Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə ilə Qərb ölkələri arasında Kavala böhranı - “Mehriban düşmən” taktikası haraya qədər yürüyəcək?..

Türkiyə prezidentinin bu qədər sərt çıxış etməsi Qərb ölkələri ilə Türkiyə arasında müttəfiqlik münasibətlərini hansı istiqamətə sürükləyir?..

Siyasi şərhçi: “Türkiyənin bu addımı anlaşılandır. Çünki Qərb ölkələri Türkiyə ilə müttəfiqlik münasibətlərinə aydınlıq gətirməlidirlər”.

“Düşünmürəm ki, Türkiyə ilə Qərb və Avropa ölkələri arasında müttəfiqlik əlaqələri itəcək. Sadəcə olaraq münasibətlərə bir qədər korrektələr olacaq. Əslində Türkiyənin də tələb etdiyi budur”.

Bu sözləri siyasi şərhçi Ərəstun Oruclu Qərb ölkələri ilə Türkiyə arasında olan münasibətləri PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə fəaliyyət göstərən 10 ölkənin səfirinin “persona non qrata” elan olunmasını istəyib. Bu barədə Türkiyə Prezidenti Əskişəhərdə millət bağçası, xalq kitabxanası və inşaatı başa çatan bir çox layihələrin açılışında danışarkən deyib.

Dünən isə ABŞ-ın Türkiyədəki səfiri 18 oktyabr tarixli bəyanatla bağlı bəzi problemlər yarandığı üçün “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası”nın 41-ci maddəsinə əməl etdiyini təsdiqləyib. Bu barədə ABŞ-ın Türkiyədəki Səfirliyinin “Twitter” hesabında bildirilib. Daha sonra Kanada, Finlandiya, Danimarka, Hollandiya, İsveç, Norveç və Yeni Zelandiyanın Ankarada fəaliyyət göstərən səfirlikləri tərəfindən də yuxarıdakı açıqlama paylaşılıb.

“Anadolu” informasiya agentliyinin Türkiyə Prezident Administrasiyasındak­ı mənbələrə istinadən yaydığı xəbərə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan adıçəkilən səfirliklərin məlum mövqeyini müsbət qarşılayıb.

Qeyd edək ki, Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının 41-ci maddəsi diplomatın yaşadığı ölkənin qanun-qaydalarına hörmət etməsini və daxili işlərinə qarışmamağını tələb edir.

Xatırladaq ki, Türkiyədə 2013-cü ildə baş verən “Gezi parkı” hadisələrinə görə və 2016-cı ilin 15 iyulunda dövlət çevrilişinə cəhddə ittiham edilərək həbs olunan iş adamı Osman Kavalanın azadlığa buraxılması üçün ABŞ, Fransa, Almaniya, Hollandiya, İsveç, Norveç, Finlandiya, Danimarka, Kanada və Yeni Zelandiya səfirləri oktyabrın 18-də birgə bəyanat imzalayıblar. Bundan sonra Ərdoğan həmin 10 ölkənin səfirlərinin “persona non qrata” elan olunmalarının mümkünlüyü ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyinə tapşırıq verib.

Etiraf etməliyik ki, 10 ölkənin səfirinin istənilməyən şəxs elan olunması ilə bağlı Türkiyə prezidentinin bəyanatı heç də sıradan bir hadisə deyil və Ərdoğanın bu qədər sərt çıxış etməsi Qərb ölkələri ilə Türkiyə arasında müttəfiqlik münasibətləri hansı istiqamətə sürükləyir? Ümumiyyətlə Qərblə müttəfiqlik əlaqələri qırılmış Türkiyəni necə təsəvvür etmək olar? Bu Türkiyəni gücləndirər, yoxsa daha zəif vəziyyətə salar?

Mövzunu PİA.az-ın əməkdaşı siyasi şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Ankaraya qarşı Qərb ölkələrinin tətbiq etdiyi daim təzyiq mexanizmi artıq işlətmir”.

Türkiyənin Qərbdən ayrılacağına inanmayan siyasi şərhçi PİA.az-a açıqlamasında qeyd edib ki, bu heç Qərb ölkələrin özlərinə də lazım deyil. Çünki Türkiyə onlar üçün çox zəruri müttəfiqdir:

“Türkiyənin bu addımı anlaşılandır. Çünki Qərb ölkələri Türkiyə ilə müttəfiqlik münasibətlərinə aydınlıq gətirməlidirlər. Qərb ölkələri bir tərəfdən NATO üzvü olan, Avropa Birliyi ilə danışıqlar prosesində olan Türkiyə ilə tərəfdaş kimi davranırlar. Digər tərəfdən isə Qərb ölkələri daim Türkiyəyə təzyiq etməyə, Türkiyəni məhdudlaşdırmağa çalışırlar.

Təbii ki, Türkiyənin daxilində insan haqları və digər məsələlərlə bağlı çox ciddi problemlər var. Amma başqa ölkələrdə, elə Avropa ölkələrinin özlərində olan problemləri görməzdən gəlib, Türkiyəni davamlı olaraq ittiham etmək doğru deyil və mən deyərdim ki, Ankaraya qarşı Qərb ölkələrinin tətbiq etdiyi daim təzyiq mexanizmi artıq işlətmir. Düşünürəm ki, Türkiyə belə bir addım atmaqla Qərb ölkələrinə xəbərdarlıq edir. Türkiyə həmin ölkələrə deyir ki, gəlin münasibətlərimizi aydınlaşdıraq.

Düşünmürəm ki, Türkiyə ilə Qərb və Avropa ölkələri arasında müttəfiqlik əlaqələri itəcək. Sadəcə olaraq bu münasibətlərdə bir qədər korrektələr olacaq. Əslində Türkiyənin də tələb etdiyi budur. Yəni Türkiyə istəyir ki, həmin ölkələrlə müttəfiqlik bərabər səviyyədə, bərabər şərtlərdə həyata keçirilsin. Düşünürəm ki, bundan sonrakı münasibətlər elə belə də olacaq.

Ərəstun Oruclu: “Türkiyənin Avropa və Qərb ölkələri ilə münasibətdə olub-olmamasından asılı olmayaraq, ölkənin güclənməsi ilk növbədə Türkiyə daxilində aparılan siyasətdən asılı olacaq”.

Türkiyənin Qərbdən ayrılacağı mənə inandırıcı görünmür. Bu heç Qərb ölkələrin özlərinə də lazım deyil. Çünki Türkiyə onlar üçün çox zəruri müttəfiqdir. Bütün Avropa Birliyinin Cənub-Şərq cinahını Türkiyə qoruyur. Ərdoğan da bunu bilir. Buna görə də belə qəti addımlar atır.

Türkiyənin Avropa və Qərb ölkələri ilə münasibətdə olub-olmamasından asılı olmayaraq ölkənin güclənməsi ilk növbədə Türkiyə daxilində aparılan siyasətdən asılı olacaq. Türkiyənin inkişafı ilk növbədə yürütdüyü iqtisadi siyasətdən asılı olacaq. Görünən odur ki, Türkiyənin ciddi iqtisadi problemləri var. Türkiyə dövlətinin qarşında olan və Ərdoğanın cəmiyyətə təqdim etdiyi iddialı planların həyata keçirilməsi üçün belə iqtisadiyyat əlverişli deyil. Buna görə də qardaş ölkədə iqtisadi vəziyyəti dəyişmək lazımdır. Bu da həm iqtisadi, həm də siyasi azadlıqların ölkədə təşəkkül tapmasından keçir. Dediyim kimi bu sahədə də Türkiyədə ciddi problemlər var”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar