Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Körfəzdəki sülh planı, İsrail və Türkiyə problemi... - Körfəzdəki saziş nəyin hissəsidir?

Türkiyənin vasitəçiliyi ilə Tehran və Riyad arasında ortaq məxrəc yaradılmalı və ABŞ-İsrail planlarına qarşı regional dialoq canlandırılmalıdır. Əks halda, gəminin sükanı Türkiyənin əlində olsa belə, başqalarının küləyinə görə yol getməli olacaq...

Onur Sinan Güzaltan
“Aydınlık” qəzeti, Türkiyə, 6 yanvar 2021-ci il

Qətərlə digər Körfəz ölkələri arasında əldə olunan razılaşmanı qonşular arasındakı münaqişənin sadə bir həlli kimi qiymətləndirməklə tarixi və Körfəzin bölgədəki təsirini heçə saymış olarıq.

Körfəzin tarixi eyni zamanda, Əlcəzairdən Əfqanıstana qədər gedən qanlı vətəndaş müharibələri və bölgənin hər guşəsinə yuva salmış siyasi islamçı qrupların maliyyələşməsinin tarixidir. Bu səbəbdən, Körfəzdəki kiçik bir dalğalanma bütün İslam coğrafiyasına aid məsələ olur.

Körfəzin qanlı tarixi

Əlbəttə ki, Körfəz bu “tarixi rolu” əvvəlcə İngiltərənin nəzarəti altında, daha sonra da 1970-ci illərdən etibarən ABŞ imperializminin nəzarətində, onun yazdığı ssenarilərə uyğun oynayıb. Bölgənin yaxın tarixində bu ssenari ilk dəfə 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində Sovet hökumətinə qarşı əfqan qruplarının dəstəklənməsi ilə ortaya çıxdı. Nəticədə isə Taliban və Əl-Qaidənin yaranması, milyonlarla insanın ölümü və Mərkəzi Asiyanın ürəyi olan Əfqanıstanda davam edən qeyri-sabitlik baş qaldırdı.

Sonra da 1990-cı ildə Şimali Afrikada geniş yeraltı mənbələrə sahib olan Əlcəzayir qarışmağa başladı. Fransa və Səudiyyə Ərəbistanının əməkdaşlığı ilə ölkədə başlayan vətəndaş müharibəsi təxminən 10 il davam etdi. Təxminən 150 min insan həyatını itirdi. Əlcəzair hələ də müharibənin yaralarını sağaltmaqla məşğuldur.

Körfəzin ələ keçirdiyi başqa bir ölkə də Fələstin oldu. 1980-ci illərin ortalarında beynəlxalq dəstək alan və dünyəvi bir yol izləyən Fələstin hərəkatı siyasi islamçı qruplar tərəfindən bölündü. Nəticədə İsrailə qarşı müqaviməti zəiflədi. Bunun pərdə arxasında isə ABŞ-İsrail və Körfəzin maliyyə mənbələri dururdu.

Yaxın tarixlərə gəldikdə isə 2010-cu ildə ərəb dünyasında siyasi dalğalanmalar yaşanmağa başladı və Tunis diqqət mərkəzinə çəkildi. Həmçinin, “Ərəb Baharı” adı altında Liviyada süni bir vətəndaş müharibəsi başlandı. Nəticədə, ABŞ-Fransa və NATO-nun əli ilə Şimali Afrikada müstəqillik siyasətini həyata keçirən Müəmmar Qəddafi öldürüldü. Nefti ilə zəngin olan Liviya parçalanma ərəfəsinə gəlib çatdı. Körfəz ölkələri də Liviyadakı vətəndaş müharibəsini maliyyələşdirən əsas qüvvələr oldular.

Türkiyənin qonşusu Suriya da həmin dalğadan öz payını aldı. Ölkə, xüsusən də Hələb dünyanın hər yerindən gətirilən cihadçı dəstələr tərəfindən məhv edildi və beləcə, milyonlarla insan evindən köçməyə məcbur qaldı. Bu gün imperialistlər və əlaltıları zəifləmiş Suriyanı bölmək və 2-ci İsrail dövlətini qurmaq üçün pusquda gözləyirlər. Körfəz ölkələri cihadçı dəstələrin Suriyaya gətirilməsində və böyüdülməsində aparıcı rol oynayıblar.

Eyni prosesdə İraqı qana bulamış İŞİD və buna bənzər quruluşları izlədiyimiz zaman bir tərəfdə Vaşinqtonu, digər tərəfdə isə Körfəzi görmək mümkündür. Digər tərəfdən, Ərəb Baharı dövründə Tunis və Misirdə sinfi əsası olan xalq hərəkatları Hilari Klintonun sevimlisi olan Müsəlman Qardaşlar tərəfindən boğuldu. Qətər bütün müddət ərzində Qardaşları maliyyələşdirərkən, Dohada yerləşən “Əl-Cəzirə” televiziyası öz təbliğatını davam etdirdi.

Qətərin digər Körfəz əmirliklərinin gücünü təhdid edən Qardaşlığa verdiyi dəstək Körfəzdə bir qırılma yaratdı. Xülasə olaraq, ABŞ-ın dəstəklədiyi Körfəz ölkələrinin toxunduğu torpaqlara qan və qeyri-sabitlik düşdü. Lakin Körfəzin qanlı tarixi ilə yanaşı, həm də son razılaşmanın bir də real siyasi tərəfi var.

Körfəzdəki saziş nəyin hissəsidir?

Əvvəlcə qeyd edək ki, Qətərlə digər Körfəz ölkələri arasında əldə olunan razılaşmaya Tramp administrasiyası və xüsusən də, Trampın İsraili çox sevən kürəkəni Caredy Kaşner və onun məsləhətçisi Avi Berkovitz vasitəçilik edib. Beləliklə, əlimizdə bir ABŞ sülhü var.

2020-ci ilin ilk günlərində Tramp administrasiyası Əsrin Müqaviləsi adlı bir planı açıqlamışdı. Planın məqsədi Körfəz ölkələri başda olmaqla, Ərəb dünyası ilə İsrail arasındakı münasibətləri normallaşdırmaq idi. Həmçinin:

1. İsraili ərəb ölkələrinin düşməni olmaqdan çıxarmaq;

2. Fələstin mübarizəsini boğmaq;

3. Ərəb ölkələrini ABŞ və İsrail ilə birlikdə İrana və Türkiyəyə qarşı bloka daxil etmək.

Körfəzdə Birləşmiş Ərəb Əmirlikləri plana daxil olan ilk ərəb ölkəsi oldu. 13 avqust 2020-ci ildə İbrahim müqaviləsi imzalanıb. Bəhreyn və Omanla yanaşı, Çad və yeni Sudan rəhbərliyinin də İsraillə razılığa yaxın olduğu məlumdur. Ancaq bölgənin böyük ölkəsi olan Səudiyyə Ərəbistanı razılaşma ilə bağlı bir açıqlama verməməkdə israr edib.

Türkiyə və İranla yaxşı əlaqələri olan Qətər isə müqavilədən kənarda qalıb. Dekabr ayının əvvəlində Kaşner və komandası prosesi sürətləndirmək üçün ikinci bir Körfəz turuna çıxdıqda digər Körfəz ölkələri və xüsusən də Səudiyyə Ərəbistanı ilə razılaşdığı bildirilən Qətərə səfər etdilər.

9 dekabrda “Körfəz ölkələri Qərbin çəkdiyi sərhədləri keçə bilərmi?” başlıqlı yazıda Kaşnerin səfərinin məqsədini aşağıdakı maddələrlə ümumiləşdirdim:

1. Qətər ilə digər Körfəz ölkələri arasındakı münasibətləri normallaşdırmaq;

2. Doha ilə Tehran arasındakı münasibətləri zəiflətmək;

3. Qətəri Əsrin Müqaviləsinə daxil etmək.

Bir sözlə, bu gün dəqiq məzmununu bilməsək də, ABŞ-ın vasitəçiliyi ilə Vaşinqton-Təl-Əviv arasında Əsrin Müqaviləsi həyata keçirilməyə başlanılıb. Həmçinin, bəzi Misir mənbələrinin dediyinə görə, ABŞ-ın vasitəçiliyi ilə bağlanan “razılaşma” İranı mühasirəyə almaq məqsədi daşıyır və Misirin bu işdən heç bir qazancı yoxdur.

Körfəzdəki saziş və Türkiyə

Türkiyənin Qətərlə iqtisadi və hərbi cəhətdən güclü münasibətləri var. Digər tərəfdən, ilk növbədə Körfəz ölkələri də daxil olmaqla, Birləşmiş Ərəb Əmirlikləri bölgədə Türkiyəyə qarşı bir siyasət yürüdür.

Bəllidir ki, Türkiyənin müttəfiqi olan Qətər və Türkiyə əleyhinə olan digər Körfəz ölkələri arasındakı münasibətlər normallaşıb. Qətərin bu razılaşma müqabilində ABŞ-a və digər Körfəz ölkələrinə verdiyi vədlər hələ də mətbuatda öz əksini tapmayıb.

Bölgədəki mənbələrin dediyinə görə, ilk mərhələdə Dohada yayımlanan və ərəb dünyasında böyük nüfuza sahib olan “Əl-Cəzirə” televiziyası Misir və digər Körfəz ölkələri əleyhinə xəbər hazırlamağa son qoyacaq.

Lakin qarşıdakı dönəm üçün bəzi suallar meydana çıxır:

1. Körfəzdə sülh qarşılığında Qətər Türkiyə ilə münasibətlərini dəyişdirəcəkmi?

2. Qətərin İranla əməkdaşlığı davam edəcəkmi? (İki ölkə enerji sahəsində və xüsusən də Fars körfəzindəki Cənubi Pars Təbii Qaz Sahəsində geniş əməkdaşlıq aparır)

3. Qətərin Müsəlman Qardaşlara dəstəyi davam edəcəkmi?

4. Qətərin Suriya siyasətində hansı dəyişikliklər olacaq?

Ehtimallar isə təxminən belədir:

1. Körfəz sülhü qarşılığında Qətərlə Türkiyənin münasibətlərində mənfi hadisələr baş versə, Türkiyənin Körfəzdəki hərbi fəaliyyəti zəifləyəcək və iqtisadi planda anlaşmazlıqlar yaranacaq.

2. Əgər Körfəz sazişində Qətər-İran münasibətlərini pozacaq müddəalar olsa, o zaman Türkiyənin bu məsələdəki mövqeyi çox önəmli olacaq. Bu nöqtədə, İrandan uzaqlaşan Qətərlə bağlı Türkiyənin siyasəti də Türkiyə-İran münasibətlərinə təsir göstərəcək.

3. ABŞ administrasiyası Qətər-Körfəz sülhü yolu ilə Türkiyə-Səudiyyə Ərəbistanı və hətta Türkiyə-Misir arasında Vaşinqtonun vasitəçiliyi ilə bağlanacaq bir müqaviləni Ankaranın qarşısına qoya bilər. Bunun qarşılığında isə Ankaradan Tehranla münasibətlərində geri addım atmasını tələb edə bilər.

Qətərlə digər Körfəz ölkələri arasında vasitəçiliyin ABŞ tərəfindən həyata keçirildiyini nəzərə alsaq, sonuncu variant daha da güclənir.

Aydın məsələdir ki, belə bir təklifə müsbət yanaşmaq həm daxildə, həm də xaricdə baha başa gələcək. ABŞ-ın sülhü altında bir tələ qurulduğunu başa düşmək heç də çətin deyil. ABŞ-ın tələlərindən xilas olmağın yolu, görünür, Ankaranın Qahirə ilə qısa zamanda birbaşa əlaqə yaratmasından və ABŞ-la, Birləşmiş Ərəb Əmirlikləri ilə bəzi məqamlarda ziddiyyətləri olan Riyadla danışıqları artırmasından keçir.

Növbəti addım isə Türkiyənin vasitəçiliyi ilə Tehran və Riyad arasında ortaq məxrəcin yaradılması və ABŞ-İsrail planlarına qarşı regional dialoqun canlandırılması olmalıdır. Əks halda, gəminin sükanı Türkiyənin əlində olsa belə, başqalarının küləyinə görə yol getməli olacaq.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar