Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zəngəzurun itirilmə tarixi – Tarixçi alim maraqlı faktlar açıqladı

Tarixçi alim, professor Cəmil Həsənli Azərbaycanın tarixi ərazisi olan Zəngəzurun necə itirilməsindən yazıb.

Həmin yazını təqdim edirik:

“Zəngəzurla bağlı maraqlı bir hadisə olmuşdu. 1949-1954-cü illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri olmuş Nəzər Heydərov vəzifədən gedəndən sonra "Zəngəzur dağlarında” adlı öz xatirələrini yazmışdı. Lakin uzun müddət bu xatirələrin nəşr olunmasına Azərbaycan SSR DTK mane oldu. Qlavlit kitabın əlyazmasında ermənilərlə bağlı bir sıra "mübahisəli” hesab etdiyi, millətçilik sayıla biləcək məqamların olduğunu DTK-ya məruzə etmişdi.

Təhlükəsizlik Komitəsinin sədri Aleksandr Kardaşov isə bu barədə həmin dövrdə Moskvanın Azərbaycanda geniş səlahiyyətli nümayəndəsi olan ikinci katib Vladimir Semiçastnıya məlumat vermiş, 1960-cı il iyunun 13-də kitabın 354 səhifədən ibarət olan əlyazmasını Semiçastnın koməkçisi V. Kastryulinə göndərmişdi (Bax: A.Kardaşovun V.Kastryulinə məktubu, 13 iyun 1960-cı il, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Arxivi, Qovluq 110, vərəq 57).

Uzun mübahisələrdən və Zəngəzurla bağlı həqiqətlərin qol-qanadını qırandan sonra, yalnız Nəzər Heydərovun keçmiş xidmətlərinə güzəşt olaraq DTK kitabın Qlavlitin tənqidi rəyində göstərilən həqiqətlərdən "təmizlənmiş” variantının çapına icazə vermişdi. Yeri gəlmişkən yazıçı Əyyub Abbasovun 1956-1957-ci illərdə nəşr olunmuş iki cildlik "Zəngəzur” romanı da eyni taleyi yaşamışdı. Hər iki əsərin hətta DTK tərəfindən "ütülənmiş” variantından ermənilər Moskvaya çoxlu şikayətlər yazmışdılar.

Nədən ibarət idi o həqiqətlər? Uzun illər Zəngəzurda inqilabi iş aparmış köhnə bolşevik Nəzər Heydərov və orada doğulmuş Əyyub Abbasov Zəngəzuru olduğu kimi, türk yurdu kimi, Azərbaycanın ayrılmaz bir parçası kimi təsvir etmişdi. DTK-nı narahat edən də 1920-ci ildə Sovet hökumətinin əli ilə Ermənistana hədiyyə edilmiş Zəngəzurun Azərbaycan ərazisi, coğrafiyası, etnoqrafiyası kimi təqdim edilməsi idi.

Çox maraqlıdır ki, 1920-ci ildə Moskvanın Zəngəzuru Ermənistana verməsi hazırkı hərbi əməliyyatlarda Azərbaycana açıq siyasi, diplomatik və mənəvi dəstəyini ifadə edən Türkiyənin Bakıya quru yolunun bağlamaq məqsədi güdülür, daxili yazışmalarda 1918-ci ilin (Bakının qurtuluşunun) təkrar olunmaması üçün bu elə belə də ifadə edilirdi.

1920-ci ilin noyabrında Ermənistanın sovetləşdirilməsi ərəfəsində Bakıya gələn Stalin açıq şəkildə bildirmişdi ki, "Əgər bilmək istəyirsinizsə, Zəngəzur və Naxçıvan kimə məxsus olmalıdır, onları Ermənistanın indiki hökumətinə vermək olmaz, sovet hökuməti olanda vermək olar.” (Azərbaycan partiya və Sovet orqanlarının Bakıda keçirilən birgə iclasının 1 saylı protokolu. 9 noyabr 1920-ci il, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi (ARPİİ SSA), f.1, s.1, i.14, v.19). Halbuki, Stalin də, digər Qafqaz bolşevikləri də yaxşı bilirdilər ki, Rusiyada 1840-cı il inzibatı islahatı zamanı Zəngəzur Kaspi vilayətinə, 1867-cidə Yelzavetpol (Gəncə) quberniyası yarananda isə Şuşa, Cavanşir və Cəbrayıl qəzaları ilə birlikdə məhz Gəncə quberniyasının tərkibində olub, əhalisinin mütləq əksəriyyəti isə müsəlmanlardan ibarət olub.

XIX əsr ərzində böyük köç axınlarından sonra belə 1897-ci siyahıya alınmasına görə Zəngəzur qəzasının 137.871 nəfər əhalisinin 71.216 nəfəri (52,3 faizi) azərbaycanlı, 63.622 nəfəri (46,4 faizi) isə erməni idi. Lakin Zəngəzurda erməni əhalisinin bu artımı XIX əsrdə Cənubi Qafqaza İran və Osmanlı imperiyasından köçürülən ermənilər hesabına idi. XIX əsrin 60-cı illərinə qədər rus inzibatı orqanları Cənubi Qafqazda əhalini qeydə alanda ermənilərlə bağlı yerli və gəlmə terminlərindən istifadə edirlər.

Birinciyə bölmədə yerli ermənilərin, ikinci bölmədə isə gəlmə ermənilər qeydə alınırdı. Bu Zəngəzura da aid idi və əhali təsvirləri göstərir ki, Rusiya Qafqaza gələnə qədər Zəngəzurda erməni əhalisinin sayı çox aşağı idi. 1918-ci ildə Andronikin Zəngəzurda zühur etməsi qəzanın 40-a yaxın müsəlman kəndlərinin dağıdılması və əhalisinin didərgin düşməsi ilə nəticələndi. Yalnız ingilislərin razılığı ilə Xalq Cümhuriyyəti dövründə Xosrovpaşa bəy Sultanovun Qarabağ və Zəngəzurun general qubernatoru təyin edildikdən sonra qəzada vəziyyəti sabitləşdirmək mümkün oldu.

Yeri gəlmişkən, Xalq Cümhuriyyəti hökuməti dövründə Qarabağ kimi Zəngəzur qəzası da birmənalı olaraq Azərbaycanın tərkibində olub.

Zəngəzurun taleyində əsaslı dəyişiklik 1920-ci ilin aprelində Sovet RusiyaAzərbaycanı işğal etdikdən sonra başlandı. Bu gün Qarabağa münasibətdə Sergey Lavrovun etdiklərinin bir çoxun həmin dövrdə Sovet Rusiyasının Xarici İşlər Komissari Georgi Çiçerin edirdi. Ona görə Qafqazda olan azərbaycanlı, erməni, gürcü, rus və yəhudi bolşevikləri 1920-ci ilin iyul ayının 10-da birgə sənəd imzalayıb Moskvaya göndərdilər.

Orada deyilirdi ki, "Qafqazda inqilabın mənafeyinə zidd olan, Ermənistanla aparılan bəlli danışıqlarda Qarabağ və Zəngəzur məsələləri ilə bağlı vahid fikrimizi Mərkəzi Komitəyə bildirməyi öz borcumuz hesab edirik. Müsavat hökuməti dövründə Qarabağ bütövlükdə Azərbaycanın tərkibində olmuşdur. Qarabağ və Zəngəzurun Bakı ilə qırılmaz iqtisadi və mədəni birliyi bu vilayətlərdən olan on minlərlə fəhlədən qaynaqlanır və onların İrəvanla heç bir bağlılığınınn olmaması” yaxın keçmişin tarixi həqiqətidir. (Nərimanov, Mdivani, Mikoyan, Naneyşvili, Vesnik, Levandovski və Mixaylovun RK(b) P MK-ya məktubu. 10 iyul 1920-ci il, ARPİİ SSA, f.1, s.44, i.118, v.25). Lakin Çiçerin bütün vasitələrlə çalışırdı ki, Zəngəzuru mübahisəli ərazi kimi saxlasın.

O, 1920-ci ilin iyul ayının 8-də Qafqazdakı Sovet canişini Orconikidzeyə yazırdı: "Biz əla bilirik ki, Ermənistanın da sovetləşdirilməsi üçün zaman yetişəcək, lakin indi ona getmək tezdir. Ən başlıcası, indi nəyə nail olmaq olar, indi Qarabağ və Zəngəzuru mübahisəli yerlər elan etmək olar, bunun üçün isə Azərbaycan hökumətinin razılıq verməsi gərəkdir” (G.Çiçerinin Q.Orconikidzeyə teleqramı. 8 iyul 1920-ci il, Rusiya Dövlət Sosial Siyasi Tarix Arxivi (RDSSTA), f.64, s.1, i.17, v.60). Zəngəzurla bağlı Çiçerinin oyunları həmin dövrdə Azərbaycanda fəaliyyət göstərən erməni bolşeviki Anastas Mikoyanı belə hiddətləndirmişdi.

İyun ayının 29-da o, Orconikidzeyə yazırdı: "Biz Mərkəzin Qarabağ və Zəngəzura yönəlik siyasətindən hiddətlənmişik. Siz də həmçinin bizim nöqteyi-nəzərimizi Mərkəzin qarşısında qoyun. Biz Ermənistanla sülhün əleyhinə deyilik, lakin heç bir halda bu sülh Qarabağın və Zəngəzurun hesabına olmamalıdır”. (A.Mikoyanın Q.Orconikidzeyə teleqramı. 29 iyun 1920-ci il, RDSSTA, f. 64, s.1, i.17, v.134).

Zəngəzurun Ermənistana verilməsi ideyası məhz 1920-ci ilin noyabr ayının sonlarında gündəliyə gəldi. Orconikidzenin təbirincə belə bir addımın atılması strateji baxımdan iki məqsədə xidmət etməli idi. Birincisi, sovetləşmə prosesində erməni kommunistlərinin əlini gücləndirməli, ikincisi isə Türklərin Bakıya quru yolunu bağlamalı idi.

1920-ci ilin noyabr ayının 23-də Bakıdan qayıdarkən Postovdan Leninlə əlaqəyə girən Stalin Orconikidzenin Bakı üçün "narahatçılığını” ona bildirdi. Orconikidzenin məlumatına istinad edərək, Stalin qeyd edirdi ki, indi Bakı üçün əsas təhlükə türklərin Azərbaycanla ümumi sərhədlərə cəhd göstərmələrindən irəli gəlir və Orconikidze təklif edir ki, Zəngəzuru Ermənistana verilməklə türklərin niyyətlərinə mane olmaq lazımdır. Stalin özünün də bu təklifə tərəfdar olduğunu Leninə bildirirdi. (Stalinin bir başa xəttlə Leninlə söhbəti. 23 noyabr 1920-ci il, Rusiya Federasiyası Xarici Siyasət Arxivi (RFXSA), fond 04, siyahı 39, qovluq 232, iş 52987, vərəq 47).

Orconikidze məsələyə "hüquqi” don geyindirmək üçün məsləhət görürdü ki, Zəngəzurun Ermənistana verilməsi təklifi Moskvadan gəlməməlidir, bu ideya Nərimanovun dilindən səslənməlidir. (Bax: Баберовски Й. Враг есть везде. Сталинизм на Кавказе. С.237). Bu gün olduğu kimi həmin dövrdə İrəvana ezam olunmuş bir sıra rusiyalı "yoldaşlar” RSFSR Xarici işlər komissarı Çiçerinə məsləhət bilirdilər ki, "indi erməni xalqının mövcudluğu bilavasitə hərbi qüvvədən deyil, daha çox diplomatiyadan asılıdır. Partiya romantizmindən imtina edib, sərt realizmlə silahlanmaq lazımdır”. (İrəvandakı Sovet Rusiyasının diplomatik nümayəndəliyindən Xarici işlər komissarı Çiçerinə. Noyabr 1920, Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA), f. 28. s.1, i.38, v.15). Partiya romantizmindən sərt realizmə keçid isə bilavasitə Zəngəzurun Ermənistana verilməsi üzərində qurulmuşdu.

Məhz, Orconikidzenin "məsləhəti” və Moskvanın diktəsi üzrə Ermənistanın sovetləşməsindən vəcdə gələn Nərimanov İrəvanda bolşevik hakimiyyəti elan olunandan bir gün sonra, noyabrın 30-da Zəngəzurun Ermənistana verilməsi haqqında bəyanatla çıxış etdi və az sonra da çox ciddi peşmançılıq hissi keçirdi.

Nərimanovun bəyanatından iki gün sonra, 1920-ci ilin dekabr ayının 2-də imzalanan Rusiya-Ermənistan hərbi-siyasi müqaviləsində Zəngəzur qəzasının Ermənistanın tərkibinə keçdiyi mübahisəsiz fakt kimi tanınırdı. Halbuki az əvvəl keçirilən əhali sayımına görə, Zəngəzur qəzasında 123.095 nəfər müsəlman, 99.257 nəfər erməni yaşayırdı. (Zaqafqaziya respublikaları arasında mübahisə obyekti olan ərazilər.1 mart 1921-ci il, RDSSTA, f. 5, s.1, i.2796, v. 4).

Şübhəsiz ki, bu etnik mənzərə Zəngəzurun bir hissəsinin Azərbaycanda qalması üçün həlledici rol oynadı. Bütövlükdə, Azərbaycanın keçmiş Zəngəzur qəzasının 6742,92 kv.verst ərazisindən yarıdan çoxu, 405 min desyatin torpaq sahəsi Ermənistana verildi (Bax: ARDA, f.28, s.1, i.155, v.19-20). Beləliklə, Sovet Rusiyasının Türklərin Bakıya quru sərhədlərini və quru yolunu bağlamaq niyyətləri başa çatdı və uzun müddət daşnakların əldə edə bilmədiyi bu hədiyyə erməni bolşevik hökumətini daha da dayanaqlı etdi.

Azərbaycanın qədim torpaqları Ermənistan Rusiya münasibətlərində alver predmetinə çevrildi və sovetləşmənin ilk illərində Azərbaycan Ermənistan ərazilərinin genişləndirilməsi üçün donor rolunu oynamağa başladı. Erməni-bolşevik oyunların Zəngəzurun böyük bir hissəsinin itirilməsi ilə nəticələndi. Bolşevik eksperməntlərinin ilk illərində ermənilər tərəfindən ələ keçirilmiş Zəngəzurun ərazilərinin mərkəzi şəhəri olan Gorus son 30 ildə Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətində başlıca plasdarm rolunu oynayır”.(yenisabah)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar