Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Marşalın zəhər dolu ampulası – 3-cü reyxin 2-ci adamı zəhər içərək dar ağacından qurtulub

Siyasi proseslər, əks qütbdə olan dövlətlərin açıq, yaxud da qapalı mübarizəsi qalmaqallı hadisələrsiz ötüşmür. Bəzən bu hadisələr süni şəkildə törədilir, qarşı tərəfdə qıcıq yaratmaq, rəqibin siyasi imicinə xələl gətirmək, beynəlxalq müstəvidə nüfuzunu aşağı salmaq məqsədi daşıyır.

Nürnberq məhkəməsi sona çatdıqdan sonra ABŞ-ın Müdafiə Nazirliyinin rəsmi orqanı olan “Stars and Stripes” qəzetində Herman Herinqlə bağlı gedən yazı da növbəti qalmaqala səbəb olub. Yazı rəsmi qurumun qəzetində getdiyindən o, həm ABŞ-ın, həm də Avropa ölkələrinin populyar mətbu orqanlarında da tirajlanıb.

Qəzetdə gedən yazıda qeyd olunub ki, Nürnberq məhkəməsi zamanı SSRİ tərəfindən olan dövlət ittihamçısı Roman Rudenko dindirmə prosesində Almaniya hərbi hava qüvvələrinin komandanı Herman Herinqi dözülməz davranışına görə məhkəmə sona çatmamış, heç bir hökm çıxarılmamış tabel silahı ilə şəxsən özü güllələyib.

Maraqlıdır, amerikalı yazarlar bu informasiyanı haradan əldə ediblər? Doğurdanmı Roman Rudenko mövcud qanunların üstündən keçərək reyxsmarşalın məhv edilməsinə bu cür hökm verib?

ABŞ-ın bu səpkidə yazının getməsinə razılıq verməsində təəccüblü məqam odur ki, Nürnberq prosesinin, edamların, Herman Herinqin hansı şəraitdə ölməsinin canlı şahidləri və rəsmi sənədləri olduğu halda qəzet qalmaqal yaradacaq böyük bir məsuliyyətsizliyə imza atıb.

Həqiqətən də Herinq məhkəmədə özünü olduqca vulqar, çılğın aparıb, bütün proses boyu gülümsəyib, arabir qəhqəhə çəkib, heç bir ittihamla razılaşmayıb, əksinə, özü kimlərisə ittiham edib. Amma Roman Rudenko onun bütün hərəkətlərini, danışdıqlarını təmkinlə qarşılayıb.

Məhkəmə Herinq haqqında asılmaqla edam hökmü çıxarıb. Marşal asılmaq tədbirinin çox üzücü bir prosedur olduğunu bilərək, məhkəmədən asılmaqla edamının güllələnməklə dəyişməsini xahiş edib. Onun xahişi yerinə yetrilməyib.

Edam hökmünün icra vaxtı ciddi şəkildə məxfi saxlanılıb. Amma yəqin ki, Herinqin bundan da xəbəri olub. Belə ki, o, edamın icrasına 2 saat qalmış saxlanıldığı kamerada intihar edib.

Reyxsmarşal özünü zəhərləyərək öldürüb. Onun zəhərli ampulanı içəri necə keçirməsi isə bu günə qədər müəmmalı olaraq qalır.

Versiyaların birinə görə, görüşə gələn həyat yoldaşı Herinqlə öpüşərkən ampulanı ağzından ona ötürüb.

Digər versiyaya görə, Herinq üç belə ampula gəzdirib. Birini cibində saxlayıb ki, axtarış zamanı üzə çıxsın və digər ampulaların olması ilə bağlı şübhələr itsin. İkinci ampulanı çamadanda gizlədib. Üçüncü ampulanı isə istifadə etdiyi kremin içərisinə yerləşdirib.

Nürnberq prosesində Roman Rudenkonun köməkçisi olan Mark Raqinski isə fərqli bir versiya söyləyib. Onun versiyasına görə, zəhərli ampula Herinqin həyat yoldaşının vasitəsilə amerikalılara verilən böyük rüşvət qarşılığında kameraya ötürülüb.

Herinq intihardan öncə 3 məktub yazıb. O, birinci məktubu alman xalqına ünvanlayıb. Həmin məktub amerikalılar tərəfindən götürülüb və bu günə qədər məktubda yazılanlar heç bir yerdə açıqlanmayıb. İkinci məktubu Herinq qızına və həyat yoldaşına yazıb. Həmin məktubu Herinqin ailəsinə veriblər. Üçüncü məktubu isə təcridxananın komendantına ünvanlayıb ki, yuxarıda qeyd etdiyimiz üç zəhərli ampulanın kameraya necə keçirməsini göstərib.

Fransa tarixçisi Fransua Kersodi “Herman Herinq: Üçüncü reyxin ikinci adamı” kitabında marşalın ölümü ilə bağlı aşağıdakı fikirləri bölüşüb:

“Herinq məhkəmənin son nəticəsini əvvəlcədən bilirdi. Edamın bir addımlığında olmasına baxmayaraq, o, çox gümrah görünürdü, proses zamanı zarafat edirdi, bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, tez-tez hakimlərin, dövlət ittihamçılarının sözünü kəsirdi. Herinq həm də yaxşı bilirdi ki, dar ağacının qarşısında dayanmayacaq. Çünki işini əvvəldən “rahat” tutmuşdu. Ümumiyyətlə o, sınmağı sevmirdi və sona qədər də özünü sındırmadı. O ki qaldı zəhərli ampulanın kameraya ötürülməsinə, bunu nəzarətçilərsiz etmək mümkün deyildi. Çünki onların, nasist vəzifəlilərinin hər saniyəsi ciddi nəzarət altında idi. Hətta Herinq edam vaxtını da dəqiq bilirdi. İçəridən kimsə ona işləyirdi, özü də yuxarılarla sıx əlaqəsi olan bir şəxs...”

Bütün bu faktlar üzdə olduğu halda amerikalıların Roman Rudenkonu Herinqi güllələməkdə ittiham etməsi SSRİ üçün çox təəccüblü görünüb. Mərkəzi Komitə rəhbərliyi ABŞ-ın bu addımını qeyri-səmimi və yeni intriqalara zəmin kimi qiymətləndirib.

İlham Cəmiloğlu (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar