Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vüsalə Əhmədova: “Bəyəm ölkədə alternativ istehsal sahələri yaradılıb ki?”  - Müsahibə

Elektron ticarətdə limitlərin aşağı salınması ilə konkret nə əldə edəcəyik? - Sadə vətəndaşların əleyhinə, məmurların cibinə işləyən yeni gömrük qaydası...

İqtisadçı: “Nazirlər Kabineti gömrük rüsumlarına edilən yeni dəyişiklikləri istədiyi qədər daxili bazarın qorunması ilə əsaslandırsın. Ölkədə yerli istehsal olmadığı bir şəraitdə hansı daxili bazarın qorunmasından söhbət gedə bilər?”.

“İnhisarçıların təzyiqinə hökumət cəmi 5 il dayana bildi”.

Bu sözləri iqtisadçı ekspert Vüsalə Əhmədova PİA.az-a verdiyi müsahibəsində ictimai etiraz doğuran yeni vergi qaydalarını şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Nazirlər Kabinetinin fiziki şəxslərin ölkəyə gömrük ödənişi olmadan gətirdikləri mallara yeni qayda tətbiq edildi. Yeni qaydalara əsasən, bugünə qədər vətəndaş şəxsi məqsəd üçün birbaşa özü ay ərzində bir dəfə olmaqla 1500 dollardan (2550 manat) artıq olmayan malları ölkəyə gömrük rüsumundan azad şəkildə gətirə bilirdisə, artıq bu məbləğ 800 dollara (1360 manat) endirildi.

Eyni zamanda, eyni fiziki şəxsin adına elektron ticarət - poçt vasitəsilə rüsumsuz 1000 dollarlıq (1700 manat) malın gətirilməsinə icazə var idisə, artıq bu məbləğ də 300 dollara (510 manat) endirildi.

Nazirlər Kabinetinin bu qərarı ciddi etirazlarla qarşılanıb. Hesab olunur ki, bu qərarla hökümət monopolistlərin mövqeyindən çıxış etməklə yanaşı aztəminatlı ailələrə də ciddi şəkildə ziyan vurur. Qeyd edək ki, Gömrük Komitəronon sədri Səfər Mehdiyev yerli mətbuata verdiyi müsahibədə hökümətin bu qərarını daxili bazarı qorumaq məqsədi ilə əlaqələndirib.

Nazirlər Kabinetinin fiziki şəxslərin ölkəyə gömrük ödənişi olmadan gətirdikləri mallara tətbiq etdiyi yeni qaydaları ilə bağlı PİA.az iqtisadçı Vüsalə Əhmədovadan müsahibə alıb.

Vüsalə Əhmədova: “Yeni qaydalarla xaricdən məhsul gətirilməsi və ya sifariş edilməsi vətəndaşa sərf etməyəcək, vətəndaş məcbur qalıb işbazların ölkəyə gətirərək üzərinə on qat qiymət qoyduğu məhsulu almaq məcburiyyətində qalacaq”.

PİA.az iqtisadçı ilə olan müsahibəni oxucularının diqqətinə çatdırır:

- Vüsalə xanım, hökümətin bu tipli qərarların arxasında əsasən hansı amillər olur? Hesab edirsinizmi ki, bu yolla daxili istehsalı böyütmək olar?

- Xatırlayırsınızsa Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli qərarı ilə fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhəddindən keçirilməsinə güzəştlər və sadələşdirilmiş qaydalar tətbiq edilmişdi. Doğrusunu deyim ki, mən çoxdan bu qaydalarda ciddi dəyişikliklər ediləcəyini gözləyirdim. Belə ki, inhisarçıların təzyiqinə hökumət cəmi 5 il dayana bildi. Əvvəl vətəndaşlar xaricdən özləri ilə birlikdə rüsum ödəmədən 1500 ABŞ dolları dəyərində mal gətirə bilirdisə, yeni dəyişikliklərə əsasən bu limit 800 ABŞ dollarına endirildi.

Xaricdən elektron alış-veriş edənlər də yeni qaydalardan öz nəsibini alacaq. Belə ki, karqo qaydalarında da dəyişikliklər edilib. Əvvəl vətəndaş internet vasitəsilə rüsum ödəmədən 1000 dollar dəyərinədək məhsul sifariş edə bilirdisə, yeni dəyişikliklərlə bu limit ay ərzində 300 dollara endirildi. Zatən vətəndaş eyni və ya həmcins hər hansı bir əmtəədən 2 ədəddən artıq sifariş etdiyi təqdirdə, hər 3-cü mal üçün 36%-lik rüsum ödəmək məcburiyyətində qalırdı.

Vüsalə Əhmədova: “Dövlət büdcəsi kəsirinin örtülməsi üçün hökumətin böyük ölçüdə vergi və rüsumlara yönəldiyi hər kəsə məlumdur”.

Vətəndaş xaricdən nə sifariş edir? Əsasən elektron avadanlıqlar, avtomobil ehtiyat hissələri, smartfonlar, kompüterlər, geyim əşyaları və s. Bu sahələr üzrə bilirik ki, ölkədə istehsal yox dərəcəsindədir. Nazirlər Kabineti gömrük rüsumlarına edilən yeni dəyişiklikləri istədiyi qədər daxili bazarın qorunması ilə əsaslandırsın. Ölkədə yerli istehsal olmadığı bir şəraitdə hansı daxili bazarın qorunmasından söhbət gedə bilər?

Yeni qaydalar birbaşa inhisarçıların dəstəklənməsinə və dövlət büdcəsinin doldurulmasına hesablanmış addımdır. Dövlət büdcəsi kəsirinin örtülməsi üçün hökumətin böyük ölçüdə vergi və rüsumlara yönəldiyi hər kəsə məlumdur. Dövlət büdcəsinin icra vəziyyətinə nəzər salsaq görərik ki, daxilolmaların 44,9%-i Azərbaycan Respublikası Vergilər Nazirliyinin, 15,1%-i də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin payına düşür.

- Bilirik ki, Azərbaycan bazarında monopolist olaraq birbaşa iriçaplı məmurlar çıxış edirlər və bu məmurlar daxili bazara tam nəzarət edirlər. Hökümətin bu tipli qərarlar verməsində xalqın deyil, ayrı-ayrı monopolist məmurların maraqlarından çıxış etməsinə ehtimal verirsiniz?

- Azərbaycanın hazırki biznes mühitinə nəzər yetirsək, xırda ticarət sahələrindən tutmuş ölkənin bütün biznes sektoru hakim dairənin nəzarəti altındadır. Biznesin ən gəlirli sahələri inhisarlaşdırılıb və hər sahibkarın həmin sahələrə daxil olma şansı yoxdur. Gündəlik tələbat mallarından tutmuş, avtomobillərə, hətta kənd təsərrüfatı məhsullarına, dərman preparatlarınadək ölkəyə idxalına iriçaplı məmurlar nəzarət edir və qiymətləri də istədikləri kimi diqtə edirlər.

Yeni qaydalarla xaricdən məhsul gətirilməsi və ya sifariş edilməsi vətəndaşa sərf etməyəcək, vətəndaş məcbur qalıb işbazların ölkəyə gətirərək üzərinə on qat qiymət qoyduğu məhsulu almaq məcburiyyətində qalacaq.

Gömrük orqanlarında baş alıb gedən korrupsiya halları isə ayrı bir dərddir. Gömrük nəzarətindən keçirilən zaman rüşvət qarşılığında malın mənşə ölkəsində dəyəri yüksək olduğu halda aşağı qiymətləndirildiyi də hər kəsə məlumdur. Rüşvət verməyən sadə vətəndaşlar isə gömrükdə incidilir, gətirdikləri aşağı dəyərli mallar yüksək qiymətləndirilir, xüsusilə avtomobil və ehtiyat hissələri idxal edən vətəndaşlarımız gömrükdə böyük haqsızlıqlarla üzləşirlər. Ölkəyə gətirilən avtomobillərdən aksiz vergisi, əlavə dəyər vergisi və idxal rüsumunun tutulması azmış kimi, vətəndaşlardan rüsumdan əlavə də ödəniş tələb edirlər.

Vüsalə Əhmədova: “Tətbiq ediləcək yeni qaydalar sayəsində sadə vətəndaş əziyyət çəkəcək”.

Gömrükdə yüksək dəyərli məhsulların aşağı qiymətə göstərilməsi ilə vergi itkisinin meydana gəldiyi söylənə bilər. Ancaq burada problemin qaynağı sadə vətəndaş deyil, sistemdən sui-istifadə edənlərdir. Tətbiq ediləcək yeni qaydalar sayəsində isə sadə vətəndaş əziyyət çəkəcək. Bu vəziyyətdə hökumət, malın dəyərini aşağı göstərib bir növ gömrük qaçaqmalçılığı edənləri aşkarlayıb cəzalandırmaq əvəzinə, limit tətbiq edərək sadə vətəndaşı zərərə uğradır.

- Hökümət hər dəfə bu tipli qərartlar qəbul edəndə daxili istehsalın inkişafını və ucuzluq yaratmaq istədiyini irəli sürür. Lakin fakt odur ki, daxildə istehsal olunan mallar xarici mallardan keyfiyyətcə aşağı olsa da, daha baha qiymətə bazara çıxarılır. Bunda hökümərin yürütdüyü iqtisadi siyasətin rolu varmı və monopoliya əslində yerli istehsalın inkişafında hansı rol oynayır?

- Dəfələrlə Gürcüstanı misal göstərmişik. Gürcüstan bütün postsovet ölkələri arasında öz loyal vergi siyasəti ilə fərqlənən ölkədir. Məsələn, bu ölkədə idxal vergisi üzən dərəcəyə tabedir. Qanunla müəyyən edilmiş hallarda bu vergi növü üzrə bir çox güzəştlər tətbiq edilir, hətda vergidən azad edilmə də mövcuddur. Maksimim idxal vergi dərəcəsi 12%-dir ki, o da canlı ev quşu, təzə və ya dondurulmuş ət və ət məhsullarına, süd məhsullarına, bir sıra meyvə və tərəvəzə, fındıq, təbii bal, un, çay, şəkər və bəzi konserv məhsullarına şamil edilir. Bütün növ kosmetik vasitələr, sabun, şampun, yuyucu vasitələr, geyim və dekorativ əşyalar cəmi 5%-lik idxal vergi dərəcəsinə tabedir.

Vüsalə Əhmədova: “Gömrük limitləri nə qədər aşağı salınırsa salınsın, nəticədə yenə daxili bazarı Çin malları zəbt etmiş olacaq. Bəyəm ölkədə alternativ istehsal sahələri yaradılıb ki?”.

Vətəndaşların özlərinin istehlakı üçün gətirdikləri spirtli içkilər, tütün məhsulları, avtomobil yanacağı və bir çox başqa mallar isə aksiz vergisindən tamamilə azaddır.

- Məmur monopoliyasının iqtisadiyyata vurduğu qlobal ziyan barədə konkret hansı misallar gətirmək olar? Və son zamanlarda bu problemə qarşı İqtisadiyyat Nazirliyinin fəaliyyətində hansısa müsbət dəyişiklik və fərqli yanaşma hiss olunurmu, yoxsa nazirlik köhnə qaydalarla çalışmaqda və monopoistlərin maraqlarına xidmət etməkdədir?

- Bilirik ki, bütün dünyada elektron ticarət çılğınlığı yaşanır. Dünya üzrə e-ticarət hesabatlarına baxsaq görərik ki, qlobal pərakəndə e-ticarət həcmi hazırda 2 trilyon ABŞ dollarına çatmış vəziyyətdədir. Gömrük limitlərinin aşağı salınması ölkəmizdə zatən aşağı səviyyədə olan elektron ticarəti daha da durğunlaşdıracaq. Limitlərin aşağı salınması ilə konkret nə əldə edəcəyik?
Gömrük limitləri nə qədər aşağı salınırsa salınsın, nəticədə yenə daxili bazarı Çin malları zəbt etmiş olacaq. Bəyəm ölkədə alternativ istehsal sahələri yaradılıb ki?

Uğursuz elektron ticarət siyasəti yürütmək əvəzinə, selektiv siyasət tətbiq edilsə daha məqsədəuyğun olmazmı?

Mən son zamanlar İqtisadiyyat Nazirliyinin fəaliyyətində elə də ciddi dəyişiklik hiss eləmirəm. Aparılan kadr islahatları da iqtisadiyyatın idarə edilməsini stimullaşdırmayıb və idarəetməyə yeni sistem tətbiq olunmayıb.

Xaricdən satın alınan malların statistikası aparılmalıdır. Ölkədə istehsal edilməyən və ya istehsal ehtimalı belə olmayan mallar üçün fərqli gömrük strategiyası tətbiq edilə bilər. Vətəndaş hansı malları xaricdən alır və nə üçün xaricdən alır? Məncə hökumət və İqtisadiyyat Nazirliyi əvvəlcə bu sualı özü üçün aydınlaşdırmalı və buna uyğun addım atmalıdır. Hazırda atılan addımlar isə ancaq monopoliyanın bazarda möhkəmlənməsinə hesablanıb.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar