Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Cəfərli: “Azərbaycan iqtisadiyyatının liberallaşması labüddür” - Müsahibə

İqtisadçı-ekspert: “Özəlləşdirmənin əsas prinsipi dövlət büdcəsinə düşən yükün azaldılması olmalıdır”.

Xəbər verdiyimiz kimi dünən prezident İlham Əliyev koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirdi.

Dövlət başçısı deyib ki, son vaxtlar bu sahədə aparılan müzakirələr deməyə əsas verir ki, artıq ciddi addımların atılması labüddür:

“Özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır. Həm özəl, həm də xarici şirkətləri biz maraqlandırmalıyıq. Çünki bəzi hallarda şirkətlər müraciət edir və onların müraciətlərinə baxılmır, bəzi hallarda uzadılır. Layihələrin bəziləri icra edilir, bəziləri isə yox. Biz özümüz maraqlı olmalıyıq. Biz xarici və yerli investorlara biznesplan verməliyik - bu sahə var, bu müəssisə var, gəl bunu özəlləşdir. Əgər strateji investor oraya böyük vəsait qoyacaqsa, bunu simvolik qiymətə özəlləşdirmək olar. Əgər, o, zəmanət verirsə ki, buraya böyük vəsait qoyacaq. Ancaq bu yolla biz bu müəssisələri işə sala bilərik. Çünki bizim Bakı şəhərində sovet vaxtından qalan nə qədər dağılmış müəssisələr var. Onların böyük əraziləri var. O ərazilərdə həm yeni sənaye müəssisələri yaradıla bilər, - əlbəttə ki, ekoloji standartları tam gözləmək şərti ilə, - eyni zamanda, şəhərsalma ilə əlaqədar burada böyük layihələr icra oluna bilər. Çünki pandemiya dövründə tənəzzülə uğrayan tikinti sektoru özündə böyük potensial cəmləşdirib. Həm iş yerlərinin açılmasına, həm tikinti materialları sənayesinə, həm də bir neçə sahəyə bunun müsbət təsiri olar. İndi şəhərin içində bizim o qədər yarıdağılmış, çürümüş sənaye müəssisələrimiz var. O investorları cəlb etmək lazımdır. Qoy, gedib öz puluna ərazini abadlaşdırsın, ictimai zonalar yaratsın və binalar tikilsin. Çünki buna ehtiyac var və bu, biznesi canlandıracaq”.

Azərbaycanda özəl və dövlət şirkətlərinin özəlləşdirilməsi və iqtisadiyyatın liberallaşdırılması ilə bağlı PİA.az iqtisadçı-ekspert Natiq Cəfərli ilə kiçik müsahibə edib.

Natiq Cəfərli: “İnhisarçı rolunda olan dövlət şirkətlərinə uzun illərdir dövlət büdcəsində böyük dotasiyalar, böyük yatırımlar, böyük yardımlar ayrılmasına, həmçinin onlara vergi güzəştləri, kommunal xidmətlərin silinməsi kimi güzəştlərin edilməsinə baxmayaraq ziyanla işləyirlər”.

PİA.az Natiq Cəfərli ilə ola müsahibəni oxucuların diqqətinə çatdırır:

- Natiq bəy, hazırda Azərbaycanda əsas istehsal və ixrac sahələri dövlət mülkiyyətindədir. İlkin olaraq hansı sahələrin özəlləşdirilməsini doğru hesab edirsiniz və hesab edirsinizmi ki, indiki şərtlər altında bu özəlləşdirmə iqtisadiyyata müsbət təsir edər?

- Əslində özəlləşdirmənin əsas prinsipi dövlət büdcəsinə düşən yükün azaldılması olmalıdır. Çünki inhisarçı rolunda olan dövlət şirkətlərinə uzun illərdir dövlət büdcəsində böyük dotasiyalar, böyük yatırımlar, böyük yardımlar ayrılmasına, həmçinin onlara vergi güzəştləri, kommunal xidmətlərin silinməsi kimi güzəştlərin edilməsinə baxmayaraq ziyanla işləyirlər.

Əsas hədəf dövlət büdcəsinə düşən yükün azaldılması və həmin şirkətlərin effektiv idarəedilməsinin təmin edilməsidir. Çünki ciddi korrupsiya sixemləri, yeyintilər və xərclərin şişirdilməsi faktı var. Bunun nəticəsində də qeyri-effektiv idarəetmənin gətirdiyi ziyanla işləmək kimi çox absurt bir məsələ var. Təbii ki, inhisarçılar ziyanla işləməməlidir. Çünki bazarda rəqibləri yoxdur.

Bunu görə də özəlləşdirmənin istiqamətləri və formaları müxtəlif ola bilər. Düşünmürəm ki, həmən bütün dövlət şirkətləri özəlləşdirməyə açıq olacaq və hamısı özəlləşdiriləcək. Bunun üçün birinci daxili kapital yoxdur. Yəni maliyyə bazarında böyük oyunçular yoxdur ki, daxili investorlar bu özəlləşdirmələri reallaşdırsınlar. Ona görə də iş xarici investorlara qalır. Xarici investorların da öz şərtləri olacaq. Qapını açsaq bütün investorlar gəlməyəcək. Gələn investorların da öz şərtləri olacaq. Bu şərtlərdən biri də Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü olacaq. İkinci şərt isə Avropa Birliyi ilə geniş sazişin imzalanması ola bilər. Həmçinin ölkədə məhkəmə hüquq sisteminin ədalətli olmalıdır. Vergi və gömrük siyasəti də önəmli rola sahib olacaq.

Natiq Cəfərli: “Paralel olaraq hüquq-məhkəmə sistemində islahatlar olmalıdır ki, xarici investorlarda maraq yaransın”.

Düşünürəm ki, özəlləşdirmədə əsas hədəf xarici investorları cəlb etmək olmalıdır. Amma bunun formaları müxtəlif ola bilər. Bildiyimiz kimi dövlət şirkətlərinin bir çox alt qrupları var və ola bilər ki, özəlləşməyə onlardan başlanılsın. Məsələn bir neçə il əvvəl “Azəriqaz” SOCAR-ın tərkibinə daxil edildi. İndi “Azəriqaz”ın SOCAR-dan ayırıb ayrıca qurum kimi uzunmüddətli idarəetməyə verilməsi mümkündür. Yəni qazpaylayıcı şirkətin ayrıca özəl olması mümkündür. Amma qazın hasilatı yəqin ki, dövlətin əlində qalacaq. O cümlədən “Azərenerji” də oxşar vəziyyətdir. Ola bilər ki, enerji istehsalı dövlətin əlində qalsın. Amma enerji paylayıcısı hissə-hissə özəlləşdirmə ilə şirkətlərə verilə bilər.

Azərbaycan Dəmir Yolları və AZAL-a gəlincə isə çox güman ki, burada uzunmüddətli idarəetmə müqavilələri olacaq. Yəni dəmir yollarının birdən-birə xarici şirkətlərə verilməsi doğru olmaz. Həmçinin də yeni effektiv menecment sistemi gətiriləcək ki, ən azından ziyanla işləməsinlər. Həm də dövlət büdcəsindən əlavə datasiyalar almasınlar və korrupsiya hallarına son qoyulsun.

- Dövlət başçısı onu da bildirdi ki, biz xarici və yerli investorlara biznesplan verməliyik. Sizcə ölkədəki biznes mühiti xarici investorların işə cəlb olunmasına imkan verəcək?

- Problem də əsas bundan ibarətdir. Azərbaycan bir çox beynəlxalq öhdəliklərləri yerinə yetirmək istəmir. Məsələn Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəmir. Amma investorlar üçün bu çox vacibdir. Həm də Azərbaycan Avropa Birliyi ilə tərəfdaşlıq sazişi imzalamaq istəmir. İmtina etməyib, amma vaxtı uzadır. Bizim bütün qonşu ölkələr artıq Avropa Birliyi ilə sazişi imzalayıb. Gürcüstan, Moldova, Ukrayna hətta Ermənistan belə bu sazişi imzalayıb. Düzdür Ermənistan daha aşağı səviyyəli müqavilə imzalayıb, amma yenə də imzalayıb. Azərbaycan daha üst səviyyədə müqavilə imzalamaq istəyir. Bu baş versə, investorlar üçün kifayət qədər pozitiv siqnal olacaq.

Natiq Cəfərli: “Azərbaycan iqtisadiyyatı dövlət iqtisadi modelidir. Hətta dövlət-məmur iqtisadi modelidir. Bu da effektiv bir model deyil. Liberallaşma mütləq olmalıdır”.

Mənim öz fərdi fəaliyyətim də bu sahə üzrədir. Uzun illərdir xarici investorlarla çalışıram. Ona görə bilirəm ki, xarici investorlar üçün əsas məsələ hüquq, mühafizə və məhkəmə sistemidir. Yəni məhkəmələrin beynəlxalq standartlara uyğunlaşdırılması, işlərin çevik və ədalətli həllinin tapılması çox vacibdir. Buna görə də hesab edirəm ki, paralel olaraq hüquq-məhkəmə sistemində islahatlar olmalıdır ki, xarici investorlarda maraq yaransın.

- Dünənki çıxışından sonra siz də içində olmaqla bəzi ekspertlər prezidentin liberal siyasətə keçməsi haqda fikirlər səsləndiriblər. Azərbaycan iqtisadiyyatının, o cümlədən siyasətinin liberallaşmasını nə qədər mümkün hesab edirsiniz və bu hansı şərtlər altında baş verə bilər?

- Nəinki mümkündür, hətta labüddür. Açığı illərdir səsləndirdiyimiz fikirlərin və tezislərin prezident tərəfindən səsləndirilməsi ən azından xoş surpriz oldu. Azərbaycan iqtisadiyyatı dövlət iqtisadi modelidir. Hətta dövlət-məmur iqtisadi modelidir. Bu da effektiv bir model deyil. Liberallaşma mütləq olmalıdır.

Xarici ticarətin 92 faizi dövlətin əlində olan, dövlət büdcəsinin formalaşmasında 60 faiz Neft Fondunun üzərinə düşən bir ölkədə liberallaşma qaçılmazdır. Amma liberallaşmanın da öz yolu və faktorları var. Bunlar daxili və xarici investorlarda güvən hissinin aşılnaması, idarəetmənin effektivliyinin artırılması, yerli özünüidarə etmənin gücləndirilməsidir və s. Yəni bir çox hüquqi və siyasi islahatlar paralel aparılmalıdır ki, nəticə etibarilə liberal iqtisadiyyata keçid mümkün olsun.

Nərminə UMUDLU

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar