Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir olmamaq üçün Molotova cavab qaytaran Xruniçyov

Stalinlə işləyən adam Xruşovla dil tapmayıb

1946-cı ildə Stalin onu qəbuluna çağırıb. SSRİ xalq sursat komissarının birinci müavini Mixail Xruniçyovla görüş iki saatdan artıq davam edib və çox da sakitliklə keçməyib. Qəbulda Vyaçeslav Molotov da iştirak edib. Stalin əvvəlcə hərbi müdafiə sənayesində gedən işlərlə maraqlanıb, müharibədən sonrakı dövrdə bu sahədə kifayət qədər böyük problemlərin olduğunu, xüsusilə aviasiya sənayesində nəzərəçarpacaq geriliyin yarandığını bildirib. Bu girişdən sonra Stalin mətləbə keçib:

- Mixail Vasilyeviç, müharibə böyük itkilər hesabına başa gəldi. Bu bizi çox da narahat etmir. Qələbə itkisiz başa gəlməz. Bizi narahat edən başqa məsələdir. İndi biz hamılıqla hərbi sənayemizi bərpa etməliyik. Belə qərara gəlmişik ki, sizi aviasiya sənayesinə rəhbər, aviasiya sənayesi naziri təyin edək. Bu, böyük etimaddır.

Xruniçyov söhbətin hansı vəzifədən getdiyini, müharibə dövründə dağılmış aviasiya sisteminə rəhbərlik etməyin məsuliyyətini yaxşı dərk edib və Stalinin təklifindən yayınmağa çalışıb:

- Yoldaş Stalin, sizin etimadınız mənim üçün şərəfdir. Amma mən onu da etiraf etməliyəm ki, bu vəzifənin öhdəsindən gəlmək mənim gücüm daxilində deyil.

Cavab nə Stalinin, nə də Molotovun ürəyincə olmayıb. Söhbətə Molotov müdaxilə edib:

- Yoldaş Xruniçyov, siz deyəsən, hərbi rütbə daşıdığınızı və kimin qarşısında dayandığınızı unutmusunuz. Ali Baş Komandanın əmrləri müzakirə olunmur. Bir kommunist kimi isə sizin borcunuzdur ki, partiyanın tapşırığını müzakirəsiz icra edəsiniz.

Stalinin kabinetində olmasına baxmayaraq, sərt xarakterli Xruniçyov Molotovun bu tonda müdaxiləsini cavabsız qoymayıb:

- Vyaçeslav Mixayloviç, hərbi sənaye siyasi danışıqlar deyil ki, bir dəfə alınsın, bir dəfə yox. Burada söhbət ölkənin hərbi gücündən, qüdrətindən gedir. Siz bilirsinizmi aviasiya sənayesinin dirçəldilməsi və inkişafı üçün nə qədər xammal lazımdır, nə qədər mütəxissislərə ehtiyac var? Əlbəttə ki, yox. Çünki sizin bu sahə haqqında anlayışınız yoxdur...

Xruniçyovun bu cavabı kabinetdə bir neçə saniyilək ölü sükut yaradıb. Molotov cavab vermək istəyəndə Stalin onun sözünü kəsib və son qərarını verib:

- Mixail Vasilyeviç, biz hər şeyi bilirik və müvafiq strukturlara da lazımi göstərişlər veriləcək. Sabahdan yeni vəzifənizin icrasına başlayın.

Beləliklə, 19 mart 1946-cı ildə Mixail Xruniçyov SSRİ aviasiya sənayesi naziri vəzifəsinə təyin edilib.

1901-ci ildə Luqanskda anadan olan Xruniçyov uşaqlıqdan oxumağa həvəs göstərsə də, ailənin ağır maddi durumu ona təhsil almaq imkanı veməyib. O, cəmisi iki sinif bitirdikdən sonra şəxsi təssərrüfatlarda işləyərək valideynlərinə kömək edib. 16 yaşında olanda Xruniçyov daş kömür mədənində işə düzəlib. 18 yaşında hərbi xidmətə çağrılıb.
Xruniçyov hərbi xidmətdən qayıtdıqdan sonra milis orqanlarında xidmətə keçib. Sıravi milis nəfərindən Luqansk milis dairəsinin rəisi vəzifəsinə qədər yüksəlib.

Ukrayna Sənaye Akademiyasını bitirdikdən sonra Xruniçyov təsərrüfat işinə keçib, Luqanskdakı silah zavodunda direktor müavini, Zelenodolskda (Tatarıstan) hərbi zavodun direktoru vəzifələrində işləyib.

1936-cı ildə Xruniçyov Müdafiə Sənayesi Komissarlığında 12-ci baş idarəyə rəis təyin edilib, bir ildən sonra isə komissarın müavini vəzifəsinə keçirilib.

Sovet-alman müharibəsi başlananda ordunun silahla təminatı ən vacib məslələrdən biri kimi Dövlət Müdafiə Komitəsinin hər iclasında əsas müzakirə mövzusuna çevrilib. Bu müzakirələrdə Xruniçyovun peşəkarlığı və iş məhsuldarlığı nəzərə alınaraq onu sursat komissarlığına müavin təyin ediblər. Bu vəzifədə Xruniçyov ona göstərilən etimadı doğruldub və xidmətlərinə görə Stalinin təşəbbüsü ilə o, qəhrəman fəxri adı ilə mükafatlandırılıb.

Yuxarıda qeyd etdiyimiz kimi, Xruniçyov 1946-cı ildə aviasiya naziri vəzifəsinə təyinat alıb. Onun nazir işlədiyi illərdə bu sahədə itehsal həcmi 57 faiz, kejfiyyət göstəriciləri isə 76 faiz artıb.

1951-ci ildə oktyabr inqilabının ildönümü ilə bağlı Kremldə keçirilən tədbirdə Xruniçyovla Molotov növbəti dəfə üz-üzə gəliblər. Molotov sərt nazirə yaxınlaşaraq ona zarafatla müraciət edib:
- Mixail Vasilyeviç, mənim aviasiya sənayesi haqqında anlayışım olmasa da onu bilirəm ki, bu sahədə xeyli uğurlu nəticələr əldə etmisiniz. Bəs deyirdiniz bacarmazsınız?

Xruniçyov bu zarafata zarafatla cavab verib:
- Yoldaş Molotov, bütün bu uğurlar siyasi danışıqlar nəticəsində əldə edilmiş siyasi sabitliyin nəticəsidir.

Sonralar Molotovla Xruniçyovun arasında dostluq münasibətləri yaranıb. Molotov öz xatirələrində onu belə xatırlayıb:

“Xruniçyov çox bacarıqlı, ciddi, işinə son dərəcə məsuliyyətli bir adam idi. Ona verilən tapşırığı yerinə yetirə bilməyəndə o, özünü xəstə kimi hiss edirdi. Çılğın idi, amma bu çıığınlıqda pis məqsəd yox idi. O, hər şeyi ümumi işin xətrinə edirdi. Xruniçyov Stalinin sevimli kadrlardan biri sayılırdı, Stalin ona inanırdı, güvənirdi, etibar edirdi və bu münasibətdə yanılmırdı. Çünki Xruniçyov bütün vəzifələrdə ona göstərilən etimadı doğrultmağı bacarırıdı...”

Stalinin vəfatından sonra Xruniçyov nazir vəzifəsindən azad olunaraq bir pillə aşağı vəzifəyə, maşınqayırma nazirinin müavini vəzifəsinə təyin olunub.

Stalin məktəbinin yetişdirməsinə Xruşovla işləmək çətin olub. Hər ikisinin xarakterindəki çılğınlıq tez-tez fikir ayrılığı və mübahisələrə nəticələnib. Amma Xruniçyovun bacarığı, peşəkarlığı qarşısında Xruşov onu çox da kənara ata bilməyib. 1955-ci ildə Mərkəzi Komitədə keçirilən müşavirədə Xruşov Xruniçyovu belə xarakterizə edib:

“Mixail Xruniçyova silah-sursat, hərbi təyyarə etibar etmək olmaz. Düzdür, o, işinin peşəkarıdır. Amma hisslərinə hakim ola bilmir. Onu silahların arasından çıxarıb kabinetdə otuzdurmaq lazımdır. Təklif edirəm ki, Xruniçyova SSRİ Nazirlər Sovetində sədr müavini vəzifəsini verək və o, hərbi sənayeyə nəzarət etsin.

Beləliklə, Xruniçyov 1955-ci ildə Nazirlər Sovetinin sədr müavini vəzifəsinə təyin edilib. Çılğın xarakter bu vəzifədə də özünü göstərib. Bir ildən sonra Xruşov öz qərarını açıq şəkildə bildirərək Xruniçyovu bu vəzifədən kənarlaşdırıb.

1956-cı ildən 1961-ci ilə qədər Xruniçyov Dövlət Plan Komitəsinin sədri müavini vəzifəsində işləyib. O, elə bu vəzifədə, 60 yaşında vəfat edib.

Mixail Xruniçyovun nəşi yandırılaraq külü Kreml divarlarına yerləşdirilib, üzərinə xatirə lövhəsi vurulub.

İlham Cəmiloğlu, Musavat.com

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Naxçıvan Ali Məclisində yeni təyinatlar olub    

Ən çox oxunanalar