Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin getməsi nələri dəyişəcək?

Bu gün Rusiya müxalifətinin lideri Aleksey Navalnı Moskvaya qayıdır. İndi nəinki Rusiya, hətta bütün dünya bundan danışır. Bəllidir ki, Navalnını Moskvada sürprizlər gözləyir. Lakin onun gəlişinin özü Kreml üçün ən acı və böyük sürprizdir. Və Moskva üçün ən pisi odur ki, Navalnı kəfənini boynuna salıb gəlir. Baxmayaraq ki, Rusiyanın siyasi hakimiyyəti onun ölümünü hamıdan çox istəyir. Hətta ötən il xüsusi xidmət orqanları Navalnını zəhərləyib öldürmək üçün plan işləyib həyata keçirdi.

Lakin Navalnı son anda Avropanın, konkret olaraq Almaniyanın müdaxiləsi nəticəsində kəfəni yırtdı. Ona görə də Aleksey Anatoliyeviç ölümdən qorxana oxşamır. Heç həbsdən də qorxmur. Navalnı yatıb-çıxan cayıllardandır. 2013-cü ildə Kremldəkilər onu 5 illik həbsə atmaq istədilər. Amma Aleksey cəmi bir il məhbusluq həyatı yaşadı. Beynəlxalq və ölkədaxili təzyiqlərdən sonra 2014-cü ildə 3,5 illik şərti cəza ilə onun həbsinə xitam verildi. Bundan sonra dəfələrlə Navalnı inzibati həbs cəzaları aldı. Lakin Vladimir Vladimiroviçin istəklərinə boyun əymədi. Rusiyanı korrupsiyadan və iyrənc idarəetmə sistemindən azad edəcəyini təkrar-təkrar söylədi. O, “Yabloko” müxalifət qanadının lideri və Korrupsiyaya qarşı Mübarizə Fondunun rəhbəridir. Ən əsası Navalnını ABŞAvropa dövlətləri güclü şəkildə dəstəkləyir. Ona görə də onun gəlişi Putin hakimiyyətinə əməlli-başlı başağrısı olacaq. Nəzərə alaq ki, bu il Rusiyada seçkilər ilidir. Rusiya parlamentinin aşağı və yuxarı palataları, eləcə də bütün yerli seçkili orqanlar avqust ayında yenidən formalaşacaq.

Beynəlxalq və yerli ekspertlərin fikrincə, bu il Rusiyanın siyasi hakimiyyəti dəyişəcək. Bunu Navalnının gəlişinə qədər proqnozlaşdıranlar var. Məsələn, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Segey Markov Yeni ilin ilk günündə dedi ki, “bu ilin payızında Vladimir Putin siyasi hakimiyyətdən yola salınacaq”.

Bu bəyanat Rusiyanın siyasi elitasında ildırım kimi çaxdı. Çünki Markovun Kremlə olan loyal münasibətini hamı yaxşı bilir. Ona görə də onun bu bəyanatı ciddi rezonans doğurdu. Qaragüruhçular həmən Sergey Aleksandroviçin üstünə düşdülər. Lakin Markovun fikirlərini dəstəkləyən və onu əsaslandıran qüvvələr də ortaya çıxdı. Qüvvələr nisbətində balans yarandığı üçün Markovun başı sağ qaldı. Ən maraqlısı o idi ki, rəsmi Moskva bu məsələyə heç bir reaksiya vermədi. Bu isə onu göstərir ki, Rusiyada qazanlar gizli qaynayır.

Nəzərə alaq ki, Rusiya Federasiyası siyasi dəyişikliyə hamilədir. Bunu artıq hamı deyir. Çünki Vladimir Putin siyasi və fiziki cəhətdən tükənib. Və hakimiyyətdə olduğu 22 il müddətində ona bəslənilən ümidləri doğrultmadı. Doğrudur, o, Rusiyanı dağılmaqdan xilas etdi. Müəyyən təsir imkanları yaratdı. ABŞ, Avropa və Şərqi Asiyaya müəyyən əzələ göstərdi. Lakin bundan artığına gücü çatmadı. Bu gün böyük Rusiya iqtisadi-siyasi, sosial problemlərin məngənəsində sıxılır. Əhalinin real gəlirləriində  son 3 ildə ildə elə bir ciddi artım qeydə alınmayıb. Lakin qiymətlər son 3 ildə ən azı 70-80 faiz artıb. Milli valyuta 20 faizə qədər dəyərini itirib. Üstəlik, ABŞAvropanın iqtisadi sanksiyaları Rusiyanın tamamilə əl-qolunu bağlayıb. Bu ilin payızındakı İkinci Qarabağ müharibəsi isə Rusiya hərbi gücü haqqında mifi dağıtdı. O boyda Rusiyanın hərbi arsenalı Azərbaycanın PUA-ları qarşısında aciz qaldı. Artıq Rusiya daha əvvəlki qüdrətli və qorxunc dövlət deyil. Ona görə də Rusiya siyasi dəyişikliyə getmək məcburiyyətindədir.

Amma hər halda Rusiyanı dəyişdirəcək lider Putin deyil. Çünki Vladimir Vladimiroviç nə bacardısa, Rusiya üçün etdi. Səhv ya düz, amma etdi. Putin əsl xarakter idi. Əsl lider idi. Amma, nə yazıq ki, o, bolşevik tərbiyəsinə, bolşevik təhsilinə və bolşevik baxışlarına malik bir lider idi. Hə, birdə onun baxışlarında xarakterik rus şovinizmi var. Bax, bu cür yanlış baxışlar Rusiya liderinə daha böyük zirvələr fəht etməsinə imkan vermədi. Əslində Putin, əyyaş və avantürist Yeltsinin siyasi xəttini davam etdirdi. Bir az cəsarətli, bir az qətiyyətli. Ona görə də Rusiyanın mövcudluğunu saxlamaq və ayağa qaldırmaq üçün yeni baxışlı liderə ehtiyac var. Bu lider Aleksey Navalnı da ola bilər, bir başqası da. Amma Aleksey Anotoliyeviçdə müəyyən “jilka” var. O, ən azından ABŞ təhsili alıb.

Yenə deyirəm, Putində liderə məxsus əksər xüsusiyyətlər var idi. Amma onun da təfəkkür problemi vardı. O, 22 illik hakimiyyəti dövründə feodal rus təfəkküründən uzaqlaşa bilmədi. Vladimir Vladimiroviç 22 il ərzində nəinki qonşuları ilə, hətta ABŞAvropa dövlətləri ilə güc dilində danışdı. Hamını və hər kəsi zorla təsir dairəsində saxlamağa çalışdı. Heç bir dövlətin arzu və istəklərini nəzərə almadı. Eyni zamanda, öz potensialını da düzgün qiymətləndirmədi.

Bir anlığa yada salaq. Boris Yeltsin keçmiş SSRİ və digər sosialist ölkələri təsir dairəsində saxlamaq üçün əksər ölkələrdə milli münaqişə ocaqları qaladı. Azərbaycanda, Gürcüstanda, Moldovada, Yuqoslaviyada və digər ölkələrdə yaradılan münaqişələr təəssüf ki, 30 ildir davam edir.  Putin özünün 22 illik hakimiyyəti dövründə bu siyasəti davam etdirdi. Rusiya üçün əzəli dost və qardaş Ukrayna da yuxarıda sadaladığımız ölkələr sırasına qatıldı. Hələ Rusiyanına Liviyada, İraqda, Suriyada və digər münaqişə yaşayan ölkələrdəki sərgilədiyi mövqeləri demirəm. Rusiya hər zaman axına qarşı üzür. Və bütün dövlətlərlə güc dilində danışır. Ən pisi odur ki, Moskva kimləri müdafiə etdiyini sanki dərk etmir. Kremlin müdafiə etdiyi hakimiyyətlər nəinki dünya tərəfindən, eləcə də yerli xalqlar tərəfindən lənətlənir.

Bütün bunlar Rusiyanı təbii ki, nüfuzdan saldı, iqtisadi və hərbi gücünü azaltdı. Nəticədə Rusiya dünya ilə üz-üzə qaldı.

Bu gün hər bir böyük dövlətin digər dövlətlərə yanaşmasında müəyyən işıqlı nüanslar var. Məsələn, Avropa getdiyi ölkəyə demokratik dəyərlər vəd edir. ABŞ dünyanı öz milli valyutası ilə özünə cəlb edib. Yaponiya yüksək texniki nailiyyətləri ilə sevilir. Çin isə özünün nəhəng iqtisadiyyatı ilə dünyada sanki bir hörümçək toru qurub.

Dediyim kimi, bu böyük dövlətlər digər dövlətlərə yaxşı nəsə verir, ən azından nəsə verəcəyini vəd edir. Amma Rusiya heç bir dövlətə yaxşı heç nə vəd etmir. Bütün dövlətlərlə güc dilində danışır. Bu isə Rusiyanı zəiflədir, tənhalaşdırır.

Onda belə bir sual ortaya çıxır: Rusiyanın dağılması dünyaya və Azərbaycana sərf edir, yoxsa yenilənməsi. Mən qətiyyətlə deyirəm: Rusiyanın dəyişməsi gözəl olardı. Ola bilsin kimlərsə mənim subyektiv fikrimlə razılaşmasın. Ona görə də fikrimi əsaslandırım. Nə vaxtsa bir şeyir oxumuşdum. Orda deyilirdi ki: “Söyüdün sınması fəlakət deyi, Palıd yıxılanda Yerə zərbədir”. Bəli böyük  dövlətlərin dağılması hər zaman sivilizasiya üçün yeni problemlərə yol açıb. Məsələn, SSRİ-nin dağılması dünyanı inkişafdan ən azı 15-20 il geri saldı. Və bəşəriyyətə çoxsaylı problemlər gətirdi. Həmin problemi yaşayan ölkələrdən biri də Azərbaycandır.

Rusiya dağılarsa, bunun ən pis təsiri olacağı ölkələrdən biri Azərbaycandır. Çünki pis-yaxşı ruslarla dinc qonşuluq şəraitində yaşayırıq. Rusiya qeyri-neft sektoruna ən böyük partnyorumuzdur. Rusiyada 1,5-2 milyon soydaşımız yaşayır. Və bu soydaşlarımızın 60-70 faizi Azərbaycan vətəndaşıdır və bu ölkəyə çörəkpulu dalınca gedib. Və bu insanlar ildə ən azı 1 milyarda dollar Azərbaycana pul göndərirlər. Nəticədə ölkə əhalisinin ən azı 10-15 faizi Rusiyadan gələn pul hesabına keçinib gedir. Əgər Rusiya dağılsa, Azərbaycan ildə bir neçə milyard dollar gəlirdən məhrum olacaq. Ən azı 1 milyon insan eyni anda Azərbaycana qayıdacaq. Hələ onu demirəm ki, stabil ölkə olduğu üçün Azərbaycana nə qədər qeyri-millətlər axın edə bilər. Və bunlar hansı sosial-iqtisadi problemlər yaradacaq? Bunu təssəvür belə etmək istəmirəm. Adi bir faktı xatırladım.

2007-ci ildə ABŞİran müharibəsi başlamaq üzrə idi. Başlamamışdı haaa, başlamaq üzrə idi. Cənubi Azərbaycandan Şimali Azərbaycana axın başladı. Və bir neçə aya daşınmaz əmlakın qiyməti Azərbaycanda bir neçə dəfə qalxdı. Bizdə də bilirsiniz də, bir dəfə qalxan qiymət bir daha enmir. O gündən bu günə Azərbaycandakı qiymətlər (gəlirlər yox haaa) Avropa səviyyəsinə qalxdı.

Ona görə də Rusiyanın dağılması yox, dəyişməsi bizə lazımdır. Sonda onu da deyim ki, məşhur görücü Vanqa da 2021-ci ildə siyasi dəyişikliklər olacağını, yeni liderin gələcəyini və Rusiyanın bundan sonra qüdrətlənəcəyini deyib. (Konkret.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar