Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov: “Ermənistandan ərazləri azad etməyə hazır olduğu haqda təminat gözləyirik”

Azərbaycanın yeni xarici işlər naziri Ceyhun Bayramov çərşənbə günü ilk dəfə bu vəzifədə Moskvaya səfər edib. Səfər ərəfəsində o, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla danışıqların əsas mövzularından biri olacaq Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərini Bakıda necə gördüklərindən danışıb. Bayramov həmçinin Ermənistana silah tədarükü məsələsinin Rusiya ilə ən yüksək səviyyədə müzakirə olunmasından, Bakının nə zamansa Rusiya istehsalı olan koronavirus peyvəndi almağa hazır olacağından söhbət açıb.

PİA.az Ovqat.com-a istinadən Ceyhun Bayramovun Rusiyanın TAAS xəbər agentliyinə müsahibəsini təqdim edir.

- Hörmətli cənab nazir, siz ilk dəfədir ki, Azərbaycanın xarici işlər naziri qismində Rusiyaya səfər edirsiniz. Həmkarınız, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla tanışlıqdan başqa, bu səfərdən daha nələr gözləyirsiniz və danışıqlarınızın gündəliyinə nələr daxildir? Moskvanın Smolensk meydanında ilk növbədə hansı məsələləri müzakirə etmək istərdiniz?

- Rusiya Federasiyası ilə əlaqələrin inkişafı Azərbaycan Respublikasının xarici siyasətində vacib yer tutur. Bizi Rusiya ilə dostluq və strateji tərəfdaşlıq münasibətləri bağlayır. Bu tərəfdaşlıq çoxillik dostluq və qarşılıqlı hörmət ənənələrinə söykənir. Tərəfdaşlığımızın inkişafında həlledici rolu dövlət başçıları arasında mütəmadi əlaqələr oynayır. Bu səbəbdən mən rusiyalı həmkarım, hörmətli Sergey Viktoroviç Lavrovun Rusiya Federasiyasına rəsmi səfər dəvətini məmnuniyyətlə qəbul etdim.
Bizim birinci görüşümüzün gündəliyi ikitərəfli münasibətlərə, regional və beynəlxalq problemlərə aid məsələlərin geniş spektrini əhatə edir. Buraya siyasi, iqtisadi, humanitar sahələrdə, təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyət, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri daxildir.
Vacib yeri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, o cümlədən bu yaxınlarda Ermənistanın Azərbaycanla sərhədin Tovuz rayonundan keçən hissəsində törətdiyi təxribat kontekstində müzakirəsi tutur. Bu təxribatı erməni tərəfinin bölgədə yeni gərginlik ocağı yaratmaq cəhdi kimi qiymətləndiririk. Biz, Rusiya da daxil olmaqla ATƏT-in Minsk qrupunun həmsədrlərindən sülh prosesinin konstruktiv və substantiv danışıqlar çərçivəsində irəli aparılmasını gözləyirik.

- Moskvada hansı rəsmi görüşləriniz nəzərdə tutulub, həmsöhbətlərinizlə nələri müzakirə etmək istərdiniz?

- Səfər çərçivəsində Xarici İşlər Nazirliyindən başqa, Rusiya hökuməti və Federasiya Şurasında da görüşlərimiz planlaşdırılır.
Bu görüşlər zamanı iqtisadi-ticari, mədəni-humanitar sahələrdə əməkdaşlığımızın indiki durumu və perspektivləri müzakirə ediləcək. Vacib məsələlərdən biri də son illər əməkdaşlığımızın möhkəmləndirilməsində mühüm rol oynayan parlamentlərarası əlaqələrin inkişafıdır.

- Azərbaycan XİN-nə yenicə rəhbərlik etməyə başlasanız da, soruşmaq istərdik ki, Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz? Bu məsələdə reallaşdırılmamış potensialı nədə görürsünüz?

- Azərbaycanla Rusiya arasında münasibətlər bütün istiqamətlərdə dinamik inkişaf edir. Bu münasibətlər bölgədə sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın vacib amilidir. Biz həm ikitərəfli, həm də çoxtərəfli formatlarda uğurla qarşılıqlı fəaliyyət göstəririk. Məsələn, ölkələrimiz həm regional nəqliyyat və logistika infrastrukturunun inkişafında, həm də regional təhlükəsizlik və əməkdaşlığın möhkəmləndirilməsində vacib rol oynayan “Şmal-Cənub” dəhlizi kimi strateji əhəmiyyətli nəqliyyat-kommunikasiya layihəsində birgə iştirak edir.

İqtisadi-ticari sahədə də münasibətlərimiz uğurla inkişaf edir. Rusiya ənənəvi olaraq bizim əsas ticarət tərəfdaşlarımızdan biridir. Biz hər il qarşılıqlı ticarət dövriyyəmizi artırırıq. Pandemiya şəraitində bu dövriyyə məlum səbəblərdən bir az azalsa da, pozitiv dinamikasını qoruyub saxlayıb. Bu bizi sevindirməyə bilməz. Eyni zamanda əldə etdiklərimizlə kifayətlənmək fikrində deyilik və rusiyalı həmkarlarımızla çalışacağıq ki, qarşılıqlı faydalı iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi yollarını tapaq.

Ölkələrimiz arasında qarşılıqlı anlaşma, etibar və dostluq münasibətlərinin gücləndirilməsində mədəni-humanitar sahədə əməkdaşlıq xüsusi rol oynayır. Bu baxımdan Rusiyadakı Azərbaycan diasporu və Azərbaycanda yaşayan rus icması humanitar əlaqələrimizin vacib bəndidir. Yeri gəlmişkən, Cənubi Qafqazın ən böyük rus icması məhz Azərbaycanda yaşayır.
Azərbaycanda rus dili və mədəniyyətinə qayğı ilə yanaşırlar, rus dilində məlumat və təhsil almaq üçün geniş imkanlar mövcuddur.

- Ölkələrimizə ağrılı təsir etmiş pandemiya şəraitində koordinasiyalı və operativ qarşılıqlı fəaliyyəti tələb edən məsələlər yaranıb. Bu mənada Rusiya ilə Azərbaycanın öz vətəndaşlarının vətənə qaytarılması istiqamətində əməkdaşlığını necə qiymətləndirirsiniz? Fikrinizcə, Moskva ilə Bakı arasında hava əlaqəsi nə zaman bərpa oluna bilər?

- COVID-19 pandemiyası ənənəvi dövlətlərarası əlaqələr sistemi üçün sınaq oldu. Bu vəziyyət bir daha aydın şəkildə göstərdi ki, söhbət qlobal çağırışlardan getdikdə insanlıq yeni təhdidlərə yalnız birgə səylər və fəal beynəlxalq əməkdaşlıq sayəsində cavab verə, yalnız bu halda davamlı inkişafı təmin edə bilər.

Bu mənada pandemiya ilə mübarizədə Rusiya Federasiyası ilə əməkdaşlıqdan məmnunluğumuzu ifadə etmək və Azərbaycan tərəfinin bu vacib işdə effektiv qarşılıqlı fəaliyyətin davam etdirilməsi üçün bütün lazımi səyləri davam etdirməyə hazır olduğunu təsdiqləmək istərdim.

Azərbaycanda Rusiya tərəfindən COVID-19-un aşkarlanması üçün test sistemlərinin verilməsini yüksək qiymətləndirirlər. İki dövlətin aidiyyatı strukturları arasında birbaşa əlaqə mexanizmləri yaradılıb ki, onlar da razılaşdırma tələb edən məsələlərin operativ həllinə kömək edir. Təcrübə mübadiləsi məqsədilə mütəmadi olaraq videokonfrans formatında görüşlər keçirilir. Məcburi məhdudiyyət təbirləri – sərhədlərin müvəqqəti bağlanması ilə bağlı yaranmış humanitar vəziyyətə gəldikdə isə, Azərbaycan Respublikası öz vətəndaşlarının xaricdən qaytarılmasını təşkil etmək üçün müvafiq tədbirlər görməkdədir. Birgə səylər nəticəsində artıq hər iki ölkə vətəndaşlarının əhəmiyyətli hissəsini vətənə qaytarmaq mümkün olub.

- Hazırda Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik edir. Hərəkatın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə üzv dövlətlərin liderlərinin koronavirus pandemiyasına həsr olunmuş xüsusi sammiti baş tutub. Daha sonra onun təşəbbüsü ilə BMT-nin xüsusi sessiyası çağrılıb və işə başlayıb. Qoşulmama Hərəkatının fəaliyyətdə olan sədri kimi, Azərbaycan bu sessiyadan hansı nəticələri gözləyir?

- Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycanın təşəbbüsü ilə koronavirus pandemiyasına qarşı mübarizə üzrə kontakt qrupu yaradılıb. Bu il mayın 4-də həmin qrup çərçivəsində dövlət və hökumət başçıları səviyyəsində onlayn görüş keçirilib. Görüşün nəticəsində Azərbaycan Prezidenti İlham Əliyev Hərəkata üzv dövlətlər adından BMT Baş Assambleyasının pandemiyaya qarşı mübarizədə çoxtərəfli əməkdaşlığın və həmrəyliyin möhkəmləndirilməsinə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Təşəbbüs BMT-yə üzv olan dövlətlərin əksəriyyəti tərəfindən dəstəklənib. BMT-nin baş katibi iyulun 10-dan etibarən sessiyanın çağırıldığını elan edib. Hazırda xüsusi sessiyanın şərtləri və modallığı üzərində iş gedir.

Təcrübə göstərir ki, qlobal çağırışlarla mübarizədə yalnız milli səviyyələrdə görülən tədbirlərlə kifayətlənmək olmaz. BMT Baş Assambleyası dövlətlərin təmsil olunması baxımından ən geniş beynəlxalq platformadır. Bu səbəbdən hesab edirik ki, məsələyə Baş Assambleyanın xüsusi sessiyasında baxılması yeni qlobal böhrana qarşı mübarizədə təcrübə mübadiləsi, vahid yanaşmanın işlənib hazırlanması, addımların əlaqələndirilməsi və donor resurslarının səmərəli istifadəsi üçün optimal imkanlar yaradır. Xüsusi sessiya çərçivəsində plenar toplantı ilə yanaşı, ekspertlərin iştirakı ilə panel müzakirələrinin keçirilməsi də nəzərdə tutulur. Bu müzakirələr pandemiyanın fəsadlarının, o cümlədən sosial-iqisadi sahədəki problemlərin aradan qaldırılması üçün konkret tövsiyələrin hazırlanmasına öz töhvəsini verəcək.

oşulmama Hərəkatı çərçivəsində həmçinin Azərbaycanın təşəbbüsü ilə pandemiyaya qarşı mübarizəsi və donor qurumlar tərəfindən yardımın effektiv təşkilinə dəstək kontekstində Hərəkata üzv dövlətlərin tələbatları barədə məlumatların toplanması və təhlili üçün işçi qrup yaradılıb. Ümumiyyətlə, Azərbaycan Qoşulmama Hərəkatının sədri olarkən qarşıya Hərəkatın rolunun və üzv dövlətlərin qarşılıqlı fəaliyyətinin artırılmasını, həmçinin Qoşulmama Hərəkatının beynəlxalq gündəmlə bağlı səylərinin gücləndirilməsini məqsəd qoymuşdu. Hərəkatdakı tərəfdaşlarımız Azərbaycanın uğurlu sədrliyin məmnunluqla vurğulayırlar. Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri olaraq irəli sürdüyü təşəbbüs əsasında xüsusi sessiyanın çağırılması Azərbaycanın beynəlxalq nüfuzunu və Hərəkatın fəallaşdığını açıq-aşkar nümayiş etdirir.

- Məlum olduğu kimi, iyulda Azərbaycanla Ermənistanın sərhədində vəziyyət gərginləşib. Hazırda vəziyyəti necə qiymətləndirirsiniz?

- İyulun 12-də Azərbaycan növbəti dəfə Ermənistanın hərbi hücumuna məruz qalıb. Dörd gün ərzində Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonundan keçən hissəsində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri, həmçinin sərhədyanı yaşayış məntəqələrimiz intensiv artilleriya atəşinə məruz qalıb. Nəticədə Azərbaycan tərəfinin həm hərbçilər, həm də dinc əhali arasında itkiləri olub. Mülki infrastruktura, o cümlədən yaşayış evləri və xəstəxanalara ciddi ziyan dəyib.

Erməni tərəfinin bu təxribatı təsadüfi hərbi toqquşma deyil. Biz sərhədin Tovuzdan keçən hissəsində baş verən hücumu Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı növbəti təcavüz aktı kimi qiymətləndiririk. Ermənistan Azərbaycanın yeni ərazilərini işğal etmək istəyir. Hərbi hücum Ermənistan tərəfindən qabaqcadan planlaşdırılmışdı və bu ölkənin müdafiə nazirinin bəyan etdiyi strategiyaya əsaslanırdı. Həmin strategiya isə “təhlükəsizlik baxımından əlverişli vəziyyətin yaradılması məqsədilə qabaqlayıcı zərbələr”in endirilməsi və “yeni ərazilər uğrunda yeni müharibə”nin başladılmasını nəzərdə tutur. Bu təcavüzkar hərbi doktrinaya əsaslanan Ermənistan həmin hücumu özünün hərbi və siyasi hesablamalarından çıxış edərək həyata keçirib. Ermənistan sərhədin Tovuzdan keçən hissəsini qəfil hücum üçün ən uyğun yer hesab edib. Açılan atəşin miqyası və intensivliyi göstərir ki, erməni tərəfi bu hücumu əvvəlcədən planlaşdırıb və fəal hərbi qarşıdurma zonasına aid olmayan bu istiqamətdə xeyli sayda silah-sursat toplayıb. Azərbaycanın sərhədyanı ərazilərinin və orada yerləşən mülki obyektlərin intensiv artilleriya atəşinə məruz qoyulması dinc əhali arasında təşviş yaratmaq, insanları öz evlərini tərk etmək məcburiyyətində qoymaq məqsədi daşıyırdı. Üstəlik, hücum Azərbaycanın miqyaslı enerji və nəqliyyat infrastrukturunun yerləşdiyi bölgə istiqamətində həyata keçirilib. Silahlı hücum üçün vaxt seçimini isə, təbii ki, Ermənistanın pandemiya şəraitində dərinləşən daxili siyasi, sosial və iqtisadi problemləri şərtləndirib.

Azərbaycan Silahlı Qüvvələri hücumu dəf edərək öz mövqelərini qoruyub. Hərbi vəziyyəti hələ də sakit saymaq olmaz. Ermənistan ordusu Azərbaycanın mövqelərini atəşə tutmaqda davam edir. Tovuza hücum Ermənistan rəhbərliyinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə, həmçinin münaqişənin sülh yolu ilə həllinə qarşı yönəlmiş ardıcıl bəyanatları və əməlləri fonunda həyata keçirilmişdi. Erməni liderlər Azərbaycana qarşı ərazi iddialarını açıq şəkildə bəyan edir, yaşayış məntəqələrinə, o cümlədən ölkənin ikinci böyük şəhəri olan Gəncəyə zərbə endirməklə hədələyir, danışıqların bərpası üçün məntiqsiz şərtlər irəli sürür.

Gələcəkdə belə qarşıdurmalara yol verməmək üçün münaqişənin ilkin səbəblərinə diqqət yetirmək lazımdır – bu, Ermənistanın Azərbaycana qarşı təcavüzü və bizim ərazilərimizin işğalıdır. Buna görə hesab edirik ki, bölgədə təhlükəsizlik və sabitliyi təmin etmək, belə təxribatların gələcəkdə təkrarlanmasının qarşısını almaq üçün işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən təxirə salınmadan, qeyd-şərtsiz və tam çıxarılması tələb olunur. Bu tələb BMT Təhlükəsizlik Şurasının qüvvədə olan və münaqişənin nizamlanmasının əsasını təşkil edən dörd qətnaməsində də əksini tapıb. Bu mənada ümid edirik ki, beynəlxalq birlik və ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı status-kvonun saxlanılması siyasətindən imtinaya, substantiv danışıqlara başlamağa məcbur edəcək. Bu danışıqların çərçivələri BMT TŞ-nin sözügedən qətnamələri və ATƏT-in qərarları ilə, ilk növbədə, ATƏT-in 1994-cü ildə baş tutmuş Budapeşt sammitinin sənədilə müəyyən edilib. Həmin sənədin həmsədrlər qarşısında qoyduğu dəqiq vəzifə hərbi münaqişənin tezliklə dayandırılması barədə sazişin bağlanmasıdır ki, o sazişin də icrası hərbi münaqişənin fəsadlarını aradan qaldırmalı və siyasi məsələlərin həlli üçün şərait yaratmalı idi.

- Azərbaycan-Ermənistan sərhədində atəşkəs rejiminə nəzarət üçün müxtəlif beynəlxalq mexanizmlərin tətbiqinin vacibliyi haqda bəyanatlar Azərbaycanda necə qiymətləndirilir? Bunun üçün hansısa xüsusi beynəlxalq format olmalıdır, yoxsa bu işi ATƏT-in Minsk qrupu da görə bilər?

- Əvvəla onu deyim ki, münaqişə zonasında atəşkəsin monitorinqi mexanizmi artıq mövcuddur. Bu funksiyanı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin rəhbərlik etdiyi missiya yerinə yetirir. Ermənistan tərəfi öz hərbi təcavüzünün nəticələrini möhkəmləndirməyə, danışıqlar prosesini uzatmağa və onu ikinci dərəcəli məsələlərin həllinə yönəltməyə çalışır. Biz isə diqqəti birinci dərəcəli məsələlərin həllində cəmləşdirməyi zəruri sayırıq. Gərginliyin əsas səbəbi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsidir. Demək, işğalın özünü aradan qaldırmaq, yəni Ermənistan silahlı qüvvələrini Azərbaycanın bütün işğal edilmiş torpaqlarından çıxarmaq lazımdır. Danışıqların mövzusu da məhz işğalçı qüvvələrin çıxarılması qrafikinin razılaşdırılması olmalıdır. Biz monitorinq məsələsini qoşunların çıxarılması və qovulmuş əhalinin geri qaytarılması kontekstində nəzərdən keçiririk. Bu istiqamətdə gələcək addımlar torpaqların azad olunması ilə sinxron atılmalıdır.

- Ermənistanlı həmkarınız Zöhrab Mnatsakanyan bəyan etmişdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı danışıqları davam etdirmək üçün sizinlə ikitərəfli görüşün keçirilməsini gözləyir. Belə görüşə rəsmi dəvət almısınızmı? Əgər almısınızsa, o, harada və nə vaxt baş tuta bilər? Ümumiyyətlə, Azərbaycan Dağlıq Qarabağ məsələsinin həllilə bağlı danışıqların gedişini necə qiymətləndirir?

- Həmsədrlər bu ilin payızında AzərbaycanErmənistanın xarici işlər nazirlərinin görüşünü təşkil etmək istəyirlər. Lakin Ermənistanın hərəkətləri faktiki olaraq, vasitəçilərin səylərini heçə endirir. Ermənistanın münaqişənin həlli prosesini pozmaq cəhdləri yalnız iyulun 12-də baş vermiş hərbi hücumla bitmir. Bu ölkənin rəhbərliyi müharibənin nəticələrini möhkəmləndirməyin zəruri olduğunu bəyan etməklə, işğala son qoyulmasının mümkünsüzlüyünü deməklə, Azərbaycanı yaşayış məntəqələrinə zərbə endirəcəyilə hədələməklə, işğal altında olan ərazilərdə qanunsuz məskunlaşma siyasətini davam etdirməklə və bununla da orada demoqrafik vəziyyəti dəyişməklə danışıqların bərpasına mane olur. Ermənistan tərəfinin belə sərt bəyanatları və təxribatçı addımlarına başqa nümunələr də göstərmək olar. Belə şəraitdə Xarici İşlər nazirlərinin görüşünün tarixi barədə danışmaq tez olardı. Biz ATƏT-in Minsk qrupu həmsədrlərindən erməni tərəfinin BMT TŞ-nın 1993-cü il tarixli qətnamələri və ATƏT-in Budapeşt sammitinin 1994-cü il tarixli qərarında nəzərdə tutulduğu kimi, Azərbaycanın işğal altında olan ərazlərini azad etməyə, münaqişənin digər fəsadlarının aradan qaldırılması üçün substantiv danışıqlara başlamağa hazır olduğu haqda təminat gözləyirik. Belə razılaşmaların reallaşdırılması gələcəkdə siyasi məsələlərin müzakirəsinə başlamağa imkan verəcək.

- Rusiya prezidenti Vladimir Putinlə Azərbaycanın dövlət başçısı İlham Əliyev arasında bu yaxınlarda keçirilmiş telefon danışığında digər məsələlərlə yanaşı, Ermənistana hərbi yüklərin daşınması məsələsi də müzakirə edilib. Məlumatda deyilir ki, Azərbaycan tərəfi bununla bağlı narahatlığını ifadə edib. Məlumatınız varsa, deyə biərsinizmi, prezidentlər bu məsələdə hansı nəticəyə gəliblər?

- Ermənistana hərbi yüklərin daşınması və bunun xüsusilə erməni təcavüzkarlarının Azərbaycan sərhədinin Tovuzdan keçən hissəsində hərbi fəallığı artırması fonunda baş verməsi Azərbaycan ictimaiyyətində ciddi narahatlıq doğurub.

Azərbaycan Respublikasının Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə bu yaxınlarda baş tumuş telefon danışığı zamanı bu məsələni iki lider arasında mövcud olan strateji tərəfdaşlıq, etimada əsaslanan dialoq və qarşılıqlı hörmət ruhunda qaldırıb. Ermənistan rəhbərliyinin aqressiv ritorikası və silahlı təxribatarın intensivliyinin artması fonunda erməni tərəfinə silah tədarükü gərginliyin artması riskini yaradır, münaqişənin sülh yolu ilə həllinə perspektivinə zərbə vurur. Bu, bütövlükdə Azərbaycanın təhlükəsizliyinə təhdiddir.

- Elə həmin söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyev həmkarı Vladimir Putini Rusiyanın dünyada ilk dəfə koronavirusa qarşı peyvəndin yaratması münasibətilə təbrik edib. Artıq Rusiya Federasiyası 20 ölkədən 1 milyard doza peyvənd sifarişi alıb. Bakı Rusiyadan peyvənd almaq haqda düşünürmü? “Sputnik V” peyvəndinin Azərbaycanda istehsalı imkanları nəzərdən keçirilirmi?

- Dünyanın bir çox ölkələri kimi, Azərbaycan da öz vətəndaşlarını koronavirus infeksiyasından qorumaq üçün misli görünməmiş tədbirlərə əl atmalı olub. Ökədə sərt karantin rejimi tətbiq olunub, dövlət büdcəsindən aztəminatlı vətəndaşların dəstəklənməsi üçün vəsait ayrılıb. Ölkədə təcili surətdə tibbi maska istehsalına başlanıb, paytaxtda və bölgələrdə modul tipli 10 xəstəxana inşa edilib. Ümumdünya Səhiyyə Təşkilatının üzvü olan Azərbaycan yeni növ virusun müalicəsi və vətəndaşların sağlamlığının qorunmasında bu təşkilatın tövsiyələrinə əməl edir.

Biz peyvənd almaqda da maraqlıyıq və “Sputnik V” peyvəndinin ilk növbədə ÜST tərəfindən tanınması ilə bağlı prosedurlar başa çatan kimi, rusiyalı həmkarlarımızın bununla bağlı təkliflərini nəzərdən keçirməyə hazırıq. Şübhəsiz ki, koronavirus əleyhinə effektiv və ÜST tərəfindən qəbul edilmiş peyvəndin yaradılması pandemiya ilə mübarizədə güclü vasitə olacaq.

- 2018-ci ildən təhsil naziri postunu tutmusunuz və bundan əvvəl uzun müddət bu sahədə çalışmısınız. Bu səbəbdən ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq barədə soruşmaya bilmərəm? Yeni əməkdaşlıq proqramları gerçəkləşdirməklə bağlı planlar varmı? Azərbaycanlı tələbələr arasında Rusiyanın hansı təhsil müəssisələrinə və nə dərəcədə tələbat var? Azərbaycan öz növbəsində, rusiyalı tələbələrə nə təklif edə bilər?

- Təhsil bizim əməkdaşlığımızın vacib sahəsidir və bu sahədə əldə etdiyimiz nailiyyətləri fəxrlə sadalamaq olar. Xoşbəxtəm ki, nazir kimi son iki ildə bu prosesi əlaqələndirən quruma rəhbərlik etmişəm. İlk növbədə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasında rus dilində təhsil verən 341 məktəb fəaliyyət göstərir və bu məktəblərdə 140 min şagird təhsil alır. Bundan başqa, Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetinin filialları açılıb. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ilə ADA Universiteti arasında isə birgə MBA proqramının reallaşdırılması barədə razılıq əldə olunub.

Hər il Azərbaycan gəncləri “Rossotrudniçestvo” xəttilə Rusiyanın aparıcı təhsil müəssisələrində oxumaq imkanı qazanır. 2019/2020-ci tədris ilində bunun üçün 212 yer ayrılmışdı. Bu gün Azərbaycan vətəndaşları Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Moskva Dövlət Universiteti, Ali İqtisadiyyat Məktəbi, Diplomatik Akademiya və digər nüfuzlu Rusiya ali məktəblərində təhsil alır.

- Xarici işlər naziri ilə təhsil nazirinin işində ortaq nəsə varmı? Uğurun, nəticə əldə etməyin elə sirləri varmı ki, siz onları təhsil naziri postunda istifadə etdikdən sonra özünüzlə XİN başçısı postuna da gətirmisiniz?

- Əslində heç bir sirr yoxdur. Sistemli yanaşma, ilkin hazırlıq və məsuliyyət tələb edən vəzifələr var. Bütün nazirlik və qurumlar vahid orqanizmin hissələridir. Bu səbəbdən təbii ki, vəzifəsindən və fəaliyyət sahəsindən asılı olmayaraq, istənilən dövlət qulluqçusunun işinin əsasını dövlət maraqlarının və ictimai maraqların qorunması təşkil edir.

Təhsil bir xalqın və dövlətin öz gələcəyinə qoya biləcəyi ən yaxşı sərmayədir. Bu baxımdan Təhsil Nazirliyində işləməyim əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf srategiyasını daha yaxşı anlamağımda əhəmiyyətli rol oynayıb. Təhsil Nazirliyi “qara qızıl”ın, yəni ölkənin enerji resurslarının ixracından əldə edilən kapitalın insan kapitalına çevrilməsi prosesində vacib rol oynayır. Bu proses Azərbaycanın keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsinə kömək edəcək. Bu vəzifə çərçivəsində Təhsil Nazirliyi bir sıra beynəlxalq təşkilat və xarici dövlətlə əməkdaşlıq edir. Onlarla, o cümlədən rusiyalı tərəfdaşlarla bir sıra vacib birgə layihələr həyata keçirilir. Mənim bu işlərdə şəxsən iştirak etməyim həm çoxtərəfli, həm də ikitərəfli formatda diplomatiya və danışıqlarla bağlı faydalı biliklər verib.

Təhsil naziri vəzifəsində çalışmağım mənə iri inzibati sistemlərin idarə edilməsi, onların səmərəliliyinin artırılması baxımından qiymətli təcrübə qazandırıb. Əminəm ki, bu təcrübə XİN sistemində vəziyyətin hərtərəfli öyrənilməsi, əsas problemlərin müəyyən edilməsi və dövlət başçısının məni bu vəzifəyə təyin edərkən verdiyi tapşırıqlara uyğun olaraq, ən qısa zamanda optimal həll yollarının tapılması üçün faydalı olacaq.

- Siz dəfələrlə Rusiyada və bizim paytaxtımızda olmusunuz. Moskvada sevdiyiniz, xoşladığınız yerlər varmı? Avqustun 26-da birgünlük səfər zamanı oralara baş çəkməyə vaxt tapacaqsınızmı?

- Moskvada olmağı sevirəm. Bu unikal şəhərin dinamikası, onun müxtəlifliyi və dərinliyi xoşuma gəlir. Qeyri-orijinal görünməkdən çəkinmirəm və deyərdim ki, Qırmızı Meydan, Tverskaya və Arbatla gəzişmək adama zövq verir. Zaryadye parkı məndə gözəl təəssürat yaradıb. Bura Moskvanın yeni incisidir.
Yəqin ki, yeni vəzifədə ilk səfərim çərçivəsində, üstəlik pandemiya şəraitində mədəni proqrama vaxtımız çatmayacaq. Lakin Moskvada bunun üçün sərhədsiz imkanlar var. Yermolov teatrında izlədiyim “Mələklə uçuş” tamaşasının yaratdığı təəssüratı indiyədək xatırlayıram. Böyük aktyor, mərhum Sergey Yuryeviç Yurski on müxtəlif rolu parlaq ifa etməklə, zalı iki saatdan artıq sehrli gərginlik içərisində saxlamışdı. Halbuki, o zaman onun 80 yaşı var idi!
Əminəm ki, Moskvaya və Rusiyanın digər region və şəhərlərinə səfərlər üçün yeni imkanlarım olacaq və bu səfərlər mənim xatirəmdə ölkəniz, onun tarixi, mədəniyyəti və inkişafı barədə parlaq izlər buraxacaq.

pia.az


Etiket: Ceyhun Bayramov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar