Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlılar Çexiya dənizində: Əsgərovun böyük planları - Araşdırma

Azərbaycanlı investorların Çexiyanın Cənubi Bohemya bölgəsindən xoşları gəlir. Əli Əsgərov da onlardan biridir. O, təcrübəli iş adamıdır və Vladimir Putinin hədiyyə etdiyi qızıl saatını nümayiş etdirməyi sevir. İddialı biznes planları üçün yüz milyonlarla çex kronu investisiya qoymağı problem hesab etmir. Bu planlardan birinə turistlərin sevimli şəhəri Cesky Krumlovda restoranı olan iki otel və Lipno su anbarının sahilində yerləşən Frymburk qəsəbəsində restoranı olan bir otel daxildir. Lakin görünür ki, Çex Respublikasının cənubunda biznes zəngin azərbaycanlıların istədiyi qədər günəş işığı saçmır.

“Ceske Budeyovicedə yaşayan azərbaycanlı dostum məni Cənubi Bohemya bölgəsində gəzdirdi”, – Əli Əsgərov Çex Respublikasına səfərinin necə başlaması haqqında “Barbar” adlı regional jurnalda piar məqsədilə yazılmış məqalədə qeydedib. Nahar etmək üçün Frymburkda yerləşən “Kupets” adlı ailə otelində dayandıq. Balkonda oturarkən Lipno gölünün gözəl mənzərəsini gördüm və dostuma “Get və onu mənə sata bilərlərmi deyə soruş” dedim”. Əvvəlcə sahibləri onlara məxsus ailə biznesinin satılması barədə eşitmək belə istəməyiblər. Lakin daha sonra fikirlərini möcüzəvi bir şəkildə dəyişdiriblər. Onların bizneslərini niyə satmağa qərar verdiklərini dəqiq bilmirik, ancaq bunun üçün maddi motivasiyanın rolu böyük ola bilər. Otelin dəyəri təxminən 20 milyon çex kronu idi, ancaq Əsgərov bunun üçün 50 milyondan çox pul ödəyib.

Frymburk bələdiyyə başçısı Oto Rezacın sözlərinə görə, Əsgərovun fəlsəfəsini çox asanlıqla izah etmək olar: “Hər problemi pulla həll etmək mümkündür. Problem davam edərsə, bunun üçün daha çox pul xərcləməlisiniz”.

Sözügedən dost, Əsgərovun tanışı olduğunu qəbul edən, lakin onun biznesi ilə heç bir əlaqəsi olmadığını (ən azından “kağız” üzərində) qeyd edən Elçin Kazımovdan başqası deyil.

Əli Əsgərov müsahibəsində həmçinin iş adamı kimi karyerasından da danışır. O, Moskvada təhsilini başa vurduqdan sonra biznesə başlayıb. Sonradan Rusiyada başladığı inşaat işlərini 2008-ci ildə Dubay və İstanbula daşıyıb. O, Rusiyada siyasətə qatılmaq üçün təkliflər alsa da, heç birini qəbul etmədiyini bildirir. Lakin onu tanıyanların dediyinə görə, Rusiya prezidentindən aldığı saatı hər imkan olanda göstərməyi sevir.

Azərbaycanlı mənbələrimizə bildirildiyinə görə, Əli Əsgərov Başqırdıstan Təhsil Nazirliyinin şişirdilmiş qiymətlərlə etdiyi tenderlərdə iştirak etdiyi üçün haqqında araşdırma aparılıb. Araşdırmalarla nazirliyin dövlət büdcəsinə bir milyard rubla başa gələn olduqca bahalı açıq tenderlər keçirdiyini ortaya çıxarıblar (qeyd: 2008-ci ildə bu təxminən 650 milyon çex kronu idi). “Ufastroyinvest” MMC adlı inşaat şirkəti 2008-ci ildə Yaroslavka kəndində, ekspertlərin fikrincə, bir milyon rubl daha baha başa gətirilən bir məktəbin inşası üçün müvafiq açıq tender elan olunmadan dövlət müqaviləsi bağladığı üçün diqqət mərkəzində olub. Direktor Əli Əsgərovun şirkəti bu məsələnin xaricində buraxması üçün araşdırma aparan müstəntiqə rüşvət verməyə çalışdığı iddia edilib. 2008-ci ildə “Facebook”da Bakının önəmli sakinlərinə həsr olunmuş bir səhifədəki paylaşımda Əsgərovun fəxri diplom aldığı Başqırdıstanda 12 il müddətində əsasən ictimai binalar – məktəblər, uşaq bağçaları və ya mədəniyyət mərkəzi tikdirməsi təriflənib.

Çexiyanın “Barbar” jurnalında bəhs edilən piar məqsədi daşıyan müsahibə, Cənubi Çexiyada azərbaycanlıların qoyduğu investisiyalar haqqında daha öncə yazılan məqalədən sonra Əsgərovun nüfuzunu artırmaq məqsədi daşıyırdı. 2017-ci ildə Çexiyanın gündəlik qəzetində yayımlanan bir yazıda. Əsgərov korrupsiyaya görə araşdırılan şəxs kimi təsvir edilib. 2017-ci ildə müsahibə Avropa-Azərbaycan Ticarət Palatasının qurucusu David Snasel tərəfindən təşkil olunub. Onun sözlərinə görə, problem jurnalistin azərbaycanlı iş adamının adını əsl korrupsiya qarışmış məmur ilə qarışdırması idi. Snasel, Əsgərovun yüz milyonlarla kron sərmayə qoymaqdan çəkinmədiyi Cənubi Bohemya bölgəsindəki biznes planlarının arxasındakı motivasiyaya da işıq salıb: “Bu, onun təqaüdə çıxma layihəsi idi. O qədər pul qazandı ki, restoranların qapanmasının onun üçün əhəmiyyəti yox idi. Bu, oyun idi. Ancaq insanlar onu əngəlləməyə başladılar və o getməyə qərar verdi”.

Təqaüd layihələri

Əli Əsgərov Frymburkdakı oteli həyat yoldaşı ilə birlikdə idarə etdiyi “AA Investment Group s.r.o” şirkəti vasitəsilə 2015-ci ildə satın alıb. Növbəti il ​​ərzində, o, ətrafdakı kiçik evlər olan ərazini bir neçə mülk sahibindən satın alıb. Daha sonra Əsgərovun kiçik qızı Leylanın adını daşıyan otelin geniş ölçüdə yenidən qurulma prosesinə başlanılıb. O, dəbdəbəli mebellər, qızıl çilçıraqlar alıb, Azərbaycandan yüksək səviyyəli aşpazlar gətirdib. Planları sərhədsiz idi. Burdakı biznes təxminən iki fəsil, yəni təxminən bir il yarım davam etdi və daha sonra müştərinin az olması səbəbilə bağlandı. Otel, koronavirusla bağlı vəziyyət imkan verdikcə, 2020-ci ilin yaz aylarında yenidən açıldı. Lakin bu dəfə Azərbaycanın ən böyük neft şirkəti SOCAR ilə də ticarət əlaqələri olan bir şəxsə məxsus Y-NAF GROUP tərəfindən idarə edildi. (qeyd: sahibkar Yusif Fərəcovdur)

Əvvəlcə Frymburk təcrübəli iş adamının diqqətini cəlb etmiş kimi görünürdü və sadəcə pul üçün deyil, özü üçün daha yaxşı bir reputasiya qazanmağa çalışırdı. “Leyla” otelinin qarşısındakı şəhər çimərliyini daha da təkmilləşdirdi, otelin qarşısındakı park yerini təmir etdirdi və yerli uşaq bağçasına bir qədər pul bağışladı.

“Cənab Əsgərov bir gün ortaya çıxdı, özünü tanıtmaq üçün bələdiyyə binasına gəldi”, deyə Frymburk Bələdiyyəsinin rəhbəri Oto Rezak iddialı biznes planlarının başlanğıcından danışarkən qeyd edib: “O, Frymburku nə qədər çox sevdiyini və aldığı əmlakı, köhnə “Kupec” oteli yenidən tikəcəyini söylədi. O otelin ətrafındakı kiçik evlər də daxil olmaqla torpaq sahələri satın aldı və böyük bir kompleks qurdu, bu, artıq əhəmiyyət kəsb edirdi. Frymburk, cənab Əsgərovun da sevdiyi və gələcəkdə sağlamlıq mərkəzi kimi istifadə etmək istədiyi bir spa mərkəzinə çevrilir”.

Ancaq azərbaycanlıların Lipno su anbarının sahilindəki digər biznes planları kimi, bu da artıq uğursuz görünür. “Həqiqətən cənab Əsgərovdan böyük gözləntilərimiz var idi”, – deyə bələdiyyə başçısı niyə iş adamını müəyyən mənada dəstəklədiyini izah edir. “Şəhər bu kimi investisiyalardan faydalanacaqdı, yeni iş yerləri açılacaq, şəhərin mərkəzdən kənardakı digər hissələri canlanacaq, xarici mətbəx təkliflərimizə istənilən çeşidi əlavə edəcəkdik …”, – deyə o xatırlayır. “Ancaq qalan şeylər, sanballı plan kimi qaldı. Hiss edirəm ki, o, bu qədər insana böyük vədlər verəndə dediklərini həqiqətən düşünməyib və hamısı yoxa çıxdı. Ancaq 23 illik vəzifə həyatımda çox təəccüblənmədim, çünki bir çox xarici investorun böyük planlar və fikirlər irəli sürdüyü və nəticədə ortaya qoyduqları heç bir şey olmadığını gördüm”, – deyə Rezac əlavə edir.

Oxşar məyusluğu Əsgərovun işçiləri də bildirib. Adlarının gizli saxlanılmasını istəyən işçilər iş pula gələndə, müdirin səxavətli olması xaricində keçmiş müdirləri haqqında çox yaxşı şeylər deyə bilmədilər: Bunun xaricində o “dəhşətli bir insan idi. Pulu olduğu üçün insanları boğazlaya biləcəyini düşünürdü. Həmişə işçilərə qışqırırdı, hətta əşya atırdı”.

Bəzi işçilər Əsgərovun cinsi istismarına məruz qaldıqlarına görə oranı tərk etdiklərini söyləyirlər:

“Həmkarım yersiz davranışı səbəbiylə iş yerini tərk edəndə, inanmadım. Ancaq sonra mənə seks üçün pul təklif etdi, imtina etdiyim zaman da məni təhdid etməyə başladı və mən işdən çıxdım”,- deyə işçilərdən biri izah edir.

“Leyla” otelindən əlavə Əsgərovun çayboyu teraslı evi də var ki, bu da Frymburkadakı oteldən görünür. Qapı zəngində köhnə işçilərindən birinin adını görə bilərik (qeyd: adı Şükürlü Ceyhundur, o, “Facebook”da var), lakin eyni zamanda bu mülkdə heç kimin yaşamadığı görünür. “Əvvəllər Leylanın işçiləri çalışırdı”, deyə yaxınlıqdakı bağçadan bir qadın qışqıraraq dedi: “Bununla belə, burada başqa heç kim yaşamır”.

Əli Əsgərov, eyni zamanda 2017-ci ildə turistlərin sevdiyi Cesky Krumlov şəhərində birincisi “AA İnvestisiya Qrupu” vasitəsilə, ikincisi isə ər-arvadın ortaq mülkiyyəti kimi (qeyd: buradakı bir termindir, bu, onun və həyat yoldaşının mülkiyyət sahibi olduğu anlamına gəlir) özəl mülk sahiblərindən iki əmlak satın alıb. Terasından şəhər qalasına gözəl bir mənzərə açılan “Leyla” restoranı heç vaxt açılmayıb. Qapının üstündə bu binanda tikinti getdiyi barədə yazı var. Müxtəlif mənbələrə görə, əmlakının bir hissəsini milli sərvət kimi qorumaq öhdəliyi səbəbindən iş adamı Milli İrs İnstitutunun yerli şöbəsi ilə münaqişə edir (qeyd: Cesky Krumlov tarixi bir şəhərdir, buna görə sahibkarların mülklərə necə baxdığını və bu şəhərin tələb edilən görünüşünü qoruyub-qorumamasını nəzərdən keçirən özəl qurumlar var. Mübahisənin səbəbi çox güman: Əsgərovun restoranın altındakı bir neçə köhnə zirzəmiyə ziyan vurmasıdır). Onlar mediaya heç bir məlumat verə bilmədiklərini dedilər. Şəhərin sözçüsü hazırda davam edən inzibati proseslərə görə məlumatları açıqlaya bilməyəcəyini bildirdi.

Cesky Krymlovdakı ikinci mülkiyyət, birincisindən cəmi bir neçə metr məsafədə yerləşən mənzərəli bir dar yolda yerləşən “Leylaria Otel”, bir müddətdir ki, uğurla fəaliyyət göstərir. İndi onu “sadəcə koronavirusun azalmasını gözlədiyini” deyən bir kirakeş idarə edir. Bir neçə yerli sahibkar Əsgərovun şəhər üçün planlaşdırdığı digər gözəl investisiyaları işıqlandırıb, lakin heç biri nəticə verməyib. Onlardan biri əlavə edir: “Heç kim ən az bir ildir ki onu burda görməyib. O, 100 milyondan çox çex kronunu xərclədi və itdi. Səbəbini bilmirəm, amma evimizi almaq istəyənlər geri çəkildi. Ancaq burada heç kim onun haqqında danışmaq istəmir”.

Hər hansı bir kiçik qəsəbədə olduğu kimi, burda da qəribə və səs-küylü bir xaricinin varlığı hər cür şayiələrə səbəb olub. Məsələn, “investigace.cz” Əsgərovun yerini müəyyənləşdirməyə çalışarkən, bir neçə mənbədən bizə onun öldüyünü və ya öldürüldüyünü söylədi. Bir il yarım əvvəl o yoxa çıxıb. Dostu Elçin Kazımov iş adamının ölkələrin koronavirus pandemiyası səbəbindən sərhədləri bağladığını eşidəndə onun ailəsi olmadan Çex Respublikasında tək qalmaq istəmədiyi üçün getdiyini bildirdi. Ancaq digər mənbələr onun daha öncədən getdiyini və bunun səbəbinin daha sadə olduğunu, uğursuz biznes müəssisələrinin geridə qoyduğu dərin məyusluq və narazılıq olduğunu söyləyib. “O dedi ki, çexlər axmaqdır, onlar üçün etdiyini qiymətləndirmirlər. Artıq narahat olmaq istəmədi”,- deyə onun köhnə işçiləri izah edir.

“Bu, doğru deyil, o, sadəcə küsüb tərk edəcək bir insan deyil”,- deyə Kazımov dostunu müdafiə edir.

“O, tezliklə qayıdacaq və sizinlə görüşməkdən məmnun olacaq”,- deyə Kazımov aprel ayındakı görüşümüzdə qeyd etdi. Lakin Əsgərovun gəliş tarixi daim təxirə salınır və mesajlara cavab vermir. Cənubi Bohemya bölgəsindəki digər investesiyalar qoyan azərbaycanlı,”AA İnvestisiya Qrupunun keçmiş rəhbəri Jaromir Kral vasitəsi ilə də suallar göndərdik, lakin o, Əsgərovun səhhətindəki problemlərə görə cavab verə bilmədiyini izah etdi.

Müəllif: Zuzana Sotova

Mənbə: İnvestigate.cz (Meydan.tv)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar