Bazar ertəsi, 19 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

İttifaqlar yaratmaq, demokratiyanı möhkəmləndirmək... - Baydenin yeni strategiyası Ərəstun Oruclunun şərhində

Siyasi şərhçi: “ABŞ-ın yaxın müttəfiqləri arasında kifayət qədər antidemokratik ölkələr var ki, Vaşinqton onlarda demokratik dəyişikliklər üçün heç zaman səy göstərməyib və bu müttəfiqlərinə qarşı da Bayden administrasiyasının hansısa yeni yanaşmasının olacağını gözləmirəm”.

“Tramp antiqlobalist siyasət yürüdürdü və daha çox ABŞ-ın maraqlarını önə çəkirdi, Bayden administrasiyasının xarici siyasət doktorinası isə qloballaşma üzərində qurulub”.

Xəbər verdiyimiz kimi Ağ Ev çərşənbə günü prezident Baydenin milli təhlükəsizlik və xarici siyasətinin strateji istiqamətlərini açıqlayıb, ittifaqların yaradılmasının və demokratiyanın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Demokratiyanın 23 dəfə adının çəkildiyi bu 24 səhifəlik sənəd hökumət orqanlarına göstərişlər verir. Eyni zamanda, bu ilin sonunda dərc olunacağı gözlənilən yeni milli təhlükəsizlik strategiyası hazırlanır. Bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.

Prezident Bayden dünya arenasında Amerika demokratiyasının və Amerika liderliyinin gücünü “bərpa etməyin” zərurətini vurğulayıb.

Həmçinin çərşənbə günü Dövlət Departamentində katib Entoni Blinken də vəd edib ki, “beynəlxalq təhlükəsizlik və dünya iqtisadiyyatı qaydaları harada yazılsa, Amerika orada olacaq”.

Ağ Ev bütün dünyada avtoritarizm və millətçiliyin yüksəlməsindən çıxış edir.

“Hökumətlər daha az şəffaf olurlar və xalqların etimadını itiriblər. Seçkilər getdikcə zorakılığa çevrilir, korrupsiya artır, pandemiya isə bu tendensiyaların çoxunu sürətləndirib”.

Yeni administrasiya hesab edir ki, hərbi güc qlobal problemlərin həllində məhdud alət olacaq.

“Amerika Birləşmiş Ştatları həyat əhəmiyyətli milli maraqların müdafiəsi üçün güc tətbiqi lazım gəldiyində bundan heç zaman çəkinməyəcək. Amma hərbi gücdən istifadə ilk yox, son vasitə olmalıdır”, deyə sənəddə bildirilir.

Baydenin milli təhlükəsizlik strategiyası layihəsi ilə bağlı PİA.az-ın əməkdaşı siyasi şərhçi Ərəstun Oruclu ilə müsahibə edib.

Ərəstun Oruclu: ““Demokratiya üzrə Qlobal Sammit”in dünyadakı avtoritarizm epidemiyası qarşısında ciddi sədd çəkəcəyini düşünmürəm”.

PİA.az hazırda ABŞ-da yaşayan siyasi şərhçi Ərəstun Oruclu ilə olan müsahibəni oxucularının diqqətinə çatdırır:

- Ərəstun bəy, ümumilikdə Baydenin proqram tipli bu çıxışını necə şərh edərdiz?

- Baydenin belə çıxışı onun administrasiyasının prezident Trampın 4-illik hakimiyyətindən sonra ABŞ-ın xarici siyasətdə üzləşdiyi problemlərdən qaynaqlanır. Belə ki, Trampın yürütdüyü antiqlobalist xarici siyasət kursu ABŞ-ın beynəlxalq arenada mövqelərini ciddi şəkildə zədələyib ki, bunun da nəticəsində yaranmış böluqlar təkcə Rusiya və Çin kimi qlobal iddiaları olan dövlətlər deyil, həm də bir sıra regional güclər tərəfindən zəbt olunub.

Başqa sözlə, artıq multipolyar dünya mövcuddur ki, bu da yeni və tamamilə fərqli yanaşmalar tələb edir. Yaranmış şəraitdə ABŞ özünün AvropaNATO müttəfiqlərilə əlaqələrini bərpa etməli və hətta yeni ittifaqların yaradılmasını stimullaşdırmalıdır. Görünür, demokratiyanın möhkəmləndirilməsi də bu mənada həmin geniş əməkdaşlıq strategiyasının həyata keçirilməsi üçün mühüm vasitələrdən biri kimi nəzərdən keçirilir.

- Bayden adminstrasiyasının milli təhlükəsizlik və xarici siyasətinin strateji istiqamətləri Tramp adminstrasiyasının hədəflərindən nəylə fərqlənir və hansı strategiyanı daha cəlbedici, rasional və uğurlu hesab edirsiniz?

- Əsas fərq bundan ibarətdir ki, Tramp antiqlobalist siyasət yürüdürdü və daha çox ABŞ-ın maraqlarını önə çəkirdi, Bayden administrasiyasının xarici siyasət doktorinası isə qloballaşma üzərində qurulub. ABŞ maraqları baxımından əlbəttə ki, Bayden administrasiyasının siyasəti daha rasional və səmərəlidir.

Digər dövlətlərə gəldikdə isə, burda müxtəlif təsirlər ola bilər. Məsələn, ABŞ xarici siyasətində müxtəlif ölkələrdəki demokratik proseslərə dəstək vermək ənənəsi çox fərqli nəticələr verib. Bunların arasında İraq, Suriya və Liviya da var, Şərqi Avropa ölkələri də. Təəssüf ki, birinci nümunələrə aid olan ölkələr daha çoxdur. Amma hərbir halda ABŞ xarici siyasəti Amerika maraqlarını önə çəkir və burda da təəccüblü nəsə axtarmaq lazım deyil. Bütün ölkələrin xarici siyasəti onların dövlət maraqlarının təmin olunmasına hədəflənir.

Ərəstun Oruclu: “Yetkin demokratik cameəsi və institutları olmayan ölkələrdə demokratiyaya keçid cəhdi bəzən daha ağır fəsadlar verə bilər və verir də. Bu isə həm demokratiyadan uzaqlaşma, həm də milli təhlükəsizliyə ciddi təhdidlər deməkdir”.

- Ərəstun bəy, prezident Bayden həmçinin bildirib ki, Ağ Ev maraqlar və dəyərlər üzrə müttəfiqləri və tərəfdaşları arasında geniş əməkdaşlığı təmin etmək üçün “Demokratiya üzrə Qlobal Sammit” çağıracaq. Sizcə belə bir sammit bütün dünyada qlobal axına çevrilən avtoritarizmə qarşı uğurlu platforma ola biləcəkmi?

- “Demokratiya üzrə Qlobal Sammit”in dünyadakı avtoritarizm epidemiyası qarşısında ciddi sədd çəkəcəyini düşünmürəm. Əvvəla, avtoritarizmdən demokratiyaya keçidin baş verməsi üçün hər bir ölkənin daxilində yetərincə resurslar olmalıdır, ilk növbədə də cəmiyyətin özündə demokratik ideya daşıyıcıları dinamik olamalıdır.

İkinci, ABŞ-ın elə öz yaxın müttəfiqləri arasında kifayət qədər antidemokratik ölkələr var ki, Vaşinqton onlarda demokratik dəyişikliklər üçün heç zaman səy göstərməyib və bu müttəfiqlərə qarşı da Bayden administrasiyasının hansısa yeni yanaşmasının olacağını gözləmirəm.

Nəhayət, yetkin demokratik cameəsi və institutları olmayan ölkələrdə demokratiyaya keçid cəhdi bəzən daha ağır fəsadlar verə bilər və verir də. Bu isə həm demokratiyadan uzaqlaşma, həm də milli təhlükəsizliyə ciddi təhdidlər deməkdir. Yuxarıda sadaladığım ölkələr buna əyani misallardır.

Ərəstun Oruclu: “Məxməri inqilab texnologiyasının artıq işləməməsi qiyamlar, üsyanlar, hərbi çevrilişlər kimi daha dağıdıcı üsulların aktuallaşmasına səbəb ola bilər ki, bu da son nəticədə təkcə həmin ölkələrin milli təhlükəsizliyinə deyil, həm də regional və qlobal təhlükəsizliyə ciddi təhdidlər yarada bilə”.

- Dövlət katibi Entoni Blinken ABŞ-ın rejimləri devirmək yolu ilə başqa ölkələrə demokratiyanı yaymaq taktikasının işə yaramadığını etiraf edib və artıq ABŞ-ın bu taktikadan istifadə etməyəcəyini bildirib. Necə hesab edirsiniz, yaxın zamanlarda məxməri inqilabları nə əvəz edə bilər? Ümumiyyətlə Blinkenin bu bəyanatı onu deməyə əsas verirmi ki, dünya yeni siyasi münasibətlər erasına daxil olur?

- Entoni Blinkenin həmin etirafı onun keçmiş həmkarı Kondoliza Rayssın “sabitlik naminə demokratiyanı dəstəkləmədik və nəticədə hər ikisi itirildi” psevdotezisini xatırladır. Bu, etirafın arxasında isə zənnimcə 2 amil dayanır:

1. Dünya artıq dəyişib və indiki avtoritar rejimlər bu dəyişikliyə ayaq tuta bildiyi üşün məxməri inqilablar yolu ilə bu rejimləri dəyişmək bir o qədər də asan deyil.

2. ABŞ əvvəlki kimi dünyada yeganə söz sahibi deyil.

Hər iki amillə bağlı iki Cənubi Amerika ölkəsində - Boliviya və Venesuelada avtoritar hakimiyyətləri dəyişmək cəhdlərinin uğursuzluğa düçar olmasını əyani sübut kimi göstərmək olar.

Amma məxməri inqilab texnologiyasının artıq işləməməsi qiyamlar, üsyanlar, hərbi çevrilişlər kimi daha dağıdıcı üsulların aktuallaşmasına səbəb ola bilər ki, bu da son nəticədə təkcə həmin ölkələrin milli təhlükəsizliyinə deyil, həm də regional və qlobal təhlükəsizliyə ciddi təhdidlər yarada bilər. Zənnimcə, dünya da, çox təəssüf ki, məhz bu tipli, yəni dağıdıcı və xaotuk xarakterli yeni münasibətlər erasının astanasındadır.

Nərminə UMUDLU
pia.az


Etiket: ABŞ


Digərxəbərlər

Populyar xəbərlər

Ermənilərin ümidi qalmayıb, Xankəndini tərk edirlər

Flora Kərimova: "Məni savadsız kütlənin qarğışına, söyüşünə tuş etdiniz!"

Azərbaycana 100 milyon dollar, Ermənistana isə heç nə - Pentaqona etiraz

Təklənən Rusiya: Putinin yeni planında kimlər olacaq?

Prezidentin vəzifədən azad etdiyi məmur haqda maraqlı faktlar

Silah anbarlarını Rusiya kəşfiyyatının partlatdığı üzə çıxdı, 18 diplomat ölkədən çıxarıldı

Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi

İlham Əliyev Ramiz Həsənovu vəzifəsindən azad etdi 

Yırtıcını vuran şəxs dərhal cəzalandırılacaq, bəs vətəndaşın ziyanı – Kimə nə...

“Bu çox gülünc bəyanat idi” - Ərəstun Orucludan Xanlar Vəliyevin “Tərtər İşi” ilə bağlı açıqlamasına şərh

Kəmaləddin Heydərov Britaniyada daha bir şirkətini ləğv edib - Sənəd

Ən çox oxunanalar