Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda oğlan uşağı axtarışı ilə artan abortlar…

Azərbaycanda qadınlara qarşı artan zorakılıq , qadın qətllərinin artması ilə yanaşı narahatlıq doğuran daha bir problem var - qadınların həyat və sağlamlığını risk altında qoyan abortlar. Abortların bir çox səbəbləri var ki, bura düzgün ailə planlaşdırılmasının olmaması ilə yanaşı son illər daha qabarıq özünü büruzə verən mentalitet problemi-qadınların qarşısında “ancaq oğlan qoymaq” tələbinin qoyulması da daxildir.

“…Qaynımın, ətrafımızdakı dostlarımızın, yaxınlarımızın oğlan övladları var. Yoldaşım deyir ki, sən günahkarsan, ancaq qız doğursan”.

Bunu problemlə bağlı söhbətləşdiyimiz qadınlardan biri – 31 yaşlı Mətanət Fərəcova deyir. O, etiraf edir ki, indiyədək etdirdiyi abortların sayını itirib. Amma yenidən qız övladı dünyaya gətirəcəyindən qorxur. Bununla belə, oğlan uşağı doğmaq üçün dost-tanışların məsləhətlərinə, tövsiyələrinə ciddi əməl edir. Çünki oğul nəslinin davamçısı olacaq.

29 yaşlı İlahə Mehdiyeva isə əksinə, özünü qurban hesab edir, çünki valideynlərinin təkidi ilə ailə həyatını davam etdirməyə məcburdur. Evdə hər gün dava-dalaş olsa da, valideynləri boşanmasına imkan vermir. İlahə danışır ki, hamiləlikdən qoruna bilmir, buna görə də çıxış yolunu abortda görür.

Tibbi Klinik Mərkəzin (“Semaşko”) həkim-ginekoloqu Təranə Həsənova deyir ki, təcrübəsində hətta 10-12 dəfə abort etdirən qadına da rast gəlib. Hamiləlikdən qorunma yolları, abortun zərərləri ilə bağlı illərdir aparılan təbliğat, qadağalar istənilən nəticəni vermir.

İlə 35 minə yaxın abort

Yeri gəlmişkən, Dövlət Statistika Komitəsi bu günlərdə abortlarla bağlı ötən ilin statistikasını açıqlayıb. Məlum olub ki, 2020-ci ildə ölkədə 34 min 719 abort qeydə alınıb. Onların 777-si ilk dəfə hamilə olmuş qadınlar tərəfindən həyata keçirilib. 15-17 yaşında olan qadınlar 29 dəfə abort üçün müraciət edib. 18-19 yaşlı qadınlar arasında aborta gedənlərin sayı 1270 olub. 20-24 yaşlı qadınlar arasında 7 552, 25-29 yaşlı qadınlar arasında 10 993, 30-34 yaşlı qadınlar arasında 9 445, 35 yaşdan yuxarı olanlar arasında isə 5 430 abort qeydə alınıb.

Qadınları aborta aparan səbəblər müxtəlifdir, son 2 ildə koronavirus pandemiyası da bu səbəblər arasına daxil ola bilib. Amma abortlarla bağlı hərtərəfli araşdırma sonuncu dəfə 2013-2015-ci illərdə aparılıb. Məsələn, 2014-cü ili əhatə edən hesabatda göstərilir ki, Azərbaycanda doğulan 171 min uşaqdan 46,4 faizini qızlar, 53,6 faizini oğlanlar təşkil edib. 2013-cü ilin məlumatlarına görə isə, bütün doğum ardıcıllığı üzrə oğlanların sayı qızların sayını üstələyir və bu, bioloji normadan yüksəkdir.

Belə ki, 2-ci uşaqlar arasında hər 100 qıza 112 oğlan, 3-cü uşaqlar arasında 151 oğlan düşür, 4-cü və daha sonra doğulan uşaqlar arasında bu göstərici 166-dır. Son illər isə yalnız quru rəqəmlər təqdim olunur, məsələn, 15-17, yaxud 18-19 yaşlıları aborta aparan səbəblər sadalanmır. Yaxud cinsi selektiv abortların və ya təsadüfi hamiləliklərin neçə faiz təşkil etdiyi göstərilmir. Amma o da bəllidir ki, ölkədə qadınların sayı yenidən 46 faizə düşüb. Təbii ki, sosial problemlər, maddi durumun çətin olması, üstəlik pandemiya səbəbindən iş yerlərinin bağlanılması, ümidsizlik, xəstəliklər də abortun səbəbləri sırasındadır. Pandemiyanın yaratdığı səbəblərin yaxın bir-iki ilin göstəricisində daha aydın hiss olunacağı güman edilir.

Selektiv abortlar

Azərbaycanda genderlə bağlı stereotiplər mövcuddur. Oğlan ailənin varisi hesab edilir. Halbuki ölkədə selektiv abortlar qadağandır. Belə ki, hamiləliyin 12-ci həftəsinə qədər hər hansı tibbi, sosial səbəblərdən abort edilə bilər. 12-ci həftədən sonra isə həkim və ya müvafiq icra hakimiyyəti orqanlarının göstərişi olmadan abort etmək qadağandır.

Lakin ölkədə qadınların faiz göstəricisi 46-dır və bu artıq selektiv abortların mövcudluğundan xəbər verir. Beynəlxalq hesabatlarda göstərilir ki, bir neçə ölkədə yeni doğulan körpələr arasında kəskin cinsiyyət fərqi yaranıb – oğlan uşaqlarının sayı artmaqdaykən qız uşaqlarının sayı azalmaqda davam edir. Bu tendensiya daha çox 11 ölkədə, o cümlədən Azərbaycanda müşahidə olunur. Hətta 2011-ci ildə açıqlanan hesabatda Azərbaycanın Çindən sonra dölün cinsiyyətinə görə abort edildiyi ikinci ölkə olduğu qeyd edilib. Hansı ki, həmin hesabat həm Səhiyyə Nazirliyi, həm də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb.

Erkən nikahlar, zorlama və digərləri…

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova hesab edir ki, abortlarla bağlı hərtərəfli araşdırma aparılmadan, abortun səbəbləri və müraciət edənlərin statusları göstərilmədən quru rəqəmlərin təqdimi yanlışdır. Çünki beynəlxalq hesabatlarda Azərbaycanla bağlı mənfi rəy formalaşdıra bilərlər. Bununla belə, Zeynalova təsadüfi hamiləliklərin, o cümlədən cinsi təcavüzlərin də abortla yekunlaşdığını diqqətə çatdırır: “Xüsusilə gənc yaşda abort etdirənlər arasında erkən nikah, təsadüfi əlaqələr və cinsi təcavüz faktlarının olması şübhəsizdir. Son vaxtlar ortaya çıxan video görüntülər də təsdiqləyir ki, hətta iş yerlərində təhrik halları mövcuddur”, – hüquq müdafiəçisi qeyd edib.

Ginekoloq Təranə Həsənovanın bildirdiyinə görə, abortlarla bağlı statistika xəstəxanaların verdiyi hesabatlar əsasında hazırlanır. “Müraciət edən xəstələrin analizini toplayanda məlum olur ki, əksəriyyət həyatında bir dəfə də olsa abort etdirib. Aralarında eləsi var ki, 8-9, hətta 10-12 dəfə abort üçün müraciət edib. Hamiləlikdən qorunma yolları ilə bağlı məlumat verirsən, çoxları bu üsulların gələcəkdə xərçəng yarada biləcəyinə inanır. Qorunma yollarının təhlükəli olduğunu düşünürlər, amma abortu təhlükəli hesab etmirlər. Halbuki internetdə abortun zərərləri, gələcək fəsadları ilə bağlı saysız-hesabsız məlumatlar var”, – həkim danışıb.

Abort qadının həyatını və sağlamlığını necə riskə atır…

T.Həsənovanın sözlərinə görə, daha çox 25-38 yaşlı qadınlar abort üçün müraciət edirlər: “Abort nəticəsində uşaqlıq deşilə, güclü qanaxma yarana və ölüm baş verə bilər. Bunlar dərhal baş verə biləcək təhlükələrdir. Amma xroniki ağrıların yaranması, uşaqlıq daxilində törəmələr sonrakı fəsadlar hesab oluna bilər. Bəzən abortdan sonra qadın təkrar ana olmaq şansını itirir. Abortdan sonra qadınların əksəriyyətində nevroz kimi ağır sinir xəstəlikləri müşahidə edilir. Yəni qadın abort zamanı təhlükədən sığortalanmır. Amma belə hadisələrlə də rastlaşırıq, qadın abortun zərərlərini bilir, amma yenə də təkrar-təkrar müraciət edir”.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Afət Məmmədova isə deyib ki, dünyada hər 10 hamiləlikdən üçü süni pozulur. Bundan əlavə, planlaşdırılmamış, yəni təsadüfi hamiləliklər var ki, burda da hər 10 hamiləlikdən altısı abortla nəticələnir.

“Abortdansa hamiləlikdən qorunmaq lazımdır...”

“Abort zamanı həyat üçün təhlükəli qanaxmalar, infeksion xəstəliklər ehtimalı yüksəkdir. Nəinki abort zamanı, hətta abortdan sonra da fəsadlar baş verə bilər. Çox təəssüf ki, statistikada yeniyetmələrin və gənc qadınların da sayı artır. Onlar gənc olduqlarına görə abortun təhlükəsini tam dərk edə bilmirlər. Buna görə də abortdansa, hamiləlikdən qorunmaq lazımdır”, – A.Məmmədova qeyd edib.

Mərkəz nümayəndəsi təsdiqləyir ki, Azərbaycandakı abortlarla bağlı son tədqiqatlar və nəticələr təxminən 9-10 il əvvələ aiddir: “Bioloji normativlər var və təbiət özü bunu tənzimləyir. Hər 100 qıza 105-107 oğlan düşür. Sovetlər dönəmində, yəni 1975-1980-ci illərdə göstərici normativlərə uyğun idi. Lakin zaman keçdikcə göstəricilər dəyişdi. Azərbaycanda 2011-ci ildə hər 100 qıza 117 oğlan doğulub, Çində isə hər 100 qıza 120 oğlan düşüb”.

Mütəxəssis deyir ki, bu problem tək Azərbaycanda deyil, Cənub Şərqi Asiyada və Cənubi Qafqazda da mövcuddur. Və problemin həlli hələ ki, müşkül görünür, aparılan təbliğat, mütəxəssislərin xəbərdarlıqları gözlənilən nəticəni vermir...(virtualaz.org)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar