Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nitşe və Qarabağ mifləri. Bizi bütün qaydaları Moskva tərəfindən müəyyənləşdirilən “qaydasız oyunlar” gözləyir

Əsl həqiqət həmişə inanılmazdır! Həqiqəti daha inandırıcı etmək üçün ona yalan qatmaq vacibdir. İnsanlar həmişə belə edirdilər.

Fyodor Dostoyevski

İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonrakı bütün çıxışlarında bəyan edir ki, münaqişə artıq öz həllini tapıb. Bizi inandırmağa çalışır ki, 10 noyabrda imzalanmış üçtərəfli bəyanat əslində Ermənistanın kapitulyasiya sənədidir, Dağlıq Qarabağın gələcək statusu artıq müzakirə mövzusu deyil və bir daha heç vaxt gündəmdə olmayacaq. Onun təbirincə desək, “gorbagor” olub. Amma nə Ermənistanın baş naziri Nikol Paşinyan, nə də Rusiya xarici işlər naziri Sergey Lavrov, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bununla razı deyillər. Mənə deyə bilərlər ki, Paşinyanın dediklərini ciddi qəbul etməyə dəyməz, onun kitabı bağlanıb. Bəs Lavrovun, Medvedevin son bəyanatlarına nə deyəcəyik?! Onları da, onların dediklərini də qeyri-ciddi dəyərləndirəcəyik?!

Dostoyevski ən çox sevdiyim yazıçılardan biridir, bəlkə də birincisidir. Amma onun dedikləri ilə yalnız qismən razıyam. Məncə, insanların inamına, ictimai-siyasi proseslərə təsiri baxımından əsl həqiqətin nədən ibarət olmasının heç bir əhəmiyyəti yoxdur. Hər bir konkret fərdin, bütövlükdə toplumun münasibətini formalaşdıran gerçəkdə nəyin və necə baş verdiyi deyil, vacib olanı tamamilə başqa amildir.

Münaqişələrin həllinə təsiri baxımından daha vacibi bizim nəyi və nə üçün əsl həqiqət kimi qəbul etməyə hazır olmağımızdır. Bu fikri müasir tendensiyalar məcrasında belə də ifadə etmək olar: daha vacibi ondan ibarətdir ki, ictimai fikirlə, insanların psixologiyası ilə manipulyasiya imkanına malik güclər bizə nəyi və nə üçün əsl həqiqət kimi sırımaq istəyirlər. Cəlaləddin Rumi deyir: “Mavi şüşədən baxanda hətta Günəş də mavi görünür.”

HƏQİQƏT YOXDUR

Başqa sözlə desək, gerçək həyatımızda heç bir mütləq həqiqət, mütləq ədalət deyilən bir şey yoxdur. Bilirəm ki, dindarların əksəriyyəti mənimlə razılaşmayacaq. Onlar mütləq həqiqətin mövcudluğuna inanırlar. Əslində isə beynimizə, hisslərimizə təsir edib hərəkətə keçməyə məcbur edən hər həqiqətin bir, bəzən isə bir neçə antipodu var. Bu antipod isə digər bir fərd, toplum tərəfindən mütləq həqiqət kimi qəbul edilir. İlk nəzərdən biz qarşı-qarşıya durmuş həqiqətlərin, ədalətlərin toqquşmasının şahidiyik. Əslində isə fərdlərin və toplumların özlərini inandırdıqları və ətrafındakıları inandırmağa çalışdıqları nağılların, rəvayətlərin və miflərin toqquşması baş verir.

Əgər doğrudan da mütləq həqiqət mövcud olsaydı, bəşəriyyət çoxdan münaqişələrsiz inkişaf yolunu tapmalı idi.

İndi isə haqqında danışdığımız amilin Qarabağ münaqişəsinin həllinə təsirini araşdırmağa çalışaq. Bizim və ermənilərin həqiqiliyinə inandığı və beynəlxalq aləm adlandırdığımız ətraf mühiti həqiqiliyinə inandırmağa çalışdığı müəyyən bir nağıllar, rəvayətlər, miflər toplusu var. Maraqlısı odur ki, beynəlxalq aləmin münaqişə tərəflərinin təklif etdiyi nağıllar, rəvayətlər və miflər toplularından hansına inanmasının elə bir əhəmiyyəti yoxdur. Münaqişənin həllinə təsir gücü baxımından vacib olan amil tamamilə başqadır. Əsas məqsəd beynəlxalq aləmin mövqeyini müəyyənləşdirən güc mərkəzlərini bu və ya digər rəvayətin, nağılın, mifin həqiqiliyinə inamın nümayişinin onların geosiyasi maraqlarına cavab verdiyinə əmin etməkdir. Bu halda haqqında danışdığımız güclər əlindəki bütün hərbi-siyası, hüquqi, informativ vasitələrdən istifadə edərək bütün beynəlxalq aləmi ya konkret rəvayətin həqiqiliyinə inandıracaqlar, ya da münaqişənin öz maraqlarına cavab verən versiyasını bütün dünyaya zorla sırıyacaqlar. Azərbaycan, Ermənistan kimi kiçik dövlətlər yalnız bu halda cəlb olunduqları münaqişələrin öz maraqlarına uyğun həllinə nail ola bilərlər.

Azərbaycan Respublikası Prezidenti katibliyinin keçmiş rəhbəri Eldar Namazovun mənə danışdığı, keçən əsrin 90-cı illərinin ikinci yarısında baş vermiş bir hadisəni diqqətinizə çatdırmaq istəyirəm. O dövrdə əksər ekspertlər beynəlxalq münasibətlərdə birqütblü Dünyanın bərqərar olacağına əmin idilər. Hamı birqütblü Dünyanı idarə edəcək güc mərkəzi kimi ABŞ-ı görürdü. Bu səbəbdən Heydər Əliyevin ətrafındakı gənclər onu ABŞ ilə əməkdaşlığı genişləndirməyin zəruriliyinə inandırmağa çalışırdılar. Eldar Namazovun dediyinə görə, günlərin bir günü prezident onları diqqətlə dinlədikdən sonra (çoxlarının etirafına görə, başqalarını diqqətlə dinləmək bacarığı Heydər Əliyevi fərqləndirən cəhətlərdən biri idi) deyibmiş: “Siz doğrudan da indi Siyasi Büronun Vaşinqtonda yerləşdiyini mənim başa düşmədiyimi düşünürsünüz?!”. Müstəqil Azərbaycanda doğulanlar üçün qeyd edirəm ki, SSRİ-də Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu bütün vacib məsələlər üzrə qərarların qəbul olunduğu real hakimiyyət orqanı idi. Siyasi Büronun iclasları Moskvada Kremldə keçirilirdi. O zamanlar Kreml beynəlxalq münasibətlərə təsir imkanları baxımından Vaşinqtondakı Ağ Evlə rəqabət aparırdı.

Xoşbəxtlikdən, yoxsa bədbəxtlikdən, deyə bilmərəm, ABŞ birqütblü dünyanın yeganə güc mərkəzinə çevrilə bilmədi. Hazırda ABŞ dünya düzəninin formalaşmasında söz sahibi olan birinci və əsas güc mərkəzidir, amma yeganə güc mərkəzi deyil. Bu gün gələcəkdə yaranacaq çoxqütblü dünya düzənində ABŞ-ın bərabərhüquqlu tərəfdaşları qismində çıxış etmək iddiasında olan hələlik ikinci dərəcəli güc mərkəzləri – Çin və Rusiya da mövcuddur. Hazırkı tarixi kəsimdə Çin və Rusiya bir sıra münaqişələrin nizamlanmasında, xüsusilə də məhəlli, yəni regional səviyyədə ABŞ ilə kifayət qədər uğurlu rəqabət aparırlar.

ABŞ fövqəlbəşər əsas güc mərkəzi kimi bütün dünyanı özünün təsir dairəsi sayır. Amma imkan və resursların məhdudluğu üzündən bütün regionlarda eyni dərəcədə təsir gücünə və təmsilçiliyə malik deyil. Çin isə ən azı hazırda Cənubi Qafqazı öz təsir dairəsinə daxil olan region saymır. Bu regionda ABŞ ilə rəqabət aparmaq imkanına və istəyinə malik Cənubi Qafqazı özünün ənənəvi təsir dairəsi sayan Rusiyadır. Əgər RusiyaABŞ-ın regiondakı geosiyasi maraqları üst-üstə düşsəydi, Qarabağ münaqişəsinin tam və ya uzunmüddətli həlli variantını tapıb gerçəkləşdirmək heç də çətin olmazdı. Amma problem ondan ibarətdir ki, geosiyasi baxımdan bu maraqlar nəinki üst-üstə düşmür, hətta deyərdim ki, bir-birinə ziddir. Ona görə də münaqişə tərəflərinin problemi regionu öz təsir dairəsində saxlamaq istəyən güc mərkəzlərindən birinin maraqları çərçivəsində həlli cəhdlərinin qarşısı digər güc mərkəzi tərəfindən alınmağa çalışılır. Bəlkə də acımasız səslənə bilər, amma regionda geosiyasi maraqları olan güclər və ümumiyyətlə mövcud dünya düzəninin bu günü və perspektivləri baxımından münaqişə tərəflərinin maraqları və kimin haqlı olmasının heç bir əhəmiyyəti yoxdur. Yalnız güc mərkəzlərinin maraqları onların münaqişə tərəflərinin təklif etdiyi rəvayətlərdən hansına inanacağını, hansını həqiqət kimi qəbul edəcəyini müəyyənləşdirir. Bu baxımdan münaqişə tərəflərinin beynəlxalq aləmə ünvanladığı haqq-ədalət çağırışları başa düşüləndir. Bu oyunun vacib tərkib hissəsidir. Çünki ədalətlilik görüntüsünün yaradılması problemin həllinin bu və ya digər variantının münaqişə tərəflərinə və beynəlxalq ictimaiyyətə qəbul etdirilməsi prosesinin çox vacib ünsürüdür. Amma münaqişə tərəflərinin bu çağırış və müraciətlərin cavabında haqq-ədalət gözləməsi və bunun mümkünlüyünə inanması həm gülüncdür, həm də təhlükəlidir. Geosiyasi gücləri haqq-ədalət deyil, münaqişənin həllindən və ya davamından onların nə qazanacaqları maraqlandırır. Başqa sözlə desək, onları bizim onlara həllin əvəzində nə verə biləcəyimiz maraqlandırır. Əsirinə çevrildiyimiz miflər, nağıllar və rəvayətlər isə bizə acı, qaçılmaz gerçəkliklə qarşı-qarşıya gəlməyə, onu qəbul etməyə mane olur. Bu isə bir sıra hallarda faciəyə gətirib çıxarır.

MİFLƏRDƏN AZAD OLMALIYIQ

Həm azərbaycanlıların, həm ermənilərin özlərinin inandığı və başqalarını inandırmağa çalışdığı miflərdən “ən vacibləri” tarixlə bağlıdır. Ermənilər Qarabağı “tarixi erməni torpaqları”, biz isə “tarixi türk torpaqları” sayırıq və bunun mütləq həqiqət olduğuna hər iki tərəf səmimi olaraq inanır.

2008-ci il avqust hadisələrindən sonra şahidi və iştirakçısı olduğum bir hadisə ilə bağlı xatirələrimi oxucularımla bölüşmək istəyirəm. Ankarada postsovet məkanındakı münaqişələrə həsr olunmuş beynəlxalq konfransda iştirak edirdim. Sözsüz ki Gürcüstan ətrafında baş verən hadisələr konfrans iştirakçılarının diqqət mərkəzində idi. Münaqişə tərəflərini təmsil edən ekspertlər etnik mənsubiyyətindən asılı olaraq artıq Rusiya tərəfindən işğal olunmuş əraziləri “tarixi abxaz”, “tarixi osetin”, “tarixi gürcü” torpaqları olduğuna bizi inandırmağa çalışırdılar. Çıxışların böyük hissəsini tarixi ekskursiyalar təşkil edirdi. Hə, deyə bilərəm ki, vaxtı ilə Qafqaz dağlarındakı mağaralarda yaranmış və həmin mağaralarda çiçəklənmə dövrünü keçirmiş qədim osetin dövləti haqqında çox maraqlı faktları ömrümdə ilk dəfə eşitdim. Amma bir qədər sonra bu sonsuz tarixi ekskursiyaların məni yorduğunu hiss etdim. Bilirsiniz nə üçün? Yadıma erməni və azərbaycan tarixçilərinin bir qədər əvvəl sosial şəbəkələrdən birindəki çox qızğın və emosional mübahisəsi düşdü. Azərbaycan və erməni tarixçiləri tam ciddiyəti ilə Azıx mağarasında tapılmış qadın çənəsinin “etnik mənsubiyyəti” ətrafında mübahisə edirdilər. Qeyd edim ki, təqribən 350–400 min, bəzi ehtimallara görə, 500 min il əvvəl yaşamış Azıxantrop dünyanın ən qədim insan qalıqlarından hesab olunur.

Çıxış etmək fikrində deyildim. Amma bundan sonra söz alıb Azərbaycan və erməni tarixçilərinin Azıx mağarasında tapılmış qadın çənəsi ətrafındakı mübahisələrindən danışdım. Təsadüfən mənimlə üzbəüz tanınmış erməni politoloqu Aleksandr İskəndəryan oturmuşdu. Bir-birimizi çoxdan tanıyırdıq. Cənab İskəndəryan Qarabağ münaqişəsinin həllinə münasibətdə nisbətən praqmatik mövqe sərgiləyən erməni politoloqlarından biri idi. Qısa çıxışımın sonunda ona müraciət etdim: “Cənab İskəndəryan, siz homo sapiens olduğunuz üçün yəqin ki, Azıx mağarasında tapılmış çənəyə iddia etməyəcəksiniz”. Yaxşı kı, iddia etmədi. Etsəydi, yəqin ki, qiyamət qopacaqdı…

Zarafatı bir yana buraxıb, keçək məsələnin mahiyyətinə. Məsələ isə ondan ibarətdir ki, məncə, tarixi keçmişə isnadın müasir dövrdə qarşılaşdığımız münaqişələrin həllinə heç bir pozitiv təsiri ola bilməz. Ən azı ona görə ki, dünənin və bu günün gerçəklikləri bir-birindən fərqlənir. Tarixə isnadla hər hansı bir toplumun bu və ya digər ərazilərə olan iddialarını əsaslandırmağa çalışması ən qeyri-konstruktiv yollardan biridir.

Tarixi erməni və ya türk torpaqları nə deməkdir? İlk öncə məsələni dini baxımdan araşdırmağa çalışaq. Əbədiyyətə inanan insanlar bu dünyada özlərini qonaq saymalıdırlar. Qonaq olduğunuz bir yerin əzəldən axirətə qədər sizin olduğunu necə iddia edə bilərsiniz?! Yaradanın hökmünə necə şərik çıxa bilərsiniz?! Yaradanın işinə qarışmaq fikrində deyiləm. Ona görə də bu istiqamətdə o qədər də dərinə getmirəm.

Qarabağa olan iddialarını əsaslandırmaq üçün ermənilər əsasən antik mənbələrə, biz isə son bir neçə yüz ilin tarixi sənədlərinə istinad edirik. Ermənilər Azərbaycan türklərinin vətəni, eli-obası olmayan “vəhşi köçərilər” olduğunu, biz isə onların son iki yüz ildə bu torpaqlara köçürüldüyünü iddia edirik. Mən tarixi araşdırmalar aparmaq fikrində deyiləm. Yalnız və yalnız sağlam məntiqə əsaslanacağam. Amma onu qeyd etmək istərdim ki, ermənilərin iddialarında etnik rasizm ideologiyasının təzahürləri özünü aydın göstərir.

Əgər tarixilik prinsipinə əsaslansaq, Şimali və Mərkəzi Amerika dövlətlərinin heç birinin, Cənubi Amerika dövlətlərinin əksəriyyətinin, Avstraliyanın, hətta Misirin hazırkı etnik tərkibdə mövcudiyyət hüququ yoxdur. Nə ingilislər, nə fransızlar, nə latındillilər, nə də ərəblər həmin əraziləri öz tarixi torpaqları saya bilməzlər. Günümüzün bu gerçəkliyi həm ermənilərin, həm Azərbaycan türklərinin tarixə əsaslanan bütün arqumentlərini darmadağın etməyə kifayətdir.

Buna baxmayaraq münaqişə tərəflərinin fəal istifadə etdiyi bir sıra digər ikincidərəcəli miflər haqqında da danışacağam. Bizim ən çox istifadə etdiyimiz arqumentlərdən biri ondan ibarətdir ki, ermənilər artıq bir dəfə öz müqəddəratlarını təyin edib Ermənistan Respublikasını yaradıblar. Özü də tarixi Azərbaycan torpaqlarında. Və buna görə də ikinci erməni dövlətini yaratmağa haqları yoxdur. Etiraf etmək lazımdır ki, çox zəif arqumentdir. Mövcud ərəb, anqlosakson dövlətlərini saymaqla qurtarmaq olmaz. Mən hələ Avropanın göbəyindəki iki alman dövlətini demirəm. Amma sadaladığım faktlar etnik mənşə və din birliyinin “miatsum” üçün yetərli əsas olmadığını da sübut edir.

Bundan başqa, ermənilər Qarabağa olan iddialarını əsaslandırmaq üçün mən deyərdim ki, geosiyasi miflərdən də istifadə edirlər. Mahiyyət etibarı ilə bu miflər ermənilərin beynəlxalq ictimai şüurda formalaşmış “əzabkeş millət” obrazına söykənir. Ermənilər beynəlxalq ictimaiyyəti inandırmağa çalışırlar ki, onların bir millət kimi fiziki mövcudiyyəti bu münaqişənin necə həll ediləcəyindən asılıdır. Yəni bütün dünyanı inandırmağa çalışırlar ki, “vəhşi köçəri türklər son yüz ildə ikinci dəfə bizim kökümüzü kəsməyə” çalışırlar. Özü də bu zaman Birinci Dünya Müharibəsi illərində Türkiyədə baş vermiş faciəvi hadisələrə görə Qərbdə, bütövlükdə xristian dünyasında formalaşmış “günahkarlıq kompleksindən” istifadə etməyə çalışırlar. “Siz bir dəfə bizi öz geosiyasi maraqlarınıza qurban verdiniz. Heç olmasa bunu ikinci dəfə etməyin”- mesajı ilə durmadan Qərb ictimai fikrinə müraciət edirlər. Hələ bu azmış kimi 11 sentyabr hadisələrindən sonra xristian dünyasında təhlükəli trendə çevrilməyə başlayan və bütün millətçi populistlərin bayrağına çevrilmiş islamofobiya xofundan istifadə edirlər. “Biz mədəni xristian dünyasını vəhşi müsəlman təcavüzündən qoruyan son “Çin səddiyik!” mesajı onların beynəlxalq aləmdəki təbliğat kampaniyasının əsas şüarlarından biridir. Təsadüfi deyil ki, İkinci Qarabağ Müharibəsinin ilk günündən Ermənistan Azərbaycanı hərbi əməliyyatların gedişində Yaxın Şərqdən gətirilmiş muzdlu terrorçulardan istifadədə ittiham edirdi. Bütün bu ittiham xarakterli miflərin etnik və dini rasizm ideologiyasından bəhrələndiyini bir az əvvəl qeyd etmişəm. Bu yerdə isə yalnız üç məqama diqqəti cəlb etmək istərdim. Birincisi, Rusiya və Fransanı çıxmaq şərti ilə, dünyanın aparıcı dövlətləri 44 günlük müharibə dövründə bu ittihamları hətta görüntü naminə ciddiyə aldığını belə nümayiş etdirmədi.

İkincisi, xristian dünyasını islamofobiya xofu içində saxlamağa çalışan Ermənistan bir sıra Qərb dövlətlərinin beynəlxalq terrorizmi maliyyələşdirməkdə ittiham etdiyi İran, ərəb dövlətləri və islami təşkilatlarla Azərbaycandan dəfələrlə daha yaxın dost münasibətlər qurub.

Və nəhayət, üçüncüsü, özünü xristian dünyası üçün “Çin səddi” elan edən Ermənistan ən azından qonşuluğundakı Gürcüstanı nəzərə almır. Özünü daha çox pravoslav xristian dövləti kimi təqdim edən Gürcüstan Ermənistanın islami ekstremizm təhlükə mənbəyi kimi səciyyyənləndirdiyi Azərbaycan və Türkiyə ilə canla-başla əməkdaşlıq edir, əslində isə strateji müttəfiqlik münasibətləri qurur. Bundan başqa Gürcüstanda Ermənistandan fərqli olaraq türk və müsəlman icmaları var. Pravoslav xristian gürcülər nə Azərbaycan və Türkiyəni, nə də Gürcüstandakı çoxsaylı türk və müsalman icmalarını özlərinin fiziki mövcudiyyətləri üçün təhlükə kimi görmürlər.

HEÇ BİR QAYDA YOXDUR

Münaqişə tərəflərinin isnad etməyə çalışdıqları ən böyük miflərdən biri də beynəlxalq hüquq normalarıdır. ErmənistanAzərbaycanın rəsmi və qeyri-rəsmi nümayəndələri hər dəfə beynəlxalq hüquq normalarına isnad edəndə mən qəhqəhə çəkməkdən özümü güclə saxlayıram. Yadıma ölməz Məşədi İbadın məşhur kəlamı düşür: “Mənim bir eybim varsa, o da eyibsizliyimdir”. Bu kəlamı bu gün fəaliyyətdə olan beynəlxalq hüquq normaları sisteminə tətbiq etsək tam əminliklə deyə bilərik ki, “yeganə qayda, heç bir qaydanın olmamasından ibarətdir”.

Belə bir geniş yayılmış fikir var ki, diplomatiya buruntaq hazır olanadək iti sığallayıb sakit saxlamaq qabiliyyətidir. Bu fikrin təxminən 150 yaşı olduğu söylənilir və əslində beynəlxalq münasibətlərdə bu günə qədər heç nə dəyişməyib.

170 il bundan əvvəl Rusiya Avstriya İmperiyasına macarların müstəqillik qazanmaq məqsədi ilə qaldırdıqları üsyanın yatırılmasında yardım etdi. Bundan sonra Rusiyanı “Avropanın jandarmı” adlandırmağa başladılar. Deyilənə görə bu terminin müəllifi Rusiya imperatoru I Nikolayın özü idi. O, Rusiyanın azadlıq uğrunda mübarizə aparan xalqların cəlladı kimi ad çıxarmasından qürrələnirdi. Məgər I Nikolayın varislərindən biri olan Rusiyanın hazırkı prezidenti Vladimir Putinin xarici siyasəti əcdadınınkından nə iləsə fərqlənir?! Biz əslində min bir əziyyətlə ölkədən çıxartdığımız Rusiya ordusunu yenidən Azərbaycana buraxmışıq. Özü də könüllü olaraq.

Mənə deyəcəklər ki, artıq XIX əsr yox, XXI əsrdir. Beynəlxalq hüquq normaları var. Rusiya artıq özünü azadlıq arzusu ilə yaşayan xalqlara qarşı “quduz it” kimi apara bilməz. Ukraynanın, Gürcüstanın, Moldovanın gününə baxın. Rusiya mövcud olan bütün beynəlxalq hüquq normalarını pozaraq, Abxaziya və Cənubi Osetiyanı işğal etdikdən sonra bu qondarma qurumların müstəqilliyini tanıdı, Krımı ilhaq etdi, Moldovanın tələblərinə baxmayaraq həyasızcasına öz qoşunlarını bu dövlətin ərazisindən çıxarmaqdan imtina edir. Rusiya özünü ən azı postsovet məkanının jandarmı sayır.

Rusiyaya özünü həyasızcasına aparmağa imkan verən əsas səbəb beynəlxalq münasibətləri tənzimləyən heç bir imperativ (konkret davranış qaydası müəyyən edilir və olduğu kimi icra edilməlidir) qaydaların olmamasıdır. Qarabağ münaqişəsi ilə bağlı tərəflərin isnad etməyə çalışdığı beynəlxalq hüquq normalarını yada salaq. Azərbaycan ərazi bütövlüyü prinsipinin, Ermənistan isə xalqların öz müqəddəratını təyinetmə hüququnun üstünlüyünü, başqa sözlə desək, imperativliyini sübut etməyə çalışır. Əslində isə, xoşumuza gəlib-gəlməməsindən asılı olmayaraq, bu iki prinsipdən heç biri beynəlxalq münasibətləri tənzimləyən nə bir hüquqi norma, nə təcrübədə hamı tərəfindən qəbul edilmiş bir qayda kimi imperativ xarakter daşımır. Əgər ərazi bütövlüyü prinsipi imperativ xarakter daşısaydı, keçən əsrin ortalarında dünya müstəmləkə sistemi artıq dağıldıqdan sonra son 30-40 il ərzində Avropa, Asiya və Afrikada onlarla yeni müstəqil dövlət yaranmazdı.

Amma Ermənistanın özü belə xalqların öz müqəddəratlarını təyinetmə haqqının norma və ya təcrübədə qəbul olunmuş qayda kimi imperativ xarakter daşımadığını çox gözəl başa düşür və qəbul edir. Əks təqdirdə Ermənistan çoxdan Dağlıq Qarabağın və bunun ardınca isə Abxaziyanın, Cənubi Osetiyanın, Şimali Kipr Türk Respublikasının, Kosovanın müstəqilliyini, Krımın ilhaqını tanımalı idi.

Bədbəxtlik ondan ibarətdir ki, beynəlxalq münasibətlərdə yaranmış hər hansı problemin heç bir hüquqi normaya əsaslanmayan yalnız bir həlli qaydası var. Əgər BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün maraqları üst-üstə düşürsə, istənilən problem öz həllini tapır. Bu zaman onlar istənilən beynəlxalq hüquq normasının üstünlüyünu münaqişə tərəflərinə qəbul etdirirlər. Amma son zamanlar bu maraqlar demək olar ki, heç bir halda üst-üstə düşmür. Qalan bütün hallarda münaqişələrin cari vəziyyətindəki bu və ya digər dəyişikliklər aparıcı güc mərkəzlərinin konkret zaman kəsiyindəki maraqlarından, imkan və problemin həllinə yönəldə biləcəkləri resurslarından asılıdır. Yəni kim hardan bacarır, oradan da öz payını qoparmağa çalışır.

Bir maraqlı cəhətə diqqəti cəlb etmək istərdim. Hətta ayrı-ayrı aparıcı güc mərkəzləri daxilində belə bu tip münaqişələrin həllinə vahid münasibət yoxdur. Qərb dövlətlərinin mütləq əksəriyyətinin Kosovanın müstəqilliyini tanımasına baxmayaraq, Avropa Birliyinin bir neçə üzvü bu yolu özü üçün məqbul saymadı. Bu dövlətlərin Kosovanın müstəqilliyini tanımamasının səbəbi onların ərazi bütövlüyü prinsipinin imperativliyini qəbul etmələri deyil. Yeganə səbəb bu ölkələrin özlərində separatizm meyillərinin güclü olmasıdır.

Başqa bir misal da çəkə bilərəm. Kosovanın müstəqilliyi məsələsində vahid mövqeyi olmayan Avropa Birliyi, Kataloniya separatçıları ilə mübarizə aparan İspaniya hökumətini birmənalı dəstəklədi.

44 günlük müharibəyə qədər Qarabağ problemi postsovet məkanında Moskvanın təkbaşına moderatorluq edə bilmədiyi və birbaşa cəlb olunmadığı yeganə münaqişə idi. Bunun da əsas səbəbi münaqişə bölgəsində Rusiyanın hərbi qüvvələrinin olmaması idi. Bu gün Rusiya Qarabağ münaqişəsinin ən azı cari vəzyyətinin nizamlanmasına təkbaşına moderatorluq etmək imkanını əldə edib. Daha dəqiq desək, bu imkanı Rusiyanın əlinə biz özümüz vermişik. Onu da nəzərə almalıyıq ki, Rusiya Cənubi Qafqazda heç bir dövləti, o cümlədən Türkiyəni də özünə şərik kimi görmək istəmir.

İndi biz yeni bir mif yaradıcılığı ilə məşğuluq. İddia edirik ki, Qarabağ münaqişəsinə son qoyulub, məsələ qapadılıb, status məsələsi “gorbagor” olub. Özümüzü və başqalarını bu mifin həqiqiliyinə inandırmağa çalışırıq. Sülh sazişinin imzalanmaması, Ermənistanın, Rusiyanın bu tezislə hal-hazırda razılaşmaması elə bir ciddi problem deyil. Təhlükə ondan ibarətdir ki, cəmiyyətdə tam və mütləq qələbənin qazanılması illüziyasını yaratmaq üçün rəsmi Bakının insanları inandırmağa çalışdığı bu mifin gerçəkləşəcəyinə təminat yoxdur. Bu çox böyük təhlükədir.

Rəsmi səviyyədə olmasa da, ekspertlər daha bir mifin yaradılması istiqamətində gecə-gündüz çalışırlar. Paşinyanın hakimiyyətdə qalması Azərbaycanın maraqlarına cavab verir. Çünki zəif Paşinyanın güzəştlərə getməsi ehtimalı çox böyükdür. Ağlabatan ehtimaldır. Amma bir ritorik sualım var: Qarabağda bizim razılığımızla Rusiya qoşunları yerləşdirildikdən, Moskva münaqişənin həllinə təkbaşına moderatorluq etmək imkanını qazandıqdan sonra Paşınyan kimə güzəştə gedəcək – Putinə, yoxsa Əliyevə?! Arxasınca heç də ritorik olmayan suallar gəlir: Putin Paşinyanın ona edəcəyi güzəştlər əvəzində Əliyevdən nələri tələb edəcək? Əliyevdən tələb olunanlar nə dərəcədə Azərbaycanın maraqlarına cavab verəcək? Biz ən azı yaxın perspektiv üçün Qarabağ münaqişəsinin həlli açarını Putin Rusiyasının əlinə vermişik. Yaxın gələcəkdə nə baş verəcəksə, ilk növbədə Rusiyanın maraqlarına cavab verəcək.

Nitşenin fikrincə, insanlar əsasən gələcək üçün deyil, keçmişlərini qorumaqdan ötrü yaşayır və çalışır. Əliyev də əslində bu prinsipi rəhbər tutaraq yaşayır. O, nəzərə almır ki, 44 günlük müharibənin nəticələri artıq dünənin reallıqlarıdır. Bu günün və sabahın gerçəkliklərini isə Əliyevin istəyi və onun xalqı inandırmaq istədiyi miflər deyil, Rusiyanın Qarabağdakı hərbi-siyasi mövcudiyyəti müəyyənləşdirəcək. İnsanlarda gerçəkləşməsi çox dumanlı olan miflərə inam yaratmaqla Azərbaycan prezidenti Paşinyanın qurbanı olduğu səhvi təkrarlaya bilər. Erməni xalqı 1994-cü ildə atəşkəs rejimi haqqında razılaşmadan keçən dövr ərzində “Qarabağ münaqişəsi artıq həll olunmuşdur” mifinin mütləq həqiqət olduğuna inandırılmışdı. Ona görə də siyasi liderlər bu mifdən doğan gözləntilərə cavab verməyən hər hansı bir sülh variantını ölkə daxilində müzakirə predmetinə belə çevirə bilmirdilər. XlX əsrin ən böyük diplomatlarından biri Şarl Moris de Taleyranın sözlərinə görə, siyasətçi xalqı elə şəkildə həyəcana gətirməlidir ki, ondan istədiyi kimi istifadə edə bilsin. Amma əsl siyasətçi özünün stimullaşdırdığı bu xalq həyəcanının əsirinə çevrilməməlidir. Bu həm həmin siyasətçini, həm də xalqı uçuruma aparan yoldur. Yəni xalq həyəcanının səviyyəsini, loru dildə desək, dozasını tənzimləməyi bacarmaq lazımdır. Əliyevin durmadan səsləndirdiyi “Qarabağ münaqişəsi artıq həll olunmuşdur” iddiası məhz gələcəkdə qarşılaşa biləcəyimiz gerçəkliyi əks etdirmədiyi üçün çox təhlükəlidir. Özü də bu gerçəkliyin mümkün konturlarını Azərbaycanla Ermənistan deyil, Rusiya müəyyənləşdirəcək. Ən azı yaxın gələcəkdə…

Bir sözlə, yaxın gələcəkdə bizi bütün qaydaları Putin Rusiyası tərəfindən müəyyənləşdirilən “qaydasız oyun” gözləyir. Sual oluna bilər ki, Rusiyanın caynaqlarından can qurtarmaq ehtimalı varmı? Var! Bunun üçün Rusiya XlX əsrin ortalarında olduğu kimi hansısa bir yeni “Krım müharibəsində” biabırçı məğlubiyyətə uğramalıdır. Bu halda Moskva özünü postsovet məkanının yeganə sahibi kimi aparmaq imkanını və istəyini itirəcək. 90-cı illərdə olduğu kimi.

Bu yeni gerçəklik isə özü ilə yeni oyun qaydaları gətirəcək…

(Rauf Mirqədirov Mənbə: bakuresearchinstitute.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar