Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan mətbuatı: giriş haradadırsa, çıxış da oradadır

İyulun 22-də Azərbaycanda Milli Mətbuat günü qeyd olunacaq. Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzetinin yaranmasından 145 il ötür. Bəs 145 illik tarixi olan Azərbaycan mətbuatı hansı durumdadır?... 

Bu gün Azərbaycanda fəaliyyət göstərən media və media qurumları öz fəaliyyətlərini idarə edə bilirlərmi? “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bütün bu suallarla bağlı ASTNA-ya danışıb.

***

-Arif bəy, bu gün baş verən mənzil, mükafat davaları və digər proseslər fonunda medianın durumuna baxsaq, nə deyə bilərsiniz?

-Mənzil və mükafat davaları bizim mediada mövsümi xəstəliyə çevrilib. Yayın gəldiyindən, jurnalistika gününün yaxınlaşdığından xəbər verir. Həkimlər deyirlər ki, xəstəlik anormal şəraitə orqanizmin normal reaksiyasıdır. Media siyasəti özü anormaldır, ona görə belə reaksiyalar doğurur. Bəli-bəli, qələm sahiblərinə hökumətin mənzil və fəxri adlar paylaması onlara qayğı deyil, medianı idarə etməyin bir formasıdır, məsələyə sovet dövründən qalma yanaşma tərzidir. Nəticəyə baxın: media tənəzzüldədir, amma daş atırsan, “Tərəqqi” medalçısına dəyir. “Əməkdar jurnalist”ləri bir yerə yığsan, ordu düzəltmək olar, amma bu, təəssüf ki, dediyiniz “media durumu” baxımından məğlub ordudur. Ola bilsin, fikrimi kəskin ifadə edirəm, amma bu kəskinlik ürək ağrısının dərəcəsinə mütənasibdir. Axı bu qədər problemimiz, vəzifələrimiz, eyni zamanda resursumuz və potensialımız ola-ola biz niyə hər yay “Mükafatlar kimə düşür?”, hər üç ildən bir “Mənzillər kimə paylanmalıdır?” kimi mövzularda qovğaya qalxmalıyıq? Bu sualın cavabını dünya mediası çoxdan verib: jurnalist qələmini yerə qoyana qədər pay almamalıdır, ya alırsa, qələmini yerə qoymalıdır.

-Azərbaycanda çoxsaylı hakimiyyətyönlü, eləcə də müxalifətyönlü media var. Müstəqil medianın sayı isə olduqca azdır. Əsas çoxluqda olan bu medialar tez-tez kimlərsə haqda şər, böhtan, qarayaxma kampaniyası yaza, yaya bilirlər. Bu gün mediada əxlaqi normalar işləyirmi? Bütün bu baş verənlərə, eləcə də medianın əxlaqi normaları gözləməsinə kim nəzarət etməli idi? Haradadır o qurumlar? Mətbuat Şurası bütün bunlara nəzarət etməli və obyektiv fəaliyyət ortaya qoymalı deyildimi?

-Ürək bütün orqanizmlə əlaqəli olduğu qədər, jurnalistika da bütün damarları ilə cəmiyyətə bağlıdır: bir tərəfdən, ondan qan alır, digər tərəfdən, ona qan verir. Bizim “ictimai qanımız”ın özünün təmizlənməsinə ehtiyac var. Əlbəttə, media da ürək kimi, “qan”ı oksigenlə zənginləşdirmək funksiyasına malikdir. Amma illərlə davam edən təzyiqlər nəticəsində onun “klapanlar”ı sıradan çıxarılıbsa bu işin öhdəsindən necə gələ bilər? Bir vaxtlar həmin klapanlar rolunu oynayan Bakı Mətbuat Klubu, Redaktorlar Birliyi dağıdıldı, “Yeni Nəsil” Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, mediada əxlaq davranışının real monitorinq mərkəzi olan Nəcəf Nəcəfov Fondunun fəaliyyəti faktiki dayandırıldı, jurnalistlərin qurultayı, Mətbuat Şurası oyuncağa çevrildi. İndi “klapan”, yoxdur özünütənzimləmə mexanizmləri yoxdur. Ayrı-ayrı şəxslərin çağırışlarının ümidinə qalmışıq, cərimələrlə jurnalistləri, sosial şəbəkə fəallarını tərbiyələndirməyə çalışırıq. Bəladan qurtarmaq istəyiriksə cərimələrə yox, özünütənzimləmə mexanizmlərinin bərpasına və onların nüfuzunun artırılmasına güc verməliyik. Çox sadə bir həqiqət var: peşə əxlaqı kodeksinin işləməsi üçün həmin peşə sahəsində korporativ ruh, ümumi cameəyə mənsubluq hissi yaradılmalıdır. Əgər həkimlər də iqtidaryönlü, müxalifətyönlü və müstəqil həkimlərə bölünsələr, Hippokrat andı gedər öz işinə. Bunu isə indiki şəraitdə ancaq yuxarıların iradəsi ilə həyata keçirmək mümkündür. Çünki bəla oradan gəlib və Erkin Qədirli demiş, giriş haradadırsa, çıxış da oradadır.

-Sizin də mediaya nəzarət, prinsiplərə hörmət, əxlaqi normaların qorunması ilə bağlı zaman-zaman təşəbbüsləriniz olub. Hətta Bakı Mətbuat Klubunun funksiyalarından biri məhz bu idi. Bundan başqa da hansısa birliklər və təşəbbüslər var idi. Niyə bu təşəbbüslər, təşkilatlar, birliklər inkişaf edə bilmədi? Nə mane oldu?

-Siyasət mane oldu və hələ də mane olur. Seymur Kazımovun çox maraqlı bir araşdırması var, o, “söyüş leksikası”nın Azərbaycan mətbuatına necə yol tapdığını mərhələ-mərhələ araşdırıb və göstərib ki, bu, siyasi proseslərin tərkib hissəsi olub, sonra nəzarətdən çıxıb. Baxın, mediada “nifrət dili”nin daşıyıcılarının və qızışdırıcılarının 99 faizi ya siyasiləşmiş, ya siyasiləşdirilmiş jurnalistlər, şəbəkə fəallarıdır. Sualın qalan hissəsinə isə, deyəsən, tələskənlik edib bayaq cavab verdim.

-Hakimiyyət uzun illərdir çalışır ki, medianı istədiyi kimi idarə etsin, yönləndirsin və ələ alsın. Buna tam olmasa da müəyyən qədər nail olub. Hətta ölkədə hakimiyyətin media siyasəti var deyə bilirik. Sizcə, hakimiyyətin medianı idarə etməyə çalışması, media siyasəti təyin etməsi normal haldırmı?

-Media daha geniş desək, informasiya-kommunikasiya siyasətinin olması nəinki normal, hətta zəruri haldır. Nəzərə alın ki, biz sürətlə informasiya cəmiyyətinə doğru gedirik, bəzən hətta iradəmizdən kənar ora sürüklənirik. Bütün aspektlərdə, o cümlədən təhlükəsizlik məsələlərində, sosial, iqtisadi sahələrdə və s. Forbes-in siyahısına baxsanız, görərsiniz ki, informasiya-kommunikasıya maqnatları gəlirlərinə görə neft krallarını da üstələyirlər. Belə şəraitdə informasiya siyasəti və idarəçiliyi olmadan hara gedə bilərsən? Amma informasiyanı idarə etmək çətin olduğundan və xüsusi bacarıqlar tələb etdiyindən bizdə onun başını buraxıblar, girişiblər medianı idarə etməyə. Axı eyni dırmığın üstünə nə qədər çıxmaq olar? Mənə deyin, milyonlar töküb ayağına bağladığı bu media indi qlobal informasiya məsələlərində hökumətin özünün işinə çoxmu yarayır? Yarayırsa, niyə informasiya siyasətinə məsul olan şəxsləri işdən uzaqlaşdırıb, fəaliyyətlərini araşdırırlar? Yaramırsa, niyə onların saldıqları yolla getməkdə davam edirlər? Yox, bu, məğlubiyyətə aparan yoldur: həm media üçün, həm hökumət üçün. İnformasiya idarəçiliyi tamam başqa əsaslarla qurulur, o, tabeçilik prinsipləri üzərində qurulan bəsit “media idarəçiliyi”ndən xeyli fərqli və səmərəli üsuldur. ABŞ mediası Rusiyaya tabe idi ki, Vaşinqton Kremli informasiya-kommunikasiya vasitələri ilə seçkilərə təsir göstərməkdə günahlandırdı? Ya Türkiyə Azərbaycan televiziyalarına pul və göstəriş verir ki, tamaşaçılar onlara yox, daha çox Türkiyə kanallarına baxsınlar?

-Görünən odur ki, son vaxtlar hakimiyyətdə media siyasətini yönləndirən kadrlarda dəyişikliklər olsa da siyasət hələ dəyişməz olaraq qalır. Sizcə, media siyasətində hansı dəyişikliklər aparılmalıdır?Və ya ümumiyyətlə, belə bir siyasətə ehtiyac varmı?

-Media həmişə güclü, ekstremal şəraitdə və islahatlar dövründə isə həlledici rol oynayan resurslardan biridir. Hazırda Azərbaycanda bu iki şərtin hər ikisi var: bir yandan pandemiya, digər yandan islahatlara cəhd. Amma mediadan tam şəkildə yararlanmaq və onun vasitəsi ilə ictimai rəydə dəstək qazanmağın yolu ilk növbədə informasiya siyasətinin köklü şəkildə yenilənməsindən və kütləvi kommunikasiya vasitələrinə, o cümlədən KİV-ə fərqli yanaşma tərzinin ortaya qoyulmasından keçir.

Azərbaycanda da məhz bundan başlanılmışdı. Ramiz Mehdiyevin və Əli Həsənovun, ardınca zəncir üzrə media siyasətinə məsul digər şəxslərin vəzifədən uzaqlaşdırılması cəmiyyətdə məhz ideoloji yenilənməyə meyl kimi qiymətləndirilmiş, deyim ki, müəyyən ruh yüksəkliyi yaratmışdı. Ayrı-ayrı faktları xatırlatmağa ehtiyac görmürəm, uzaq tarix deyil.Artıq kifayət qədər – yarım ildən çox vaxt keçib. Düzdür, qarışıq dövrə düşdü, ancaq bizim bəhs etdiyimiz məsələ bununla aktuallığını itirmir ki, bəlkə, artırır, çünki böhranı daha kəskin hiss etdirir.Nə dəyişdi bu dövrdə?

Rəhbərlər yeniləndi. Gözə görünən başqa bir dəyişikliyə şahidlik etməyə çətinlik çəkirəm. Qalan şeylər öz yerindədir: qanunlar həmin qanunlardır (hətta bəzi əlavə məhdudiyyətlər də yeridilib, cərimələr artırılıb); mətbuat xidmətləri eyni qaydada işləyirlər – kimə istəyirlər, cavab verirlər, kimi yaxın bilirlər, tədbirlərə çağırırlar, elə bil, özlərinə ad günü keçirirlər; trol şəbəkəsi əvvəlki həvəslə fəaliyyətdədir; redaksiyalarda əməkdaşlar mənzil və fəxri adlar üstündə çəkişirlər; xırda “reketçilər” ölkənin şəhər və kəndlərinin canına daraşıblar, iri “reketçilər” ofislərində oturub sifarişli məqalələr yazırlar; KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu isə eyni formul üzrə büdcə pulunu qəzetlərə paylamaqda davam edir…

Yəni, yuxarılar görmürlərmi ki, belə mediaya nəinki hakimiyyətin elan etdiyi islahatlara dəstək verə, ictimai nəzarəti canlandıra, heç özü-özünü də cəmiyyətdə dəyişikliklərin reallığına inandıra bilməz?

-Medianın bugünkü duruma düşməsinin əsas səbəbi nədir? Medianın dişsizliyi, çarəsizliyi, yoxsa istəksizliyi? Məsələn, müstəqil və müxalif mediadan başqa ölkədə media orqanı kimi fəaliyyət göstərən kiçik saytdan tutmuş böyük holdinqlərə qədər hər kəs durumla barışmış kimi kimi görünür. Nədir bu vəziyyətin əsas səbəbləri? Sizcə, vəziyyətdən çıxış yolu nədir?

-İstək var, inam yoxdur və getdikcə daha çox itirilir. Başqa səbəblərdən də xeyli danışdıq, əlbəttə, bir müsahibə çərçivəsində. Çıxış yolları barədə isə danışmaqdan çənəmiz yorulub. Ona görə söhbəti Erkin Qədirlinin eyni sözləri ilə bitirəcəyəm: “Giriş haradadırsa, çıxış da oradadır”.

pia.az 


Etiket: Media


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar