Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail və ərəb dünyası - Sionizm və sələfilik regional münasibətlərə necə təsir edir?..

Bu gün ərəb dünyasında sionizm və sələfilik birlikdədir. Məqsədləri ərəb coğrafiyasında sünni təməlli demokratizmin və şiə təsirini geri atmaqdır. Birincisini böyük ölçüdə Türkiyə, digərini isə İran təmsil edir...

Süleyman Seyfi Öğün
“Yeni Şafak” qəzeti, Türkiyə, 17 sentyabr 2020-ci il

Tramp prezidentlik dövrünün sonunda İsrail və ərəb dünyası arasındakı razılaşmaya xüsusilə diqqət yetirir. Onsuz da Obama ilə Tramp arasındakı əsas fərqlərdən biri də İsrailə qarşı izlənilən siyasətlərlə bağlıdır. Xatırlayın, Obama dövründə ABŞ-İsrail münasibətləri bir xeyli zəifləmişdi və Obama ilə komandasının verdiyi açıqlamalar İsrailin ABŞ üçün bir yük olduğunu göstərirdi. Üstəlik, ABŞ İranla yaxınlaşma və yumşalma siyasətlərini inkişaf etdirmək üçün müəyyən addımlar atırdı.

Tramp hakimiyyətə gəldikdən sonra isə mənzərə dəyişdi. İran dərhal kənarlaşdırılmağa başlandı. Xüsusilə, kürəkəni Kaşner vasitəsilə ərəb ölkələri İsraillə yaxınlaşıb və Yaxın Şərqdə əsrin sülh müqaviləsi layihəsi həyata keçirilməyə başlanıb. Ərəb dünyası da addım-addım bu zəminə çəkilməyə başlanıb. İsrail, BƏƏ və Bəhreyn arasındakı normallaşma müqaviləsi də bu zəncirin son halqası oldu. Bundan sonra növbədə Səudiyyə Ərəbistanı, Misir, İordaniya və digər ölkələr var.

Bu mənzərədən nə başa düşək? Məqsəd İran və bölgədəki şiə əhalinin təsirini azaltmaqdır. Bu, buz dağının görünən hissəsidir. Daha dərində hədəflənən şey isə ərəb dünyasında “Müsəlman Qardaşları” hərəkatı ilə önə çıxan sünni demokratizmin əzilməsi və bu yolla Fələstin məsələsinin məhv edilməsidir. Əlbəttə ki, “Qardaşlıq hərəkatı” özlüyündə problemlidir və tənqid ediləsi bir çox tərəfi var. Ancaq ortaq məxrəcində demokratiyanın olması bir çox qeyri-demokratik ərəb rejimini və imtiyazlılarını narahat edir. Zorakı qəbilə dövlətlərinin İsrailə yaxınlaşması və Kaşner planında görünməsi bu səbəblə əlaqələndirilə bilər.

Başlanğıcda aralarında uzlaşmayan ziddiyyətlər olsa da, zorakı qəbilə dövlətləri və ya BAAS rejimləri Fələstin məsələsinin arxasında dayanırdı. 1978-ci il Kemp Devid müqaviləsi BAAS Blokundakı ilk qırılma nöqtəsi idi. Bundan bir il sonra, 1979-cu ildə İran İslam İnqilabı Fələstin məsələsinin şiə doktrinası tərəfindən ələ alınmasına işarə edirdi. Əməliyyat dərhal həyata keçirildi və Kemp Deviddən sonrakı ikinci mərhələdə İraq-İran müharibəsi başladı. Yəni Fələstin davasının “yenilməz” müdafiəçisi olan iki dövlətin toqquşmasına yol açdı.

Üçüncü olaraq Səddamın devrilməsi və nəhayət, “Ərəb Baharı” vasitəsilə BAAS rejimləri bir-bir məhv edilib. Bu əməliyyatlar ərəb coğrafiyasındakı demokratiya istəklərini ortaya çıxarıb.

“Qardaşlıq” isə ikibaşlı siyasət aparırdı. Bir tərəfdə Fələstin iddiasını ələ alır, digər tərəfdə isə həm zorakı qəbilə dövlətlərinə, həm də BAAS rejimlərinə qarşı mübarizə aparırdılar. BAAS-çılığın dağıdılması prosesi Ərafat və Abbas kimilərin etdiyi FAT-FXQC təşkilatları kimi, sekulyar xarakterli millətçi-sosialist ideologiyaların rəhbərlik etdiyi Fələstin mübarizəsinə də təsir edib. Lakin bir qədər sonra hərəkatın durumu dəyişməyə və Həmas da təsirli bir xarakter qazanmağa başladı. Fələstin hərəkatı Qəzza-Ramallah üzərindən Fələstin Təşkilatı və Həmas arasında bölünüb. Bu proseslərin xronolojisına baxdıqda isə görə bilirik ki, faktiki olaraq Türkiyənin Fələstin məsələsində araya girməsi ilə üst-üstə düşür. Davos çıxışı və ondan sonra baş verən “Mavi Mərmərə” hadisəsi Türkiyə ilə Həmasın və digər Qardaşlıq hərəkatlarının yaxınlaşmasına səbəb olub.

BAAS rejimlərinin çöküşü “Qardaşlıq”ın qələbəsi kimi görünürdü. Ancaq bu olduqca müvəqqəti bir vəziyyət idi. ABŞ-İsrail cütlüyü əvvəlcə bu enerjini üzə çıxarıb, daha sonra da Misirdə olduğu kimi onları da əzdi. Bunu edərkən Əl-Qaidədən gələn sələfi radikalizmindən istifadə etməyi də unutmayıb. Sələfilərin Misirdə “Qardaşlıq”lara etdiyi hərəkətləri unutmayaq.

Bu gün ərəb dünyasında sionizm və sələfilik birlikdədir. Məqsədləri ərəb coğrafiyasında sünni təməlli demokratizmin və şiə təsirini geri atmaqdır. Birincisini böyük ölçüdə Türkiyə, digərini isə İran təmsil edir.

“Əsrin müqaviləsi” həyata keçdikcə sələfi-sionist cütlüyü ilə Türkiyə-İran ortaqlığı uğurlu ola bilər. Burada əsas məsələ Türkiyə-İran əməkdaşlığının necə təmin ediləcəyidir. Çünki burada da xoşagəlməz bir mənzərə var. İran şiəliyin qalası olaraq sünniliyi tarixi düşmən kimi görməkdə israr edir. Sünniliyin qalası kimi də Türkiyəni qiymətləndirir. Vəziyyət belə olduqda dürüst, etibarlı və davamlı bir Türkiyə-İran əməkdaşlığı mümkündürmü?

İsrailin məqsədi təkcə ərəb dünyası, Türkiyə və İranla hesablaşmaqla məhdudlaşmır. Həmçinin, məsələni ideoloji-dini amillərlə izah etmək sadəlövhlük olardı. Bunun həm də geostrateji ölçüləri var. İsrail Süveyş və Qırmızı dəniz yolu ilə Hind okeanına açılır. Bir tərəfdə Çinlə liman müqavilələri imzalayır. Lakin ABŞ-Çin gərginliyi baxımından bunu İsrailin tərəf dəyişdirməsi kimi qəbul etmək bəsit düşüncədir.

Əksinə, ABŞ-la birlikdə Hind Okeanını idarə etməyə çalışdığını düşünürəm. Hindistan-Pakistan gərginliyinin Yaxın Şərqdəki proseslərə qoşulmasına heç təəccüblənməyək. İzləməli olduğumuz əsas gündəm Hindistan-İsrail, Pakistan-İsrail, Səudiyyə Ərəbistanı-Pakistan və Səudiyyə Ərəbistanı-Hindistan münasibətləridir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar