Şənbə, 27 Fevral 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Heç nədən durub ASAN imzaya aylıq 2,5 manat ödəməliyik, yazdım, həyəcan təbili çaldım...” - Azər Həsrət

İllər öncə VÖEN açdırıb fiziki şəxs kimi sahibkarlıqla məşğul olmağa başlamışdım. Hər şey yolunda idi. Düzdür, bürokratiyası adamı bezdirirdi, amma idarə edirdik. Qısa müddət sonra Vergilər Nazirliyinin e-hesabata keçməsi işimizi xeyli yüngülləşdirmişdi. Artıq o idarənin yerini də unutmuşduq. Lakin Sosial Müdafiə Nazirliyi (keçmiş adı yadımdan çıxıb) bizi bezdirməyə, çərlətməyə davam edirdi. Vergilər e-hesabatı getdikcə təkmilləşdirməkdəykən Sosial Müdafiə yeni kağız hesabat forması icad etmişdi. Bu forma əvvəlkindən daha mürəkkəb, daha mənasız idi. Bəzən boş hesabat verəndə də o zırıltı kağızı sıfırlarla doldurmalı olurduq.

Nə isə, vaxt keçdi, Sosial Müdafiə də e-hesabata keçdi. Lakin bərabərində bir axmaq tələb də gətirdi. Ki, bu hesabatları yalnız ASAN imza ilə vermək olar! Yəni Vergilər Nazirliyi kimi sadəcə girişlə edə biləcəyimiz təqdirdə bizdən tələb edilirdi ki, yalnız ASAN imza alaraq o xidmətdən yararlanaq!

ASAN imzanın nə bəla olması haqqında yazmışdım o vaxtlarda. Sadəcə soyğunçuluq və əlavə problemdən başqa bir şey deyildi. Lakin işimin xatirinə məcbur olub onu da aldım. İstifadə etdim və günün birində bəlli oldu ki, ASAN imzaya görə möbil xidmətə aylıq daha 1 manat deyil, 2,5 manat ödəmək lazımdır. Heç nədən durub aylıq 2,5 manat – illik 30 manat ödəməliyik! Yazdım, həyəcan təbili çaldım, heç kim heç nəyi vecinə almadı və çıxış yolunu VÖEN-i dondurub ASAN imzanı da ləğv etməkdə gördüm! Gücüm yalnız buna çatdı bu gözəlim ölkəmdə!

VÖEN-i 3 illik donu bu yaxınlarda açıldı. Həm də yeni işlər başlamaq fikrim olduğu üçün düşündüm ki, alternativ olaraq e-imza alım, işə davam edim. İmzanı aldım. Problem yoxdur. 3 illiyi 36 manatdır, başqa ödəniş yoxdur. Həm də sifarişi onlayn edib uzağı 3 günə almaq olur. Bunu etdim və düşündüm ki, xoşbəxt olaram. Həm də zorla millətə sırınan ASAN imzadan canımız qurtular!

Amma sən saydığını say, gör fələk (oxu: bu ASAN imza adlı mərəti millətə sırıyan) nə sayır!

Bankda hesab açmaq lazım idi. İnternetdə arayıb axtardım, bəlli oldu ki, bunu onlayn etmək olarmış. Xeyli sevindim. Ancaq bu sevinc uzun çəkmədi! Bəlli oldu ki, onlayn hesab açma xidmətindən yalnız ASAN imza ilə yararlanmaq olarmış!

Lənət şeytana deyib üz tutdum banka ki, ata-baba qaydasıyla hesab açdırım. Bankda nə desələr yaxşıdır? Hesabı yalnız onlayn aça bilərsiniz! Bura gəlmək lazım deyildi. Durumu izah etdim, dedim ki, e-imzam varkən niyə ASAN imza tələb edirsiniz? Cavab bu oldu ki, “müəllim, məsələ bizlik deyil. Vergilər Nazirliyi belə tələb edir”!

İndi mən bankda hesab aça bilmədim. O ASAN imza adlı mərəti də almaq fikrim yoxdur! Vergi və sosial müdafiə üzrə hesabatlarımı da verə bilmirəm. Yəni belə çıxır ki, hansısa qanunların hansısa tələblərini yerinə yetirə bilmirəm!

Niyə belə olur? Məsuliyyətsiz və qanunlara sayğısız vətəndaşammı? Əsla elə deyiləm! Bu, mənim əxlaqıma, tərbiyəmə ziddir! Əslim-nəslim, əcdadımdan qalan qayda-qanuna görə, dövlətin bütün qanunlarını nöqtə-vergülünə qədər yerinə yetirən birisiyəm! Lakin dövlət də dövlət ola gərək! Dövlətin uyğun qurumları da mənim kimi vətəndaşı çərlətməyə gərək! Mənə zorla hansısa xidmətləri pulla satmaya gərək!

Kim edir bütün bunları? Və niyə edir? Məncə burda çox böyük korrupsiya var! Özü də illərdir davam edən uzun-uzadı bir korrupsiya zənciri var burda! Bütün göstəricilərinə görə bizi sevindirən, həmişə razı qaldığımız ASAN xidmətin adı altında antimilli ünsürlərin tətbiq etdiyi korrupsiya sxemini deşifrə etsək, çox böyük mətləblər aşkar olacaq! Burada o ASAN imzanın başında və arxasında duranlardan tutmuş mobil operatorlara qədər hər bir qurum və şəxs cavab verməlidir! Olmaz belə, vallah olmaz!

İndi kimsə çıxıb deyəcək ki, e-imza almazdın, ASAN imza alardın. İşin içini bilməyənlər belə deyə bilər. Lakin mən niyə istifadə etməyəcəyim bir xidmətə görə ayda 2,5 manat, üstəlik də xidmət zamanı siçan-pişik oyununa dönmüş SMS-lərin hər birinə görə 3 qəpik ödəməliyəm? E-imza belədir ki, 36 manatını verirsən, 3 il istifadə edirsən. Bu qədər sadədir məsələ!

Və bir də yeni nəsil şəxsiyyət vəsiqəsi! 2018-ci ilin sentyabrından verilməyə başlanan bu vəsiqə həm də e-imza üçün keçərli olmalıydı! Prezidentin sərəncamı var bununla bağlı! Üstəlik də bəhbəhlə təbliğatı aparılıb! Mən də məhz 2018-ci ilin sentyabrında o vəsiqəni almışam! Üstündə e-imza üçün gərəkli təlimatlar və giriş bilgiləri də verilib! Lakin aradan 2 ildən də artıq vaxt keçib, xidmət işləmir!

Kimdir bütün bunları əngəlləyən! Yenə də ASAN imza çetesi! Yenə də ASAN imzadan hansısa mənhus məqsədlər üçün istifadə edib ölkədəki inkişafı əngəlləməklə məşğul olan korrupsionerlər! Ona görə də deyirəm ki, cənab Prezident artıq bu çete ilə məşğul olmalıdır. Əks təqdirdə Azərbaycanın sürətli inkişafına pəl vurmağa davam edənlər daha da əl-qol açacaqlar. Bu isə vətəndaşın narazılığını getdikcə artıracaq!

Yeri gəlmişkən, mən bu sətirləri yazarkən sosial mediada qarşıma çoxsaylı narazılıq paylaşımları çıxdı. Ön cəbhədə olan, qışın bu soyuğunda atdığı hər addımda ayağının altında mina partlayacaq hərbiçilərimizin maaşları endirilib. Daha doğrusu, savaşdan əvvəlki məbləğə qaytarılıb. Adamlar rəsmən ölümlə üz-üzədirlər. Özü də hər saniyə! Amma hansısa ağıllı onların maaşını endirir! Heç şübhə etmirəm ki, o “ağıllıların” heç bir əzizi, yaxını müharibənin yanından da keçməyib. Heç indi də oralarda deyil onların yaxınları! Ona görə də belə bivec davranış sərgiləyirlər və adını da qoyurlar ki, Prezident belə istəyir!

Elə ASAN imza fırıldağı da Prezidentin adından edilir! Mənim bildiyim, tanıdığım İlham Əliyev belə şeylər edərmi? Əsla etməz, əsla! Sadəcə ona bu xəbərləri çatdırmaq lazımdır ki, bir göstərişlə bu fırıldaq çetesini silib atsın! Amma Prezidentin də ətrafında elə çəmbər qurublar ki, bizim bir sözümüz də ona çatmır, çatan da deyil!

Nə edək, necə edək? Niyə bizim sözümüz Prezidentə çatmamalıdır? Özü də bizim kimi illərini onun yolunda xərcləmiş və xərcləməyə davam edən adamların sözü Prezidentə çatmırsa, sadə vətəndaş nə etsin onda? Axı bizim kimi ictimai rəydə olan adamların səsi tez və rahat çatmalıdır ölkə başçısına. Çatmır! Çatdıra bilmirik! Çünki bizim önümüzə daşdan divar hörüb Prezidentlə təmaslarımızı mümkünsüz ediblər!!!

Sonda: Başlıq heç kimi çaşdırmasın. Əslində Prezident İlham Əliyev bizi eşitməyə həmişə hazırdır. Şəxsən özü şəxsimizə bunu deyib. Özü də təkidlə deyib ki, cəmiyyəti narahat edən problemlər haqqında danışın, yazın ki, mən də hər şeydən xəbərdar olum. Biz də elə edirik. Lakin dediyimiz kimi, artıq ölkədə elə şərait yaradılıb ki, bizim Prezidentə demək istədiklərimizi onun eşidə bilməməsi üçün hər şey edilir! Bunu edənlərsə heç şübhəsiz Prezidentə xəyanət edirlər! Özü də o xəyanəti edənlər ölkə başçısının ən yaxınında olanlardır!

Sözardı: Ötən ilin fevral-mart aylarında Prezidentə 3 dəfə müraciətim oldu. Qəbulla bağlı. Bu günə kimi o müraciətlərin heç birinə formal cavab belə verilməyib. Bu isə bir daha sübut edir ki, Prezidentin ətrafında çəmbər hörülüb, bizimlə təmasları əngəllənir!

Lap sonda: Cənab Prezident. Sizin ötən ilin sentyabrında mənimlə bağlı verdiyiniz tapşırıq hələ də icra edilməmiş qalır. Bu işi icra edəcək şəxslərə dəfələrlə xəbərdarlıq etməyimə baxmayaraq…

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İlham Əliyev Paşinyanla təmaslarından danışdı: “Biz təsadüfən 1 dəqiqə liftdə olduq...”  

MN: Elxan İbrahimov vəzifəsinin icrasını davam etdirir - Yenilənib

Kəmaləddin Heydərovun qardaşı monopolistdir – FHN iş adamlarına niyə mane olur?

“65 yaşında pensiya çıxan şəxslər 6 il pensiya alacaqlar” - Ekspert

“65 yaşında pensiya çıxan şəxslər 6 il pensiya alacaqlar” - Qubad İbadoğlu

Yeni hərbi bölmələr yaradılır - Prezident açıqladı

Heydər Əsədov həbs edilir? - Mənimsədiyi yüz milyonlar büdcəyə qaytarılmalıdır...

“Azərbaycan generallarından biri əlini belinə qoyub dedi: “indi bu bizim ərazidir!” - BBC

“Ermənistanda revanşistlər hakimiyyətə gələrsə, Laçın dəhlizində...” - Azərbaycan üçün arzuolunmaz ssenari

Azərbaycanda "Evdə qal" karantin rejimi geri qayıdır? - Açıqlama

"Martda məktəblər yenidən bağlana bilər" - Açıqlama

İslahat dalğaları Kəmaləddin Heydərovun qapısına dayanır - FHN hissələrə ayrılacaq və ləğv ediləcək...

Ən çox oxunanalar