Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dəyişən dünya və Baydenin Amerikası...

Dünyamız seçki kampaniyalarında çıxılan kürsülərdən bir cür, Ağ Evin pəncərəsindən isə başqa cür görünür...

Gassan Sherbil
“The Independent” qəzeti, 10 noyabr 2020-ci il

Zəfər qazanmaq böyük mükafat və ağır bir yükdür. Ona görə böyük bir mükafatdır ki, insanları məğlubiyyət hissindən azad edir. Lakin ona görə ağır yükdür ki, əsas məsələ bu qələbə ilə lazımi işlər görmək və zirvədən etibarlı şəkildə getməkdir.

Co Baydenin bir az bəxti gətirməmiş ola bilər. Çünki böyük mükafatı illər əvvəl ala bilərdi. İki dəfə yaxınlaşmağa çalışdı, ancaq hər ikisində də onu yox, başqalarını seçdilər. Ancaq o, təslim olmadı. Güc və iqtidar xəyalı insanın hüceyrələrinə sızan və oraya yerləşən bir xəstəlik kimidir. Baydenin şəxsi həyatı da heç asan olmayıb.

Taleyi onun yolunu dəfələrlə kəsib. İlk həyat yoldaşı, qızı və sonra da oğlu. Ümidini itirəcək qədər fərdi ağrısı və iztirabı var, ancaq gələcəyinin itirdikləri ilə birlikdə tükənməsinə imkan vermədi. Güclü inadkarlıqla gözlədi və ümid bəslədi.

Konqres və adminstrasiya da daxil olmaqla, hər vəziyyətdə ikinci sıranı alaraq yaşamağa davam etdi. Mövqeyinin, rolunun məhdud olmasından və həmişə birincinin işıqlandırılmasından­ narahat olmadı. Konqresdə, komissiyalarda və vitse-prezident vəzifəsində olarkən sənədlər, faktlar, siyasətlər, çəkişmələr və intriqalarla mübarizə apara bilirdi.

İştirak etdiyi iclaslarda masaya yumruğunu vuran adam deyildi. Həmçinin, hər zaman diqqət mərkəzində də olmayıb. Ancaq öz vaxtının da gələcəyini ümid edərək uzun illər səbr edərək özünü yetişdirdi. İndi 80 yaşına üç addım qalmış gözlədiyi an baş verdi.

Konqresdə və ya administrasiyada olduğu müddətdə, yəni təxminən 50 il ərzində Bayden bir-birinin ardınca gələn prezidentlərin vəzifə müddətlərinə, fərqli siyasətlərə, ABŞ-ın daxili parçalanmalarına və xaricdəki dalğalanmalara şahid oldu. ABŞ-ın Vyetnamdan məğlubiyyətlə getməsinə, Sovet İttifaqını zəiflətmək üçün girdiyi bahalı silah yarışına və “Qırmızı Ordu”nun qanını Əfqanıstan qayalarına tökmək səylərinə şahid oldu.

Həmçinin, ABŞ-ın daxildə demoqrafik, mədəni, iqtisadi və texnoloji dəyişikliklər səbəbiylə, xaricdə də dünya ilə birgə dəyişdiyini gördü. Berlin divarının yıxılmasını, Sovet İttifaqının tarix səhnəsindən çıxmasını şəxsən özü gördü. Dünyanın yeganə super gücü haqqında danışılanları eşitdi.

NATO-nun öz “inqilablarını” və piyonlarını Sovet dağıntılarından yetim kimi çıxan Rusiya Federasiyasının sərhədlərinə doğru göndərməsinə şahid oldu.

Yaxın Şərq İranın partlayışları və Səddamın sərgüzəştləri təsiri altında yanarkən və əzab çəkərkən həm də onun siyasəti və partiyası daxilində iştirak edirdi. Eyni şey Əl-Qaidə müharibəni ABŞ torpağına çəkməyə çalışarkən də baş vermişdi. Bu da tarixdəki ən güclü hərbi mexanizmi Taliban və Səddam rejimlərini devirən bir cəza kampaniyasına başlamağa sövq etmişdi.

İçəridə və xaricdəki bütün bu dəyişikliklərin fonunda uzun müddət gözləyən Baydenin son illərdəki şansından şikayət etməyə haqqı yoxdur. Məsələn, 4 il əvvəl Hilari Klintonun bəxti gətirsəydi, Bayden bu gün Ağ Evə köçməyə hazırlaşmazdı.

Bilirik ki, bəxt təkbaşına işə yaramır. Bayden bu mövzuda yaxşı işlər görüb. Demokratlar Partiyası daxilində bütün digər cərəyanları onu qəbul etməyə məcbur buraxan, mərkəzi bir zəmin yaradıb. Təklifləri hədsiz radikal olduğu üçün və mühafizəkar, yaxud da liberal kütlələrin narahatlığına səbəb ola biləcəyi üçün Ağ Evə çatacaq bir partiyanın parlaq siması kimi ortaya çıxıb.

Mərkəzdə və ya özünə yaxın bir nöqtədə yer seçdi. Özünü Donald Trampın Ağ Evdəki müddətini uzatmaqdan məhrum buraxmaq üçün fərqli və müxtəlif enerjiləri birləşdirən bir şəxs kimi təqdim etdi. Partiyasına qarşı da özünü ən yaxşı namizəd kimi təqdim edərkən, Trampın kölgəsində daha 4 çətin il keçirməmək üçün ən uğurlu variant olduğuna inandırmağı bacardı.

Həqiqət budur ki, Bayden üçün gözlənilməz bir fürsət də doğulmuşdu. O, ABŞ seçkilərə hazırlaşarkən koronavirus epidemiyası bütün dünyaya yayıldı və istisnasız olaraq hamını təəccübləndirdi. Elə bir neçə həftə ərzində pandemiyanın insanların gözlədiklərindən daha təhlükəli olduğu ortaya çıxdı. Dünya bir sıra humanitar və iqtisadi itkilərlə üzləşdi.

ABŞ da bundan öz payını alıb. Bu prosesin Ağ Evin ağası üçün tamamilə fəlakət olduğunu desək, heç də şişirtmiş olmarıq. Tramp tam da “ABŞ-ın öz hüquqlarını, firavanlığını və böyüklüyünü bərpa etdiyini” göstərən iqtisadi rəqəmlərlə seçicilərin qarşısına çıxmağa hazırlaşırdı ki, Covid-19 virusu iqtisadiyyatı, ölkəni və insanları böyük ümidsizlik mühitinə saldı. Laboratoriyalar dünyanı korona əsarətindən xilas edəcək bir vaksin kəşf edə bilmədiyi üçün Trampın üzləşdiyi çətinliklər də get-gedə artdı. 

Beləliklə, ABŞ və bütün dünya Tramp və Bayden arasında gedən sərt və uzun bir yarışa şahid oldu. İki rəqib partiyadan və iki fərqli ritorikadan olan adamları izlədik.

Tramp ABŞ-ı prezidentlərinin istifadə etdikləri ənənəvi ritorikadan fərqli şəkildə vuran bir fırtına kimi idi. Bunun əksinə olaraq, Bayden Vaşinqtonun ənənə və qurumlarının varisi kimi görünür. Lakin Bayden Ağ Evdə dünya xəritəsini açdıqda dəyişmiş dünyada dəyişən bir ABŞ dövlətinin prezidenti olduğunu kəşf edəcək.

Trampın ABŞ siyasətində və Ağ Evdə əsdirdiyi küləklər müvəqqəti deyildi. Baydenə qarşı yarışında qazandığı səslər də bunu göstərir. Xüsusən Amerika cəmiyyətindəki dərin parçalanmaları ortaya qoyduğu üçün bir çoxunun dilə gətirdiyi “trampizmin izlərini aradan qaldırmaq” məsələsi asan başa gəlməyəcək.

ABŞ da, dünya da dəyişdi. Bayden Trampı narahat edən “Çin yüksəlişi” və ya “Çin təhdidi” ilə necə mübarizə aparacaq? Seçkilərə girən və oradan yaralardan çox, uğurlarla çıxan Vladimir Putinlə necə rəftar edəcək?

Pandemiya və “İngiltərənin xəyanəti” ilə yaralanan Avropa ilə münasibətləri bundan sonra necə olacaq? Yaxın Şərq, qeyri-sabitləşdirmə siyasəti və nüvə xəyalları arasında dolaşan muzdlularla necə davranacaq?

Dünya kimi, Yaxın Şərq də dəyişib. İranın müdaxilələri sabitlikdən çox, qarşıdurma yaradarkən Türkiyənin rolu olduqca böyükdür.

Ərəb-İsrail səhnəsi son zamanlarda dərin dəyişikliklərə şahidi oldu. Körfəz Əməkdaşlıq Şurası dövlətləri əvvəlki hökumətlərdən və siyasətlərdən lazımi dərsləri alıblar.

Dünyamız seçki kampaniyalarında çıxılan kürsülərdən bir cür, Ağ Evin pəncərəsindən isə başqa cür görünür. Münasibətlərin gələcəyi barədə son sözü söyləyən də hər zaman maraqlar olur. Rəqəmlər hər zaman təhlil və sözlərin cazibəsindən daha dəqiq olur. Trampdan sonrakı ABŞ-ın necə formalaşacağını zamanla gözləyəcəyik.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Co Bayden ABŞ Tramp

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar