Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyə və Rusiya qoşunları Cənubi Qafqazda bərabər hərəkət edə bilər”

Politoloq: “Minsk Qrupu reallıqlardan çıxış etməyə məcbur olacaq”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Dövlət başçıları telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Ölkə liderləri, həmçinin münaqişənin həlli ilə bağlı siyasi prosesin aktivləşdirilməsinin vacibliyini vurğulayıblar.

Ərdoğan Türkiyənin istər Minsk Qrupu daxilində, istərsə də ikitərəfli əlaqələr çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin dayanaqlı həllinin tərəfdarı olduğunu bildirib. Putin isə münaqişənin həllində Türkiyənin roluna ümid bəslədiyini qeyd edib.

Maraqlı məqam ondan ibarətdir ki, sentyabrın 27-də Ermənistanın növbəti təxribatı nəticəsində başlayan döyüşlərdən bu yana, ilk dəfə Ərdoğanla Putin bu məsələni müzakirə ediblər. AYNA-nın mövzuya dair suallarını politoloq İlqar Vəlizadə cavablandırıb.

- İlqar bəy, hərbi əməliyyatlar başlayandan sonra ilk dəfədir ki, baş verənlər Türkiyə və Rusiya rəhbərləri səviyyəsində müzakirə edilib. Həmçinin, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bugünlərdə verdiyi müsahibədə, münaqişənin həllində Türkiyənin rolunu yüksək qiymətləndirib. Qeyd edib ki, Moskva bölgəyə kənar qüvvələrin daxil olmasındansa, Ankara ilə əməkdaşlığı daha məqsədəuyğun hesab edir. Necə düşünürsünüz, artıq Rusiya Qarabağ məsələsində Türkiyə ilə hesablaşır?

- Əgər tərəflər arasında müəyyən dialoq varsa, deməli problemli məsələlər yarananda onu telefon vasitəsi ilə də həll etmək olar. Dialoq özü-özlüyündə yaxşı bir əlamətdir. Biz Suriyanın timsalında da gördük ki, tərəflər dəfələrlə yeni böhranın yaşanmasının astanasında olsa da, məhz dialoqlar vasitəsi ilə vəziyyətin normallaşmasına və tərəflərin sülhə yönəlməsinə şərait yaradıblar. Burada da fikir ayrılıqları, maraqların toqquşması və s. ola bilər ki, bu da təbii haldır. Yəni, burada həm Rusiyanın, həm də Türkiyənin istəklərindən söhbət gedir. Amma hər iki tərəf də başa düşür ki, regionda toqquşma yaratmaq tərəflərin heç biri üçün müsbət sonluqla nəticələnməyəcək və onların düşmənlərinə daha çox fayda verəcək, nəinki özlərinə. Ona görə də riskləri əvvəlcədən qabaqlamaq istəyirlər və konkret addımlar atmaq istəmirlər. Yəni söz, bəyanat və təkliflər olsa da, qəti addımlar yoxdur. Əsas məsələ də budur. Nə Rusiya qoşunları 102-ci bazadan çıxıb müəyyən istiqamətə doğru gedir, nə də Türkiyə qoşunları hansısa ərazilərə doğru hərəkət edir. Daha çox münaqişə tərəfləri bir-biri ilə mübarizə aparır.

- Proseslərin gedişini necə proqnozlaşdırırsınız? Məlum olduğu kimi, Dağlıq Qarabağa sülhməramlıların yerləşdirilməsi ilə bağlı təkliflər var...

- Bunu indiki vəziyyətdə dəqiqliklə demək olmaz. Əlbəttə ki, maraqlar göz önündədir və gələcəkdə bu ərazilərə sülhməramlılar yerləşdirilsə, Türkiyə də iştirak edəcək. Çünki Türkiyə də Minsk Qrupunun üzvüdür deyə, onlara da prioritet verilir. Necə ki, Suriyada Türkiyə və Rusiya qoşunları birgə hərəkət edir, Cənubi Qafqazda da edə bilər. Təbii ki, bu, gələcəyin işdir və sülhməramlıların yaxın günlərdə regiona gətirilməsini heç kim deyə bilməz. Çünki bölgəyə sülhməramlıların yerləşdirilməsi üçün Ermənistanla yanaşı, Azərbaycanın da istəyi olmalıdır. Azərbaycanın isə istəyi yoxdur. Məsələ yalnız ermənilərin istəyinə qalsaydı, indi Qarabağ onların əlində idi və ətraf rayonları da qondarma rejimin tərkibinə qatmışdılar. Ona görə də onların istəyini heç kim nəzərə almır.

- Ümumiyyətlə, Minsk Qrupundan imtina edib, 2+2 formatında fəaliyyət göstərmək mümkündür? Çünki Moskvada imzalanmış humanitar atəşkəsdə də format dəyişikliyi olmadı və əvvəlki format yerində qaldı. Ermənistan tərəfi də həmişə olduğu kimi, atəşkəsə yenə də əməl etmədi və Azərbaycandan adekvat cavabını aldı.

- Bu cür məqamlarda ən etibarlı mənbə həmişə prezidentlərin çıxışları olur. İndiki məqamda da ən dəqiq siyasi analitik bizim Prezidentimizdir. Prezidentin çıxışlarını izləyəndə də açıq mesajlar verildiyini, proseslər haqqında məlumatlar olduğunu bilmək olur. Prezident Minsk Qrupu ilə bağlı fikirlərində də onun fəaliyyətinin prinsipial əhəmiyyət kəsb etmədiyinə işarə vurdu. Çünki Minsk Qrupu 30 ildir fəaliyyət göstərməsinə baxmayaraq, real vəziyyətə heç bir təsir göstərməyib və sadəcə təkliflər verib. Hal-hazırda da real vəziyyət cəbhədə özünü göstərir.

- Siyasi məsələlərdə isə böyük dövlətlər əsas rol oyanır...

- Elədir. Amma bizim sözümüzü də artıq eşitməyə başlayıblar. Çünki dövlət başçısı Fransa Prezidenti Emmanuel Makronla yenidən danışdığını və son danışıqların normal olduğunu bildirdi. Bu, ona dəlalət edir ki, artıq Makron da anlamağa başlayıb ki, burada söz sahibi Azərbaycandır və Azərbaycan Ordusu status-kvonu dağıdıb, reallığı cəbhədə yaradıb. Minsk Qrupu isə bu reallıqlardan çıxış etməyə məcbur olan strukturdur. Reallığı yaradan da həm ordumuz, həm də beynəlxalq hüquqdur. Belə vəziyyətdə Minsk Qrupu özünü dağıtsa belə, bizə heç bir mənfi təsir etməyəcək. Əksinə, yenə də məcbur olub reallqıdan çıxış etməyə başlayacaqlar.

- Lakin Paşinyan ermənilərə müraciət edərək, faktiki olaraq baza prinsiplərini rədd elədiyini bildirdi. Bu gedişlə Minsk Qrupunun avtomatik buraxılmasını düşünmək mümkündür?

- Ona görə də deyirəm ki, aktual siyasi şərh yalnız Prezident tərəfindən verilir. Gedişat da onu göstərir ki, hər şey öz həllini tapandan sonra Minsk Qrupu daha lazım olmayacaq. Çünki bu qurum faktiki olaraq aktuallığını itirib. Paşinyan isə əslində Minsk Qrupunun etibarlılığını aşağı salır. Yəni biz göstərmək istəyirik ki, bu günə qədər Minsk Qrupu nə deyibsə, əməl etməyə çalışmışıq. İstər 5+2 rayon məsələsi, istər “Madrid prinsipləri”, istər “Kazan formatı”, istərsə də “Lavrov planı” olsun - hamısına “hə” demişik. Şərtləri qəbul etməyən Ermənistan olub. Paşinyan son çıxışında yenə də şərtlərə əməl etmədiyini bildirməklə Minsk Qrupuna işarə vurdu. Hər kəs də bunu yaxşı bilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Ən çox oxunanalar