Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan qadını nə istəyir: Müharibə, yoxsa övladının sağlığını?

“Biz vəhşi deyilik, insanların gözüyaşlı qalmasını istəmirik, amma sülh haqda torpaqlarımız işğaldan azad edildikdən sonra danışa bilərik”

Azərbaycan-Ermənistan sərhədində, Tovuz rayonu ərazisində ciddi eskalasiya baş verdi. Düzdür, sərhəddən gələn məlumatlara görə, hazırda sakitçilik hökm sürür. Ancaq hər an yenidən döyüşlərin başlaması istisna edilmir.

Son qarşıdurmalar zamanı cəmiyyətdə böyük ruh yüksəkliyi müşahidə olundu, yüz minlərlə vətəndaş müharibə arzusunu, torpaqlarımızın işğaldan azad edilməsi tələbi ilə ölkə rəhbərliyinə müraciət etdi. Bu prosesdə kişilərlə yanaşı, qadınlarımızın şücaəti, qorxmazlığı da xüsusi qeyd olunmalıdır.

 

Müharibə qandır, ölüm-itimdir, fəlakətdir... Amma o müharibə haqq uğrunda, Vətən naminə aparılırsa – milli qürurdur, namusumuzun qorunmasıdır. Və təbii olaraq sual yaranır: Azərbaycan qadını müharibə istəyir, yoxsa övladlarının salamatlığını? AYNA bu suala onların öz dillərindən cavab alıb.

Milli Məclisin deputatı Jalə Əliyevanın sözlərinə görə, vətənimiz olmasa, anamız, övladımız, özümüz olmarıq: “Bu vətən üçün illər boyu, dünya durduqdan bəri, bizim atalarımız, babalarımız vuruşublar. Və bizə bu şəkildə Azərbaycan adlı vətən təhvil veriblər. Və bizim də əlbəttə ki, ən böyük amalımız, ən böyük hədəfimiz bu Vətəni göz nuru kimi qorumaq və gələcək nəsillərə ötürməkdir. Əlbəttə, ana olaraq, qadın olaraq hər birimiz narahatıq, hər birimiz üzülürük. Bizim də ailələrimizdə böyüyən nəsil var, övladlar var. Mənim ailəmdə bu gün üç oğul böyüyür. Əlbəttə ki, onların sabah Azərbaycan əsgəri olaraq bütöv Azərbaycanımıza xidmət etməsi mənim üçün böyük bir şərəf olardı”.

“Bu gün səngərlərdə, cəbhədə vuruşan, əlində silah düşmənlə qarşı-qarşıya dayanan hər bir zabit, hər bir əsgər bizim qardaşımız, övladımızdır. Və biz əllərimiz göydə onlar üçün duadayıq. Allah Vətənimizi, Ordumuzu və Prezidentimizi qorusun. Biz hər zaman inanırıq, heç vaxt inamımızı, ümidimizi itirməmişik. İnanırıq ki, bu ədalətsiz, elan olunmamış müharibə Azərbaycanın qələbəsi ilə sona çatacaq”, - millət vəkili deyib.

“Soruşursunuz ki, “övladmı, yoxsa Vətənmi?”. Baxın, elə bu düşüncə ilə də şəhid qanlarının axıdılmaması üçün övladlarımızın şəhid olmaması üçün, biz illərdən bəri atəşkəs elan etmişik. Ölkə Prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan müharibə yolu ilə torpaqlarını azad etməyə qadirdir, qüdrəti var. Lakin danışıqlar masası arxasında bütöv danışıqlar, çarələr tükənənə qədər biz müharibə etməyəcəyik. Bunu biz dəfələrlə dünyaya duyurmuşuq. Çünki biz qan axıdılmasını istəmirik. Ailələrimizin gözüyaşlı qalmasını istəmirik. Biz varvar, vəhşi deyilik. Biz heç zaman hücum etməmişik, bizim torpaqlarımıza hücum ediblər. Amma Prezidentimizin də dediyi kimi heç bir çarə qalmazsa, əlbəttə, bugünlərdə olduğu kimi, bundan sonra da torpaqlarımızı savaş, müharibə yolu ilə geri qaytarmaq əzmindəyik və bunun üçün bizim kifayət qədər igid oğullarımız var”, - J.Əliyeva bildirib.

Keçmiş millət vəkili, "Teleqraf Holding"in rəhbəri Aynur Camal qeyd edib ki, torpaqlarımız işğal altında olduğu müddətdə hər birimiz müharibə əzmində olmalıyıq: “Torpaq hər şeydən önəmlidir. Onun uğrunda nəinki balamızdan, varımızdan, hətta canımızdan belə, keçməyə hazırıq. Bunun başqa yolu yoxdur və ola da bilməz”.

“Qarabağı azad etdikdən sonra biz də müharibənin lazımsızlığından danışa bilərik. Amma bu gün hər kimsə müharibənin lazımsız olduğunu, insan ölümlərinin lazımsız olduğunu qeyd edirsə, düşünürəm ki, bu, Vətənə, Qarabağa xəyanətdir. Azərbaycan xalqı güclü, potensiallı xalqdır. Bizim bir generalımız şəhid olacaq, onun yerinə dördü-beşi gələcək, bir əsgərimiz şəhid olacaq, onun yerinə mini gələcək. Onlar yetişəcəklər. Amma ən vacib odur ki, bizim torpaqlarımız işğaldan azad olunsun və biz bir millət kimi özümüzü təsdiq edə bilək”, - A.Camal vurğulayıb.

Xalq artisti Afaq Bəşirqızı o qənaətdədir ki, Vətən, torpaq olmadıqdan sonra övladdan, valideyndən danışmaq mümkün deyil: “Torpaq torpaqdır, torpaq müqəddəsdir, torpaq ana qədər müqəddəsdir, torpaq varlıqdır, sənin kimliyindir. Əlbəttə, bu azğınlığa cavab vermək lazımdır. Artıq neçə illərdir, atəşkəs rejimindən bu yana biz dözürük, onlar atəşkəsi pozurlar. Biz şəhid veririk, yenə ara sakitləşir. Bunlar ermənilərə dayaq duran ölkələrin, ölkə başçılarının, ermənilərin istəyi ilə gedənlərin, Minsk Qrupunun planlarıdır. Bunlar hamısı Azərbaycana zərbədir, xəyanətdir. Bir müddət əvvəl bir müsahibəmdə demişdim, amma müsahibədə həmin hissəni verməmişdilər. Mən hər zaman demişəm və sözümün üstündə də möhkəm duraraq yenə də deyirəm: Aramızda həddindən artıq çox erməni var. Diversiya, xainlik üçün qrup şəklində, planlaşdırılmış şəkildə ermənilər və ermənilərə işləyən alçaqlar çoxdur”.

Aktrisa iyulun 14-ü gecə Bakıda keçirilən orduya dəstək mitinqinə də toxunub: “Xalqımızın elə qürurla ayağa qalxması, döyüş arzusu, ordumuzun arxasında duraraq, onlara dəstək olması mənim qəlbimi köksümə sığdırmadı. Amma bir nigarançılığım var idi ki, sonda nəsə pis bir şey olmasın. Gecəyarısı mənə xəbər ediləndə ki, “artıq xahiş olunur, evlərinizə dağılın, biz öz fikirlərimizi bildirdik, indi isə cavab gözləyək” və deyiləndə ki, “Afaq xanım, kütləni dağıtmaq mümkün olmur”, o zaman mən çox həyəcan keçirdim. Ürəyimi sıxan bu nigarançılıq, deyəsən baş tutacaq dedim. Çünki ora döyüşmək üçün, torpaq üçün yığılan adamlar yalnız Qarabağın azad olunmasını fikirləşməli idi. Axı, bizim müxalifətimiz də iqtidara dedi ki, “gözünüz arxada qalmasın, bu məsələdə biz birik, sonra isə biz yenə öz mübahisəmizi həll edərik”. İnanın ki, bu sözlərdən sonra ürəyim dağa döndü. Amma bəzi insanlar söz dinləmirlər. Artıq bütün çəkişmələri, davaları bitirib, birgə Qarabağı düşünmək lazımdır”.

“Hər hansı şayiələrə, deyimlərə, dezinformasiyalara inanmayaq. Çünki pərakəndə şəkildə nəyəsə nail olmaq mümkün deyil. 1991-1992-ci illərdə bizim nə qədər könüllü batalyonlarımızdan oğullarımız getdi. Biz çoxlu sayda oğul, igid, zabit, döyüşçülərimizi itirdik. Dünəndən bugünə baş verən təxribatlarda zabitlərin ölümləri sinəmizə dağ çəkdi. Siz başa düşmürsünüzmü ki, bütün bunlar hamısı böyük bir satqınlıqdır? Bütün döyüş nöqtələrimiz düşmənə satılır, onlar tərəfindən dəqiq nişan alınır. Bunu anlamaq o qədər də çətin məsələ deyil. Ona görə də ordumuz çox ehtiyatlı və diqqətli olmalıdır. Əsl azərbaycanlı, əsl türk oğlu türk qayda-qanuna riayət etməlidir. Bütün diqqətimiz, dərdimiz, nigarançılığımız ön cəbhədədir. Əgər biz arxa cəbhə barədə düşünüb, arxamızda olanları fikirləşiriksə, necə vətəndaşlarıq?! Guya, ön cəbhəyə kömək etmək istəyirsən, arxa cəbhədə isə ixtişaşlar törətmək istəyirsən. İnsanların fikirlərini dağıdırsan. Azərbaycan bu dəqiqə yalnız vuruşur, mənim xalqım tək vuruşur, bununla qürur duyuram. Arxalı köpəklərdən fərqli olaraq, heç bir ölkədən kömək ummadan, mənim Vətənim, əsgərlərim, xalqım tək döyüşür. Mənim xalqım birlikdədir və bu birliyin qalib gələcəyinə inanıram. Heç kim pessimizmə qapılmasın. Hamımıza qələbə arzulayıram. Aranı qızışdırıb, düşməni sevindirməyin! Qələbə, qələbə, yalnız qələbə! Ya olum, ya ölüm!”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sualımıza “yəhudisayağı cavab” verdi: “Azərbaycanın sərhədi qalıb ki? Azərbaycanın sərhədi hələ heç özünə qayıtmayıb. Dağlıq Qarabağ və ətrafındakı torpaqlar hələ də düşmənin nəzarətindədir. “Övlad, yoxsa Vətən” məsələsi sovet dönəmində daha aktual idi. Təbii ki, övlad ana üçün əsasdır. Mənim oğlum yoxdur, amma fərqi nədir ki, müharibədə həlak olan oğullar mənim deyil? Neçə illərdir ki, düşmənin tapdağında olan sərhədimizin məsələsini indi niyə ortaya çıxarıblar? Niyə indiyə kimi sərhədi müdafiə etməyiblər? “Mənim sərhədim yoxdur, sərhədimdə erməni dayanıb, mənim sərhədim işğal olunub. Ona görə də, müharibə istəmirəm. Mən torpağımı sülh yolu ilə qaytarmaq istəyirəm. Çünki bu oğullar Azərbaycana lazımdır. Bu igidləri siyasi oyunların qurbanı etmək olmaz. Torpaq necə verilibsə, eynilə də geri alınmalıdır. Erməni kim idi ki, torpağımızı alırdı? Erməni torpaq ala bilərdi?”.

“Fikir verin, bütün hamı “Qarabağ” deyir. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Niyə Qarabağın qaytarılması ilə bağlı siyasi görüşlər keçirilmir, niyə müəyyən addımlar atılmır? Niyə BMT-nin dörd qətnaməsi qaldırılmır? BMT-nin sözügedən qətnamələri çox uğurlu qətnamələrdir. Niyə onların həyata keçirilməsini tələb etmirik? Ağıllı bir siyasət olsa, müharibəsiz torpaqları geri almaq olar. Müharibəsiz alınmış torpaqları müharibəsiz geri qaytarmaq mümkündür”, - M.Qəhrəmanlı əlavə edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Ən çox oxunanalar