Krallıq Kollecinin hərbi araşdırmalar üzrə professoru Lourens Fridman “Wall Street Journal”a bildirib ki, rus ordusunun yeganə müsbət tərəfi bugünkü vəziyyətə görə bütövlüyünü saxlaması, dağılmamasıdır: “Lakin ordular kövrək ola bilirlər. Qərb kəşfiyyatı bildirir ki, Rusiya ordusunda döyüşməkdən imtina halları artır. Onlar bildirirlər ki, Kiyev ətrafından gətirilən birləşmələr yeni cəlb olunmuş hazırlıqsız bölmələrlə birgə Donbasdakı döyüşlərə atılıblar. Üstəgəl, Çeçenistandan gətirilən yaraqlılar kimi, köməkçi qüvvələr hərbi əməliyyatların koordinasiyasını daha da pisləşdirir”.

Hadisələrin gedişini və tərəflərin mümkün silahlanma perspektivini təhlil edən Vaşinqtondakı Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin eksperti Eliot Koen isə bu savaşın Rusiyanı çokdürəcəyi ehtimalını yüksək hesab edir: “Məncə, bu ssenarini lazımınca qiymətləndirmək gərəkdir – Rusiyanın real çöküşü!”. Ekspertin fikrincə, rusiyalıların döyüşlərdən kütləvi imtinası və pərakəndə şəkildə geri çəkilməsi mümkün variantdır: “Hesab edirəm ki, hansısa fundamental səviyyədə Putin onsuz da uduzub. Onun uzun müddət hakimiyyətdə qalacağını təsəvvür etmək çətindir”.

Ssenari 2 - "Ukrayna ordusu məğlub olacaq"

Ukraynalıların Rusiya qoşunlarına vurduğu ziyanın həcmi açıqlansa da, Ukrayna qüvvələrinin nə qədər zərər çəkdiyinə dair çox az məlumat var. Bu məlumatlara əsasən, Ukrayna ordusunun hərbi avadanlıq itkisi kifayət qədər çox olub.

Lakin Qərb mənbələri hesab edirlər ki, bu itkilər Rusiya tərəfi ilə müqayisədə xeyli azdır. Hansı ki, hələ martın sonlarında Rusiya tərəfinin ölən, yaralanan və əsir götürülənlər olaraq ümumi itkisinin sayı 40 min nəfərə yaxınlaşmışdı.

Eyni zamanda “Wall Street Journal” hesab edir ki, Rusiyanın nəhayət 3 aylıq mühasirədən sonra Mariupolu tam ələ keçirməsinə və Donbasda təzyiqi artırmasına baxmayaraq, onun Ukrayna Ordusunu məğlub etdiyini söyləmək mümkün deyil. Öz vətəni uğrunda döyüşən Ukrayna Ordusunun motivasiyasının üzərinə ABŞ-ın Lend-Liz qanunu üzrə hərbi yardımını, eləcə də kollektiv Qərbin durmadan Ukraynaya göndərdiyi silahları da gələndə, Ukraynanın məqlubiyyəti variantı ağlabatan görünmür.

Bu versiya ilə bağlı danışan Lourens Fridman deyib: “Düşünmürəm ki, Ukraynanın çöküşü mümkündür. Bunu demək olar ki, istisna edirəm. Onlarda motivasiya və impuls var”.

Ssenari 3 - "Dalan situasiyası- Müharibə bir neçə il uzanacaq"

Müharibələr çox vaxt heç bir tərəfin uduzmağa cəsarət etmədiyi bir dalana çevrilir. Qərb rəsmiləri xəbərdarlıq edir ki, münaqişə gələn il və ya ondan sonra da davam edə bilər.

Koen 1918-ci ildəki Birinci Dünya Müharibəsini misal gətirərək, deyir: “Müharibə çox zaman çöküş prosesidir. Hər iki tərəf dəhşətli əziyyətlər çəksə də, sonda ayaq üstə qala bilən qalib gəlir. 1918-ci ildə də bu baş vermişdi. Lakin indiki halda “dalan situasiyası” yaranması üçün Rusiyanın işğal etdiyi ərazilərdə istehkamlar tikib möhkəmlənməsi və itkilərini yeni qüvvələrlə əvəzləməsi lazımdır”.

Bir sıra analitiklər Ukraynanın qarşıdakı bir neçə həftə ərzində əks-hücumlarını gücləndirərək, müharibənin kritik mərhələsinə başladacaqlarını gözləyirlər. Ukraynanın bu həmləsi müharibənin gələcək taleyini də müəyyən edəcək.

Amerikalı mütəxəssisin fikrincə, Rusiyanın Ukraynada möhkəmlənmək imkanları məhduddur. Çünki bunu təmin etmək üçün perspektivdə 150-180 min yeni canlı qüvvəyə və onları təmin edəcək silah-sursata ehtiyac var. Bu isə Rusiya üçün olduqca problemlidir. Digər yandan Ukrayna indiki vəziyyətin qalmasına imkan vermək fikrində deyil və əks-hücum planlarını qətiyyən gizlətmir. Ona görə də “dalan situasiyası” o qədər də inandırıcı görünmür.

Ssenari 4 - "Ukrayna ordusu əks-hücuma keçəcək"

Analitiklərin fikrincə, hazırkı mərhələdə Qərbin Ukraynanı silahlandırması son dərəcə vacibdir. Pentaqonun yüksək səviyyəli sözçüsü bazar ertəsi bildirib ki, ABŞ-ın Ukraynaya təhvil verdiyi "90 M777" artilleriya silahından 74-ü Xarkov ətrafında və başqa yerlərdə ön sıralardadır.

Bu haubitsaların uzaq məsafəsi ukraynalılara atəş zonasına düşmədən Rusiya qoşunlarına hücum etməyə imkan verir. Ukrayna həmçinin digər Qərb avadanlıqlarını, o cümlədən "Switchblade" və "Phoenix Ghost" dronlarını alır. Əgər ukraynalılar irəliləsələr, növbəti sual onların harada dayanacaqlar olacaq.

Ukraynanın minimum hədəfi Rusiyanın işğalından bir gün əvvəl, fevralın 23-də olan mövqelərə qayıtmaqdır. Analitiklərin fikrincə, ukraynalılar uğur qazanarsa, dayanma Ukrayna prezidenti Volodimir Zelenski üçün siyasi çağırış olacaq. Hücum əməliyyatları müdafiə olunmaqdan daha çətindir. Rusların çoxdan yerləşdiyi ərazilərdə, Donbassda və xüsusilə Krımda əməliyyatlara başlamaq Ukrayna üçün iddialı ola bilər. Bu mərhələdə Zelenskiyə hücumları dayandırmaq üçün xarici təzyiqlərin artacağı ehtimal edilir. Daha da irəli getmək və 2014-cü il sərhədlərinə çıxmaq planı isə xüsusilə də avropalılar tərəfindən Zelenskiyə təzyiqləri çoxaldacaq. Ona görə də ukraynalılar üçün “öz yolları ilə getmək” çətin olacaq.

Ssenari 5 - "Eskalasiya"

Bəzi analitiklər küncə sıxılmış Rusiya liderinin döyüş meydanında taktiki nüvə və ya kimyəvi silahlardan istifadə etməklə münaqişəni gərginləşdirəcəyindən narahatdırlar. Qərb analitikləri bunun mümkün olduğunu deyirlər.

Bu cür silahların tətbiqi geniş beynəlxalq qınaq doğuracaq və çox güman ki, Rusiya iqtisadiyyatının daha da təcrid olunmasına, o cümlədən təkcə Rusiya şirkətlərinə deyil, həm də istənilən biznes şirkətinə qarşı potensial olaraq ikinci dərəcəli sanksiyaların tətbiqinə səbəb olacaq.

Analitiklərin fikrincə, Rusiyanın bu addımı Ukraynaya zərər verməkdən daha çox, Kiyev hakimiyyətinə təsir etmək və Qərb hökumətlərini sülh üçün Ukraynaya təzyiq göstərmələrinə təşviq etməyə hesablanıb.

Koen deyir ki, buna əl atacağı halda Putin adekvat cavab alacaq: “Putin doğrudan da bu qədər dərinə getsə, ona birbaşa tabe olanlar bu əmrləri yerinə yetirməkdən imtina edəcəklər”.

Mütəxəssislər hesab edirlər ki, bu halda Rusiya iqtisadiyyatı daha da təcrid olunacaq, tək Rusiyanın özünə yox, onunla hər hansı əlaqəsi olan bütün şirkət və dövlətlərə şiddətli sanksiyalar tətbiq olunacaq. Əvəzində, bu silahların istifadəsi döyüş meydanında heç bir üstünlük verməyəcək. Çünki tərəflər döyüş meydanında bir-birinə yaxın, qarşı-qarşıyadır. Nüvə silahı sadəcə, radiaktiv çöküntülər yaradacaq və hər iki tərəfə təlafat verəcək. Kimyəvi silahı isə idarə etmək çətindir və o, həmin silahı işlədən tərəf üçün də təhlükəlidir. Bu da onu effektsiz edir. Nüvə silahından döyüş meydanından uzaq ərazilərdə istifadəsi isə sadəcə, rəsmi Kiyevi terror və təhdid etməkdir ki, nəticədə Qərb ona təzyiq etsin, hakimiyyət geri çəkilsin və savaşı dayandırsın. Analitiklər bunu da hipotetik olaraq mümkün, lakin olduqca az ehtimal edilən ssenari sayırlar.

Əvəzində, bu silahlardan hər hansı formada istifadə edilməsi Qərbi bu münaqişəyə açıq və daha güclü şəkildə cəlb edəcək. Bu halda Qərb və NATO üçün qırmızı cizgilər qalmayacaq, hansı ki, onlar Ukrayna üzərində uçuşa qadağan zonası yaradılmasına imkan vermirdi. Koen hesab edir ki, həmin vaxt ilk olaraq Rusiyanın Qara Dəniz donanması Qərb tərəfindən hədəf seçiləcək. Moskvada rasional düşünənlər varsa, onlar Rusiya hərbi hava qüvvələrinin Ukraynadakı indiki vəziyyətini nəzərə alaraq, ABŞ və digər Qərb ölkələri aviasiyaları ilə qarşıdurmadan qaçarlar”.

“Wall Street Journal”-ın bu yazısından da göründüyü kimi, Rusiyanın Ukrayna savaşından uğurlu çıxış variantı demək olar ki, yoxdur. Göstərilən 5 ssenaridən yalnız biri Rusiyanın lehinədir – Ukraynanın çöküşü. Bu versiya isə getdikcə daha az ağlabatan görünür. Çünki hələ Ukraynanın dövlət və əhali olaraq şokda olduğu savaşın ilk günlərində belə Rusiya özünün say və hərbi texnika üstünlüyünə, psixoloji üstün durumuna baxmayaraq, Ukraynanı çökdürə, təslim olmağa məcbur edə bilmədi. İndi isə artıq savaşa alışan yüksək motivasiyalı ordusu və əhalisi olan, üstəgəl də Qərbin böyük hərbi və maliyyə dəstəyilə təmin olunmağa başlayan Ukraynanı çökdürmək qat-qat daha çətin olacaq. Əksinə, yaxın müddətdə işğala məruz qalan bu ölkə əks-hücuma keçməyi planlaşdırır. Rusiyanınsa yeni hərbi texnika və canlı qüvvə təminatıyla bağlı ciddi problemləri var və bu problemlərin getdikcə artacağı proqnozlaşdırılır. Bu isə o deməkdir ki, zaman qətiyyən Kremlin xeyrinə işləmir.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Rusiyanın Ka-52 “Alliqator” helikopteri vurulub

Putin Ukraynada hərbi əməliyyat başlayandan bəri ilk xarici səfərə çıxacaq

Bakıda hərbi orkestrlərin çıxışları maraqla qarşılanıb

İntihara cəhd edən direktorun məktəb macərası: Dubayda olan müəllim Gəncədə necə dərs deyir?

Azərbaycanda növbəti komando hərbi hissələri açılacaq

Hafiz Hacıyev: "Gülər xanım idarə heyətinin tapşırıqlarını yerinə yetirsin, gedib rusları müdafiə edir"

G7 ölkələri Ukraynaya lazımi qədər kömək edəcək

Putin Ukraynadakı müharibəni idarə etməyi başqa generala tapşırdı 

Prezident “Kəlbəcər-1” kiçik SES-in açılışında iştirak edib - Yenilənib

Prezident İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar