Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu standartlar gələcək inkişafımızın təməli olacaq” 

Vüsal Mahmudov: “Heç bir müəssisədə, istər özəl olsun, istər dövlət, izlənilmə və ölçülmə aparmadan inkişafdan söhbət gedə bilməz”

İnkişaf edən cəmiyyətlərdə görülən işlərə qiymət, fəaliyyətin situmllaşdırılması, eləcə də keyfiyyətə nəzarət sistemi olduqca vacibdir. Təsadüfi deyil ki, bu gün dünyada keyfiyyətin ölçülməsi və qiymətləndirilməsi işini həyata keçirən sertifikatlar mövcuddur.

Onların arasında ISO 9001, 14001, 45001 idaretmə sistemləri xüsusi yer tutur. Məhz bu sistem məhsul dizaynından istehsal işinə qədər bütün istehsal mərhələlərini əhatə edən bir keyfiyyət təminatı standartıdır. Dünyanın əksər ölkələrində qəbul edilən və planetin yönünü verən bu idarəetmə sistemləri üzrə mütəxəssis Vüsal Mahmudov qonağımızdır.

– Vüsal bəy, Azərbaycanda ISO 9001, 14001, 45001 idarəetmə sistemləri üzrə praktik təlim keçən, məsləhət xidməti verən azsaylı mütəxəssislərdənsiniz. Nədən bu sahələri bu qədər dərindən öyrənmək qərarına gəldiniz?

– İlk öncə qeyd edim ki, bu beynəlxalq standartları inkişaf etmiş ölkələr uzun illərdir uğurla tətbiq edir. Həmin ölkələrdə ümumi inkişaf dinamikasına bu standartların, xüsusilə də ISO 9001:2015 keyfiyyət idarəetmə sisteminin olduqca ciddi təsiri var. Belə ki, sistemli yanaşma, risk əsaslı düşünmə, proseslərin daim izlənməsi, ölçülməsi biznes proseslərinin düzgün idarə olunması baxımından müstəsna əhəmiyyətə malikdir.

Heç bir özəl və ya dövlət sektorunda, biznes və layihədə izlənilmə və ölçülmə aparmadan heç inkişafdan söhbət gedə bilməz. Bu sistemlərin faydaları ilə yaxından tanış olduqda nə qədər faydalı olduğunu görürsən. Anlayanda ki, dünya artıq müasir dövrə daxil olur, qərar gəldim ki, mən də bu sahədə özümü sınayım. Bakalavr və magistr təhlisim menecmentlə bağlı olduğu üçün açığı bu sahə bir o qədər də çətin gəlmədi. O səbəbdən ki, müəyyənm təsəvvürlərim artıq formalaşmışdı. Eyni zamanda Cənab Pezident İlham Əliyevin dəfələrlə öz çıxışlarında yenilikçi çağırışlar etməsi məni ruhlandırırdı. Dövlət başçısı çıxışları zamanı müasir biliklərə yiyələnən mencerlərə xüsusi ehtiyac olduğunu bildirirdi.

– İdarəetmə standartlarının sayının çox olduğu bir dövrdə onları öyrənmək asan deyil. Maraqlıdır bu standartları necə və hansı yollarla peşəkar səviyyədə əzx edə bildiniz?

– Açığını desəm, tələbəlik illərimdə Azərbaycanda bu praktik biliklərə yiyələnmək üçün yetərli bir kurs tapa bilmədim.O səbəbdən bu sahəni daha dərindən öyrənmək üçün Türk Standartları İnstitundan və TÜV Avstriya beynəlxalq sertifikatlaşdırma qurumundan ayrı ayrılıqda ISO 9001, 14001, 45001 standartları üzrə baş auditorluq təlimləri aldım. Daha sonra Türkiyədə İMES sənayə şəhərində robot istehsalında, qəlib istehsalında təcrübə keçərək biliklərimi daha da möhkəmləndirdim. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, Azərbaycanda 10 illik iş təcrübəm zamanı plastik qapı-pəncərə, boya, sabun, plastik və dəmir qab, polimer, alkid, keramika və PVA yapışdırıcıları, elektronika istehsalı, tədris və loqistika xidməti və s. sahələrdə ISO 9001,14001,45001 standartlarının uğrulu tətbiqini həyata keçirmişəm. Heç şübhəsiz bütün bunlar mənim üçün böyük təcrübə oldu.

– Bu sahə ölkəmiz üçün yenidir. Sizcə, bu sahədə peşəkar kadrların yetişməsi üçün hansı addımlar atılmalıdır?

Avropanın və inkişaf etmiş dövlətlərin təcrübəsinə istinad etsək görərik ki, bu sahənin inkişaf yolu kifayət qədər sürətli olub. Bu mənada çox da uzaq olmayan gələcəkdə Azərbaycanda da bu sahə ciddi inkişaf mərhələsinə qədəm qoyacaq. Sahənin incəliklərindən və inkişaf perspektivlərindən xəbərdar olan biri kimi deyə bilərəm ki, bu beynəlxalq standartlar gələcək inkişafımızın zəmanəti olacaq. Bu mənada gələcəkdə kadr problemi yaşamamaq üçün gənc mütəxəssislərin yetişdirilməsi işinə xüsusi diqqət ayrılmalıdır. Mən öz miqyasımda 2020 və 2021-ci ildə ISO 9001 standartı üzrə ümumilikdə 3600-dən artıq gəncə praktik ödənişsiz təlimlər keçmişəm. Qeyd edim ki, bu təlimlər böyük marağa səbəb olub. Onların arasında hazırda bu sahədə fəaliyyət göstərən peşəkar kdarlarımız var. Təbii ki, bu sahənin Azərbaycanda inkişaf etməsini, təşəkkül tapmasını istəyən və buna buna çalışan biri kimi, bu məni ruhlandırır.

– Keyfiyyət göstəriciləri nədir? Bir peşəkar kimi fikirlərinizi eşitmək maraqlı olardı?

– Heç şübhəsiz müxtəlif yayım və tanıtım vasitələri olsa da, əsas məhsul və xidmətin keyfiyyətidir. Məhz elə bu səbəbdən inkişafına milyonlarla, hətta milyardlarla sərmayə qoyulan məhsullar bəzən öz rəqiblərinə uduzlar. Çünki qarşı tərəf daha keyfiyyətli məhsul istehsal edir. Təbii, heç kim “öz ayranına turş deməz”, hamı deyir ki, mənim təklif etdiyim məhsul daha keyfiyyətlidir. Keyfiyyət meyarlarının ölçülməsi də məhz bu baxımdan önəmlidir. Bəzən belə təsəvvürlər formalaşır ki, keyfiyyətli məhsul bahalı olmalıdır. Bu qətiyyən belə deyil. Nəzərə alanda ki, bazara müxtəlif alıcı qrupları var və hər bir qrupun da haqqıdır ki, keyfiyyətli məhsul istehlak etsin, bu mənada nisbətən aşağı qiymətlərlə də keyfiyyətli məhsul istehsal etmək zəruri və mümkündür. Kiçik bir bənzətmə aparaq. Məsələn, siz hansısa bir təsərrüfatla məşğul olan bir kəndliyə son model bahalı bir avtomobil təqdim etsəniz, sport bir maşın təqdim etsəniz, bu onun üçün xoş görünsə də, əlçatan deyil. Həm də formalaşmış olan ehtiyac meyarlarına, yanaşma və yaşayış tərzinə adekvat deyil. Hər bir məhsulun öz alıcısı var və ilk növbədə bunu nəzərə almaq lazımdır. Keyfiyyətin qiymətləndirilməsi zamanı da bu amillərə xüsusi diqqət yetirilməlidir.

– ISO 9001-2015 keyfiyyət idarəetmə sistemi bir şirkətə hansı fayda və üstünlükləri qazandırır?

ISO 9001-2015 keyfiyyət idarəetmə sistemi şirkət daxilində bütün proseslərin, idarəetmə həlqələrinin düzgün prinsiplər əsasında fəaliyyət göstərməsini təmin edir. ISO 9001 standartı birbaşa olaraq məhsulun keyfiyyətinin göstəricisi deyil, müəssisənin idarəetmə mexanizminin sistemli və nizam içində olmasını təmin edir. ISO 9001-i tətbiq edən şirkətlər daha düzgün idarəetmə sisteminə sahib olur, onlar təsirli və uzun müddət qalıcı təsirə malik idarəetmə mexanizmi yarada bilirlər. Müştərilərin istək və tələblərini ön planda tutaraq daha yaxşı xidmət və məhsul təqdim edə bilirlər. Layihələndirmə proseslərində daha yaxşı riskləri qiymətləndirir və düzgün koordinasiya sistemini qura bilirlər. Mütəmadi olaraq fəaliyyətlərin yaxşılaşmasını təmin edib şirkət daxilində davamlı yaxşılaşmanı təmin edə bilirlər. Şirkət daxili koordinasiyanın düzgün qurulmasında , performans dəyərləndirilməsində daha ədalətli yanaşmaya, sistemli və proses yanaşmaya, risklərin düzgün qiymətləndirilməsində və idarə edilməsində üstünlük əldə etmiş olurlar.

– Bəs ISO 9001 standatını tətbiq etməyən şirkətlər hansı çətinliklərlə üzləşir?

– ISO 9001 sisteminin tətbiq edilmədiyi şirkətlərdə izlənəbilirlik prinsipi və ölçüləbilənlik anlayışı olduqca aşağı səviyyədə olur. Bu da o deməkdir ki, yaranan problemlərin nə səbəbdən yarandığını və necə aradan qaldırcaqlarını bilmirlər. Performans dəyərləndirməsi edə bilmirlər, zəif və riskli nöqtələrini aşkarlaya bilmirlər. Bu isə biznes proseslərinin davamlılığı üçün olduqca böyük təhlükədir.

– İzlənəbilirlik prinsipi və ölçüləbilənlik anlayışı özündə nəyi ehtiva edir?

– Əgər izlənəbilirlilik mexanizmi işləmirsə, bir şirkət daxilində baş verən hansısa bir prosesdə, mərhələlərdə yarana biləcək nöqsanların, problemlərin hansı səbəbdən yaranması və kimlər tərəfindən yarandığını ölçmək və izləmək mümkün olmur. Xüsusilə müştəri məmnuniyyətinin idarə olunması sahəsində müştərilərdən gələn şikayətlərin statistikası ölçülə bilmir, problemlərin səbəbləri və onların aradan qaldırılma yolları barəsində məlumatsız qalırlar. Təbii ki, belə olan təqdirdə mütəmadi olaraq yaranan hər bir kiçik problem gələcəkdə böyük çətinliklər yaradır və şirkət rəqiblər qarşısında aciz vəziyyətdə qalıb bazarı tərk etməli olurlar. Bir çox hallarda şahid oluruq ki, şirkətlər yarandığı qısa müddət ərzində böyük uğurlar əldə edib yüksək miqdarda satışlar edib mənfəət qazana bilirlər. Məhz bu sistemli yanaşmanın və risk əsaslı düşüncənin olmaması səbəbindən bir müddət sonra müştəri sayı gözlədiklərindən artıq yarandığı təqdirdə, həmin müştərilərə vaxtı vaxtında xidmət və yaxud da məhsul təqdim edə bilmirlər və yaxudda ki, məhsulun və ya xidmətin keyfiyyətini əvvəlki kimi saxlaya bilmirlər. ISO 9001-in əsas tələblərindən biri də odur ki, hər hansı bir proseslərin gedişatı, onların artımı, onlarda olan azalmalar və qarşılaşa biləcək risklər öncədən dəyərləndirilir, buna uyğun planlama fəaliyyəti həyata keçirilir, resurslar müəyyən olunur və həmin fəaliyyəti icra edəcək şəxslər öncədən bu proseslərə hazırlaşdırılır, vəzifə, məsuliyyət və səlahiyyət bölgüsü düzgün şəkildə aparılır. Buna idarəetmədə dəyişikliklərin idarə edilməsi də deyilir. Dəyişikliklərin idarə edilməsi yeni layihələrdə, yeni böyümə addımlarında baş verə biləcək bütün mərhələrin sistemli şəkildə , bir-biri ilə əlaqəli şəkildə icrası və eyni zamanda da icrasına nəzarəti təmin edir.

– Bəlkə biraz da konkretləşdirək, ISO 9001 standartının tətbiqi dedikdə nə nəzərdə tutulur?

– İlk öncə onu qeyd edim ki, ISO 9001 sisteminin əsas məsələsi ondan ibarətdir ki, şirkət daxilində olan bütün proseslər, yazılı prosedurlar, məlumatlar şəklində qeyd olunur və gedən bütün əməliyyatlar hamısı qeydlər formasında aparılır, izlənilir, ölçülür və qorunub saxlanılır. Məhz bu qeydlər sayəsində həmin yarana biləcək nöqsanlar aşkarlana bilir, müəyyən dinamik statistikalar əsasında şirkətin gedişatı ilə bağlı məsələlər izlənə bilir və problemlər yaranmamışdan öncə önləyici fəaliyyətlər həyata keçirilə bilir. Bu qeyd sisteminin aparılmadığı və naməlum idarəetmənin olması səbəbindən şirkətlər bir çox hallarda prosesləri yanlış icra edirlər və yaxudda yanlışların nədən ibarət olduğunu anlaya bilmirlər.

– Sistemin tətbiq olunması işçilərin iş fəaliyyətinə hansı üstünlüklər qazandırır?

– Onu qeyd edim ki, ISO 9001 sistemi qurulan şirkətdə bütün işçilərin vəzifə təlimatları, iş təlimatları, gördükləri işlərin ardıcıllığı, yəni bütün prosedurlar ətraflı şəkildə yazılır. Həmən işçilər öz görəcəkləri işlərdən və öhdəliklərdən , məsuliyyətlərinə və səlahiyyətlərinə qədər ətraflı məlumatlı olurlar və onlar iş prosesində heç bir çətinlik yaşamadan öncədən təyin olunmuş meyarlar və mexanizmlər əsasında sistemli şəkildə öz işlərini qura bilirlər. Bəzi şirkətlərdə, hansı ki, bu sistem tətbiq olunmayan şirkətlərdə işçilərin vəzifə öhtəlikləri, məsuliyyətləri düzgün bölünmədiyindən, və yaxud da onların bundan məlumatsız olması səbəbindən onlar arasında olduqca koordinasiyasızlıq yaranır və işin düzgün aparılmasında komanda quruculuğunda ciddi problem yarada bilir. Performans dəyərləndirməsi, audit yoxlamaları zamanı məhz bu yazılmış,elan olunmuş qaydalara istinadən dəyərləndirmə edilir.Bu səbəbdən ISO 9001-in tələblərinə uyğun ədalətli bir əsaslarda dəyərləndirmə aparıla bilir. Bundan əlavə ISO 9001-in ən önəmli tərəflərindən biri standartın 7.1.6. maddəsində qeyd olunan təşkilati bilik maddəsidir. Bu maddə şirkət daxilində öyrənilən bilik və təcrübələrin sənəd üzərində yazılmasını və təcrübəli şəxslərdən yeni gələn əməkdaşlara ötürülməsini təmin edir. Əksər şirkətlərdə mütəxəssis və peşəkar vəziyyətə çatmış işçilər işdən ayrıldıqda və yaxud da onlar başqa işə keçdikdə onların işlərinin icrası bir çox hallarda çətin, bəzi hallarda isə mümkünsüz olur. Məhz bu səbəbdən biznes proseslərinin mütəmadiliyini və davamlılığını təmin etməkdə sıxıntı yaşanır. Şirkət rəhbərləri bu tip risklərlə qarşılaşmasınlar deyə standartın 7.1.6. maddəsinin tələblərinə uyğun olaraq şirkət daxilində yaranmış təşkilati biliyi,yəni bilik və təcrübələri işlərin görülmə ardıcıllığını , icra mexanizmini, sənəd şəklində, video təlimat şəklində , səs qeydləri şəklində hazırlamalı, qoruyub saxlamalı və yeni əməkdaşlara ötürməlidir. Bununla bərabər yeni əməkdaşlar bu təlimatları öyrənib yenidən imtahan verməli və yalnız imtahan nəticələri qənaətbəxş olan, səriştəlikləri yetərli olan əməkdaşlar iş proseslərinə cəlb olunmalıdır.

– ISO 9001 standartının ədalətli idarəetmə üçün zəruriliyindən bəhs etdiniz. Bunlar hansılardır?

– ISO 9001 standartının 9.2. maddəsi daxili audit maddəsi şirkət daxilində baş verən proseslərin düzgün icra mexanizminə uyğun gedib getmədiyini yoxlayan bir maddədir. Bu maddənin ən önəmli tərəfi ondan ibarətdir ki, şirkət yoxlamaları hansısa fərdlərin öz düşüncə tərzi, dünya görüşü və təcrübələrinə görə yox, şirkətin öncədən yazılmış prosedur və məlumatlarına uyğun auditin aparılmasıdır. Belə ki, audit çox həssas bir məsələdir. Bu həkim həssaslığı qədər dəqiq olmalıdır. Təsəvvür edin ki, həkim bir insanın ağrıyan ayağının haradan ağrıdığını yoxlamaq üçün onun ayağına xəfif şəkildə toxunarsa, həmin xəstə o ağrını hiss etməz və harasının ağrıdığı ortaya çıxmaz və yaxud da tam tərsinə şiddətli şəkildə toxunmalar edib ağrı yerini axtarmağa çalışsa, onda hər şiddətli sıxdığı yerdə həmin şəxs daha çox ağrı çəkəcək və yenə də doğru nöqtəni tapa bilməyəcək. Bunu orta dərəcədə öncədən təyin edib lazımi yerlərə müəyyən toxunuşlar edəndə isə ağrıyan nahiyəni tapıb müdaxilə etmə şansları olur. İdarəetmə də bu şəkildədir. Audit zamanı öncədən təyin olunmuş prosedur və təlimatlar əsasında suallar hazırlanır, işçilərin bildiyi və öyrədildiyi məsələlər üzərinə yoxlamalar aparılır. Məhz bu özü bir ədalətli idarəetmə sisteminin olmasını göstərir. Bir çox hallarda auditlər yazılmış qaydalara görə yox, özlərinin düşüncə tərzlərinə görə iş aparır və bu zaman da qarşı tərəflə (yoxlanılan tərəflə) problemlər yaranır, və onlar auditin ədalətsiz aparıldığına və yaxud da hansısa qərəzli bir fəaliyyətin olduğunu iddia edirlər.

– Bəs bu qədər faydalı olan ISO 9001 standartını bir şirkət necə əldə edə bilər?

– İstənilən şirkət öz idarəetmə mexanizmini standartın tələblərinə uyğun sənədləşdirilmiş şəkildə hazırlayıb öz heyətinə bunu tədris edərək, onları peşəkarlaşdıraraq , vaxtlı vaxtında bu tədrisləri etməklə, auditləri aparmaqla , davamlı yaxşılaşdırma fəaliyyətini etməklə, şirkətdə həmən bu ISO 9001 standartını icra etmiş olar. Və bunlar hamısı təbii ki sənədləşdirilmiş formada aparılmalıdır. Bəzi şirkətlər sənədlərin hazırlanmasını özləri edir, əksər şirkətlər isə ilk başlanğıcda bu xidməti hansısa bir consulting təşkilatından əldə edə bilirlər. Ondan sonra sertifikatlaşma orqanlarına müraciət edirlər və sertifikatlaşma orqanı 3-5 günlük auditlər nəticəsində uğursuzluq aşkar olunmazsa onlara qısa müddət ərzində sertifikatlarını təqdim edə bilirlər. Yox uyğunsuzluqlar olarsa, uyğunsuzluqların ardan qaldırılması üçün zaman verirlər və həmin müddətdən sonra yenidən serifikatlaşma fəaliyyəti aparıla bilir.

– Biznes elitası ilə yaxından təmasdasınız. Sonda biznes sahibləri və idarəçilərinə hansı mesajı vermək istərdiniz?

Mənim biznes sahiblərinə və menecerlərə ən önəmli tövsiyyəm odur ki, ISO 9001-2015 keyfiyyət idarəetmə sistemi haqqında məlumata sahib olsunlar. Standartın bütün tələblərini şirkət daxilində tətbiq olunmasına çalışsınlar. Əməkdaşlarını bu sahə üzrə peşəkarlaşdırsınlar və nəzərdə tutmadıqları qədər böyük uğurları əldə edəcəklərinə əmin olsunlar. Bu istər karyera inkişafında, istərsə də biznes prosesləri zamanı proseslərin düzgün icrasında olduqca əhəmiyyətlidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar