Cümə axşamı, 15 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Deputat: “Bundan sonra "İrəvanda görüşənə qədər" deməliyik”

“Bir bazar günü” rubrikasının qonağı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, şair Musa Quliyevdir.

Şair Musa Urudla geyimdən, ev qayğılarından, məişətdən, Uruddakı evlərindən, Gəncədən, Bakıdan, Zəngəzurdan, bir insan ömründə olanlara və olacaqlara işıq tutmağa çalışdıq.

- Musa müəllim, millət vəkilinin bazar günü necə keçir?

- Millət vəkili hər şeydən öncə insandır. Onun da sosial qayğıları, həyat problemləri var. O da ailəsi, övladları, yaxınları ilə vaxt keçirmək, dostları ilə dincəlmək istəyir. Eyni zamanda bu qayğılardan azad olmaq ehtiyacı da yaranır.

Millət vəkili həm də ictimai yük daşıdığına görə, gərək cəmiyyətə həmişə əlçatan olsun, telefonları heç vaxt bağlı olmasın, özü hər zaman formada olsun. Formada dedikdə kostyumda, qalstukda olmağı nəzərdə tutmuram. Deputat yanğınsöndürən kimi hər bir fövqaladə, ekstremal vəziyyətə hazır olmalıdır. Təsəvvür edin ki, gecə yarıdır, xəbər gəlir ki, Gəncəni ermənilər raketlə vurub, yaralılarımız, şəhidlərimiz var. İlk növbədə informasiyanı çatdırmaq lazımdır. Həmin vaxt da komendant saatıdır, sürücü də tapa bilmirsən. Məcbur olub avtomobili özün idarə etməli olursan. Müsahibəni bitirdin, informasiyanı yaydın, bundan sonra şəhid ailələrinin, evi dağılanların yanında olmalıyıq. Eyni zamanda başqa bir hadisə baş verəndə də operativliyi gözləməlisən. Ona görə də istənilən halda millət vəkili iş və istirahət vaxtını şəraitə uyğun qurur. Heç də təsadüfi deyil ki, məzuniyyət vaxtı ölkədən kənara çıxdıqda ən azından Milli Məclisə, partiyanın rəhbərliyinə məlumat verməliyik. Harada olacağımızı, bizi hansı telefonda axtarmağı da xüsusilə qeyd edirik. Bu mənada millət vəkilinin istirahəti də müəyyən qədər şərtidir.

Amma boş vaxt olan kimi Novxanıda balaca bir bağımız var, kitabxanam da ordadır, istirahətimi də, məşğuliyyətimi də orada keçirirəm.

Son bir ildə həm də pandemiyanın yaratdığı imkanlardan yararlandıq. Müəyyən dövrdə sərt karantin oldu. Məsafədən işlədik, tədbirlər, görüşlər, konfranslar olmadığına görə günümüzün çoxu da elə bağda keçdi. Beləliklə, bağa bir az da doğmalaşdım sanki. Elə bu müsahibəni də bitirib ailəmlə birlikdə yenidən bağa gedəcəyik. Bağın da hər dövrdə öz gözəlliyi var. Bağımız balaca olsa da çoxlu meyvə ağaclarımız var. Əksəriyyətini də özüm əkmişəm. Onlara qulluq eləməyi sevirəm, dərman, gübrə verirəm, budayıram, suvarıram, yeni ağaclar əkirəm.

- Boş vaxtlarda ailənizlə birlikdə olursunuz çox güman ki...

- İmkan tapanda desək, daha doğru olar, boş vaxt anlayışı şərtidir

- Bəs telefonu necə, sönülü saxlayırsız, yoxsa...?

- Telefonun adı mobil olsa da, funksiyası bizi özündən asılı etmək, sərbəstliyimizi məhdudlaşdırmaqdır (gülür). Biz telefonun əsirinə çevrildiyimizin fərqində deyilik, ancaq azadlığımızın çərçivəsi xeyli daralıb. Sizdən öncə bir sayt və bir telekanal müsahibə üçün zəng edib. Hər ikisi deyir elə indi alaq... Əslində bu gün istirahət günümüzdür. Bu müsahibədən sonra kimin, hansı jurnalistin zəng vuracağı bəlli deyil. Onları da qınamıram, informasiya almaq və ötürmək də sizin işinizin vacib hissəsidir. Bir dəfə telefonum evdə qalmışdı, axşam işdən dönəndə baxıram ki, 72 cavabsız zəng gəlib. Əslində hər gün bu qədər telefon zəngi olur, üstəlik özümüz də kimlərəsə zəng vurub danışırıq. Fərqində olmasaq da günümüzün çoxu telefondan asılı keçir. Bu danışıqların faydasının nə qədər olması başqa mövzudur.

Ona görə də istirahətimiz də şərtidir. Amma hər bir insanın özünün mənəvi ehtiyacları var. Onu ödəməyə hər kəs mütləq vaxt tapmalıdır.

- Sevdiyiniz məşğuliyyət nədir?

- Kitab oxumağı, bədii əsər mütaliə etməyi, musiqi dinləməyi çox xoşlayıram. Bu, mənəvi dinclik verir. Bir dəfə hörmətli depuat dostumuz, akademik Nizami Cəfərovdan soruşdum ki, indi nə oxuyursan? Dedi, Musa, indi bizim oxuyan yox, yazan dövrümüzdür. Burada da çox böyük bir həqiqət var. Bu mənada hətta yeni nəsə yazmaq üçün də bizim bədii ədəbiyyat oxumağa ehtiyacımız böyükdür. Gündəlik informasiyaları qəbul edib, analiz aparırıq.

Eyni zamanda öz sahəmlə sosial siyasət, əmək məsələləri, məşğulluqla bağlı dünyada gedən prosesləri yaxından izləyirəm. Pandemiyadan öncə dostlarla dəniz kənarında, bulvarda gəzməyi xoşlayırdıq.

- Dostları fərdiləşdirsək, hökumətdə, parlamentdə, yoxsa kənarda dostlarınız çoxdur?

- Parlamentdə də dostlarım var. Amma ad çəkmək istəmirəm. Dostlarımın çoxu parlamentdən kənardadır. Bir hissəsi gənclik dövrünün dostlarıdır, həkimlik peşəmizdən gələn, YAP-dan formalaşan dostlarımız da var. Bəlkə də bu, mənim sözümdür, siyasətçinin dostları çox az olur.

- Kamil insanların dostu az olur deyiblər...

- Kamil insanın sözsüz dostu az olur. Ümumiyyətlə, dost az olar. Bu, mənim fikrimdir. Biz ümumi ünsiyyətdə olduğumuz insanları nəzərdə tuturuq. Bu, şərti bir yanaşmadır. Amma indi yaxşı adamlar o qədər azalıb ki, onların hamısına dost demək istəyirsən.

- İstirahət günü görüşürük. Sadə geyimdəsiniz, göz sizin hər zaman rəsmi üslubdakı obrazınıza öyrəşib. Geyim seçiminə yanaşmanız necədir?

- Mənim üçün geyimlə bağlı problem yoxdur. Xüsusi bir geyim seçimi etmirəm, hər hansı firmanın, markanın geyimini axtarmıram. Mənim üçün rəsmi və bir də rahat olacaq geyim var.

Tutduğumuz vəzifəyə görə biz rəsmi adamlarıq. Hər zaman publika önündəyik. Təbii ki, rəsmi geyimdən iş vaxtında istifadə etməyimiz vacibdir. Amma qalan vaxtlarda rəsmi geyim xoşlamıram. Həmkarlarımız var ki, hökumətdə, parlamentdə qeyri-rəsmi formada işə gəlməyi xoşlayırlar. Görünür, mən bir qədər köhnə adamam. Ona görə də iş vaxtı rəsmi geyimdən, başqa vaxt isə qeyri-rəsmi geyimdən istifadə edirəm. Amma yas yerinə kostyum, qalstukda getməyi qəbul etmirəm.

- Seçimləri necə edirsiniz? Kostyum almağa özünüz gedirsiniz?

- Heç bir seçim etmirəm. İldə bir dəfə baxıram ki, əynim-başım köhnəlib ondan sonra təzələyirəm (gülür).

- Çox pul xərcləməyi xoşlamırsınız?

- Elə insanlar var, çalışır ki, görkəmi şıq, cazibədar olsun. Adam da var ki, bu şeylərə əhəmiyyət vermir. Bilirsiniz ki, Eynşteyni Hitlerin cəzasından qorumaq üçün qaçırıb Amerikaya aparıblar. O, qalan ömrünü ABŞ-da yaşayıb. Eynşteyn Amerikaya gedən ili orada yaxın bir dostu görür ki, o pinti, tör-töküntülü geyinib. Deyir ki, gedək sənə təzə əyin-baş alaq. Eynşteyn deyir pulumuz da yoxdur, burada kimdir məni tanıyan, bunun nə əhəmiyyəti var. Bu müddətdən bir il keçir. Artıq bütün Amerika bilir ki, Eynşteyn buradadır, filan şəhərdə yaşayır, universtetdə dərs deyir. Dostu deyir ki, sən elə gəldiyin geyimdəsən, sənə yeni geyim alaq, indi sözün nə olacaq, artıq Amerika səni tanıyır. Eynşteyn cavab verir ki, artıq bütün Amerika məni tanıyırsa, bu əyin-başın nə əhəmiyyəti var?! Bu mənada elə insanlar var ki, geyimə qətiyyən fikir vermir. Səttar Bəhlulzadə ümumiyyətlə geyimə, yeməyə fikir verməyib. Onun gözü ancaq təbiətdə olub. S.Bəhlulzadənin dövründə bəlkə də yüzlərlə öz geyimləri ilə lovğalanan adamlar vardı. Amma onların heç biri tarixdə qalmayıb. Bu mənada biz gərək daha çox ona fikir verək ki, xalq, dövlət, zəmanə, ən azı öz yaxınlarımız üçün bir xeyirxah iş görək. Bizim necə görünməyimiz gördüyümüz xeyirxah işlərin sayından asılıdır. Fəaliyyət məzmundur, təqdimat formadır.

- Rənglərlə aranız necədir? Həyatınızda rənglərə qarşı bir kompleksiniz varmı?

- Xeyr, elə bir standartım yoxdur. Bildiyim odur ki, rənglər insanın azadlıq duyğusunun bir göstəricisidir, həyatımız nə qədər rəngbərəngdirsə, geyimlərimiz də elədir. Amma hər yaşın, millətin, toplumun üstünlük verdiyi rənglər var. Çox təəssüf ki, sovetdən qalma ağ-qara stereotip hələ də yaşayır, bizdə həm kişilər, həm də qadınlar daha çox tünd rənglərə üstünlük verir. Hətta o qədər tünd geyinilir ki, gecə vaxtı işıqlandırılması zəif olan yolda gələn maşın onu seçə bilməyib, vurur. O adam bəlkə sarı plaş, qırmızı palto geyinsəydi, sürücü onu görərdi. Avropa da isə durum fərqlidir. Orada rənglərə çox üstünlük verirlər. İndi gənclərin, müəyyən sosial qrupların öz geyim tərzi var.

- Bayaq telefonda evdəki təmirdən danışırdınız. Komitə sədri evdə nə təmir edirdi ki...?

- Bəli, evdə görüləsi işləri özüm edirəm. Bacarmadığımızı da yaxın dostlara, tanış ustalara deyirəm. Elə şey var ki, evdə onu özüm edirəm. Lampa xarab olubsa, kran su axıdırsa, şkafın qapısı pis örtülürsə, ondan ötrü usta çağırası deyilik ki... Lakin elə işlər də var ki, orada mütəxəssis gərəkdir, mütləq peşəkar usta baxmalıdır. Gəncliyimdə, orta məktəbdə oxuduğum vaxtlarda Uruddakı evimizin bütün işıq sistemini özüm çəkmişdim. O vaxt atam bir az narahat olmuşdu. Elektrik çağırdı ki, bu uşağı tok vurar, nəyisə düz qoşmaz, ev yanar və.s. Amma usta baxdı dedi ki, hər şeyi düz edib. O vaxt məktəbdə fizikanı yaxşı oxuyurdum. 70-ci illərdə bizim kənd məktəbinin çox yaxşı fizika laboratoriyası vardı, bizə hər şeyi öyrədirdilər. Yadımdadır, əmək təlimi adlı dərs vardı, çox şeyin ilkin öyrədilməsi üçün bu, yaxşı təlim idi. Vərdişlərimin çoxu oradan qalıb. Xərratlıq, dülgərlik, tokar işlərini ən azı öz evimizdə edəcək dərəcədə bacarıram. Gəncliyimdə divar hörüb suvaq da vurmuşam. Kafel-metlaxı evimizdə özüm vurmuşam. Gəncədə 1988-ci ildə ev almışdıq, onun təmirinin yarısını gənc həkim, şair dostlarımla özüm etdim. Bu işlərdə müəyyən qədər şəriştəm var.

- Sizin üçün bütün yollar Uruddan keçir...

- Bəli mənim xəyallarım, xatirələrim, duyğularım, hisslərimin hamısı Uruda gedir, Uruddan başlayıb Urudda qurtarır. Bəlkə də nadir adamlardanam ki, dualarımdan biri müstəcəb olub. 2006-cı ildə Uruda gedə bildim. Sizə təqdim etdiyim “Uruda iki səfər” kitabında bunları yazmışam. O kitabda, təəssürat, ağrı, acı da var. Uruda getdim, gəzdim gəldim və yeganə gəldiyim qənaət o oldu ki, torpağı yurd, Vətən edən insandır. Biz torpağı itirəndə qaçqın və məcburi köçkünlər nə qədər mənəvi əziyyət çəkir, fiziki ağrılar yaşayırıqsa, insanı itirmiş torpaq da o qədər əziyyət çəkir. Uruda gedəndə oranı tanımadım. Elə bildim yad yerdəyəm. Düşündüm, bu bir filmdir, baxıram. Canlı, nəfəs alan Urudu görmədim. Çünki onun nəfəsi orada yaşayan insalar idi. O nəfəs də sonuncu ah kimi 1988-ci ildə çəkilib getmişdi. Urudda yad bir ruh vardı. Ermənilərdən ibarət 40-50 yad ailə yaşayır, qəbirstanlığa gedirsən, o yoxdur, tanıdığın küçələrin hamısı darmadağın olub. Kölgəsində oturduğun, meyvəsini yediyin ağaclar qırılıb. Öz həyətimizə getdim, tanıya bilmədim. Baxımsızlıqdan bərbad vəziyyətə düşüb, biz oradan çıxandan 18 il vaxt keçmişdi. Qoyub getdiyimiz körpə ağaclar artıq böyümüşdü. Onlar da adama yad gəlirdi. Evimizə girdim, orada yaşayan insan tamamilə yad, düşmən saydığın biridir. Amma o gəlib bizim evimizdə oturub. Ona görə də bu, dəhşətli hisslər idi. Amma şükür o hisslərə əlvida dedik. Torpaqlarımız azad edilib. Biz artıq Qarabağa qayıdırıq.

Arada tarixdən də danışırıq müsahibimin tarixlə bağlı geniş bilgisi var. Məni tarixin daşına, dərəsinə salma deyir.

- Musa müəllim, deputat, dövlət məmuru dedikdə cəmiyyətdə olan yanaşmaları izləyirsiniz. Belə mənzərənin formalaşmasına səbəb nədir?

- Cənab Prezidentin çıxışlarından hamımız nümunə, dərs götürməliyik. Ümumiyyətlə, cəmiyyətdə üzdə olan adamlar sadə, təvazökar olmalıdır. Bu cür həyat tərzinə üstünlük verilməlidir. Çünki cəmiyyət bundan nümunə götürür. Doxsanıncı illərdən başlayaraq televiziyalar cəmiyyətə çox mənfi tendensiyaları aşılamağa başladı. Bəzi şou adamları öz yüngül həyat tərzlərini televiziyalar vasitəsi ilə yeniyetmələrə təlqin edirdi. Zəngin şəxslər bağ evləri icarəyə götürüb, orada meşşan həyat tərzini təbliğ edən çəkilişlər edir, ödəniş müqabilində bunu reklam etdirirdilər. Buna baxan gənc də arzulayırdı bu yola baş vursa, həyat tərzi elə olar. Beləliklə vulqar geyimlər, danışıq tərzi, davranışlar formalaşırdı. Artıq mənfi tendensiyalar üzə çıxırdı. Azərbaycanın elm, incəsənət, mədəniyyətinin əsl təmsilçiləri arxa plana keçdi. Toy müğənniləri və bəzi ara adamlar önə çıxdı. Qətiyyən toy müğənillərinə qərəzim yoxdur. Amma Şövkət Ələkbərovanın, Sara Qədimovanın, Zeynəb Xanlarovanın, Flora Kərimovanın, Xan Şuşinskinin, Arif Babayevin davranışlarını, geyimlərini, nitqini sonrakı nəsildə görə bilmədik. Sonrakı nəsildə açıq-saçıqlıq, şitlik, mənəvi kasıblıq gördük. Hətta milli-mənəvi dəyərlərimizə yad diskusiyalar da aparmağa başladılar. Ailə-məişət mövzuları ilə bağlı tok şoular səviyyəsində müzakirələr oldu. Ayrı-ayrı uğursuz ailələr cəmiyyətə nümunə kimi göstərilməyə başladı. Şəxsən dəfələrlə buna etiraz etmişəm ki, ailə geniş ictimaiyyətdə diskusiya mövzusu deyil. Bu, yolverilməzdir. Bizim mental dəyərlərimizə, ənənələrimizə, tarixi, ailə köklərimizə tamamilə zidd bir yanaşmadır. Hər bir ailə özünə görə bir dövlətdir. Dövlətin sirri açılarsa, onun möhkəmliyi təhlükə altına düşür, bu, yaxşı sonluğa gedib çıxmır.

Qərbin müəyyən təsirlərini qəbul etsək də mahiyyət bizə bir az gec gəlib çıxır. Mədəni transformasiya da işıq və səs kimidir. Sanki öncə işıq, sonra səs gəlib çatır. Qərbin bizə təlqin etdiyi yad mədəni dəyərlərinin parıltısı gözümüzü qamaşdırdı, onun zurna-balabanını eşidəndə isə gec idi. Qloballaşmanı forma olaraq müxtəlif vasitələrlə bizə qəbul etdirməyə çalışanlar da yox deyil. Bu təsirlərdən min illərlə davam edən milli-mənəvi dəyərlərimiz müəyyən mənada deqradasiyaya, defarmasiyaya uğradı.

- Bunu toy, yas adətlərinə də aid edirsiniz?

- Toy və yas məclislərində tanınmış adamların sözsüz ki, özünü necə aparmasından çox şey asılıdır. Bir müddət nazirlər, icra başçıları qeyri-qanuni yollarla, büdcəni talayaraq “zəngin” olmuşdular. Onların ailə üzvləri, qadınları, uşaqları, yaxınları cəmiyyətə olduqca pis nümunə göstərdilər. Bir yas yerinə rayon icra başçısının xanımı gələrkən həmin rayonun ən azı 4-5 tanınmış ailəsinin xanımı da onu müşayət etməliydi. O mütləq ki, keçib yuxarı başda əyləşməliydi. Halbuki rayonda ondan da çox hörmətə layiq olan xanımlar, həkimlər, müəllimlər, mədəniyyət xadimləri, ağbirçəklərimiz var. Bu oliqarx məmurların xanımları hansısa bir tanınmış marka çanta götürməli, ən brend geyimlərlə məclislərə təşrif buyurmalı idi. Boynunda ən bahalı brilliantların olmasını da özünə ayrı diqqət yaratdığını düşünürdü. Bax bu cür məsələlər cəmiyyətdə böyük qıcıq yaratdı.

- Bu məsələyə toxundunuz, məmurların ailə üzvlərinin davranışı da cəmiyyətdə narazılıq yaradır....

- Siz bunların cəmiyyətə verdiyi mənfi impulsları bilirsiniz. Eyni zamanda tanıdığımız vəzifə tutmuş dövlət məmurlarının oğlu, nəvəsi cinayət əməlləri törətdi. Bahalı avtomobillərlə qəzalara səbəb oldular. Bu isə cəmiyyətdə birmənalı qarşılanmadı. Eyni zamanda dövlət üçün də yaxşı nümunə olmadığı ortaya çıxdı. Qanunların aliliyinə müəyyən qədər də inamsızlıq yaratdı.

Ötən ilin martın 10-da Milli Məclisdə çıxış edərkən cənab Prezident millət vəkillərinə təvazökar olmağı tövsiyə etdi. Düşünürəm ki, bundan millət vəkilləri kifayət qədər nəticə çıxarıb. 20 ildir parlementdə müşahidələr aparıram. Milli Məclisin bu dəfəki heyəti fərqlidir. Burada ziyalılıq, ədəb-ərkan, sadəlik daha çoxdur. Parlamentin bu dəfəki heyəti, seçimi daha uğurludur. Hökumətdə də bunu görmək olur.

- Deputatların hökumət üzvləri ilə münasibətləri necədir?

- İndiyə qədər beş Əmək və Əhalinin sosial müdafiəsi naziri ilə işləmişəm. İndiki nazir Sahil Babayevin, nazir müavinlərinin davranışı, münasibəti əvvəlkilərdən tamamilə fərqlidir. Digər nazirlərə də bunu aid etmək olar. Ekologiya, təhsil, kənd təsərrüfatı, mədəniyyət, təhsil nazirləri fərqli insanlardır.

- Keçmiş nazirləri ünsiyyətdən qaçıran səbəb nə idi?

- Çünki o problemi ya həll etmək istəmirdilər, ya da o gücdə deyildi. Amma indi o məsələlər geridə qalıb. Doğrudur, indi pandemiya imkan vermir ki, daha sıx təmas quraq. Onlayn keçirilən komitə iclaslarına nazir Sahil Babayevi dəvət edirik. O da böyük məmuniyyətlə iştirak edir, suallarımızı cavablandırır. Maliyyə naziri Samir Şərifov böyük həvəslə müzakirələrə qatılır. Doğrudur ki, hələ zoom proqramı ilə bu görüşlər baş tutur. İstənilən komitə iclasında nazir müavini və komitə üzvü zoom vasitəsilə ilə qoşulur. Nə problemlər varsa, birlikdə müzakirə edirik. Rəhbərlik etdiyim komitə sosial yönümlü olduğu üçün deputatların qaldırdığı tələblər birbaşa dövlət məmuruna açıq şəkildə çatdırılır. Harada problemlər var deyilir. Elə problemlər var ki, xəbərdardırlar. Amma həllinin səbəbini izah edirlər, bilmədiklərini isə biz deyirik.

- Bunu açıq parlament, hökumət əməkdaşlığı adlandırmaq olar?

- Parlament və hökumət əməkdaşlığı indi çox uğurla təşkil olunub. Prezident Adminstrasiyasında da xeyli dəyişikliklər oldu. Administrasiyada Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, professor Ədalət Vəliyev bu işləri çox gözəl qurub. Ona görə də millət vəkilləri olaraq Administrasiya ilə də çox rahat işləyə bilirik. Parlamentlə hökumət arasında sıx əməkdaşlıq yaranıb. Deputatların göndərdiyi məktublara da vaxtı-vaxtında cavab gəlir. Nazilər, komitələr, İcra Hakimiyyətləri də başa düşür ki, millət vəkilləri bu işlərlə məşğuldur. Bu əməkdaşlıq getdikcə daha faydalı olacaq.

- Rəhbərlik etdiniz komitə cəmiyyət üçün həssas məsələlərlə birbaşa bağlıdır. Çağırışlar, tələblər hansı yöndə olur?

- Sözsüz ki, problemsiz cəmiyyət yoxdur. Nə qədər insan varsa, problemlərin olması da qaçılmazdır. Cəmiyyət inkişaf edirsə, ölkə zənginləşirsə, varlanırsa, tələbatlar da o qədər artır. Bax indi bu səsimi yazdığın telefonun qiyməti ən azı 450-500 manat arasındadır. Düzdür?

- Bəli.

- Çünki məndə də bu telefondandır, ona görə qiymətini bilirəm. Amma 10-15 il bundan qabaq sən, mən bu telefona o qədər pulu verməzdik. Bu pula bir televizor, yaxud soyuducu alardıq. Çünki bu gün bizim tələbatlarımız dəyişib. İndi 60-70 manatlıq telefonla sən informasiya ala, məndən müsahibə götürə foto, video çəkə bilmirsən. Bu, reallıqdır, elə deyilmi?

- Düzdür.

- Demək tələbatlar dəyişib. Bəzən "sovet dövründə belə yaşayırdılar" kimi fikirlər səslənir. Sovet vaxtında bizim tələbatımızın heç 10 faizi yox idi. O dövrdə bir evdə bir televizor və yaxud bir kənddə bir neçə evdə televizor olardı. Amma indi evlərdə hər otaqda bir televizor var. Sovet dönəmində ailələr bir otaqlı evdə normal yaşayırdılar, indisə ailələr bir otaq olanda ikisini, hər uşaq özünə bir otaq istəyir. Əslində cəmiyyətin bu tələbatı normaldır. Çünki insanlar yaxşı yaşamaq üçün yollar düşünür. Cəmiyyətin inkişafı, yaxşı yaşaması üçün bu yolları da hökumətdə olanlar tapmalıdır. Qanunverici orqan da, icra orqanı da bu istiqamətdə çalışmalıdır. Tənzimləyici orqan isə məhkəmə olmalıdır. Hakimiyyətin bu üç qolu arasında əlaqələr nə qədər sıx, işgüzar, qanunverici və mənəviyyat müstəvisində olarsa, işlər da yaxşı gedər.

- Seçici sizə daha çox hansı məsələlərlə bağlı müraciət edir, nəyin xahişini edir?

- Koronavirusa qədər insanların problemləri fərqli idi. Amma pandemiyadan sonra başqa problemlər ortaya çıxdı. Məlum oldu ki, sən demə ölkədə 600 min adam əmək müqaviləsi olmadan çalışırmış. Onlar demək olar sosial müdafiəsiz insanlarımızdır. Sahibkara, işə götürənə müəssisə rəhbərinə o sabah lazım olmasa, işsiz qalacaq. Xəstələnəndə bülleten ala bilmir, pensiyasi üçün sığortası, iş saatı yoxdur. İstənilən müəssisə rəhbəri onu günün istənilən vaxtında çağırıb, istənilən işi gördürə bilər. 600 min insanın taleyi demək olar ki, ayrı-ayrı şəxslərdən asılıdır.

- Rəhbərlik etdiyiniz komitədə bununla bağlı hər hansı bir təklif gözlənilirmi?

- Bəli, elə indilərdə o məsələni müzakirə etdik. Bayaqdan mənə gələn zənglər də məhz bu məsələlərlə bağlıdır. Komitədə müzakirələr aparılıb. Əmək Məcəlləsinə çox ciddi dəyişiklər olacaq. Əmək münasibətləri tam şəffaf qurulacaq. Bunun üçün dəyişikliklərin olması vacibdir. Məqsəd odur ki, hər bir vətəndaşın əmək hüququ qorunsun.

- Şikayətlər hansı istiqamətlərdəndir?

- İndi ən çox işlə bağlı müraciətlər olunur. Bütün dünyada işsizlik çox ciddi bir problemə çevrilib. Amma iş yerinin, peşənin xarakteri də sabit deyil. 20-30 il bundan öncə elə peşələr vardı ki, indi onlar yoxdur. Çəkməçi, pinəçi, saatsaz, faytonçu, qırçı peşələrinə indi nadir hallarda rast gəlinir. Amma 30 il öncə bloggerliklə bağlı bir söz desəydik kimsə, anlamazdı. Kompüter proqramçısı, proqramist, menecer, marketoloq və digər peşələr öncə gündəmdə belə olmayıb. Ona görə də, yeni dövrün tələbi odur ki, insanları yeni peşələrə hazırlayaq. Düşünməliyik ki, 10 il sonra hansı peşələr aktual olacaq. Bunun üzərində işləməliyik. Klassik peşələr var ki, müəllim, həkim, memar və s. bunlar heç vaxt dəyişmir.

Bizə olunan ikinci qrup şikayətlər isə daha çox sosial müdafiə ilə bağlıdır. Bu, iş, peşə hazırlığı, özünüməşğulluq məsələləri ilə bağlıdır. Eyni zamanda passiv sosial müdafiə tədbirləri də var. Mənə pensiya, müavinət, ünvanlı yardım, əlillik dərəcəsi ver deyə müraciətlər edilir. Doğrudur, bunları da araşdıranda həqiqi problemlər üzə çıxır. Amma müəyyən qisim də hesab edir ki, onun hüququ bunun hamısını almağa çatır. Ona izahat vermək, başa salmaq və yaxud problemi başqa yolla həll etmək işimizin əsas hissəsidir.

30 illik Qarabağ münaqişəsi öz problemlərini yaradıb. Birinci və İkinci Qarabağ müharibəsində şəhid olanlar, qazilər və onların ailələrinin problemlərinin həlli əsasdır. Dövlət bununla ciddi məşğul olur. Digər məsələ azad olunan torpaqlarımıza vətəndaşlarımızın qayıdışı məsələsidir.

- Bəs deputatdan fərdi istəklər olurmu?

- Olur, biri mənə zəng vurub ki, oğlumu Dövlət Təhlükəsizlik Xidmətində işə düzəlt. Yəni heç bir aidiyyatı olmayan bir məsələdir. Yaxud müraciət edirlər ki, uşağıma universitetdə qiymət yazdır. Belə şeydən zəhləm gedir. Tələbəlik vaxtından bu mövzuya qarşıyam. Gənc universitetə daxil olubsa, oxuyub qiymətini də almalıdır. İndi bizim də işimiz bir az asanlaşıb (gülür). "Qiymət yazdır" deyəndə cavab verirəm ki, vallah indi komputer sistemidir. Belə fərdi, qeyri-obyektiv istəklər olur. Elə adam da var ki, gündə ən azı 10 dəfə zəng vurur. Telefonum seçicilərimin əksəriyyətində var. Bildirirəm ki, müraciətiniz nəzarətə götürülüb. Bir saat sonra görürsən yığır ki, nə oldu, bir xəbər var?

- İkinci Qarabağ müharibəsində düşmən xalqımızın gözünü qorxudacağını düşünürdü, əksinə deputat seçildiyiniz Gəncəyə raket hücumundan sonra insanlar "irəli" deyə çağırış edirdi...

- Həyatımın 35 ildən artığı Gəncə ilə bağlıdır. Gəncə öz xarakteri olan bir şəhərdir. İnsanın xarakteri olduğu kimi şəhərin də xarakteri var. Gəncəlilər çox mübariz insanlardır. Onların öz qüruru, yaxşı mənada öz təkəbbürü var. Erməni bir raket atsın, gəncəli onun qabağında ölər, tərpənməz. Ermənilər Gəncəni daha şiddətli şəkildə raket atəşinə tutduqda orada dağıntının altından çıxan bir cavan oğlan hələ ailə üzvlərinin başına nə gəldiyini bilmədən deyir ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Əlində bayraq dağıntının altından çıxır, heç öz geyimindən də xəbəri yoxdur. Amma yenə də deyir ki, vətən sağ olsun. Hər şeyini itirmiş insan belə bir cəsarətlə, ürəklə, sevgi ilə Qarabağ bizimdir, deyirsə bu qürurdur. Vətən sağ olsun şüarı bizə ruh, qürur verdi. Gənc övladını itirən ata deyir ki, mənim oğlum avto qəzada, xəstəlikdən ölməyib. O vətən uğrunda şəhid olub. Bu, millətin xarakteridir. Bu da bir gündə formalaşmır. Ulu öndərin başlatdığı ideologiya o qədər uğurla davam etdi ki, artıq beynimizə, şüurumuza hopub. Cənab Ali Baş Komandan da vurğuladı ki, Şuşanı azad edən, 90-cı illərdə doğulan nəsildir. Bu Ulu Öndər Heydər Əliyevin azərbaycançılıü ideologiyası ilə böyüyən nəsildir. Müqəddəs dəyərlərə şevgi hər zaman aşılanmalıdır. Milli davamız bundan sonra da davam etməlidir.

- Milli mücadiləmizi nədə görürsünüz?

- İndiyə qədər biz "Şuşada görüşənə qədər" deyirdik. İndi Zəngəzurda, İrəvanda görüşənə qədər deməliyik. İdeologiyamızı da buna kökləməliyik. Ulu öndərin çox gözəl bir sözü vardı. Onu Zəngəzur kitabımda epiqraf kimi götürmüşəm: "Tarix hər şeyi öz yerinə qoyur". Biz gələcək nəsillərə bunu aşılamalıyıq ki, o torpaqlar bizim ata-baba yurdumuzdur. O torpaqlara mütləq qayıdacayıq. Milləti birləşdirən məhz bu dəyərlərdir. Ümummilli birliyə aparan iki amil var. Qələbə sevinci və məğlubiyyət acısı. Məğlubiyyətlə barışdınsa, birləşmək mümkün olmaz. Nə qədər ki, məğlubiyyəti qəbul etmirsən, mübarizə ruhu ilə yaşayırsan, birlik də olacaq! 1990-cı ilin 20 yanvarında milyonlarla insan küçəyə çıxdı. Komendant saatına baxmayaraq şəhidlərini müqqəddəs məqama yola saldı. Bu kədərə, zora meydan oxumaq, mübarizə əzminin göstəricisi idi.

Məğlubiyyəti qəbul etmək isə son deməkdir. Çünki məğlub və təslim olmaq ayrı-ayrı anlayışlardır. Biz xalq olaraq erməniləri təslim etdik. Amma son 30 ildə təslim olmadıq. Ona görə də, içimizdə yurda qayıtmaq istəyini hər zaman diri saxlamalıyıq. Hər zaman deməliyik ki, Dərələyəz, Göyçə, Vedi, Zəngəzur Azərbaycandır. Gələcək nəsillərə bunu ötürməliyik.

- Gələcəyə çağırışınız, baxışınız necədir?

- Biz doğranan kötüklərdən

Boy atıb qalxan balalar,

Ruhların qışqırığına

dönüb qayıdan balalar,

O yurda salam aparın.

Doğrandıq pusquda darda,

qiymə-qiymə xırda-xırda,

Əsirlikdə qalan yurda

Vətəndən salam aparın.

Ömür bir qarışqa yolu,

Yudu yağış, döydü dolu.

O cənnətə itkin oğlu,

Adəmdən salam aparın!

Yüz il sonra, min il sonra

yadınızda qalsam əgər,

Bir ovuc topraq götürün,

bizim yollara səpməyə

Məndən də salam aparın!

- İkinci Qarabağ müharibəsi ilə bağlı Musa Urudun yazısı olacaqmı?

- Musa Urud öz öhdəsinə düşən işi görüb. Tarixçi olmaya-olmaya Zəngəzurun tarixini Ulu öndərin tövsiyəsi ilə yazdım. Zəngəzurun toponimlərini, tarixini əks etdirdim. Zəngəzuru mənim qədər tanıyan adam azdır. Ona görə də, onu yazmalıydım. Şerlərimdə, əsərlərimdə bunlar yaşayır. Bundan sonra Allah qismət etsə, yenə yazacam. Tam səmimi deyim xalq şairi Söhrab Tahir mən təzə parlamentə gedəndə Gülüstan sarayında qolumdan tutdu dedi ki, sən yaxşı şairsən. Amma bir şeyi yadından çıxarma! Bu sözü dedi Nəbi Xəzri Bəxtiyar Vahabzadəyə deyib, mən də sənə deyirəm. Təbii ki, özümü onlarla müqayisə etmirəm. Dedi ki, siyasət şairi içindən qurudur. Amma çalış mümkün qədər şeirlər yaz. Siyasət şairi niyə içindən qurudur? Onu da deyim... Çünki publisistik məqalələr yazırsan, poetik düşüncələrini qoyursan. Bax, səninlə müsahibədə bir az poetikaya da baş vurduq. Siyasət isə adamı çərçivəyə salır. Ondan çıxa bilmirsən, vaxtını düşüncələrini məşğul edir. Şeir, əsər yazmaq üçün öz ovqatında, ruh aləmində olmalısan. Ruh aləmini isə bu telefon qoymur (gülür). TV jurnalistləri deyir Musa müəllim, gəl mənim aləmimə, sosial şəbəkələr ordan "gəl-gəl"- deyir, Tapdıq bayaqdan yığır ki, gəl, üz-üzə danışaq. Ona görə də, siyasət adamı istər- istəməz yaradıcılıqdan uzaqlaşdırır.

- Milli ideologiyamızın davamını nədə görürsünüz?

- Güclü siyasi iradəyə malik müdrik rəhbərimiz, xarizmatik Liderimiz var. Xalqımız düzgün yoldadır. İdeologiyamız sağlamdır. Biz tarixi torpaqlarımıza qayıdırıq. Bu istəklərimiz davamlı olmalıdır. Yəhudilər dünyaya səpələnsələr də 2 min il bir-birilə görüşəndə deyirdilər ki, Yerusəlimdə görüşənədək, 2 min ildən sonra nəhayət ora gəlib çatdılar. Biz Şuşada görüşdük. Bundan sonra "İrəvanda görüşənə qədər" deməliyik.(Teleqraf.com)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Elmira Axundovanın Qəbələdəki dəbdəbəli villasının videosu yayıldı

Qadınla intim videosu yayılan axund danışdı: “Xəyanətə görə boşanıb”

Dağlıq Qarabağın “işğaldan azad edilməsinə” nail olacağıq – Paşinyan sərsəmlədi

İlham Əliyev ilə Lukaşenkonun qeyri-rəsmi görüşü beş saat davam edib - Yenilənib

“Albert Rıji”nin qətli üçün ödənilən məbləğ açıqlandı

“Aqroservis” ASC-dən kobud tender pozuntusu: milyon yarımlıq tenderi udan şirkət kimə məxsusdur? - Foto

Keçmiş ərindən Tünzaləyə sərt cavab: "Ona elə sözlər deyərdim ki.."

“Poseydon” - Rusiyanın “qiyamət günü” yarada biləcək silahı Nyu-Yorku xəritədən silə bilər...

Ukrayna böhranı: Rusiya Türkiyə ilə hava əlaqəsini dayandırır - Bu xəbərdarlıqdır, yoxsa qırılma nöqtəsi?..

Ən çox oxunanalar