Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövləti talayır, tutulur, cəzası azaldılır və ... - korrupsionerlərə niyə güzəşt edilir?  

Hüquqşünas: “Məhkəmələr də korrupsiya mexanizminin tərkib hissəsi olduğu halda, təbii ki, bununla mübarizə səmərəli olmayacaq”

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun 11 illik həbs cəzası yarıbayarı azaldılaraq 5 il 6 aya endirilib. Zakir Sultanov tarixi-mədəniyyət binalarının təmiri, bərpası zamanı 5 milyon 300 min manat yeyintiyə yol verdiyi üçün qandallanmışdı.

Apelyasiya Məhkəməsi dəymiş ziyanın ödənildiyini nəzərə alaraq ona münasibətdə CM-in 62-ci (qanunda nəzərdə tutulmuş cəzanın minimum həddindən daha aşağı cəza təyin etmə) maddəsini tətbiq edib. Dövlətə vurduğu maddi ziyanı ödəyən istənilən cinayətkar dərhal bağışlana bilərmi? Bu, düzgün praktikadırmı? Belə fikir formalaşır ki, demək, sabah başqaları da həvəslənib dövləti soymağa davam edəcəklər, sonra həbsə düşəcəklər, oğurladıqlarının yarısını qaytaracaqlar və sərbəst qalıb, o biri yarısını xımır-xımır yeyəcəklər.

Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, bəzi iqtisadi cinayətlər dekriminallaşıb. Bu baxımdan vurduğu zərəri və həmin zərərə görə cəriməni ödəyən birinin cəzaçəkmə yerində qalması dövlət büdcəsinə əlavə yükdür:

“İqtisadi cinayət törətmiş şəxslər, əsasən, hansısa əmlakı, yaxud da pul vəsaitini mənimsəyən şəxslərdir. Onlar mənimsəməklə dövlətə, ayrı-ayrı şəxslərə iqtisadi zərər vururlar. Prinsipcə bu şəxslər zərəri və əlavə olaraq tətbiq edilən cəriməni ödəyirlərsə, onların azadlıqdan məhrum edilməsinə ehtiyac yoxdur. Amma onlar iqtisadi zərəri ödəmədikləri halda prosesin məcrası dəyişir. Bu, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanında nəzərdə tutulub. Həmin fərmanda deyilir ki, müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir. Fərmana əsasən, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi üçün müvafiq qurumlara tapşırıq və tövsiyələr verilib. Məhkəmə-hüquq sistemində gözlənilən islahatlar çox ləng getsə də, bəzi iqtisadi cinayətlərin dekriminallaşması müsbət haldır. Vurduğu iqtisadi zərəri ödəyən, müəyyən edilmiş cəriməni verən şəxsi həbsdə saxlamaq mənasızdır. Həbsdən azad edib bir daha vəzifə tutmasını yasaqlamaq kifayətdir. Belələri ictimai qınaq obyekti olmalıdır. İqtisadi zərəri ödəməyən şəxsi isə əskinə, məhkəmənin müəyyən etdiyi cəzanı tam şəkildə çəkməsini təmin etmək vacibdir. Bunun üçün cəzaçəkmə müəssisələrində rüşvət yığışırılmalı, qandallanmış korrupsionerlər üçün türmədə “bəy balası” kimi yaşayış şəraiti tam şəkildə aradan qaldırılmalıdır. Bu gün dövlət büdcəsini talayan məmurlar həbsə düşəcəkləri halda türmədə aylıq 5-10 min manat hesabına günlərinin pis keçməyəcəyini bilirlər. Ona görə də çox böyük məbləğlər oğurlamağa iştahlanırlar. Bilirlər ki, oğurladıqlarının az bir hissəsini verib türmədə yaşayışlarını təmin edəcəklər. Yəni, özünə orada yüksək şəraitli kamera düzəltdirə biləcəklərinə əmindirlər. Belə münasibətlər sisteminin varlığı büdcə oğurluqlarını stimullaşdırır”.

Hüquqşünas məsələnin digər tərəfinə də diqqət çəkdi:

“İqtisadi cinayətlərin dekriminallaşmasının cəmiyyətə faydaları çoxdur. Faydaların sayının artırılması üçün bu istiqamətdə görülən tədbirləri genişləndirmək lazımdır. Çünki vətəndaş vurduğu zərəri ödədiyi halda həbs olunmayacağını bilsə, heç bir məmura, polisə rüşvət verməyəcək, rüşvət təklif etməyəcək. Azərbaycanda korrupsiyanın səviyyəsi çox yüksəkdir. Demək olar ki, onun bürümədiyi sahə yoxdur. Əksər sahələrdə sistemli xarakter daşıyır. Bu baxımdan onunla mübarizə hərtərəfli və mövcud səviyyəyə uyğun deyil. Sistem halını almış bəla ilə də sistemli mübarizə aparmaq lazımdır. Bizdə isə mübarizə aparılsa da, pərakəndə xarakter daşıyır. Məmurların cinayətlərini müəyyən etmək üçün ilk növbədə onların gəlir və xərcləri üzərində nəzarət olmalıdır. Başqa sözlə, məmurların gəlir və xərclərinin bəyan edilməsi haqda qanunvericilik qəbul edilməli və mütləq icra olunmalıdır.

Digər tərəfdən, məhkəmə-hüquq islahatları da dərinləşdirilməlidir. Əvvəl-axır hər şeyə qiymət verən məhkəmələrdir. Onlar da korrupsiya mexanizminin tərkib hissəsi olduğu halda, təbii ki, mübarizə səmərəli olmayacaq. Təəssüf ki, məhkəmə sistemi də Prezidentin təşəbbüslərini əngəlləyir. Məsələn, 3 il əvvəl dövlət başçısı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Onun bəzi müddəaları hələ də icra olunmayıb. Misal üçün fərmanda nəzərdə tutulan “məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması” təmin olunmalı idi. Amma edilməyib. Niyə? Çünki məhkəmə icraatının qeyri-obyektivliyində maraqlı olanlara bu, sərf etmir. Fərmanda “Elektron məhkəmə” informasiya sistemində dərc edilən məhkəmə qərarları üzrə müxtəlif meyarlar əsasında effektiv axtarış aparmaq üçün müvafiq funksional imkan yaradılması tapşırılmışdı. Burada məqsəd vahid məhkəmə təcrübəsinin formalaşdırılmasıdır. Yəni əhali, vəkillər, digər maraqlı şəxslər oxşar işlər üzrə əvvəlki məhkəmə qərarlarını rahatlıqla tapmaq imkanına malik olmalıdır ki, məhkəmələr vahid təcrübədən kənarlaşa bilməsin. Amma belə axtarış sistemi hələ də yaradılmayıb. Əksər məhkəmələr, ümumiyyətlə, qərarlarını dərc etmir. Bu, prezident fərmanına əhəmiyyət verilməməsidir. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ən geniş yayılmış cinayət dələduzluq və oğurluqdur. İndi dələduzluq üzrə maddələrdə nəzərdə tutulub ki, bir şəxs vurduğu zərəri ödəyirsə, məsuliyyətdən azad olunur. Cəza siyasətinin humanistləşdirilməsi cəza ilə bağlı məsələlərin iqtisadi tərəfinin də həllini tənzimləyir. Azadlıqdan mərhumetmə dövlətə heç də ucuz başa gəlmir. Penitensiar Xidmətin saxlanmasına dövlət büdcəsindən, faktiki, vətəndaşların cibindən ayrılan vəsaitlərin miqdarı dəfələrlə azalacaq. Böyük nəzarətçi korpusu, çoxsaylı maşın parkı, idarəetmə aparatı təkmilləşəcək. Oğurluq, dələduzluq, vergidən yayınma, mənimsəmə kimi cinayətlərdə vətəndaş vurduğu ziyanı ödəyirsə, üstəlik cərimə də ödəyirsə, onu həbs etməklə nəyə nail olmaq olar? Bu sahədə cərimələrin artırılmasını da düzgündür. Bundan dövlət büdcəsinə ancaq xeyir var. Digər tərəfdən də bu hallar korrupsiya cinayətlərinin də qarşısını alacaq.

Azərbaycanda vətəndaşların əksəriyyətinin ən qorxduğu məsələ azadlıqdan məhrum edilmədir. Ən kasıb, imkansız birinə həbs təhlükəsi yaranırsa, qohum-əqrəba, dost-qardaş bir yerə toplanır, pul yığır və çıxış yolu aramağa, həbsdən yayındırmağa yollar axtarırlar. Hakimə, prokurora yollar axtarırlar ki, məsələni həll etsinlər. Onsuz da yol tapır, pullarını verirlər. Belədirsə, qoy həmin pullar kimlərinsə cibinə deyil, dövlət büdcəsinə getsin. Korrupsiya olanda vətəndaşın xərci qat-qat artıq olur. Belə isə vətəndaş vurduğu ziyanı ödəyəcək, dövlət büdcəsinə cərimə ödəyəcək. Bu məsələnin daha ədalətli həlli olmaqla yanaşı, büdcəni məhbusa pul ayırmaqdan azad edir və büdcəyə əlavə gəlir daxil olmasına yol açır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar