Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin Azərbaycana dəstəyi hansı məqama qədər davam edəcək?

Bəzi ekspertlərin fikrincə, hərbi qələbə yeni atəşkəs müqaviləsi ilə nəticələnəcək...

Amberin Zaman

“Əl-Monitor”, 28.09.2020

Ermənistanla Azərbaycan arasında mübahisəli Dağlıq Qarabağ anklavı uğrunda yenidən başlamış döyüşlərin ikinci günündə Qafqazda Rusiya və Türkiyəni cəlb edəcək tammiqyaslı qarşıdurma qorxusu böyüyür.

Ermənistan Xarici İşlər Nazirliyi bu gün verdiyi açıqlamada Türkiyənin onsuz da “sahədə birbaşa iştirakı” olduğunu və türk hərbi mütəxəssislərin türk silahları və təyyarələrindən istifadə edən Azərbaycan qüvvələri ilə “çiyin-çiyinə vuruşduğunu” bildirib.

Rəsmilər də Türkiyəni, Liviyaya etdiyi kimi, minlərlə suriyalı muzduru Azərbaycana gətirməkdə günahlandırıblar. Azərbaycan prezidentinin köməkçisi bu gün həmin iddiaları cəfəngiyat kimi təkzib edib. Ancaq “Reuters”-in istinad etdiyi 2 suriyalı döyüşçü “Ankara ilə koordinasiyada Azərbaycana yerləşdirildiklərini” və aylıq 1500 dollar qazanacaqlarını söyləyiblər. Oxşar iddialar “Twitter”-də yayılıb və “The Guardian”-da nəşr olunub.

Türkiyə də Ermənistanı qanunsuz Kürdüstan Fəhlə Partiyasından (PKK) olan kürd yaraqlılarını və Suriyadakı muzdlu əsgərlərini Qarabağda yerləşdirməkdə ittiham edib. Öz növbəsində, Azərbaycan Rusiyanı Gümrüdə, Türkiyə sərhədi yaxınlığındakı baza vasitəsilə Ermənistana çox sayda silah göndərməkdə günahlandırıb.

Bu iddiaların heç biri təsdiqlənməsə də, ortaya çıxan ağız birliyinə əsasən, böyük ehtimalla, Azərbaycanın Türkiyədən hərbi dəstək təminatı aldıqdan sonra hücuma keçib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana dəstəyini yeniləyib və deyib ki, Ermənistan dərhal Azərbaycan ərazilərinin işğalına son qoymalıdır. Türkiyənin təxminən 84 milyon nəfərinə qarşı 2.9 milyonluq bir ölkəsi olan Ermənistanı o, “bölgədə sülh üçün ən böyük təhdid” adlandırıb.

Ərdoğanın sözlərinə görə, mövcud toqquşma Azərbaycanın Dağlıq Qarabağı geri alması üçün bir fürsətdir. “Son inkişaflar bölgədəki bütün nüfuzlu ölkələrə real və ədalətli həll yolları təqdim edib. Ümid edirik ki, bu fürsətdən istifadə ediləcək”. Ərdoğan qeyd edib ki, Rusiya, Fransa və ABŞ-ın rəhbərlik etdiyi Minsk vasitəçilər qrupu 30 ilə yaxındır münaqişəni həll edə bilmədiyindən Azərbaycan “istər-istəməz məsələni öz əlinə almalı idi”.

Ermənistan ümumi hərbi səfərbərliyə başlayıb və hər iki ölkədə hərbi vəziyyət elan edilib. Azərbaycanın hava sahəsində Türkiyədən başqa bütün uçuşlara qadağa qoyulub.

Mülki insanlar da daxil olmaqla, onlarla insanın öldüyü və hər iki tərəfdən yüzlərlə insanın yaralandığı bildirilir. Ermənistan baş naziri Nikol Paşinian bildirib ki, “Cənubi Qafqazda geniş miqyaslı müharibənin astanasındayıq”. O, bunda Azərbaycan və Türkiyəni günahlandırıb.

Rusiya, ABŞNATO, İran döyüş əməliyyatlarının dərhal dayandırılmasına çağırıb.

Türkiyə ilə Azərbaycanı güclü etnik və tarixi əlaqələr bağlayır, bunun nəticəsində 1990-cı illərin əvvəllərində Azərbaycanın içərisində, erməni əksəriyyətli anklav olan Dağlıq Qarabağda müharibənin sürətlə davam etdiyi bir dövrdə Türkiyə Azərbaycana silah və hərbi məsləhətçiləri göndərib. Kürd tərəfdarı fraksiya xaricində parlamentdəki əsas siyasi partiyalar bu gün Azərbaycanın müdafiəsi üçün ortaq bir bəyannamə imzalayıb.

Türkiyə Azərbaycan nefti və təbii qazı üçün əsas ixrac yoludur. Azərbaycanın dövlət neft şirkəti SOCAR Türkiyənin ən böyük xarici investorudur. Amma “bir millət, iki dövlət” olma barədə bütün danışıqlara baxmayaraq, reallıq daha mürəkkəbdir. Azərbaycan əhalisi etnik baxımdan türk olsa da, əsasən şiədir.

“Türkiyə etnik mənsubiyyəti və dili istifadə edərkən, İran Azərbaycanda öz gündəmini tanıtmaq üçün dindən istifadə edir, bundan sonra rus dilində danışan Azərbaycan ziyalıları gəlir”, – deyə münaqişəni izləyən Ankara mərkəzli analitik Cavid Ağa bildirib. “Həqiqət budur ki, əksər türklər Azərbaycan haqqında çox az şey bilirlər”.

Mədəni cəhətdən Anadolu türklərininin, azərbaycanlılarla müqayisədə, Türkiyədən Ermənistana qaçan xristian ermənilərlə ortaq cəhətləri var. Ancaq bu cür nüanslar həm Bakı, həm Ankara, həm də Yerevandan yayılan isti ritorikada itir.

Mövcud döyüş turunun intensivliyi və miqyası Azərbaycanın Dağlıq Qarabağ və ətraf əraziləri itirdiyi 1994-cü ildən bəri möhkəmlənmiş və Ermənistana üstünlük verən status-kvonu dəyişmək üçün qabaqcadan planlaşdırma təklif edir.

Londonda yerləşən “Chatham House” düşüncə mərkəzinin Qafqaz proqramının direktoru Laurens Broers “Twitter”-də qeyd edib ki, toqquşmalar “ərazilərin qaytarılması [və] möhkəmlənməyə yönələn qəsdli, lakin məhdud məqsədli bir əməliyyat ola bilər. Hərbi qalibiyyət paketlənmiş üstünlüklü yeni atəşkəslə nəticələnəcək”.

Türkiyə, Qafqaz və Orta Asiya üzrə mütəxəssis Firdevs Robinson də eyni fikirdədir. “Azərbaycanda ölkə ərazisinin əhəmiyyətli bir hissəsinin itirilməsi on illərdir yandırıcı bir yara olub, lakin ictimai təzyiqlər artmaqdadır. Minsk qrupu son illərdə böyük ölçüdə təsirsiz hala gəlib. Prezident seçkiləri Birləşmiş Ştatların diqqətini yayındırıb və avropalılar pandemiya ilə mübarizə aparırlar, odur ki, son gərginləşmənin vaxtı mükəmməl fürsətdir”.

Azərbaycanın nə qədər irəliləyəcəyini və Türkiyənin onu nə qədər dəstəkləyəcəyini hələ bilmək olmaz.

İyul ayında Azərbaycanın Ermənistanla beynəlxalq sərhədində toqquşmalar baş verdikdə, ən azı 16 nəfərin ölümü ilə Əliyevə təzyiq güclənib. Bakının küçələrinə çıxan minlərlə insan hökumətin müharibə elan etməsini və digər itirilmiş ərazilərlə birlikdə, Dağlıq Qarabağı geri qaytarmasını tələb edib.

Cavid Ağa bildirib: “İndi Azərbaycanda hakim mövqe budur ki, “Türkiyə arxamızda durur və Azərbaycan hökumətinə deyir: “Lazım olanı edin”. Hökumətin hərəkətə gəlməsinin səbəbi budur. Dağlıq Qarabağ azərbaycanlılar üçün siyasi spektrdə mövcud olan bir məsələdir. Türkiyənin onu geri qazanmağa kömək edə biləcəyinə inanırlar və Ərdoğan Azərbaycanda son dərəcə populyardır”.

Ermənilər və diasporadakı qardaşları üçün Dağlıq Qarabağ eyni mənalıdır. 2011-ci ildə Suriyada vətəndaş qarşıdurması başladığından bəri Suriyadan təxminən 25.000 nəfər Ermənistana sığınıb.

Əksər ermənilər yalnız Azərbaycanla deyil, Türkiyə ilə də mübarizə apardığını düşünür. “Prezident Ərdoğanın Türkiyə və Azərbaycanın “bir millət, iki dövlət” olduğunu və “Türk millətinin bütün imkanları ilə bu gün, hər zaman olduğu kimi, azərbaycanlı qardaşlarının yanında olduğunu” bildirən tvitləri yalnız bu hakim düşüncəni gücləndirməyə xidmət edir”. Bunu Kolumbia Universitetində Yaxın Şərq, Cənubi Asiya və Afrika Araşdırmaları müəllimi Xatçik Muradyan deyib.

Türkiyənin Ermənistanla diplomatik əlaqəsi yoxdur və şərq qonşusu ilə sərhədləri Azərbaycanla həmrəy olaraq möhürlənib. Ərdoğan İsveçrənin vasitəçiliyi ilə Ermənistanla münasibətləri normallaşdırmaq üçün 2009-cu ildə imzalanan protokolları ləğv edib.

Firdevs Robinsonun fikrincə, Türkiyə Azərbaycana daha çox hərbi texnika sataraq qaz və neft idxalında daha yaxşı şərtlər qazanıb iqtisadi cəhətdən fayda götürməyə ümid edə bilər. “Bununla birlikdə, yarıbişmiş hərbi macəra Rusiya ilə üz-üzə gəldikdə, Suriyada və ya Liviyada olduğu kimi, uğursuz ola bilər. Prezident Əliyevin praqmatik bir lider olduğunu xatırlamaq gərəkdir, ölkəsinin Rusiya ilə sıx əlaqələri var və Azərbaycan İsraildən silah alır. Həqiqi regional güclə – Rusiya ilə bir olmaq seçimi məcburiyyətində qaldıqda, hadisələrin hansı məcrada gedəcəyini təxmin edə bilərik”.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar