Bazar, 09 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Fazil Mustafa: “Yeni SSRİ sərsəm ideyadır”

Son vaxtlar bütövlükdə MDB məkanında gərginliyin artması müşahidə olunmaqdadır. İyulun 12-də Ermənistanın Tovuz rayonu istiqamətindəki təxribatı, bundan sonra yaşanan gərginlik, iyulun 29-da Minskdə Rusiyaya aid muzdlu döyşçülərin saxlanılması və rəsmi Minskin Moskvanı ölkədə sabitliyi pozmaq cəhdində ittiham etməsi, Normand formatında Ukrayna ilə Rusiya arasındakı atəşkəs razılaşmasına baxmayaraq, gərginliyin davam etməsi kimi hallar – bütün bunlar təsadüfdürmü, yoxsa eyni mərkəzdən idarə olunan prosesin ayrı-ayrı tərkib hissələridir? “AzPolitika.info” bu mövzuyla bağlı Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın fikirlərini öyrənib:

- Fazil bəy, sizcə, son zamanlar MDB məkanında gərginliyin, konfliktlərin artmasının səbəbi nədir?

- MDB məkanında baş verənlər təsadüfi deyil. Xüsusilə Jirinovskinin son açıqlamaları göstərdi ki, Rusiyada imperialist maraqların çəkinmədən qabardılması müşahidə olunur. Bu da narahatçılıqla izlənilir. Diqqət edirsinizsə, Rusiyanın özünün daxilində başlayan proseslər də gərginləşir. Ehtimal budur ki, daxildə proseslər gərgin xarakter aldıqda, bunun xaricə köçürülməsi yolları işə düşür. Fikrimcə, Belarusla bağlı, elə başqa məsələlərdə də belə narahatçılıq və təhlükə var. Bu baxımdan hesab edirəm ki, Belarusun özündə hakimiyyət dəyişikliyi ilə bağlı müəyyən ssenarilərin işə düşməsi təhlükəsi olduğundan Prezident Aleksandr Lukaşenko tərəfindən belə bir addım atıldı.

Sözsüz ki, ermənilərin son addımında da kənar qüvvələrin rolu olmamış deyil. Diqqət etsək görərik ki, Tovuzda baş verən hadisə ilə paralel olaraq, Bakıda yürüş keçirildi və müəyyən şüarlar səsləndirildi. Hesab edirəm ki, bu kimi məsələlərdə diqqətli olmaq lazımdır və kənardan idarə olunan ssenarilərə alət olmaq olmaz.

- Bəzi siyasi şərhçilər hesab edirlər ki, MDB məkanında baş verənlər SSRİ-nin bərpası planının işə düşməsindən xəbər verir. Sizcə, bu iddialar nə dərəcədə əsaslıdır?

- Bilirsinizmi, SSRİ-nin bərpası üçün sosial-iqtisadi şərtlər yetərli deyil. Bu gün Qızıl Ordunu göndərəsən ki, get əraziləri işğal et və paralel olaraq da Qərb dünyası ilə düşmən mövqedə olasan... İndi o dövr deyil. Başqa sözlə, indi bunu rahatlıqla həll etmək mümkün deyil.

Rusiyanın özü iqtisadi baxımdan yetərincə zəngin ölkə deyil. Məsələn, Amerika öz çevrəsindəki hansısa dövlətləri toplaya bilər. Çünki pulu-parası, nəhəng iqtisadi resursları var. Rusiya isə bunu ancaq zor yolu ilə edə bilər. Amma zor yolu ilə bu qədər ölkəni özünə tabe etdirmək o qədər də asan məsələ deyil. Xüsusilə, nəzərə alınmalıdır ki, bu ölkələr az qala 30 ilə yaxındır müstəqilliyin dadını görüblər. 20-ci əsrin əvvəllərində bu ölkələr bir il və ya il yarım müstəqil olmuşdular, hələ öz sistemlərini oturda bilməmişdilər. Amma indi yeni nəsil doğulub. SSRİ-nin zorla bərpası cəhdi olsa, onda eyni vaxtda bütün ölkələri qiyamlar bürüyər. Hətta SSRİ-nin güclü vaxtında, müstəqillik alışqanlığının olmadığı bir dövrdə bu qədər qiyamlar baş verdi. İndi bunu idarə etmək çox çətin olar. Ona görə də mən bu ideyanın əslində sərsəm ideya olduğu düşüncəsindəyəm.

Hər halda, müəyyən dərəcədə iqtisadi maraqların uzlaşması baxımından bərabərhüquqlu variant tapılarsa, Rusiya ilə inteqrasiyadan istifadə etmək olar. Yəni Rusiya ilə müəyyən mənada əməkdaşlıq modelinə getmək mümkündür. Lakin müstəqilliyə zərər vuracaq, təhdid edəcək modeldən bütün ölkələr qaçınacaq. Belə rəy yaranır ki, bunu zorla etmək mümkündür, amma mən bu düşüncədə deyiləm. İndi ötən əsrin 20-ci illərindən fərqli olaraq, dünyanın böyük dövlətlərinin nəzarəti var. Müəyyən dəyərlər, məsələlər var ki, onların üzərindən asanlıqla adlamaq mümkün deyil.

- Sizcə, real olaraq Kremldə SSRİ-nin bərpası haqqında düşünənlər varmı, yoxsa bu, kimlərinsə sadəcə kənardan ortaya atdığı ideyadır?

- Yox. Ola bilsin ki, elitada vəziyyətdən çıxış yolu kimi birbaşa bu yola gedilməsinin tərəfdarları var. Amma əhalini bu ideya maraqlandırmır. Bu gün Rusiyanın özündə hətta Çeçenistanı ölkənin tərkibində saxlamağa maraqlı olmayan çoxlu insanlar var. Düşünürlər ki, Çeçenistan nəyimizə lazımdır? Əgər onun saxlanılması üçün mərkəzi büdcədən böyük maliyyə ayrılırsa, üstəlik, bu ərazi hər zaman təhlükə mənbəyi olaraq qalırsa, bu, Rusiyanın nəyinə lazımdır? Rus insanı bu gün idealist düşüncə daşıyıcısı deyil. Amma elitada əhalini daxili problemlərdən yayındırmaq üçün SSRİ-nin bərpası kimi tezisləri ortaya atırlar. Lakin onların da bunun üçün gücü və resursu yoxdur. Bunu hansı pulla, imkanla etmək olar? Bu gün bir ordunu Suriyada saxlaya bilmir, Liviyada saxlaya bilmədi. İndi belə böyük bir planı necə reallaşdıra bilər?

Ordu saxlamaq, başqa ölkəni işğal etmək elə-belə iş deyil. İndi bakterioloji silah tətbiq edib hamını məhv etməyəcək ki. Bu ölkələrin hamısında böyük dirəniş ola bilər. Odur ki, Rusiyanın bu addımları hamını qorxutmaq məqsədi güdür. Məqsəd budur ki, bu ölkələr Rusiyanın maraqlarına zidd davranış nümayiş etdirməsinlər.

Ümumiyyətlə, heç bir ölkə öz ərazisinin başqa bir ölkəyə verilməsi ilə razılaşa bilməz. Ona görə Qarabağın verilməsi kimi tezislər də cəfəngiyyatdır. Azərbaycan heç vaxt buna razı olmaz və işğala məruz qalan ərazilərini mütləq geri qaytaracaq. Hər şey bu ölkələrin istəyindən asılı olsaydı, arzuladıqları hər şeyi həyata keçirərdilər. Lakin görürsünüz ki, bir çox hallarda sıxıntı içərisindədirlər və bir çox məsələləri həll etmək qabiliyyətinə sahib deyillər.

- Bundan sonra MDB məkanında proseslər hansı ssenari üzrə inkişaf edə bilər?

- Hər halda, MDB məkanında kiminsə öz arzularını istədiyi kimi həyata keçirməsi asan məsələ deyil. Məsələn, məntiqlə Belarusla məsələləri həll etmək asandır. O mənada ki, eyni dildir, mədəniyyətdir, hansısa ittifaqda fəaliyyət göstərirlər. Amma burada da güc tətbiq edilməsi dünya tərəfindən yaxşı və sakit qarşılanmaz. Ona görə də, belə addımlar sadəcə qorxutmaq məqsədi daşıyır.

Ukrayna və Rusiya iki qardaş xalq idi, çox dərin əlaqələri vardı. Amma gördüyünüz kimi Rusiya Ukraynada böyük dirənişlə rastlaşdı. Əlbəttə, hərbi güc vasitəsilə bir şeylər edə bilərsən, lakin bu günə qədər Luqanskın və Donbasın əlində qalıblar. Krımı ilhaq etsələr də, bu, böyük skandala çevrilib. Əvəzində, Rusiya təcrid edilib, sanksiyalar altına salınıb. Və bu durumdan əziyyət çəkir. Ümumiyyətlə, böyük ərazisi olan bir ölkənin bu qədər əlavə ərazilər tutmasının nə mənası var? Elə əlində olan əraziləri idarə et, kasıbçılığı aradan qaldır da...

Xabarovskda bir aydır ki, hərəkat başlanıb, insanlar küçələrə tökülüb. Uzaq Şərqdə gərgin vəziyyət hökm sürür. Yəni bu qədər daxili problemləri xaricə köçürməklə məsələ həll edilməz. Bunun bumeranq effekti ola bilər.

- 2014-cü ildə Rusiya və Ukraynanın münasibətlərində sınma nöqtəsi yaşandı. İndi demək olarmı ki, eyni proses Belarusla Rusiya arasında da müşahidə edilir?

- Sözsüz. Əgər hakimiyyəti devirmək istiqamətində Minskə adamlar göndərilibsə və onlar da həbs edilibsə, bu o deməkdir ki, Belarus dövləti ən sərt şəkildə öz mövqeyini ortaya qoyacaq.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

AZAL şefinin ölkədə və xaricdə daha 31 şirkəti üzə çıxdı - Siyahı

AZAL-dakı korrupsiyanın inanılmaz miqyası... - Sensasion faktlar

“Özünü rayonun kiçik padşahı kimi aparır” - Fazil Mustafa ilə icra başçısı arasında qalmaqal

“Prezident Dövlət Neft Şirkətinin fəaliyyətindən narazılıq edirsə...” – Aynur Camalqızı

Nazir müavini: “Cərimələrin sərtləşdirilməsi ilə bağlı müzakirələr aparılır”

Dünən dənizdə boğulan hamilə qadını əri öldürüb

Əli Əsədov nazirləri topladı: Nəzarət gücləndirilir

Ziyəddin Əliyevin həyat yoldaşına yeni vəzifə verildi - Foto

"Hökumət bu yolla virusun yayılmasına bir növ qapı açır"

Dövlət şirkətləri niyə büdcəni “yeyir”? – Onlar buna öyrəşiblər

loading...

Ən çox oxunanalar