Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kreml vassalları Azərbaycana və onun elminə qənim kəsiliblər” – Filosofdan həyəcan təbili

Əbülhəsən Fərhad oğlu Abbasov
Fəlsəfə elmləri doktoru, professor

XVII əsr İspan mütəfəkkiri Baltasar Qrasian “Kamillik elmi” adlı dərin mənalı və zəngin məzmunlu fəlsəfi əsərində insanları, xüsusən də alimləri səbrli olmağa çağırırdı. Qədim Roma filosofu Epiktetə istinad edərək səbrli olmağı həyatın ən əsas qanunu adlandırır və “səbrlə müdriklik yarıdır” deyirdi. Bütün axmaqlıqlara dözmək üçün çox böyük səbr göstərməyin vacibliyini bildirən B. Qrasian hətta belə tövsiyə irəli sürürdü: “Hiss edəndə ki, dözməyə səbrin yoxdur – bütün dünyadan gizlən. Əgər özünə səbrin çatırsa, tənhalığa çəkilərək özünlə və özündə qal”.

Bəli, məşhur əsəri əsrlər boyunca dövlət adamlarının, alim və siyasi xadimlərin masaüstü kitabı olmuş mütəfəkkir bu cür düşünür və yazırdı. İndiki leksika ilə desək, alimləri (“bilikləri artdıqca səbirləri azalan” adamları) səfehlərə və onların cəfəngiyatlarına münasibətdə tolerant olmağı məsləhət bilirdi.

Əsrlər sonralar, ilk dəfə, tibb elmində özünə yer etmiş tolerantlıq (dözümlülük) problemi ispan mütəfəkkiri tərəfindən bu cür həll edilmişdir. Əgər tibb elmində orqanizmin ziyanverici nəsnələrə (mikrob, virus, bakteriyalara) qarşı var gücü ilə mübarizə aparması və bu məqsədlə müqavimət qabiliyyətini gücləndirməsi, yəni, orqanizmin laqeyd olmaması, birmənalı surətdə tolerant qalmaması təşviq edilirsə, rəhmətlik Qrasianda, belə çıxır ki, Ziyana (Şərə) qarşı tolerantlıq tövsiyə olunur: səfehə və onun cəfəngiyatlarına, dərisinə sığmayan, özündənmüştəbeh həyasıza, axmağa, acgöz-rüşvətxor zata, dələduz və provokatora, ara qarışdıran “mutilşik”ə baş qoşma, əks halda, dinclik tapmazsan, baş-beyinin, bəlkə də, canın gedər.

Nə deyim vallah, ola bilsin ki, Qrasian alimlərə sırf şəxsi-individual müstəvidə belə davranışı məsləhət görüb (dinc yaşamaq istəyirsənsə, farağat dur, səs çıxartma!). Ancaq, məsələ ondadır ki, “alim” məfhumu hec də şəxsi-individual məzmunla məhdudlaşmır, İ. Kantın təbirincə desək, “özündə şey” və “özü üçün şey” deyil.

Alim, ilk növbədə, ictimai fiqurdur, özündən kənara çıxışda və proeksiyada öz təyinatını, missiya və vəzifələrini reallaşdırır. Onun daxilə yönəlik ekzistensiallığı da, nə qədər çətin və ağrılı olsa da, məhz bu reallaşma vasitəsilə cilananır, dolğunlaşır və məna tapır. Öz daxili aləmində sərsəri gəzişmə-dolaşma olar, ancaq bu bir vərdiş halında mütləqləşərsə, alim tükənər və üzərinə düşən ictimai funksiyalarını həyata keçirə bilməz.

Alimin ekzistensial məna inşası təkcədən xüsusi və ümumi olana doğru ağrılı-əzablı gedişlərdə, yol-cığırlarda başa gəlir. Və əksinə: ümumidən xüsusiyə və təkcəyə doğru hərəkətdə! Onun bir alim kimi professional-ictimai funksiyaları, habelə, idraki səriştə və bacarıqları da bu hərəkət dialektikasında (özünün özünə və xarici aləmə professional ifadə və fəal reaksiyasında!) reallaşır, məzmun-mahiyyət qazanır və kamilləşir. Məhz bu hərəkət dialektikası vasitəsilə alim ümumbəşəri, universal elmi-intellektual mühitə qoşulur və Mütləq Ruh dərgahına yaxınlaşmaq, bu fövqəlbilik, duyum və intuisiya aləmindən qidalanmaq şansı qazanır. Sözün həqiqi və pozitiv mənasında adi bəndə, “obıvatel” kimi yaşamaq və fəaliyyət göstərmək buxovlarından, istək və vərdişlərindən azad olur. Elə bu səbəbdən də adi həyatla, mühitlə üzləşmədə ən ortabab “obıvatel”ə uduza bilər ki, bunu da çoxluq, əksər hallarda, alimin praktiki-həyati zəifliyi, yaxşı və təmtaraqlı yaşamaq qabiliyyətinin olmaması kimi anlayır və qələmə verir.

Nəzərə alsaq ki, ölkədən ölkəyə böyük fərqlər var, “həyatla üzləşmədə “obıvatel”ə uduzan” alim ümumi inkişaf baxımından çox-çox geri qalmış, uzun illər asılılıqda, vassallıqda çarpışmış cəmiyyətlərdə daha ağır, acınacaqlı həyat yaşayır, addımbaşı minbir maneələrlə üzləşir. Çünki “insanların xoşbəxtliyi naminə fəaliyyət göstərməli olan dövlət” (Aristotel) alimdən alimlik yox, “obıvatel”lər sürüsünün önündə var-gəl edən, yaxa cırıb özünə əl qatan “tanınmış bacarıqlı adam”ın, “ziyalı”nın, “akademik”in trivial-siyasi dəstəyini, yarınmağını, mədhini umur və təşviq edir. Sanki, əmr edir: yüksəliş, ucalıq və xoşbəxtlik yolu budur, canın çıxsın – bəyən, təqdir et! Əks halda, ömürlük “qara siyahı”ya salınacaqsan, anadan əmdiyin süd burnundan gələcək.

Əlbəttə, alimin yaşadığı məşəqqətlərin, adi həyat qayğılarının bütün səbəbləri yalnız subyektiv amillərlə, yəni, iqtidar təmsilçiləri tərəfindən məhz ona qarşı hədəflənmiş şiddətli nifrətlə bağlı deyil. Burada gedişata ciddi təsir edən obyektiv (dəqiq desək, obyektivlik statusu qazanmış) diktəni də unutmamalıyıq. Belə ki, təzəcə müstəqillik əldə etmiş ölkələrdə bilavasitə milli maraqlardan, milli ruhdan, milli kimlikdən qaynaqlanan, habelə, sivil dünyanın elmi nailiyyətlərindən (qarşılıqlı əlaqədə və mübadilədə) qidalanan etibarlı təməl, elmi fəaliyyət üçün zəruri özüllər və “qan damarları” olmur.

Faktiki, “Milli Elm” bir orqanizm kimi, elmi fəaliyyət də o cümlədən, müəyyən (az və ya çox dərəcədə) müddət öz ruhunda, canında milli qandan, mahiyyət və səciyyədən məhrum halda mövcud olur, özünəməxsus yenidən institutlaşma zərurətini reallaşdırmaq yolunda böyük maneələrlə, ciddi çətinliklərlə üzləşir və bəzən də (artıq daha çox obyektiv, üstəgəl, subyektiv səbəblər üzündən), bizdə olduğu kimi, başlıca məqsəd və məramdan çox uzaq düşür, yəni, elm üçün taleyüklü zərurət (yenidən institutlaşaraq milli və ümumbəşəri məzmun-mahiyyət qazanmaq cəhdi!) ümumiyyətlə həyata keçirilmir. Əslində, proseslər tam tərsinə cərəyan edir – yenidən institutlaşma, “milli” ad altında olan-qalan milliliyi də çıxdaş edir, deməli, ümumbəşəriliyə gedən yolları, açılan qapıları da bağlayır. Belə ki, bir qayda olaraq, elmi yaradıcılığın ümumbəşəriliyi öz milli səciyyəsindən kənarda mümkün olmur. Elmdə ümumbəşəri hesab olunan hər bir dəyər milli ruhun istisində, məqsədli fəallığı və fədakarlığında yetişir.

Beləliklə, aldadıcı institutlaşma, ziyanlı yenidənqurma baş verir ki, nəticə olaraq, “Milli Elm” total immitasiya, mimikriya, saxtakarlıq, həyasızlıq, abırsizlıq, ifrat tərzdə şəxsi və qrup maraqlarını ödəmək institutuna çevrilir.

Məsələn, elmə qətiyyən aidiyyəti olmayan şəxslərin nəinki elmər doktoru dərəcəsinə, “professor” elmi adına, başqaları tərəfindən yazılmış məqalə və monoqrafiyalara sahiblənməsi, hətta “müxbir üzv” və ya “akademik” titulunu daşıması bunun bariz nümunəsidir. Mən heç onu demirəm ki, bu şəxslərin çoxu elə elm, təhsil strukturlarında, hansısa “elmi mərkəz”lərdə rəhbər vəzifə daşımaq cəhdlərindən də qalmırlar (paralel olaraq və yüksək səlahiyyətlərindən sui-istifadə edərək). Beləliklə, onsuz da canüstündə olan, ölüm xırıltısı gələn elmə ayrılan cüzi maliyyə də həmin başabəla alimlər, “milli elmin məmurları” tərəfindən mənimsənilir və israf edilir. Vaxtaşırı ayrılan irihəcmli qrantlar da, “dünyaşöhrətli” olub ömründə bu millət, dövlət və elm üçün bir faydalı iş görməmiş, bir fundamental elmi kəşf, yeni elmi istiqamət, konsepsiya və yaxud metodologiya yaratmamış “akademik” və “müxbir üzvləri” tərəfindən, baba-nənələrindən qalmış sərvət kimi özününküləşdirilir.

Azərbaycan elminin nadir istedadlarından olan professor İdris Abbasov kimi yüksək vicdan, əxlaq və mənəviyyət sahibləri isə bu biabırçılığı dilə gətirib, qamçılayanda, möhtərəm-sanballı cənabların xoşuna gəlmir… “Sən kimsən, nəsən ki, bizə daş atırsan!?” deyib, əsl səlib yürüşünə başlayırlar. Elə bu möhtərəmlərin ilbəil kütləviləşən zülmündən heç də az əziyyət çəkməyən bəndələr tapılır ki, hörmətli İdris müəllimi “Azərbaycan qaydaları” ilə yaşamaq istəməməsində qınayır, az qala, hansısa başqa bir aləmdən gəlmiş yadplanetli sayırlar. Onlar anlamaq istəmirlər ki, həqiqi azadlığa və müstəqilliyə aparan yol metropoliya tərəfindən vaxtilə formalaşdırılmış və son otuz ildə neqativ mənada yenidən biçilib-tikilmiş, zəhərli maddələrlə hopdurulmuş, tənəzzül determinantlarının hökmranlığına verilmiş “Qaydalar” sistemindən yaxa qurtarmaqdan keçir.

Görünür, bu da təbiidir, müstəqilliyin heyfini çıxan, gələcək üçün daha da məkrli plan-layihələr işləyən metropoliya və onun imperiyapərəst mərkəzi bu otuz ildə əlindən gələni edib ki, adekvat dəyərləndirmə və münasibətlər sistemi formalaşmasın, fərdi və ictimai şüurda, düşüncə və təfəkkür tərzində zərərverici elementlər, deqradasiya və destruksiya meylləri özlərinə yer etsin, yuva salsın. Qocalıq-ahıllıq yaş limitini çoxdan aşmış, imperiyaçılıq hikkəsi naminə hətta doğma etno-milli daşıyıcısını (bədbəxt günə salınmış rusları nəzərdə tuturam!) başdan-ayağa pozmuş, “titul etnos”un böyük hissəsini ibtidai “xolop”, “xoluy” halına salmış bu mərkəz var gücü ilə calışıb ki, ikibaşlı qartalın caynaqları çatan bütün postsovet respublikalarında hadisə və proseslərə, ictimai və siyasi fiqurlara, elm, mədəniyyət və incəsənət xadimlərinə, “yaxşı” və “pis”ə münasibətdə rasional anlamdan, ədalətli-vicdanlı qiymətləndirmədən və buna müvafiq əməli işdən söhbət belə getməsin. Və bununla da müstəqillik qazanmış bu olkələrdə inkişaf və tərəqqinin qarşısını alsın, “Müstəqilliyimiz əbədidir!” deyənlərin arzu və ideallarını gözündə qoysun.

Elə bu məqsədlə də, hər bir mütərəqqi inkişafın təməlində elmin və elmi təfəkkürün dayandığını yaxşı anlayaraq, həmin məşum mərkəz elmin özünü, idarəetməni, cəmiyyətin ayrı-ayrı fəaliyyət sahələrini elmsizləşdirmək siyasətinə xüsusi önəm vermiş, aparıcı strukturların kimlər tərəfindən və necə idarə olunmasına “böyük qayğı” göstərmişdir. Təsadüfi deyildir ki, bu bədnam qayğıdan xilas ola bilməyən postsovet ölkələrində başbilən “Baş akademik”lər mütlək məqalə və kitablarını əvvəlcə rus dilində “yazır” və sonradan milli dilə “tərcümə edirdi”lər. Üstəlik də, bu füsünkar yaradıcılıq nümunələri çıxar-çıxmaz, onların təmtəraqlı təqdimatı, müzakirəsi keçirilərdi ki, rəhmətlik Leonid İliç Brejnev belə, rahatlıq tapmadığı o cənnət-məkan dünyasında həsəd aparardı. 18 il Sovetlər İttifaqına rəhbərlik etmiş o boyda kişinin cəmi bir trilogiyası (“Kiçik torpaq”, “Dirçəliş”, “Xam torpaq”) müzakirə edildi, onu da, demək olar ki, burnundan gətirdilər. Pıçhapıçla məsxərəyə qoydular, lətifələr düzüb-qoşdular. O qədər deyib-danışdılar ki, rəhmətlik öz ömür-gün yoldaşına bəraət qazandırası oldu: “Axı, Viktoriya Petrovna mənə təkidlə deyirdi – “Lönya, sənə bu lazımdırmı? Belə şeylərə icazə vermə!””.

Hər halda, rəhmətliklərin qanacağı, abır-həyaları yox deyilmiş – Leonid İliçin də, xanımının da!

Konkret Azərbaycana gəldikdə, durumu daha da acınacaqlı vəziyyətə salan əsas səbəblərdən biri ondan ibarət olmuşdur ki, Prezident Heydər Əliyevin vəfatından sonra, günbəgün artan intensivliklə, AMEA, bütövlükdə elm-təhsil, mədəniyyət-incəsənət sahələri, demək olar ki, bilavasitə keçmiş imperiya mərkəzindən – Kremldən idarə olunmuş və indinin özündə də bu tendensiya davam etməkdədir, bəlkə də, daha qəddar və məkrli formada. Hələ SSRİ dönəmindən hazırlanmış agentura-rezident şəbəkəsi öz hökmranlığını yeritməkdə, diktə və təsirini artırmaqdadır. Vassallıq sədaqətilə, mənfəətdar administrativ bürokratizmi və mahir neobolşevik intriqaçılığı ilə fərqlənənlər, əqli və vicdanı sönmüşlər, haqq-ədalət hissini itirmişlər Kremlin ürəyinə yatan milli görüntülü “Qaydalar” ilə idarə olunan elmin, təhsilin, mədəniyyətin, bütün humanitar sahənin öndərləri qismində canfəşanlıq edir və bu “Qaydalar”ın əbədiliyinə çalışırlar. Başda “Boz kardinal” olmaqla! Hökmü-təsiri də, göz dəyməsin, necə lazımdırsa – öz yerində! Düşünürəm, bəlkə, Roma katolik kilsəsinin baş ruhanisinin dünyanın gedişatına təsiri ilə müqayisə edək!? Hər halda, görmürsüz, o boyda çoxminlik AMEA-da, hörmətli professor İdris Abbasovdan başqa, cıqqırını çıxaran, açıq tənqidlə çıxış edən yoxdur.

Metropoliya mərkəzi öz istək-arzularına uyğun formada idarəetməni həmin “Qaydalar”la elə “proşivka” edib ki, başqa cür ola da bilməz. Təsadüfi demirlər ki, müstəqilliyi qorumaq və möhkəmləndirmək onu əldə etməkdən qat-qat çətindir. Metropoliyanın məqsədli himayəsilə idarəetməyə yeridilmiş etibarlı-sədaqətli nökərlər elə etməlidirlər ki, keçmiş “tərkib hissə” mütləq xarici idarəetmənin caynağında olsun, üstəlik də, tayfalar, klanlar, qruplaşmalar, boşboğaz siyasilərin, idrakı və vicdanı sönük məmurların çəkişmə-didişmə, talamaq-mənimsəmək ocağına, Allahdan imdad diləyən məzlumlar, inildəməkdən savayı heç bir sistemli mübarizəyə taqəti, təpəri və iradəsi qalmamış bəndələr məkanına çevrilsin və bununla da (müstəqil bir ölkə kimi) inkişaf-tərəqqi potensialını tükəndirsin, heç etsin.

Aydındır ki, belə axarda çırpınan, hər tərəfdən mühasirəyə alınmış, ailəsinin minimal ehtiyaclarını ödəməkdə mətinlik çəkən, üstəgəl, addımbaşı “nomenklatur aristokratiya”nın yekəxanalığı, ironiya və məzəmməti ilə üzləşən alimlərin əksəriyyəti Qrasianın tövsiyəsini rəhbər tuturlar: səbrli və sakit ol, özünü odun-alovun içinə salma! Ancaq… hər halda, bu təbii seçimi də mütləqləşdirmək, məncə, düz deyil. Canın dincliyi-rahatlığı, fərdi və ailə təhlükəsizliyi belə mütləqdirsə, 18-35 yaşlı vətən oğulları nə üçün və kimə görə düşmənlə döyüşlərdə şikəslik qazanmalı, şəhid olmalıdırlar? Haram sərvətdən məst olan, eyş-işrət tusovkalarında şellənən həmin başabəla “aristokratiya”nın harınlaşmış çoşkaları naminəmi!?

Deməli, tam başqa, fövqəlüstün və ali məram, istək-iradə və ona müvafiq seçim var: xüsusi subyektiv motivləri kənara ataraq “Tam”ın (Vətənin, Doğma Torpağın, Xalqın və Dövlətin) dirçəlişi və yaşaması naminə nəsə etmək, zəruridirsə, öz həyatını riskə atmaq!

Allah dönə-dönə rəhmət eləsin, nəhəng mütəfəkkir Hegel yazardı: “Ölümə hazır və qadir olmayan xalq azadlığa layiq deyil! O, tarixdən silinsə yaxşıdır!”.

“Azadlıq haqda” başlıqlı ən yaxşı dərsliyə çevrilmiş möhtəşəm əsərin (essenin) müəllifi, görkəmli filosof, sosioloq, iqtisadçı və siyasi xadim Con Stüart Mill isə xalqın (“Tam”ın) azadlığının mühüm şərtini fərdlərin vicdanlı olmasında görürdü. Hesab edirdi ki, vicdansızlaşmış fərdlərdən ibarət “cəmiyyət” barbarlar toplusudur və onun üçün despotizm – qanuni idarəetmə üsuludur! Barbarlar toplusunda törədilən Şərə görə vicdan əzabı çəkmək və cavabdehlik məsuliyyəti daşımaq kim keyfiyyətlər olmur, deməli, hansısa tərbiyəvi sözə-nəsihətə, mərifətə çağırışa da yer qalmır.

Barbarlarda, ümumən, “Tam” anlayışı tayfa-qəbilə məzmun-mahiyyətindən kənara çıxmır. Bu tip ibtidai tarixi birlik formaları rüşeymdə olan sonrakı birlik formalarının (xalqın, millətin) qərarlaşmasının qarşısını alır, öz kobud, amansız çərçivələri ilə inkişafa mane olur. Və əsrlər dəyişməli olur ki, bu mənfur çərçivələr, buxovlar dağılsın. Burada mən bu mürəkkəb prosesin dialektikasına varmaq və onu incələmək fikrində deyiləm. Bu, ayrıca bir xüsusi söhbətin möxzusudur. Mətləbim, sadəcə, başqadır – həyacan təbilini səsləndirməkdir: Azərbaycanda barbarlığa, yəni, vəhşilərə məxsus mövcudluq və davranış tərzinə, tayfa-qəbilə adət-ənələrinə ciddi dönüş təhlükəsi var! Adi həyatda, idarəetmədə, cəmiyyətin müxtəlif həyat (iqtisadi, siyasi, sosial, mənəvi) sahələrində müşahidə edilən yerliçilik, regionçuluq, tayfabazlıq və klançılıq, etnikçilik, ifrat millətçilik əlamətləri də bu məşum tendensiyanın zərərli ifadəsidir ki, keçmiş metropoliya mərkəzi tərəfindən hər vəchlə yayılır və gücləndirilir. Tayfaçılığa və yerliçiliyə rəvac vermək, etnik və dini hissləri istismar etmək, əliəyriliyi və rüşvətxorluğu təşviq etmək, intellektual impotentləri, ruhu-qəlbi sönük vicdansızları, danabaş şarlatanları, fitnə-fəsad ustalarını irəli çəkmək, onları mühüm postlara yerləşdirmək – bütün bunlar, cəm halda, imperiyaçılıq od-alovu ilə yanan metropoliya pretorlarının və onların satraplarının şakəridir! Əvəzolunmaz silahı, üsulu və vasitəsidir. Həqiqət bu qədər sadədir!

Bəs, həqiqət bu qədər sadə və üzdədirsə, AMEA-da təmsil olunan, daşıdıqları elmi dərəcə və elmi adlarına layiq olan, öz tədqiqat sahələrini yüksək səviyyədə, qədərincə təmsil edən professor, müxbir üzvü və akademiklər nədən səbrli olub sakit durmağa üstünlük verirlər?! Axı, hamısı gözəl anlayır ki, Azərbaycan elmi məqsədli surətdə çökdürülür, onun illərcə formalaşmış zəminləri dağıdılır. Görmürlərmi ki, Kreml vassalları Azərbaycana və onun elminə qənim kəsiliblər. Görüb, müqavimət göstəmirlərsə, milli inkişafdan, Heydər Əliyev kursuna sadiqlikdən danışmağa dəyərmi!? Bu qədər də söz-əməl antaqonizmi olarmı!? Bəlkə, düşünürlər ki, elə bu mövqesizlik, laqeydlik Heydər Əliyevin ruhunu şad edəcək? Bu böyük siyasətçi və dövlət xadiminin “İnsanın mövqeyi olar!” tövsiyə-tələbini nə tez unudublar?! Nə qədər baş girləyib, isti dəlmə-deşiklərdə yarasa kimi gizlənmək olar?!

Mənim kimi xırda-xuruş, çoxillik elmi fəaliyyəti ərzində Vətənin heç bir orden-medalına, hansısa ödülünə, adi rəsmi bir təbrik məktubuna, Fəxri Fərmanına layiq görülməyənlərlə işim yoxdur. Kreml siyasətinin pretorları və vassalları tərəfindən autsayder, çıxdaş elementlər halına salınmış bu bəndələri qınamağa dəyməz. Məişət-dolanışıq qayğılarının belə kəskin artdığı bir vaxtda onların maddi-mənəvi sıxıntılar yaşayan, “Ədalətsiz Dünya”ya gəldiklərinə görə cəhənnəm əzabı çəkib, peşiman olan balaları qarşısında “şapalaqla üz qızartmaq”dan başqa artıq heç nəyə təpəri, gücü-qüvvəti, iradəsi qalmayıb. Bədnam “Qaydalar” onları elə büküb-qatlayıb ki, artıq “orta sinif”dən də aşağı yaşayış səviyyəsinə salınıb. Bir növ, lümpenləşdirib!

Gözləntim yox, xüsusi irad-qınaq sözüm bütün rejimlərdən yağdan bıçaq kimi keçən, metropoliyanın maraqlarına cavab verən “Qaydalar”la yaşamağı istəyən və bacaran, haramçılıq yolu ilə yüksək titul və təltifləri özləri üçün halal bilən cənablaradır. O kəslərədir ki, meşəxoruzu kimi (ruslar «глухарь» deyirlər) ömürboyu bu xalqın səsini-çağırışını eşitmək, iniltisinə məhəl qoymaq istəyində olmamış, onun dərdlərilə alovlanıb yanmamışlar. Xalqın hər tərəfdən boğulan naləsi onlar üçün meşəcüllütünün (ruslar «вальдшнеп» deyirlər) civiltisi qədər də əhəmiyyət kəsb etməyib. Ancaq bununla belə, “millət və milliyətçilik”dən, “türkçülük”dən, “mənəvi dəyərlər”dən, nə bilim, “milli kimlik”dən və “Azərbaycançılıq”dan yazıb-danışmaqdan yorulmurlar. Hətta tez-tez Ulu Peyğəmbərdən iqtibas gətirirlər: “Alimin qələminin mürəkkəbi şəhid qanına bərəbərdir”! Belə düşünürlər ki, Peyğəmbər “alim” deyərkən məhz onlara bənzərləri nəzərdə tutub! Mərhaba! Belə yerdə rəhmətlik Arkadiy Raykin deyərdi: “Хорошо устроились друзья!».

Həqiqətən, məəttəl qalırsan: “Boz kardinal”ın kompaniyası, yaxşıca ilmələnmiş toru-şəbəkəsi necə də böyük və vassallıq üçün sədaqətli imiş – alınmaz qala kimi! Söz yox, “Baş akademik” necə lazımdırsa, elə də çalışıb, durmadan əziyyət-zəhmət çəkib, misilsiz ustalıq göstərib. Bəli, kim nə deyir-desin, dövrümüzun əzmkar “Yeni Napoleon”u həsəd aparılası administrativ ustalıq cəhətdən mahir imiş. Kreml bilirmiş kimə “stavka” edir! Görün indi, bu şövkətli administratorun əlindən rəhmətlik Heydər Əliyev və prezident İlham Əliyev nələr çəkirmiş!? Nə qədər enerji-güc, əsəb və vaxt sərf etmək zorunda qalıblar ki, bu Kremlsayağı İdeoloqun həmlələrinin qarşısı alınsın, yeritdiyi və yetirdiyi ziyan zərərsizləşdirilsin. Di gəl, o da “sadiqəm” deyə-deyə topdağıtmaz qalasını yarada bilib. İndi həqiqi Napoleondan da bacarıqlı sərkərdə gərəkdir ki, bu qalanı dağıtsın, birdəfəlik Azərbaycanın tarixindən silib, zibilliyə göndərsin.

P.S. İnanın, bu üzdəniraq “elmi idarəetmə” barədə yazmaq mənə qətiyyən ləzzət vermir, əksinə, daxili bir iyrənmə, xoşagəlməz ovqat yaradır, sanki zirr-zibilli, üfünətli gölməçənin uzun illər murdarlaşmış suyunu təmizləmək istəyirsən. Sadəcə, məcburam və bu məcburiyyət heç də hansısa kənar hökmdən, sövqetmədən irəli gəlmir, öz daxilimdən püskürür. Rəhmətlik Qrasianın müqəddəs ruhu məni bağışlasın, ancaq artıq səbr yeri qalmayıb. Görəndə ki, bugün ən istedadlı, məhsuldar, vicdan səsilə oturub-duran, “Tam”a xidmət amalı və bacarığı ilə qabarıq surətdə fərqlənən nadir alimlərdən birinə (professor İdris Abbasova) qarşı səlib yürüşü təşkil edilib, qıraqdan baxıb adi seyrçi olmaq, dəyərli bir şəxsiyyətlə sprutlaşmış qladiatorlar şəbəkəsinin qeyri-bərəbər savaşını rahatca izləmək Allah bəndəsi üçün nə mümkündür, nə də məqbul və düzgün. Hörmətli İdris müəllimin mübarizəsi onun, bir alim kimi, varlığına hopmuş formal, quru prinsipçilik və subyektiv özünütəsdiq məsələsi deyil. Yox, qətiyyən! Zərurətin məğzi-mahiyyəti daha böyük, dərindir. Onun necəliyi xüsusi subyektivlik motivləri ilə ölçülmür. Burada böyük milli-tarixi zərurət, ülvi-sakral motiv var! Qısaca desək, bu zərurət elmin bir “Tam” kimi müqəddəratına uzunillik məkrli, mənfəətdar, qəddar və amansız hücumuna, nəhəyat ki, son qoymaq zərurətidir. “Tam”ı çoxdan həddini aşmış, ərköyün, təkəbbürlü, özləri-özlərini imtiyazlaşdırmış, sərhədsiz vara-sərvətə aludə olmuş, cəmiyyətin son şirələrini də sormağa hazır olan nəsnələrdən və onların yaratdığı durumdan, vərdiş-ənənələrdən xilas etmək zərurəti! Pafoslu səslənsə də, ancaq nəhəng problem bundan ibarətdir. Ümumiyyətlə, yeri gəlmişkən, deyim ki, formal-quru prinsipçilik və necə gəldi subyektiv özünütəsdiq dəbi-azarı həqiqi alimə, siyasətçiyə, dövlət adamına xas olmayan xüsusiyyətdir! Uca Tanrı bizi belə prinsipallıqdan uzaq eləsin! “Tam”a olan borcumuz və qayğımız şəxsi motivlərdən, rütbə və vəzifədən doğan öhdəliklərdən yüksəkdə dayansın! Amin! (azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar