Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hakim partiyada səssiz yenilənmə... – Deputatlar və məmurlar YAP-dakı vəzifələrini itirdilər

Azərbaycanda koronavirus infeksiyası ilə əlaqədər epidemioloji durmun ən ağır günlərində növbədənkənar qurultaya gedən hakim Yeni Azərbaycan Partiyasında (YAP) ciddi dəyişikliklər aparılır.

Xatırladaq ki, qurultayda partiyanın yeni nizamnaməsi qəbul edilib, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdi. 

Sədrdən sonra əsas səlahiyyətlərin cəmləşdiyi İcra Katibliyinin rəhbərliyində də dəyişiklik aparılaraq, deputat, Baş nazirin müavini Əli Əhmədov bu postdan uzaqlaşdırılmış, Tahir Budaqov onun yerinə təyinat almışdı. Ə.Əhmədov hazırda partiyada sədrin müavinlərindən biri olaraq qalır.

YAP-ın pandemiya qadağaları şəraitində növbədənkənar qurultaya getməsi, şübhəsiz, ciddi səbəblərlə bağlı idi. Müşahidəçilər ilk növbədə hakim partiyanın, Prezident Administrasiyasının (PA) keçmiş rəhbəri Ramiz Mehdiyevin nəzarətindən çıxarılması ehtiyacını önə sürüblər.

Qurultayda qəbul olunmuş qərarlar, rəhbər orqanlarda struktur və kadr dəyişiklikləri də bu versiyanın həqiqət olduğunu təsdiq edir. Belə ki, “köhnə elita” hakim partiyanın rəhbərliyindən uzaqlaşdırılaraq məşvərətçi qurum olan Veteranlar Şurasına transfer edildi. Prezidentin keçmiş köməkçisi Əli Həsənov kimi hakimiyyət postlarından vurulmuş bəzi sabiq məmurlar isə ümumiyyətlə YAP-dakı vəzifələrini itirdilər.

Hakim partiyadan əldə olunan informasiyaya görə, hazırda partiya daxilində ciddi dəyişikliklər aparılır. Hesablama Palatasının təşkilatın son 5 ildəki fəaliyyəti ilə bağlı başladığı yoxlamalar da bu prosesin tərkib hissəsidir. Çünki partiyanın maliyyə-təsərrüfat işlərinə uzun illər “köhnə qvardiya”-nın aparıcı üzvləri rəhbərlik edib. Həmin dövrdə məsul şəxslər YAP-ın icra katibi Əli Əhmədov və onun müavini, hazırda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri olan Siyavuş Novruzov, maliyyə və təsərrüfat şöbəsinin müdiri isə Mahir Abbasəliyev olub. 

Partiyadan yoxlamalarla bağlı verilən açıqlamada isə qeyd olunur ki, hər il olduğu kimi, hazırda da maliyyə təsərrüfat fəaliyyətinin kənar auditi həyata keçirilir: “Sadəcə kənar audit ilk dəfə olaraq, Hesablama Palatasına həvalə olunub”.

Qeyd edək ki, hakim partiya ölkədə ən iri büdcəli partiyadır, illik gəliri və xərcləri milyonlarla ölçülür. Məsələn, partiya İdarə Heyətinin iclasında 2020-ci ilə dair gəlirlər və xərclər barədə açıqlanan hesabatda qeyd olunur ki, ötən il Yeni Azərbaycan Partiyasının gəlirləri 12 288 708 manat olub. Bunun 10 346 294 manatını üzvlük haqları, 1 942 414 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən YAP-a düşən pay təşkil edib.

Maliyyə vəsaitinin 6 969 745 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarda çalışanların əmək haqqının ödənilməsinə, 452 599 manatı Silahlı Quvvələrə Yardım Fonduna, YAŞAT Fonduna və bu qəbildən digər humanitar aksiyalara, 625 148 manatı Koronavirusla Mübarizəyə Dəstək Fonduna və bu qəbildən digər humanitar aksiyalara, 347 569 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 34 357 manatı ezamiyyə xərclərinə, 302 192 manatı avtonəqliyyat xərclərinə, 242 229 manatı təsərrüfat inventarlarının alınmasına, 162 621 manatı təmir işlərinə, 457 566 manatı kommunal və təsərrüfat xərclərinə, 80 739 manatı bank xidmətinə, 86 610 manatı abunə ilə bağlı ödənişlərə, 57 720 manatı dəftərxana xərclərinə, 144 611 manatı çap işlərinə, 237 592 manatı isə sair xərclərə sərf edilib.

İndi yoxalamalar zamanı bəlli olacaq ki, Əli Əhmədov, Siyavuş Novruzov və onlarla birlikdə bu vəsaitlərin toplanmasına və xərclənməsinə cavabdeh olan şəxslər nə qədər dürüst işləyiblər. Təcrübə göstərir ki, YAP-ın yüksək vəzifələrdə təmsil olunan bəzi üzvləri irimiqyaslı korrupsiya cinayətlərinə yol verib. Bu səbəbdən onların içərisində yolu həbsxanadan keçənlər də  var. Sonuncu keçmiş Əmək naziri Səlim Müslümov çoxmilyonluq yeyintilərə görə həbsdədir, iyulun əvvəlində onu YAP sıralarından xaric ediblər. İstisna deyil ki, bu cür əməllər hakim partiyanın maliyyə-təsərrüfat sahəsində də törədilib...

Hakim partiyanın daxilində gedən proseslərdən biri isə məmurların və deputatların YAP-da tutduqları vəzifələrdən uzaqlaşdırılmasıdır. 

Məlumatlı mənbədən “AzPolitika.info”-ya bildirilib ki, qurultaydan sonra yerli təşkilatların sədrləri və mərkəzi aparatda vəzifə tutan deputatlar seçim qarşısında qoyulub. Onlara ya mandat, ya da təşkilatdakı vəzifələrindən birini seçmək tələb olunub. 

Nəticədə, YAP Mərkəzi Aparatının Analitik İnformasiya və Təhlil şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə, Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı, partiyanın Beynəlxalq Əlaqələr şöbəsinin sədri, deputat Sevinc Fətəliyeva tutduqları vəzifələrlə vidalaşıblar. Bundan başqa YAP Nəsimi təşkilatının sədr müavini, “Azərbaycan Dəmiryolları” QSC-nin rəhbəri Cavid Qurbanov da partiyadakı vəzifəsindən ayrılıb. Mənbə daha bir neçə deputat və məmurun hakim partiyadakı postlarından kənarlaşdırıldığını vurğulayıb.

Dəyişikliklərin səbəblərinə gəlincə, mənbə maraqlı informasiya açıqlayıb: “YAP rəhbərliyi bir müddətdir Çin Kommunist Partiyasının təcrübəsini öyrənir. İki partiya arasında əməkdaşlıq memorandumu və intensiv əlaqələr var. Təcrübənin öyrənilməsi məqsədi ilə YAP rəhbərliyindən bir qrup bir neçə dəfə Çinə ezam olunub və bu ölkəni on illərdir idarə edən Kommunist Partiyasının daxili idarəçilik təcrübəsi yaxından öyrənilib. Növbədənkənar qurultaydan sonra həmin təcrübənin YAP-da da tətbiq edilməsi qərara alınıb. Dövlət idarəçiliyində və parlamentdə təmsil olunan şəxslərin partiya işindən uzaqlaşdırılması bununla bağlıdır. Partiya rəhbərliyi qərara alıb ki, siyasi inkişafdan xeyli geri qalan, kifayət qədər daxili problemləri olan təşkilatı dirçəltmək, gerçək siyasi rəqabətə hazırlamaq üçün radikal qərarlar və gəlişmiş təcrübələrin həyata keçirilməsi vacibdir”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar