Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada koronavirus böhranı – CNN həyəcan dolu reportaj yayıb

ABŞ-ın məşhur CNN kanalı Rusiyada koronavirusla əlaqədar ciddi böhran yarandığı, ölənlərin sayının rəsmi hesabatlarda göstərdiyindən daha artıq olduğu haqda reportaj yayıb. Novator.az saytı reportajın mətnini ingiliscədən tərcümə edərək oxucuların diqqətinə çatdırır.

Xəstəxana palatasında cansız cəsədin əl-ayağı xərəkdən sallanır. Bir neçə addım kənarda isə koronavirusa yoluxmuş xəstələr sağ qalmaq uğrunda mübarizə aparırlar. Yaşlı qadın güclə nəfəs alır. Onun ümidsiz xırıltısı Rusiya xəstəxanalarında telefonla çəkilmiş bir çox ürəkağrıdan videodan birinin qəmgin fon musiqisinə çevrilib.

“Bizim gecələrimiz bax belə keçir: dəhşətli!” – kadrlardan bəhs edən adam deyir. Bu kadrları CNN-ə Rusiyanın müxalifyönlü, məşhur “Doctors Alliance” həkimlər birliyi təqdim edib. Birliyin verdiyi məlumata görə, kadrlar oktyabr ayının ortalarına aiddir, onu Moskvadan təxminən 500 mil şərqdə yerləşən Ulyanovsk şəhərində xəstəxana işçilərindən biri çəkib.

“Daha iki nəfər aşağıdakı palatamızdadır” – xəstəxana işçisi meyiti lentə ala-ala deyir. “COVİD-19 hər kəsi bax belə öldürür”.

Bu dəhşətli video CNN-ə göndərilən, xəstə ilə dolu klinikalardakı bərbad vəziyyəti ortaya çıxaran bir neçə videodan sadəcə biridir. Bəzi kadrlarda kirli döşəmədə üst-üstə qalanmış çılpaq meyitlərlə dolu morqlar əks olunur. Elə bil çəkiliş xəstəxanada yox, müharibə zonasında aparılıb.

Rusiyanın pandemiyanı cilovlamağa çalışdığı bir zamanda ortaya çıxan bu videolar həm də faktiki ölüm sayının rəsmi statistikada göstəriləndən qat-qat artıq olduğuna işarədir.

Rusiya rəsmiləri 16 noyabradək ölkədə 33 min nəfərin COVİD-19 virusundan öldüyünü bildiriblər. Tənqidçilər isə bu rəqəmlərə şübhə ilə yanaşır, rəsmi Moskvanın ölüm sayını az göstərdiyini deyirlər.

“Mənim fikrimcə, əslində ölüm sayı təxminən 130 minə bərabərdir” – keçmiş dövlət məmuru Aleksey Rakşa deyir. O, pandemiyanın səbəb olduğu itkiləri qiymətləndirmək üçün rəsmi məlumatlar əsasında fərqli qaydada, özünəməxsus şəkildə hesablamalar aparıb. Rakşanın sözlərinə görə, ölüm sayı bəlkə 130 mindən də çoxdur.

Yerli reyestrlərdən əldə edilmiş məlumatlardan yararlanan Rakşa təxmin edir ki, Rusiyada aprel-noyabr aylarında haradasa 160 mindən 170 min nəfərədək adam ölüb.

O, bu ölüm hallarının təxminən 80%-ni COVİD-19 infeksiyası ilə əlaqələndirir. Bu, Qərb ölkələrində dərc edilən bənzər statistikalardan götürülmüş orta göstəricidir.

Rusiyanın statistika agentliyi “Rosstat”ın məlumatlarına əsasən, 2020-ci ilin aprel-sentyabr aylarında ölkədə ölüm hallarının sayı ötən illə müqayisədə təxminən 117 min nəfər artıb. Bu dövrdə COVİD-19 infeksiyasından ölənlərin sayı rəsmən 21 min nəfər göstərilir.

“Rosstat” oktyabr və noyabr ayları üzrə məlumatları hələ açıqlamayıb, ancaq ölkənin koronavirusla mübarizə mərkəzinin verdiyi rəsmi hesabatlara görə, infeksiyanın yayılması sürətlə artıb.

Rakşa qeyd edir ki, “Rosstat” koronavirusun səbəb olduğu ölüm hallarının hesablanması qaydasını ictimaiyyətə açıqlayandan sonra o, bu təşkilatdan ayrılıb. Hadisə iyul ayında baş verib. Rakşa iddia edir ki, rəsmi rəqəmlərlə öz hesablamaları arasındakı uyğunsuzluq Rusiya hökumətinin koronavirusdan ölənləri təsnif etmə qaydasındakı qüsurlarla bağlıdır.

Onun sözlərinə görə, “Rosstat” dörd səviyyəli təsnifat sistemindən istifadə edir. Agentliyin saytında verilən məlumata əsasən, bu səviyyələr belədir: 1. Ölümdən qabaq xəstədə COVİD-19 testinin nəticəsinin müsbət çıxması; 2. COVİD-19 virusunun ölümün əsas səbəbi olduğunun güman edilməsi, ancaq bunu təsdiqləmək üçün meyitin yarılmasına və əlavə araşdırmalara ehtiyac duyulması; 3. Virusun digər xəstəlikləri olan şəxslərin ölümünə səbəb olması; 4. COVİD-19 virusunun təsdiq edilməsi, ancaq ölümdə əsas amilin hesab edilməməsi.

“Qurbanların yalnız 1-ci səviyyəsi koronavirusdan ölənlər kimi qeydə alınır. Yəni xəstədə ölümdən qabaq koronavirus testinin nəticəsi müsbət çıxıbsa, bu hal COVİD-19 infeksiyasının səbəb olduğu ölüm kimi qeydiyyata daxil edilir” – CNN-ə verdiyi açıqlamada Rakşa deyir.

Rakşanın sözlərinə görə, digər üç səviyyədə ölüm halları rəsmi göstəricilərə daxil edilmir.

Rusiyanın Səhiyyə Nazirliyi, dövlət sanitar xidməti funksiyasını yerinə yetirən “Rospotrebnadzor” və “Rosstat” CNN-nin sorğularına cavab verməyib.

Rusiyadakı hesablama qaydası Dünya Səhiyyə Təşkilatının təlimatlarından fərqlidir. Həmin təlimatlarda bildirilir ki, “infeksiya ilə əlaqələndirilməyən aydın alternativ səbəb” olmadığı təqdirdə bütün ölümlər COVİD-19-un doğurduğu ölüm halı kimi nəzərə alınmalıdır.

Buna baxmayaraq, Rusiya hətta pandemiya ilə mübarizədə də başqa ölkələri qabaqlamağı bacarır. Avqust ayında Rusiyanın 3-cü mərhələ sınağına (bu, çox mühüm mərhələ sayılır) başlamamış “Sputnik V” adlı koronavirus vaksinini təqdim etməsi, beləliklə, virusa qarşı vaksin ortaya qoyan ilk ölkə olması böyük əks-səda doğurdu. Bir çox alimin şübhə ilə qarşıladığı bu vaksin hələ geniş istifadəyə buraxılmayıb.

CNN-ə Moskvanın konkisürmə üzrə dünya çempionatı üçün nəzərdə tutulmuş “Buz Sarayı” adlı stadionunda müvəqqəti qurulan, müasir tələblərə cavab verən, 1300 çarpayılıq koronavirus xəstəxanasına giriş hüququ verilib. Belə hüquq nadir hallarda verilir.

“Böhran mürəkkəb olsa da, ona nəzarət etmək mümkündür” – CNN üçün təşkil edilmiş ekskursiya zamanı baş həkim Andrey Şkoda deyib. “Bizim burada bütün zəruri diaqnostika avadanlıqlarımız, ultrasəs, anesteziya və süni tənəffüs aparatlarımız var”.

Göydən asılan və adətən, konkisürmə və ya buz xokkeyi yarışlarının nəticələrini əks etdirən nəhəng ekranda indi xəstələrə filmlər göstərilir.

Baş həkim bildirir ki, xəstəxana tamamilə rəqəmsallaşdırılıb. Hər xəstəyə üzərində ona aid bütün tibbi qeydlərin daxil edildiyi QR kodu olan qolbaq verilir.

“Bu, standart prosedurdur” – baş həkim Moskva və ətraf ərazilərdə göstərilən xidmət barədə CNN-ə deyir.

Çoxsaylı tibb müəssisələri şəbəkəsi vasitəsilə pandemiyanı tam nəzarətində saxlayan bir ölkə təsəvvürü yaransa da, bu ümidverici mənzərə xəstəxanalarda çəkilən və rəsmi statistikanın daha dərin təfsirini, o cümlədən bəzi tibb işçilərinin şahidliyini ortaya qoyan görüntülərlə ciddi ziddiyyət təşkil edir.

Ötən ay baş nazirin müavini Tatyana Qolikovanın infeksiyaya ən çox məruz qalmış beş regionda xəstəxana çarpayılarının 95%-dən çoxunun dolduğunu bildirməsi Rusiya hökuməti tərəfindən tibb müəssisələrinin üzərinə düşən yükün artmasına dair etiraf idi.

Rusiyanın cənub-qərbindəki Saratov vilayətində çalışan, təcili yardım maşını sürən bir şəxs işdən çıxarılmaqdan qorxduğuna görə anonimliyinin qorunması şərtiylə CNN-ə müsahibə verib. O, çalışdığı xəstəxanada nizamsızlığın hökm sürdüyünü bildirib: “Həkimlər hətta nəfəs almağa çətinlik çəkən yaşlı pasiyentləri qəbul etməkdən boyun qaçırırlar. Həmin insanlara deyirlər ki, onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur. Əsl səbəb isə palatalardakı yer çatışmazlığıdır”.

CNN-ə göndərilmiş başqa bir videoda meyitlə dolu ölüxana əks olunur və bir kişi dəhşətli görüntülər fonunda bunları deyir: “Biz burada çətin ki, bir yer tapa bilək. Bu, qorxulu filmlərə bənzəyir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar