Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“YAP-ın hansı maliyyə problemi var ki, qəzetinə KİVDF-dən yardım alır?!”

Bahəddin Həziyev: “Bu gün sivil dünya standartında qəzet buraxsan belə, onu satmağa bazar yoxdur”...

İyulun 22-də Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illiyi tamam olur. Prezdent İlham Əliyev yubiley tədbirlərinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncamla bağlı müxtəlif media qurumları tərəfindən dövlət başçısına təşəkkürlər ünvanlanır. Bununla belə Milli Mətbuat Günü ərəfəsində medianın problemlərinin qaldığı, hətta bu problemlərin daha çox olduğu qənaətini bölüşən kifayət qədər qələm əhli də var. Bu cür düşünənlər hesab edirlər ki, 145 illik Azərbaycan mətbuatı bu gün dişsiz, informasiya siyasətində sosial şəbəkələrə uduzan bir vəziyyətdədir, jurnalistlərin sosial rifah halı ürəkaçan deyil.

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) rəhbərliyi cari ilin aprel ayında dəyişəndən sonra, media cameəsində bir çox ümidlər yarandı. Hansı ki, əvvəlki rəhbərlik, konkret olaraq KİVDF-ə nəzarət edən Prezidentin sabiq köməkçisi Əli Həsənov və Fondun keçmiş rəhbəri Vüqar Səfərlinin yarıtmaz idarəçiliyinin, mətbuat resurslarına dost-tanış prinsipləri ilə yanaşılmasının aradan qalxacağı düşüncəsi formalaşmışdı.

İndiki rəhbərliyin mediaya dost-tanış prinsipləri ilə münasibət sərgilədiyini demək olmaz. Amma bu günlərdə Fondun qərarı yenidən çaşqınlığa səbəb oldu. Söhbət qəzet layihələrinin maliyyələşməsi məqsədilə keçirilən müsabiqənin nəticələri açıqlandıqdan sonra meydana çıxan mənzərədən gedir. Əksəriyyət hesab edir ki, bir neçə qəzeti çıxmaq şərtilə, siyahı elə əvvəlki kimidir. Yəni, ictimai rəyə təsir gücü olmayan qəzetlər var ki, onlar yenə də dövlətdən maliyyə alacaq.

Belədirsə, o zaman nə dəyişdi? Əsas sual budur. Həmçinin, internet mediaya dövlət dəstəyi ilə bağlı KİVDF-dən heç bir “səs” yoxdur. Yəni gözlənilirdi ki, ictimai rəyə təsiri olan internet resurslarına da dəskət göstəriləcək.

Milli Mətbuat Günü ərəfəsində bu kimi məsələlər ətrafında “Bizim Yol” qəzetinin baş redaktoru bahəddin Həziyevlə söhbətləşdik. Yeri gəlmişkən “Bizim Yol” qəzeti artıq bir müddətdir, nəşrini dayandırıb, sadəcə internet qəzet olaraq fəaliyyət göstərir. Bahəddin Həziyev AYNA-ya medianın ümumi vəziyyətindən, 145 illik jurnalistikamızın durumundan ətraflı danışıb. Bildirib ki, hazırda jurnalistikamızın durumu çox mürəkkəbdir, xüsusilə də, indiki pandemiya dövründə...

- Doğrudur, media fəaliyyətinə icazə verilmiş sahələrdəndir. Elektron media onsuz da onlayn işlədiyi üçün əməkdaşlar evdən də çalışa bilirlər. Ancaq jurnalistin işi informasiya toplamaq, hazırlamaq və yaymaqdır. Hazırlamağı və yaymağı evdə də etmək olar, toplamaq üçün isə gərək jurnalistlər hərəkətdə olsunlar. Bu, işin bir tərəfi. O biri tərəfi isə budur ki, xəbər daşıyıcısı olan sahələrin bir çoxu ya işləmir, ya da yarıgücü ilə işləyir. İnformasiya çoxalsa da, ona əlçatanlıq azalıb. Təbii ki, ən başlıca mövzu hazırda koronavirusla bağlıdır. Bu məsələdə də media çox incə bir xəttin üzərində hərəkət etmək zoundadır: bir yandan xəbər verməli, məlumatlandırmalıdır, o biri yandan bu məlumatların dəqiqliyinə cavahdehlik fövqəladə dərəcədə artıb. Ehtiyatsız bir xəbər cəmiyyət üçün və medianın özü üçün çox ciddi mənfi nəticələrə səbəb ola bilər. Feyk xəbərlər, yalançı mənbələr ifrat dərəcədə çoxdur. Bunlarla bərabər, qəzetlərin oxucu problemi var. Adamlar küçələrdə olanda qəzetləri almağa maraq az idi, indi heç evdən çıxmayan insanlara necə qəzet satacaqsan?! Səyyar yayım da yoxdur ki, bir yolunu fikirləşəsən. Bütün həyatımıza qadağalar, yasaqlar gəlib, o cümlədən bu, müxtəlif formalarda medianın da işinə təsirini göstərir. Bu səbəbdən 145 illik yubileyi ərəfəsində medianın durumu heç də sadə deyil.

- KİVDF-in əvvəlki rəhbərliyi barəsində Baş Prokurorluq araşdırmalar aparır, maliyyə yeyintilərinə, mətbuata ayrılan pulların “göyə sovrulmasına” dair cinayət işi başladılıb. Necə fikirləşirsiniz, nəticə nə olacaq?

- Cinayət işinin başlanması ilə bağlı rəsmi məlumatla tanışam. Ancaq hələlik araşdırmalar gedir. Rəsmi məlumatda deyilirdi ki, qanunsuz əməllərin törədilməsinə əsaslı şübhələr var. Bu əsasların nədən ibarət olduğunu, istintaq orqanı, təbii ki, açıqlamır. Çünki hələ istintaq yeni başlayıb, onu yekunlaşdırmaq lazımdır. Beləliklə də proseslərə geniş şərh vermək üçün istintaq araşdırmalarının nəticələrini gözləmək lazımdır. Hər halda, KİVDF-in keçmiş rəhbərliyində, Müşahidə Şurasında olan şəxslər, məsul əməkdaşlar bu suala cavab verə bilərlər. Rəsmi məlumatdan aydın olan o idi ki, jurnalistlər üçün binaların tikintisində, tenderlərlə, mətbuata ayrılan vəsaitlərlərin bölgüsü ilə bağlı pozuntular olub. Hər halda, istintaq bütün suallara cavab verəcək.

- Hakimiyyətin mətbuatla bağlı siyasətində dəyişikliyin edilməsinin labüd olduğunu bildirənlərin sayı çoxdur. Əsas gətirilir ki, bu gün faktiki olaraq mətbuat sosial şəbəkələrə məğlub olur. Bu həqiqətlə razılaşırsızmı? Ümumiyyətlə, vəziyyətin düzəlməsi ilə bağlı hansı təklifləriniz var?

- Media siyasətində heç bir dəyişikliyin olmadığını demək olmaz. Əlbəttə, müəyyən dəyişikliklər var. Bütövlükdə isə köklü və sistemli dəyişikliklər hələ yoxdur. Bəlkə də uzun illərlə formalaşmış bir sistemi birdən-birə dəyişmək çətin görünür. Mən düşünürəm ki, bu sahə ilə bağlı peşəkarların, normal jurnalist təşkilatlarının, bütövlükdə peşəkar media cəmiyyətinin təkliflərini, fikirlərini akkumlyasiya etmək, təhlilini aparmaq lazımdır. Ağıl ağıldan üstündür. Bu sistemi sağlamlaşdırmaq üçün yaradıcı, konstruktiv təkliflərə diqqət verilsə, yaxşı olar. Biz də həm əvvəlki dövrlərdə, həm də indi təkliflərimizi vermişik. Yenə də ehtiyac olsa, kömək göstərməyə hazırıq. Ancaq baza prinsiplər olaraq, ciddi, peşəkar medianın azadlığı, iqtisadi müstəqilliyi və informasiyalara əlçatanlığı ön plandadır. Sosial şəbəkələr yeni reallıq yaradıb. İndi heç bir, hətta yeni başlayan onlayn media orqanının da izləyici toplamaq problemi yoxdur. Başlıca məsələ odur ki, həqiqətə xidmət edə biləsən. Sözün düzünü desən, oxucu özü səni axtarıb tapacaq. Siyasətin də, medianın da əsas resursu insanların inamıdır. Siyasətçini səs verib seçən də, qəzetə pul verib alan da, saytı, TV-ni açıb izləyən də ona inananlardır. İnanmayanlara zorla saytını, qəzetini oxutdura bilməyəcəksən. Siyasətlə medianın ortaq nöqtəsinin biri budur. Eyni zamanda, bu iki sahə bir-birindən çox asılıdır. Bu üzdən media siyasəti deyəndə biz elə hardasa bütövlükdə siyasəti nəzərdə tuturuq. “4-cü hakimiyyət” ifadəsi bu üzdən təsadüfi deyil. Mən düşünürəm ki, media dördüncü hakimiyyət olmaq üçün qalan üç hakimiyyət üzərində ictimai nəzarət institutuna çevrilməlidir. Bunun da yolu xeyirxah tənqiddən, doğru məlumatlandırmadan, peşəkar interpretasiyadan və maarifləndirmədən keçir. Qəzetlərin inkişafı üçün onun bazarını açmaq lazımdır. Sivil dünya standartında qəzet buraxsan belə, onu harda satacaqsan? Onlayn medianın dəstəklənməsi lazımdır, peşəkar media qurumlarına daha çox üstünlük vermək, media sahəsində peşəkarlığı stimullaşdırmaq lazımdır ki, təbii seleksiya getsin. “Kim xəbəri daha tez verdi?” sualı ətrafında deyil, “Kim doğru xəbər verdi?” yanaşması ilə yarışa imkan yaratmaq lazımdır. O zaman problemlər öz-özünə həll olunmağa başlayacaq.

- Jurnalistlər üçün inşa olunmuş 3-cü bina artıq istifadəyə hazırdır. Mənzillərin media əhlinə paylanması gözlənilir. Elə medianın sosial şəbəkələrdəki seqmentinin əsas müzakirə mövzusundan biri də budur. Əksər jurnalistlərimiz evə daha layiq olduğunu, haqqı çatdığını düşünür. Sizcə, hansı həmkarlarımız mənzillə təmin olunmalıdırlar? Mənzillər hansı kriteriyalar əsaqsında bölünməlidir?

- Mən, ümumiyyətlə, düşünürəm ki, jurnalistlərə mənzillərin verilməsi “sosial evlər” prinsipi ilə həll olunsaydı, daha yaxşı olardı. Bu haqda təklifimi mən media siyasətini əvvəl müəyyən edən instansiyalara vermişəm. Müsahibələrimdə, yazılarımda da dəfələrlə demişəm. Onsuz da mənzil almaq istəyən jurnalistlərin çoxu kirayələrdə qalır. Dövlət jurnalistlər üçün evlərin tikintisini maliyyələşdirə bilər. Bu da çox böyük dəstəkdir. Ancaq jurnalist mənzilini öz pulu ilə alsa, yaxşı olar. Həmin mənzillər öz maya dəyərinə uzun müddətə, faizsiz kreditlə jurnalistə verilsə, ayda 100-150 manat, lap 200 manat ödəmək onun üçün çətin olmayacaq. Heç kim də ona deyə bilməyəcək ki, “havayı ev aldı”. Yaxud heç kim hökuməti günahlandırmayacaq ki, dövlətin büdcəsi hesabına niyə jurnalistə ev verir? Bu, məsələnin köklü həlli olardı. O zaman bir deyil, bəlkə daha çox bina tikmək olardı. O cümlədən, elə orta yaşlı, yaşlı media mənsubları var ki, mənzili var, ancaq darlıq edir. Onlar üçün 20-30 faizlik kvota ayırmaq olar. Ancaq mənzilin dəyərinin ən azı 20-30 faizi həcmində ilkin ödəniş tələb etmək, eləcə də, daha qısa kredit müddətinə və müəyyən faizlə kredit müqaviləsi bağlamaqla mənzili vermək olar. Yəni mənzili olmayan jurnalistə ilkin ödənişsiz, faizsiz, uzunmüddətli, mənzilini genişləndirmək istəyənə ilkin ödənişlə, daha qısa müddətə və faizlə. O zaman mənzili olanların iddia etməyə həvəsi və imkanları da az olacaq. Əgər o kvotanı dolduracaq qədər jurnalist müraciət etməsə, artıq qalan mənzilləri də təkrar müsabiqəyə çıxarmaq olar.

İkinci prinsipial məsələ bölgü ilə bağlıdır. Mən düşünürəm ki, bu mənzillərin bölgüsünü redaksiyaların üzərinə qoymaq doğru deyil. Hər kəs onlayn qaydada öz sənədlərini KİVDF-in saytına və ya bunun üçün yaradıla biləcək başqa xüsusi bir portala yükləyə bilər. Dövlət özü müəyyən etdiyi şərtlər, meyarlar əsasında seçim aparar. Kimin niyə seçildiyini cəmiyyətə açıqlayar, kimin niyə seçilmədiyinə dair yalnız seçimdən kənarda qalanların özlərinə fərdi mesajlar göndərər. Kim də bu seçimi mübahisələndirmək istəsə, onlar üçün də cəmiyyətə açıq – onlayn rejimdə apellyasiya sistemi yaratmaq olar. Sonrakı mərhələdə bu apellyasiyanın özündən də narazılar olarsa, istəsələr, mübahisəni mediasiya və məhkəmə müstəvisinə daşıyarlar. Mənzillərin ödənişsiz verilməsi yalnız şəhid övladı olan jurnalistlərə, eləcə də, dünyasını dəyişmiş jurnalistin ailəsinə, ağır xroniki xəstəlikdən əziyyət çəkdiyi üçün iş qabiliyyətini itirmiş, yaxud peşə fəaliyyəti zamanı ağır xəsarət almış, sağlamlığı pozulmuş jurnalistə şamil oluna bilər.

Burda bir problemi də qeyd etməliyəm. Xeyli həmkarımız var ki, dövlət hələ jurnalistlərə ev tikməmişdən qabaq öz mənzil problemini həll etmək üçün kommersiya ipotekaları almaq zorunda qalıblar. Onun da faizlərini hesablayanda bir mənzil jurnalistin üstünə iki mənzilin qiymətinə gəlir. Mənzilin özü də girovda olur. Daşınmaz Əmlakın Dövlət Reyestrindən arayış alanda jurnalistin adına mənzil görünür. Bu, əslində jurnalistin deyil, faktiki olaraq, İpoteka Fondunun mülkiyyətidir. Məncə, belə jurnalistləri də nəzərə almaq, onları ağır ipoteka krediti yükündən xilas etmək üçün adına olan mənzilə dair ipoteka müqaviləsinin surətini də tələb olunan sənədlər siyahısına əlavə etmək lazımdır. Bu problemin gələcəkdə həlli üçün ipoteka kreditləşməsində dəyişiklik edərək jurnalistləri sosial ipoteka alan kateqoriyaya daxil etmək də olar. Bir sözlə, elə mexanizmlər yaratmaq lazımdır ki, həm daha çox jurnalist mənzil ala bilsin, həm ədalət prinsipinə əməl etmək mümkün olsun, həm də jurnalistlərə ev verdiyi üçün dövlət, dövlətdən ev aldığı üçün jurnalistlər qınanmasın.

- KİVDF-in qəzetlər üçün keçirdiyi layihə müsabiqəsində iştirak etməmisiniz. “Bizim Yol” qəzetini bərpa edib, müsabiqədə iştirak etmək olmazdımı? İştirakdan imtinaya səbəb nə oldu?

- Biz artıq bir ildən çoxdur ki, print variantı dayandırmışıq. Şərtlərdə isə deyilir ki, müsabiqə elan edilən günə qədər bir il müddətində nəşr olunan qəzetlər müraciət edə bilər. Biz bərpa etsək də, ən yaxşı halda, il yarımdan sonra müsabiqəyə qatıla bilərik. Qəzeti, əlbəttə, print variantda yaşatmaq istərdik. Ən azı, həftəlik dövriliklə. Ancaq bu da indiki halda bizdən əlavə maliyyə imkanı tələb edir. Əlbəttə, bu, həmişə bizim planımızdadır. İmkan yaranan kimi bərpa etməyi düşünürük. Dövlət yardımına görə deyil, qəzetin özünü davam etdirmək üçün. Gələcəkdə şərtlərə uyğun gəlsək və ya şərtlərdə dəyişiklik olarsa, bizim də iştirakımıza şərait yaranarsa, müsabiqədə iştirak edə bilərik.

- Müsabiqə qalibi olan qəzetlərlə yəqin ki, tanışsınız. Bu qərarı necə qiymətləndirirsiz? KİVDF-in internet resurslarına layihələr ayıracağı gözlənilsə də, bu, baş vermədi. Necə düşünürsüz, Fond internet mediaya niyə dəstək vermədi? Bəlkə də dəstək olacaq. Əgər belə olarsa, necə bölgü aparılmalıdır, hansı saytlara, hansı formada maliyyə ayrılmalıdır? Saytlara da qəzetlər formasında layihə müsabiqələri keçirilməlidir?

- Bəli, yardım ayrılan qəzetlərin siyahısı ilə tanışam. Bununla bağlı fikirlərimi də publik olaraq yazmışam. Xüsusilə, büdcə təşkilatlarında kütləvi – faktik olaraq, məcbiri abunə yazdırılmış qəzetlərə maliyyə yardımı ayrılmamalıdır. Bu halda dövlət onları eyni vaxtda iki dəfə maliyyələşdirmiş olur. Bundan başqa, düşünürəm ki, müsabiqənin şərtlərində təkcə qəzetlərin tirajı, satışı, abunəsi deyil, həm də onun websaytının – internet səhifəsinin oxunaqlılıq dərəcəsi, izlənmə sayı və sair də olmalıdır. Pulu təkcə kağız çap edib makulatura etməyə görə ayırmaq nəyə lazımdır? Biz zamanında KİVDF-dən maliyyə ayrılanda onun bir hissəsini də qəzetin intenet səhifəsinin, sosial şəbəkədə səhifəsinin inkişafına xərclədik. Ancaq indi bizim kağız variantımız dayanıb deyə maliyyə yardımı da almırıq, yardım alıb saytlarını inkişaf etdirməyənlər yenə də maliyyələşir. Bu məsələyə gələcəkdə diqqət verilməlidir. Əlavə olaraq onu deyə bilərəm ki, dövlət orqanlarının, bələdiyyələrin təsisçisi olduğu qəzetlərə yardım ayrılmaması doğrudur. Bu sıraya siyasi partiyaların təsisçisi olduğu qəzetləri də əlavə etmək olar. Parlamentdə təmsil olunan siyasi partiyalar onsuz da dövlətdən vəsait alır. O vəsaitlə qəzetini də maliyyələşdirə bilər. Heç olmasa, orda da seçim etmək mümkündür. Parlament çoxluğunu formalaşdıran partiya ilə azlıqda olan partiyanı da fərqləndirmək olar. Parlamentdə əzici çoxluqda olan partiyaya (Yeni Azərbaycan Partiyası (YAP) – A.B.) dövlət çox böyük məbləğdə vəsait ayırırsa, onun bir qəzetini maliyyələşdirməsində nə problem var ki, KİVDF xəttilə ikinci dəfə də yardım alır?! Belə məsələlər əlbəttə, müəyyən suallar, narazılıq yaradır.

O ki qaldı, saytlara yardımın ayrılması məsələsinə, bununla bağlı siyasi qərar verilsə, bölgünün formulunu tapmaq olar. Əslində, burada bölgü saytlara pul vermək şəklində deyil, reklam xidmətinin əvəzinin ödənilməsi şəklində olmalıdır. Saytlara sosial reklamlar yerləşdirmək olar. Bu reklamlara baxış sayının monitorinqini aparmaq, ona uyğun olaraq da rəsmi təsdiq olunmuş tariflərlə ödəniş etmək olar. Baxış sayının monitorinqi üçün şirkətləri də açıq tenderlə seçmək mümkündür. Təbii ki, saytlar üçün də şərtlər olacaq. Nə zamandan fəaliyyət göstərir, maddi-texniki bazası, işçi sayı, kontenti, aylıq izlənmə göstəriciləri və sair. Ancaq əsl məsələ reklam bazarının formalaşmasıdır. Əlbəttə, bu, KİVDF-in formatına aid deyil. Ancaq liberal, azad reklam bazarı olsa, inkişaf büdcəsi üçün əlavə maliyyə resursuna ehtiyacı olan onlayn media orqanı KİVDF-in simasında dövlət zəmanətli kredit əldə edib öz imkanlarını böyüdər, reklamdan qazandığı vəsaitlə də kreditini ödəyər. Beləliklə, media da ölkə iqtisadiyyatının real sektorunda iştirak etmiş olar. Normal, rəqabətli media biznesi formalaşar. Medianın maarifləndirmə funksiyasını stimullaşdırmaq üçün də “Kütləvi informasiya vasitələrinə dövlət dəstəyi” konsepsiyasında nəzərdə tutulmuş subsidiyalaşdırma, subvensiya mexanizmləri var. Düşünürəm ki, azad, maarifçi medianın yaranması və inkişafı üçün KİVDF gələcəkdə bu mexanizmlərdən istifadə edə bilər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar