Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kürün udduğu nişanlı qız, lilə batmış dörd yaşlı Hüseyn: Çayda boğulan bacı-qardaş - Foto

Lent.az saytı 9 aprel tarixində Kürdə batmış bacı-qardaş, 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızı və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun evindən reportaj hazırlayıb.

Həmin yazını təqdim edirik:

“Altı ay sonra ilk dəfə üzü gülürdü onun. Sevincli idi. Xoşbəxtlikdən üzündə güllər açmışdı elə bil. Yazıq bacım. Qonşu kənddən, Kürün o tayında evinin ilkinə, Məryəmə nişan gəlmişdi. Necə xoşbəxt idi. Sevdiyi ilə nişanlanmışdı axı. Amma çox yox, cəmi səkkiz gün sonra elə həmin Kür götürüb gedir Məryəmi. Özü də tək onu yox. Hüseynovlar ailəsinin son beşiyini, Hüseyni də.

Sabirabadın ucqar kəndidir Cəngan. Təsəvvür edin, rayon mərkəzindən düz 80 kilometr aralıdadır. Bir-birindən aralı, yöndəmsiz, komanı xatırladan evlər... Kəndin o başında bayquş ulasa, bu başına çatacaq qədər sakit kənd. Bu sakitlik tük ürpədir.

Onların evidir. Məryəm və Hüseynin doğulub böyüdüyü ev demək olar Kürün elə sahilində yerləşir.

Evə baxanda, qohumdan, qonşudan, lap elə tamam kənar birisindən bu ailənin vəziyyəti, dolanışığıyla bağlı nəyisə soruşmağa ehtiyac qalmır. Bu uçuq-sökük divarların, köhnəlmiş əşyaların dili olmasa belə hər şeyi danışır. Hə, cəmi bir həftə qabaq balaca Hüseyn bu evdə o baş bu başa qaçır, qazan qapağını əlinə alıb maşın tək sürürdü. O uşağın haradan ağlına gələrdi ki, bir həftə sonra o qapaq elə onun və bacısının ehsan qazanının qapağı olacaq.

“Nadinc idi, rəhmətlik...” deyir, dayıları: “Rəhmətlik də deyirəm, yazıq balama. Onun indi ölən vaxtı deyildi, ay qızım. Vallah deyildi!”.

Qəzənfər kişi hadisə baş verən gündən tez-tez bacısının evinə gəlir, onun dərdinə ortaq olur. Anaları Təranə xanımla danışa bilmirik. Balaları ilə birlikdə iki gözünün nurunu da itirib ana. Bir yandan da infarkt yaxalayıb onu. Danışa bilmir. Nə danışsın? Səsinin ahəngini də alıb aparıblar sanki.

Söhbətimizi elə Qəzənfər dayı ilə davam etdiririk.

- İntihar deyil. Məryəm o qədər imanlı uşaq idi ki, intihar etməzdi. Mənim uşaqlarımla birlikdə böyüyüb. Elə öz uşağım kimi idi. Yanıb tökülürük. Bu nə idi başımıza gəldi?! Belə hadisə heç yüz ildə bir görünməmişdi. Hüseyn ehtiyatsızlıqdan suya düşüb. Rəhmətlik çox nadinc idi. Məryəm də onu xilas etmək istəyib. Suya atılıb, amma hər ikisi batıb. Bu uşaqlar heç vaxt çölə çıxmazdılar. Kür çayı da evlərindən yüzcə metr aralıda yerləşir.

Uşaqların atası Şahin Hüseynov törətdiyi cinayətə görə, ötən ilin sentyabrında həbs olunub. Elə həmin vaxtdan ailənin keşməkeşli günləri başlayır. Təranə xanım fəhləlik edir, orda-burda işləyib çörək pulu qazanır. Kənd sakinləri deyir ki, kasıb, heç kimlə işi olmayan, sakit ailədir. Altı aydır beş uşağına korluq vermir, zülm-zillətə qatlaşaraq...

- Çox qapalıdırlar. Uşaqları biz heç vaxt çöldə görməzdik. Dərsə gedib, evlərinə gələrdilər. Daha küçədə oynamazdılar. Hadisə ehtiyatsızlıqdan baş verib. Dəhşətli faciədir.

Müəllimlərindən biri Məryəmdən danışır.

- Çox tərbiyəli, istiqanlı qız idi. Dərslərə ara verməzdi. Elə o biri qardaşı və bacıları da. Bir gün də olsa dərsi buraxmazdılar. Məryəm təzə nişanlanmışdı. Oğlan Kürün o tayında yaşayır. Qohum deyillər. Sadəcə bir-birini bəyənmişdilər. Mənə telefonda Məryəmin nişan şəkillərini göstərdilər. Necə xoşbəxt görünürdü. Elə nişanlısı Anar da. Bir-birinə elə yaraşırdılar ki...

- Bacım fəhləliklə uşaqlarını bəy balası kimi saxlayıb. Neçə gün idi evdə olurdu. Gedən yeri yox idi. Həmin gün elə bil tərslikdən işi çıxıb. Gedib işləməyə. O biri üç uşaq da məktəbdə olub. Bu ikisi çıxıblar Kürün yanında şəkil çəkdirməyə. Yazıq balalara baha başa gəlib bir şəkil.

Ayın 9-u qara buludlar alır Hüseynli ailəsinin başını. Atası onlardan uzaqda olsa da ürəyində bir narahatlıq, çırpıntı olur. Amma çarə yoxdur. Səsi çatmır, ünü yetmir.

- Ayın biri nişan olmuşdu. Anası o qədər sevinmişdi ki? Yazıq bacım. Altı ay sonra ilk dəfə üzü gülürdü bacımın. Onu heç belə görməmişdim. Sevincli idi. Xoşbəxtlikdən üzündə güllər açmışdı elə bil. Qonşu kənddən, Kürün o tayında evinin ilkinə, Məryəmə nişan gəlmişdi. Məryəmim də xoşbəxt idi. Sevdiyi ilə nişanlanmışdı. Amma çox çəkmədi... Cəmi səkkiz gün sonra elə həmin Kür aldı Məryəmimizi bizdən. Özü də tək onu yox. Bacımın son beşiyini də... İnfarkt keçirib bacım. Həkim müalicə yazdı. Hazırda vəziyyəti yaxşıdır. Həkim bizə tapşırdı ki, onu qoruyun, ağlamağa qoymayın. Amma necə edək? Canının paraları gedib. Evin ilk balası...Evin son balası. Ataları dəfnə gələ bilmədi. Aprelin 14-ü məhkəməsi oldu. Oğlu Nəbi getmişdi yanına. O deyib Şahinə. Təsəvvür edin, dörd divar arasındasan. Bir balan da gəlib sənə deyir ki, ata, bacımla qardaşım Kürdə batdı... Nəbiyə deyib ki, ananızdan muğayat olun.

Hadisədən bir gün sonra, aprelin 10-da Məryəmin, 14-də isə Hüseynin cəsədi tapılır. 50 nəfər hər gün Kürdə Hüseyni axtarırmış.

Nə biləydilər ki, Hüseynin balaca bədəni o qədərdə uzaqda deyil...

Lap yaxında...lilə batıbmış.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar