Şənbə, 23 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Atamın adı mənə çox böyük zərbələr vurub” - Nüsrət Kəsəmənlinin oğlu

Bakupost.az -ın müsahibi mərhum şair Nüsrət Kəsəmənılinin oğlu, tanınmış aktyor Rəşad Kəsəmənlidir.

“Yeddi il qardaşımı danışdırmamışam”

- Rəşad, deyirlər, pandemiya sənət adamlarına daha çox zərbə vurub... Bu böhrandan necə çıxdınız?

- Hər şeyə rahat şəkildə uyğunlaşa bilən bir insanam. Özüm üçün nələrisə katastrofiq həddə çatdıran biri deyiləm. Pandemiya dövrü təzə vaxtlar bir az sıxıcı oldu. Amma düşündüm ki, bundan da normal bir çıxış yolu var. Başladım gündə iki film izləməyə. Gördüm ki, xəbərim olmayan nə qədər gözəl filmlər varmış. Bəzi kəşflər etdim. Məsələn, mənim üçün film deyəndə ilk sıralarda Hollivud, Çin, Belçika, Fransa, Almaniya filmləri gəlirdi. Amma mənim ağlıma İndoneziya filmi izləmək gəlmirdi. Karantin dövründə gördüm ki, İndoneziyada necə gözəl filmlər çəkilir. Pandemiyadan əvvəl vaxt olmurdu. Vaxt azlığından başqa, insan o qədər sərbəst olur ki, əlli dənə də planı olsa, heç birini həyata keçirtməyə tələsmir. Amma belə çərçivələrə düşəndə o planlardan ən azından üçünü yerinə yetirir. Bu dövr ərzində dəhşətli dərəcədə darıxdığımı deyə bilmərəm. Sadəcə bir qədər artıq çəki aldım. Amma onu da atmağa nail olmuşam, gördüyün kimi.

- “Sayrışan işıqlar” serialında fərqli bir obrazda gördük səni. Həkim obrazına özünü necə uyğunlaşdıra bildin?

- Mən fərqli obrazları sevirəm. Bu obrazın öhdəsindən çətin də olsa gəldim. Zaur Tahirsoyun ilk rejissor işi idi. İlk işə görə çox yaxşı alındı. Səhvlər yox idimi? Vardı əlbəttə. Səhnələr arasında boşluqlar var idi, vaxtın uzanması darıxdırıcı edirdi bəzən bölümləri. Amma ümumi götürəndə teleməkanda ən uğurlu seriallardan biridir demək olar.

- Ölkədə ən problemli, şikayətin bol olduğu sahələrdən biri də səhiyyədir. Səncə həkimlərimizin hamısı serialdakı qəhrəmandır?

- Bu serialda həkimləri qınamamağı öyrəndim mən. Çünki serialın çəkilişləri hospitalda aparılırdı və biz rolun öhdəsindən gəlmək üçün həkimlərin məsləhətlərini alırdıq, bir növ tibbi kurs keçirdik. Mən orda gördüm ki, həkim olmaq necə məsuliyyətli, necə çətin və risklidir. Söyülürlər, döyülürlər. Mən həkim olsaydım, fikirləşirəm ki, kimsə məni söysə, üstümə hücum eləsə, mən o adamı orda çırpardım. Amma bilirəm ki, düz eləməzdim. Səhiyyə sistemindəki boşluqlar təkcə həkimlərin günahı deyil. Belə baxanda guya, hansı sahəmizdə boşluq yoxdur ki? Heç bir həkim istəməz ki, əlində insan ölsün.

- Sizin sahənizdə vəziyyət necədir? Serial sektorunda vəziyyət düzəlirmi, yoxsa yenə problemlər qalmaqda davam edir?

- Mənim yaralı yerimə toxundun. İndi bir az nisbətən düzəlib, bir ara ümumiyyətlə aləm qarşımışdı bir-birinə. Hər yaraşıqlı oğlan, qəşəng qız elə hesab edirdi o aktyor, aktrisa olmalıdır. Dəxilsiz bir anlayışdır. Başa sala bilmirsən ki, bura gözəllik yarışması deyil. Bura sənət platformasıdır. Bu platformada, həm eybəcər, həm xarizmatik, həm kök simalar olmalıdır. Mətbəxdə tək ət ilə möhtəşəm bir yemək ortaya çıxartmaq nə qədər mümkündürsə, kinoda da tək gözəl sima ilə dünya səviyyəli bir iş ortaya qoymaq o qədər mümkündür.
- Bəs niyə serial çəkən rejissorların çoxu baş rolu oynamaq üçün ancaq gözəl qız axtarır?
- Səhv düşünürlər çünki. Fransada bəyəm təkcə Alen Delon var idi? O qədər aktyor var Fransada dünyada məşhurdur. Pyer Rişar, Jerar Depardye, Jan Qaben kimi aktyorlar olub. Hamısı da dünyada məşhurdur. Bəyəm onların hamısı xarizmatik aktyorlar idi? Ona görə deyirəm ki, bir ara vəziyyət çox pis həddə çatmışdı. Hamı axın etdi serial sektoruna. Bunun da günahkarı bəzi “rejissorlar” idi. Peşəkar aktyorlara yüksək qonorar verməməyin dərdindən üstünlüyü verdilər silikon dodaqlı qızlara, istedadı olmayan yaraşıqlı oğlanlara. Günahkar, həm də telekanallardır. Niyə elələrinin filmlərini qəbul edirlər? “Filankəsin tanışı” prinsipi ilə heç vaxt dünya film bazarına çıxmaq olmaz. İndi artıq peşəkar aktyorlarla işləməyə üstünlük verən rejissorlarımız var. Bu, sevindirici haldır. Çünki özləri də görürlər, aktyorun peşəkarlığı olmadan heç bir işdə uğur əldə etmək olmur.

“Atamın çox səhvləri olub”

- Niyə Rəşad teatr səhnəsinə yol tapa bilmir?
- Yaxşı verdin bu sualı. Azərbaycanda müraciət etmədiyim teatr qalmayıb. Hərəsi bir bəhanə ilə aradan çıxır. Hətta dedim gəlim test edin, sizin aktyorlarla səhnəyə çıxıram. Boyun qaçırdırlar.
- Bəhanələri nə olur?
- Yerimiz yoxdu. Amma on gün sonra görürəm ki, o olmayan yerə başqa bir aktyor götürüblər. Bir gün teatr rəhbərlərindən birinə dedim ki, atamla dost olmusan deyirsən, atam bu gün sağ olsaydı, sən bu gün belə uzun danışmayacaqdın. Amma ora elə adamı götürürsən ki, sən də, mən də onun kimin adamı olduğunu bilirik. Bakıdakı teatrların aktyorları ilə bir çox seriallarda oynamışam. Sadəcə olaraq biabırçılıqdı. Bu gün Azərbaycanda sənətlə bağlı hansı adamlar köçüb gedirsə qədrini sonradan bilirik. Bu gedişlə teatrlar hələ çox sənətçiləri itirəcəklər. Olmaz axı belə. Fəxri ad almış adamlar var çıxıb camaatdan soruşsaq heç 40 nəfər tanımayacaq. Xalq artistləri var ki, danışığı başdan ayağa pafosdur. Bayaq səhiyyədəki boşluqdan danışırdın. İncəsənətimizdəki boşluqların dərdini hara qoyaq bəs (gülür).
- Məşhurların övladlarına adətən atalarının adları qapı açır, səndə deyəsən, əksinə olub?
- Atamın adı mənə çox böyük zərbələr vurub. Elə bil onun heyfini məndən aldılar. İnsanın səmimiyyəti, qürurlu olması cəmiyyətdə bəzi adamları qıcıqlandırır. Atamın sevilməsi, diqqət mərkəzində olması atamın düşmənlərinin sayını artırmışdı. Ən pisi isə bu düşmənlər o vaxt dost cildində idi.
-Atandan söhbət düşmüşkən, necə ata idi. Sizinlə münasibəti necə idi?
-Çox təzadlı insan idi atam. Çox sərt idi, eyni zamanda da kövrək. Həddindən artıq davakar, söyüşcül kişi olub. Toyda sözü çəp gələn adamı kim olur olsun basıb döyə bilərdi. Amma bəzən görürdün xırda bir şeyə görə, oturub ağlayırdı. O vaxt atamı heç cür anlaya bilmirdim. Amma indi artıq atamı anlayıram. Çünki eynilə onun xarakteri məndədir (gülür). Evdə tam səmimi insan idi. Belində gəzdirirdi bizi. Cəmiyyət içində tamamilə başqa insan idi.
- Atanla bağlı yadına düşəndə səni sarsıdan nüanslar varmı?
- Çox olub. İki nüans deyə bilərəm. Atam geyiminə həddindən artıq düşkün insan idi. Dəblə geyinməyi sevirdi. Fərqi yoxdu yaşına uyğundur, ya deyil. Bir şey dəbdirsə mütləq onu alıb keçirərdi əyninə (gülür). Xarici səfərlərə gedirdi qayıdanda ordan qəribə cins şalvarlar gətirirdi. O cür şalvarları 30-35 yaşlı gənclər geyinə bilərdi. Bir dəfə oturub filmə baxırdıq. Elə aralığa salıb dedim ki, “ay ata bu nədi e geyinirsən. Bu cins şalvar, krasovkalar sənin yaşına uyğun deyil axı”. Deyib-güldüyümüz yerdə qəfil ciddiləşdi. Dedi, sənin atan mənəm, mənim atam başqası olub. Mənə bu günləri yaşatmayıb. Amma mən sənə uşaqlığını yaşadıram. Mən uşaqlığıma, gəncliyimə acam. İndi geyinə bilirəm. Çox təsirlənmişdim atamın bu sözündən. Mənə çox böyük bir dərs verdi. Bir dəfə də “Avara” filminə baxırdıq. Onu da qeyd edim ki, hind filmlərini çox sevirdi. Gündə beş dəfə də versələr oturub baxardı. Filmin gülməli yerlərində gülüb özümüzdən keçirik. Birdən baxdım ki, atamın səsi gəlmir. Onu o qədər yaxşı tanıyırdım ki, nə zaman filmə baxanda səs kəsilsə bilirdim harasa çəkilib ağlayır. Gördüm həqiqətən atam ağlayır. Dedim ata bu filmə bəlkə beş yüz dəfə baxmısan hər dəfə baxanda da ağlayırsan. Dedi sizin gülərək, film kimi baxdığınız hissələr mənim həyatımdır. Mən də küçələrdə böyümüşəm. Ayaqqabısız küçələrdə, vağzalda mal satmışam. Mən o filmə baxanda öz uşaqlığımı görürəm.
- Sən də şeir yazırsan. İlk zamanlar şeir yazanda anana göstərirmişsən. Niyə atana göstərmirdin?
- Çünki atam, şeirlərimi cəsarətlə göstərə biləcəyim ən sonuncu adam idi. Onun mənə verəcəyi 3 qiymət belə çox yüksək qiymət belə çox yüksək qiymət olardı.
- Şeirlərinə Nüsrət Kəsəmənlidən neçə qiymət almısan?
- 4+. Oxuyanda üzünə baxmağa qorxurdum, məndən tər axırdı. Bilirdim ki, əgər o şeyə layiq deyiləmsə onu mənə qətiyyən sığallaya-sığallaya deməz. Baltanı kökündən vururdu.
- Nüsrət Kəsəmənli həm şeirləri ilə, həm də dedi-qoduları ilə məşhur şairlərimizdən olub. Çöldə-bayırda, düşdüyün mühitlərdə atanla bağlı eşitdiyin dedi-qodular səndə hansısa travmalara yol açıbmı?
- Qətiyyən. Əksinə gəlib evdə gülə-gülə danışırdım. Onun haqqında deyilən sözlər mənim üçün travma yaradacaq söhbətlər deyildi. O zaman məndə travma yaradardı ki, mən atamın şərəfsiz olduğunu eşidərdim. Yoxsa deyirdilər ki, Nüsrət Kəsəmənli kiminləsə oturub-durur. Əşhi desinlər də. Eləyib yaxşı eləyib(gülür).
- Yəni deyirsən ki, atan heç bir qadını könül verib aldatmayıb?

Mən atamla dost olmuşam. Atam mənimlə bütün sirlərini paylaşırdı. Mən bilirəm ki, atam heç bir qadına könül verib aldatmayıb. Bu mümkünsüzdür. Mənim üçün bu hərəkət şərəfsizlikdir. Atam o hərəkəti heç vaxt etməyib. Kiməsə ümid verib onu yarıyolda qoymayıb. Əgər elə bir şey etmiş olsaydı mən bu gün bu cür başı dik gəzə bilməzdim.
- Ata şilləsinin dadını bilirsən?
- Ömrümdə bircə dəfə vurub məni atam. Onda da mənim günahım olmayıb. Qardaşımla uşaq vaxtı başmaq üstündə dalaşmışdıq. Mənim başmaqlarımı geyinmişdi onun üstündə bir-birimizə başmaq atmışdıq. Dəhşətli dərəcədə kinli insanam. O başmaq davasına görə bir evin içində qardaşımla yeddi il küsülü qalmışam. Bir gün atam ikimizi də çağırdı ki, nəyin üstündə dalaşmısınız. Bizi tənbeh etdi ki, belə şey olmaz. Qardaşım nə isə atama aqressiv cavab verdi atam da qardaşıma bir şillə vurdu. Sonra çevrilib birini də mənə vurdu. Sonra soruşdum ata mənim günahım nə idi? Dedi, onu vurub səni vurmasam yaxşı çıxmır (gülür).
-Nüsrət müəllimin ürəyində ölənə qədər bir Sevda ağladı. Sənin ürəyində bir Sevda ağlayıb eləmir ki?
- Yox e.
- Amma təzə məşhur olduğun illərdə müğənni Sevda Sanaliyeva ilə dedi-qodun çıxmışdı...
- Bizim Sevda ilə iş birliyimiz olub. İlk mahnısının sözlərini mən yazmışam. Sırf dostluq münasibətimiz olub. Eyni zamanda da qonşu olmuşuq. Öz də ilk dəfədi səndən eşidirəm bunu (gülür). Sevda ilə hesablasam bu illər ərzində heç on beş dəfə üz-üzə gəlməmişik. Bir də görürsən adımı elə adamlarla hallandırırlar ki, o adamla ömrümdə heç salam-kəlamımız olmayıb.
- Həmişə istər sosial şəbəkədəki statuslarında, istər verdiyin müsahibələrdə, iştirak etdiyin verilişlərdə hər zaman anandan heyranlıqla bəhs edirsən. Bütün kişilər üçün ana müqəddəsdir, amma sənin anana olan aşırı sevginin bir az da anana olan mərhəmətdən irəli gəldiyi hissi yaranıb məndə. Nüsrət müəllimin gəncliyində bir çox səhvlərinə, xəyanətlərinə dözdüyü üçün bəlkə də ananın daxilində yaşadığı əzablara bu yol ilə sığal çəkirsən sanki.
- Mən də bunu hiss etmişəm ki, kənardan belə təsir bağışlayıram. Amma inan səmimiyyətimə bu belə deyil. Bəli atamın gəncliyində çox səhvləri olub, adına çox şayiələr yayılıb. Bu şaiyələrin bir çoxu da həqiqətləri əks etdirirdi (gülür). Amma inan ki, anam çəkdiklərini heç vaxt əzab kimi qəbul etməyib. Özünü atamla yaşamağa məcbur hiss edən qadın olmayıb. Atamla anamın arasında ər-arvad münasibətindən daha çox şey var idi. Sadəcə yaşım artdıqca, həyatı dərk etməyə başladıqca anama, analıqdan əlavə bir qadın kimi çox hörmət etməyə başlamışam. Cəmiyyətdə çox şey gördükcə anam mənim qadın idealıma çevrildi.
- Həyat yoldaşın bunu necə qarşılayır? Çünki ana-oğul sevgisi həmişə bir çox ailələr arasında uçuruma çevrilir. Anasını aşırı sevən oğul öz həyat yoldaşında daima anasından izlər axtarmağa başladıqca bu qadında qıcıq yaradır.
- Az-maz qısqanclıq olur. Amma bu heç bir şeyi dəyişə bilməz. Valideyn övladı təmannasız sevən varlıqdır. Bir dəfə də bu açıqlamam ictimaiyyətdə fikir ayrılığına səbəb olmuşdu. Razılaşanlar çox oldu. Bu fikirlə razılaşmayan xanımların qayınanaları ilə problemi var. Çünki dərk etmirlər ki, onlar özləri də anadır. Mən anamı incitsəm, küssəm belə axşam üstümü açıq görsə gəlib örtəcək. Amma həyat yoldaşı onu edərmi. Mən elə bir insanam ki, mənim gözümdə yaxşı olmaq istəyirsənsə anama yaxşı olmalısan. Şükür ki, hələ anam və həyat yoldaşım arasında qalmamışam.
- Bir sözlə sənin ürəyinə gedən yol anandan keçir.
-Yüz faiz. Tək anamdan yox, həm də dəyərlərimdən. Atam da sağ olsaydı eyni şey davam edəcəkdi.

“Heç bir qadına qapı açıb, çay süzmərəm”

- Namazında-niyazında olan aktyorsan. Məhrəm və naməhrəm mövzularını sənətdə necə tarazlayırsan?
- Mən ideal dindar deyiləm. İslam dininin bütün qayda-qanunlarına qüsursuz əməl etmirəm. Bunu etiraf edirəm pak insan deyiləm. Amma dinimizin bəzi qayda-qanunlarını bacardığım qədər yerinə yetirməyə çalışıram. Elə şeylər var xırdalığına girsək içindən çıxa bilmərik. Mənim də ailəm, məndən asılı olan insanlar var. Onları dolandırmalıyam. Sənətlə məşğul olsam da sənətimin də bir çərçivəsi var və indiyə kimi o çərçivədən çıxmamışam. Amma ümumilikdə götürdükdə mənim xarakterim budur. Bəzi şeylər var ki, heç dinə bağlamadan yenə onları etmərəm.
- Aktyor həyatda nə dərəcədə özü ola bilir?

- Əsl aktyor həyatda oynaya bilmir. Mən həyatda çox pis aktyoram.
- Amma dəyərli rejissorumuz Mərahim Fərzəlibəyov əksini deyir. Deyir ki, aktyorlar həyatda da roldan çıxa bilmirlər. Daima elə bilirlər kamera qarşısındadılar. Ona görə də aktyorların demək olar ki, əksəriyyətinin psixoloji problemləri olur...
- Mən elə deyiləm. Heç vaxt psixoloqa getməmişəm. Buna ehtiyac yaranmayıb.
- Nə qədər səmimi ola bilirsən?
- Mənə elə gəlir lazım olan qədər səmimi insanam. Səhvimlə düzümlə ortadayam. Ona görə də məni çox yerlərdə qəbul etmirlər. Cəmiyyət içində heç kim tam səmimi deyil. Bunu etiraf etmək lazımdır. Səmimi olanları da cəmiyyət qəbul etmir. Cəmiyyət bir qədər nizam-intizamlı olmağı sevir. Mən hər zaman cəmiyyət içində ən səmimi olduğum dostumla, tanışımla belə olanda daima fikrim ətrafdakı insanlarda olur ki, insanlarda mənim haqqımda xoşagəlməz rəy yaranmasın. İstəmərəm kimsə desin, Rəşad filan yerdə bərkdən gülürdü, ya da yüksək səslə danışırdı.
- Sənin üçün yaxşı qadın anlayışı nədir?
- Mənim üçün yaxşı qadın anlayışı, yalnız ailəsinə görə, özünə hörmət qoyub çərçivəyə salan qadın deyil. Həm də özünə görə, özünə hörmət edən qadındır. Ata-ana bu gün var, sabah yoxdur. Belə çıxır ki, bu gün atasına görə, özünə intizam verən qadın sabah atası-anası həyatda olmasa nə istəyir edəcək?
- Bu gün qadına şiddət mövzusu hər zamankından daha aktualdır. Qadına şiddət göstərən kişilərə haqq qazandırırsan?
- Hər şiddət görən qadına günahkar damğası vurmaq ədalətsizlikdir. Ümumiyyətlə, bizdə təhlil yoxdur. Təhlil olmadığı üçün də günahkar obyekt ilk növbədə qadın görünür və təhlil etmədən axın edirik onun üstünə. Düzdü, bəzi qadınlar, hətta kişilər də var ki, onlar döyülməyə layiqdir. Amma bu o demək deyil ki, problemin yeganə həll yolu şiddətdir. Mən adam tanıyıram ki, arvadı xəyanət edib basıb döyüb, bir ay sonra barışıb təzədən bir yerdə yaşayıblar. Yaxşı, bu qadın sənə xəyanət edibsə onu döyüb, təzədən niyə barışıb bir yerdə yaşayırsan? Ondansa boşa getsin də.
-Amma xəyanət edən tərəf kişi olanda bu qədər faciələr baş vermir. Səncə bütün namus-qeyrət anlayışını yalnız qadının çiyinlərinə yükləmək ədalətlidir. Onda gərək, xəyanət edən kişiləri də döyək.
- Axı biz qadını daha çox pak görürük. Mənim gözümdə qadın hər mənada kişidən pakdır. Ona görə də biz qadını hərtərəfli təmiz görmək istəyirik. Kişi də xəyanət edirsə səhv edir. Mən kişinin xəyanətinə haqq qazandırmıram. Amma nənə-babalarımızdan gələn bir ənənə var. Onlar da deyib ki, kişini bağışlamaq olar bu məsələlərdə (gülür). Amma qadının bağışlanması bizim cəmiyyətdə mümkünsüzdür. Kişi bir səhv edirsə onun səhvi tək özünə aid olur, bir də xanımına. Amma bir qadın səhv edəndə həyat yoldaşına, ata-anasına, bacı-qardaşına və bütün bir nəsilə ləkə olur.
- Boşanmış qadınlar bu cəmiyyətdə rahatdır səncə?
- Şəxsiyyətə bağlıdır. Mənim ətrafımda boşanmış qadınlar çoxdur. Həyatım boyu ağlımdan keçirmərəm ki, onlara pis gözlə baxım. Bir də təqdimat məsələsi var. Qadın özünü necə təqdim edirsə mən də o cür baxıram ona...
- Müasir görünüşünün altında bir maçoluq var sanki
- Centlimen kişi deyiləm. Aşırı incəliyi sevmirəm. Məsələn, həyatım boyu heç bir qadına qapı açıb, çay süzmərəm. O qapıdan bir xanımla keçmək məcburiyyətində qalsam birinci özüm keçərəm (gülür). Mən belə düşünürəm ki, bir insanın əli, ayağı üstündədirsə niyə kimsə ona qapı açmalıdır. Amma görsəm ki, bir xanım əlində yüklə gedir gedib onun yükünü daşıyaram.
- Onda sən evdə yoldaşına da kömək etmirsən?

Qəti şəkildə. Mən niyə qab yumalıyam. Amma təmizkar insanam. Mətbəxdə çirkli qab-qacaq görsəm əsəbiləşərəm.
- Maşallah Məşədi İbad demiş saçların qapqara şəvə kimidi. Boyadan istifadə edirsən?
- Zarafat edirsən?
-Yox ciddi soruşuram. Sənət adamlarının çoxu saçını boyayır, üzünü dartdırır, plastik əməliyyat elətdirir.
- Saçına boya qoyan kişilərə pis baxmıram, amma məndə boya deyil. Təbii rəngidir. 48 yaşım var indiyənə kimi dediyin heç bir prosedurdan istifadə etməmişəm. Yalnız saqqalımı səliqəyə salanda lazerə gedirəm.
- 48 yaşım var dedin, şoka saldın məni. Gənc və gümrah qalmağının sirri nədir?
- Bizdə anam tərəfdə genetik gənc qalma xüsusiyyəti var. Ailədə bu xoşbəxtlik mənə nəsib olub. Mütəmadi olaraq idmanla məşğul oluram. Bir də qəlbimi təmiz saxlayıram. İnsanın qəlbi çirkin olanda özü də çirkin görünür.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Qarabağdakı türk hərbçilər ilk dəfə görüntüləndi: - Video

Həyat yoldaşından Ağadadaş Ağayevin səhhəti ilə bağlı -Açıqlama

Şəhidin anası gəlini ilə ölümündən 2 dəqiqə əvvəl danışıb - Video 

Eldəniz Səlimovun cinayət işi məhkəməyə göndərilib

İcra başçısının müavininin oğlanlarının göz qamaşdırıcı maşın kolleksiyası...

Bədəndəki naməlum ağrıların səbəbi tapıldı

Türkiyəli məşhurlar xəyanətə görə ayrıldı

Operatoru öldürən məşhur aktyordan ilk açıqlama

Türkiyənin gündəmi olan cinayət: Gülərək qardaşının meyitini suladıqlarından danışdı - Video 

Ən çox oxunanalar