Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan mətbuatında böyük korrupsiya əməliyyatı - Bəs Əli Həsənov nə zaman cavab verəcək?..

Əgər mətbuatın əvvəlki kimi davam etməsi üçün yeni Əli Həsənovlar tapmağa ehtiyac duyulursa, o zaman medianı kökündən bağlamaq daha yaxşı olar. Çünki bu sistemə nəinki Azərbaycanın, heç bir ölkənin mətbuatı ikinci dəfə tab gətirə bilməz...

Mais Əlizadə yazır...
“Odatv” Türkiyə, 16 yanvar 2021-ci il

Azərbaycanı mətbuatı bu dəfə jurnalistlərin həbsi və ya hər hansı bir media qurumunun bağlanması ilə deyil, dövlətin mətbuata maliyyə dəstəyinin mənimsənilməsi və Prezidentin ayırdığı vəsaitlə jurnalistlər üçün tikilən evlərin paylanmasında korrupsiya faktlarının ortaya çıxması ilə çalxalanır.

Keçən yaydan bəri Baş Prokurorluğun apardığı istintaq çərçivəsində Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun (KİVDF) keçmiş rəhbəri Vüqar Səfərlinin həbsi bir sıra sualları da özü ilə gündəmə gətirib. Vüqar Səfərli kütləvi korrupsiya, mənimsəmə, jurnalistlərə mənzil paylanmasında qanunsuzluq və bir sıra mühüm ittihamlarla üz-üzədir. Baş Prokurorun açıqlamasına görə, Səfərlinin müdiri olan və 25 il müddətində ölkə prezidentin ictimai əlaqələr üzrə köməkçisi, eyni zamanda KİV-dən məsul olan Əli Həsənovun 29 noyabr 2019-cu ildə vəzifəsindən azad edilməsindən sonra başlanan istintaq məntiqi sonuca yaxınlaşır və həmin istintaqda da sabiq mətbuat şefinin adı keçir. Ehtimal var ki, istintaq orqanları onu yaxın zamanda dindirilməyə cəlb edəcək. Xatırladaq ki, keçən ilin iyul ayında “müalicə məqsədi” ilə Türkiyəyə gələn Həsənov oradan korrupsiya və mənimsəmlərlə bağlı sənədləri araşdıran jurnalistlərə çağırış edərək: “Məni və ailəmi dərdlərimizlə tək buraxmağınızı xahiş edirəm”, demişdi.

Mətbuat prezident tərəfindən maliyyələşdirilir

Zəngin bir jurnalistika tarixinə sahib olan Azərbaycanda mətbuat 2000-ci illərin başlanğıcına doğru maraqlı bir istiqamətə yönəldirildi. Hökumət tərəfindən maliyyələşdirilən qəzetlərdən başqa bütün qəzetlərin çapı dayandırıldı, veb saytların 95%-i nazirlərin və yüksək vəzifəli məmurların himayəsinə verildi. Həmin media qurumlarını nazirlərin və ya yüksək çinli məmurların hər ay verdikləri büdcə ilə dəstəkləndiyi hər kəsə məlum idi. Səfərlinin rəhbərlik etdiyi Fond isə prezidentin ildə bir dəfə ayırdığı “mediaya dəstək vəsaiti”ni Əli Həsənovun verdiyi siyahıdakı qəzetlərin arasında bölüşdürürdü.

Digər tərəfdən, dövlət tərəfindən maliyyələşdirilən qəzetlərdə və saytlarda özəl şirkətlərin reklam yerləşdirməsi də Prezidentin köməkçisi Əli Həsənovun iradəsinə tabe idi. Prezidentin jurnalistlərə mənzil verilməsi qərarı ilə 2010-cu ildə tikilməyə başlanan ilk binadakı evlər 2013-cü ildə Mətbuat Şurası və Əli Həsənovun təsdiqi ilə paylanması isə böyük mübahisələrə və qalmaqallara səbəb oldu. Onsuz da villası və mənzilləri olan parlamentin, nazirliklərin və digər dövlət qurumlarının mətbuat katiblərinə “Jurnalistlər Binası”ndan mənzillər verilməsi tənqid olunarkən, eyni zamanda paylaşmadan narazı qalan jurnalistlər Həsənovun və onun ən yaxın adamı Səfərlinin prezidenti aldadaraq, evləri jurnalist olmayan və ya 3-4 yerdə evi olan vəzifəli şəxslərə, katibələrə və sürücülərə, həmçinin Həsənova yaxın olan şairlərə və qadın müəllimələrə verməsi ilə bağlı sübüutlar irəli sürdülər.

İstintaqdan Türkiyəyə qaçmışdı

Vəziyyət 2018-ci ildə daha da mürəkkəbləşdiyi üçün üçüncü və sonuncu binadan mənzillərin paylanması 2020-ci ildə dayandırıldı və ölkənin Baş Prokurorluğu hərtərəfli istintaq başlatdı. İstintaqa cəlb olunacağı iddia edilən Əli Həsənov da keçən iyul ayında “müalica məqsədilə” Türkiyəyə getmişdi. Lakin daha sonra Türkiyədə də rahat qala bilməyəcəyini anlayaraq BƏƏ-nin paytaxtı Əbu-Dabiyə qaçaraq, dünyanın ən bahalı xəstəxanalarından biri olan “Cleveland” xəstəxanasına yerləşmişdi. Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsi prosesi başladıqda bu məsələ də təbii olaraq gündəmin arxa planında qaldı. Lakin Vüqar Səfərlinin korrupsiya, mənimsəmə və vəzifədən sui-istifadə kimi ittihamlarla həbs olunması məsələni yenidən gündəmə gətirdi.

Bir zamanlar isə yüksək çinli məmur Əli Həsənov: “Ailə üzvlərimin ticarət işləri ilə fəxr edirəm”, demişdi.

Əli Həsənovun FETÖ keçmişi

7-8 il əvvəl az qala milyard dollarlıq sərvətinin siyahısı mediada əks olunduqdan sonra Əli Həsənov: “Ailə üzvlərimin ticarət işləri ilə fəxr edirəm”, demişdi və bundan sonra hər kəs dövlətin ən yüksək pilləlsində mövqe tutan bu şəxslə maraqlanmağa başladı, lakin dövlətə az qala meydan oxuyan Həsənova həmin vaxt heç kim toxunmadı. 2015-ci ildə FETO-nun Azərbaycandakı “Xəzər” televiziya kanalını ələ keçirən, ora öz oğlunu rəhbər qoyan və guya “FETO-nun məktəblərini dövlətin nəzarəti altına alaraq”, əslində, bütün məktəbləri ələ keçirən və qazancı mənimsəyən Əli Həsənov ictimaiyyətin bütün təzyiqlərinə baxmayaraq, bu işlərini 2019-cu ilin payızına qədər davam etdirdi. 29 noyabr 2019 tarixində işdən qovulduqdan sonra mən də daxil olmaqla, bir çox həssas jurnalist, “o fəxr etdiyiniz ailə biznesiniz özünüzə qaldı?”, sualını verdikdə Həsənov: “Oğlum hər şeyi geri qaytardı”, cavabını vermişdi. Lakin biz bu məsələni araşdırmağa davam etdikdə, o, ölkəni tərk edərək Əbu-Dabiyə köçdü.

Düz 25 ildir ki, Azərbaycanın dövlət səviyyəsindəki ən yüksək vəzifələrindən birini icra edən bu adam həmişə gülməli şeylərlə ictimaiyyətin gündəmində olub, lakin onun böyük sərvətinə heç məhəl qoyulmayıb. Məsələn, Avropa Şurasının Parlament Assambleyasının Azərbaycan üzrə keçmiş reportyoru və bir müddət Parlament Assambleyasında Sosialist Qrupun da rəhbəri olmuş isveçrəli Andreas Qrosun tənqidlərinə Əli Həsənov: “Qros həftələrlə duş qəbul etmir”, sözləri ilə cavablayaraq Strasburqun gözündə gülünc vəziyyətə düşmüşdü. Sərvəti ilə bağlı suallarımızı da “oğlum geri qaytardı”, sözləri ilə cavablaması da Həsənovun dövlət adamı olmadığını və buna görə də, dövlətə ciddi yanaşmadığını və ya dövlətlə oyun oynamağa çalışdığını ortaya qoymuş oldu.

Bəs indi nə olacaq?

Şübhəsiz ki, Azərbaycanın həqiqi jurnalistləri və ictimaiyyəti Vüqar Səfərlinin həbsindən sonra bu işlərin əsas günahkarı olan keçmiş media “şefi” Əli Həsənovun da istintaqa ifadə verməyə dəvət edilməsini gözləyir. Türkiyədə özünü hətta “vitse-prezident” kimi təqdim edən Əli Həsənov keçmiş məmur kimi hər şeydən əvvəl “ailə üzvlərimin ticarət işləri ilə fəxr edirəm”, sözlərinə görə məhkəmə qarşısında cavab verməlidir.

Media ilə bağlı yürüdülən siyasətin səhv olduğu əvvəldən açıq şəkildə görünsə belə, yenə də “zərərin yarısından dönmək də xeyirdir”, prinsipi ilə davranaraq, kökündən yanlış olan bu siyasətdən əl çəkilməlidir. Həmçinin, Azərbaycanın mətbuat ənənələrinə sadiq qalaraq azad ölkələrdə medianın inkişafı üzrə görülən işlər izlənilməlidir. Başqa sözlə, bütün media qurumları üçün şirkət mülkiyyəti və ya səhmdarlıq sistemi qəbul edilməli, reklam bazarı azad olmalı, nazirlər və yüksək vəzifəli şəxslər medianın maliyyələşdirilməsindən qəti şəkildə kənarlaşdırılmalı və maliyyə mənbələri şəffaf olmalıdır.

Əgər mətbuatın əvvəlki kimi davam etməsi üçün yeni Əli Həsənovlar tapmağa ehtiyac duyulursa, o zaman medianı kökündən bağlamaq daha yaxşı olar. Çünki bu sistemə nəinki Azərbaycanın, heç bir ölkənin mətbuatı ikinci dəfə tab gətirə bilməz.

Mətbuatın üzərindəki qandallar, əslində cəmiyyətin təfəkkürünə və şəxsiyyətinə vurulur və bu işləri qətiyyən pul və ev verməklə özaxarında yürütmək mümkün deyil. Məncə Uilyam Folkner bunu daha dəqiq ifadə edib: “Yazıçıya iqtisadi azadlıq lazım deyil. Ona kağız və qələm lazımdır. Mən bir az pul aldıqdan sonra qələmə alınan faydalı bir yazı nümunəsi görməmişəm”.

Azərbaycan islahatlar sahəsində yeni addımlar atarkən əvvəlcə prinsipdən başlamalıdır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar