Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sədaqət”li jurnalistika, yoxsa feodalist kriteriyalar - Azərbaycan mediasının “God father”i

Əli Həsənovun “sədaqət” tələbinin nə jurnalistika, nə dövlət, nə insanla əlaqəsi vardı...

Jurnalist-yazarın ölkəsinə sədaqəti jurnalistikanın kateqorial prinsiplərində açıq şəkildə ifadə edilib: obyektiv xəbər, qərəzsiz şərh, haqlarında iddia olan tərəflərin hamısına söz haqqı vermək. (Azərbaycan jurnalistikasının hal-hazırkı duayeni Cahangir Məmmədlinin “100 manat 40 qəpiklik qəzet” fəlsəfəsinin jurnalistika kriteriyalarının harasında olduğunu özünü görəndə soruşacağam).

Örnək istəyirsinizsə, 1977-ci ildən bəri Orta Şərq və Körfəz bölgəsində yaşayan Britaniyanın “The İndependent” qəzetinin müxbiri Robert Fiskin 17 iyun 2018-ci ildə müharibəyə səbəb ola biləcək “Suriya kimyəvi qazdan istifadə etdi”- iddiasını, “Qaz deyil, tozdur”- yazısıyla puça çıxarmasını göstərə bilərəm. Bəşər Əsədə qarşı irəli sürülən bu ittihamın ideoloji baxımdan ilhamvericisi Fiskin vətəndaşı olduğu Britaniya idi. Jurnalist vicdanını ölkəsinin böhtanından irəlidə tutan Fisk, Doğma bölgəsindəki xəstəxanaya gedərək çoxu uşaqlar olmaqla, oradakı vətəndaşların xəstəxanalara yerləşdirilməsinin səbəbinin “kimyəvi qaz yox, səhradan gələn toz” olduğunu müəyyənləşdirdi və bölgə savaşdan qurtuldu. Bu örnəkdə Robert Fisk vətəndaşı olduğu ölkəyə xəyanət etdimi? Bunu söyləyə biləcək vicdan sahibi varmı? 15 ildən bəri tanıdığım Robert Fiskin bu hərəkəti jurnalistika tarixinə qızıl hərflərlə yazıldığı kimi, vətəndaşı olduğu ölkənin yanlış bir planını ifşa edərək, Britaniyanı da qanlı bir savaşın içindən çəkib çıxardı. Bir jurnalistin öz ölkəsinə bundan gözəl sədaqəti olarmı?

1-2 qurumu çıxmaq şərtiylə başda dövlətin agentliyi və TV kanalı olmaqla, Azərbaycan mediasının “dizayneri” Əli Həsənovun jurnalistlər qarşısında qoyduğu “sədaqət” tələbinin nə jurnalistika, nə dövlət, nə insanla əlaqəsi vardı. Jurnalistika sənayeləşmənin, müasirləşmənin tələbiylə meydana çıxmış bir fenomendir (Novruzəlinin məktub atdığı poçt qutusu kimi). Şübhəsiz ki, medianı dizayn etmə vəzifəsini öz üstünə götürən bir dövlət məmuru ya bunu anlamırdı, ya da “müasirləşmə” məfhumundan xəbərsiz olduğuna görə medianı feodalizmin məhsulu kimi qavrayırdı. Ona görə jurnalistləri “feodalist” prinsipə görə iki yerə bölüb, özünə təhkim etdiklərinin alnına “sədaqətli” damğası vurmuşdu (Rusiyada 1861-cı ildə ləğv edən “Təhkimçilik” üsuluna bənzər şəkildə). “Sədaqətli”lərdə peşəkarlıq (o biri dəyərləri saymağa ehtiyac varmı?) axtarılmırdı.

Örnək istəyirsinizsə, buyurun: 2016-cı ilin mayında şəxsən Əli Həsənovun qəbulundan keçərək bir mətbuat orqanının müxbiri kimi İstanbula gələn şəxs zəng etdi, görüşdük. İlk sözü “Əli Həsənov məni çox istəyir, deyir ki, sən bizə sədaqətlisən. Sağlıq deyəndə mənim də adımı çəkir”- oldu, mənə özünü bu şəkildə təqdim etdi, Türkiyəyə də özünü bu şəkildə tanıtdırmağı planlaşdırırdı. Ondan əvvəlki illərdə dövlət agentliyinin müxbirləri də özlərinin mənim üzərimdəki üstünlüklərini “Əli müəllimin adamıyam, onun çörəyini yeyirəm”- kəlamlarıyla göstərməyə çalışmış, mənim üzərimdəki imtiyazlarını “sədaqət” və “Əli müəllimin çörəyini yemək” – ambisiyalarıyla sübut etmək istəmişdilər.

Əli Həsənovun yaratdığı mühitin bu “ekzemplyarlarına” baxanda insana elə gəlirdi ki, o, Azərbaycan mediasının “God father”idir, bunlar hamısı onun burnundan “fırt” edib düşüblər. Başqa bir örnək: FETÖ-nün hərbi çevriliş təşəbbüsünün 1-ci ildönümündə - 2017 ilin iyulunda Ankaraya, təxminən, 250 əcnəbi jurnalist dəvət edilmişdi. Əli Həsənovun “sədaqətli” jurnalistlərindən biri AKP sədrinin o vaxtkı müavini Mahir Ünalın mətbuat konfransında sual vermək adına “Biz Türkiyəni dəstəkləməliyik”- sözünü 2 dəqiqədə, təxminən, 10 dəfə təkrarlayandan sonra Mahir bəyin səbri çatmayaraq, “otur”- demişdi. Azərbaycan da elə bilirdi ki, Əli Həsənov ən “sədaqətli” jurnalistləri yığıb xaricə göndərir, onlar da cənab prezidentin arzu etdiyi kimi, beynəlxalq media qurumlarıyla səmərəli iş quraraq, torpaqlarımız üzərindəki işğalın, soyqırımın, terrorun, separatçılığın mahiyyətini o qurumlara izah edir, məqalələr çap etdirib dünya ictimaiyyətinə obyektiv məlumatlar verirlər.

“Sədaqətli” jurnalistlərdən birinin erməni terrorçuluğuna dair kitabı İstanbulda ARDNŞ-in böyük maddi dəstəyi ilə çıxmışdı (nəşriyyatın adını heç cür yadımda saxlaya bilməmişdim). Əli Həsənovun ön sözüylə çıxan kitabdakı materialların hamısı jurnalist yox, kəşfiyyat işiydi: dünyanın müxtəlif ölkələrindəki internet saytlarından erməni terrorçuluğuna qarşı toplanan materiallar kitaba daxil edilmiş, arxa qabıqda jurnalistin 2010-cu ildə “MTN mükafatı” aldığı qeyd edilmişdi. Adı-sanı məlum olmayan nəşriyyatın neçə tirajla çıxardığı da bilinməyən o kitabdan Türkiyədə bu işlərlə məşğul olanlar nə anladılar, kitab necə təsir yaratdı, hansı ciddi reaksiyalar gəldi, düşməni zərrə qədər narahat etdimi? Yoxsa o kitabın çap edilməsiylə edilməməsi arasında heç bir fərq olmadı?

Hələlik Əli Həsənovun “sədaqətli” jurnalist məfhumunun məhsullarına toxunduğumuza görə, kitab məsələsini sonra daha geniş yazacağıq. Onun “sədaqətli” jurnalistika məfhumunun mahiyyətini bir neçə əcnəbi dil bilmək, şəffaf və obyektiv olmaq, jurnalistikanın beynəlmiləl prinsiplərinə əməl edərək gecə-gündüz çalışmaq deyil, bölgəçilik, savadsızlıq, arxasını Əli Həsənova söykəmək, mütilik, köləlik təşkil edirdi. Bu jurnalistika hansı ölkəyə nə qazandırıb ki, Azərbaycana da nəsə qazandıra?

“Kommersant”ın xüsusi müxbiri, dostum Andrey Kolesnikovun işi prezident Vladimir Putinin gündəlik fəaliyyətini işıqlandırmaqdır. Əli Həsənova tövsiyə edirəm ki, vaxtı olanda (ancaq gərək rusca yaxşı bilə) Andreyin yazılarını oxusun. O yazıların məzmununun 90%-i Putinin söz və hərəkətləri də daxil olmaqla, lağlağıdan ibarətdir. Ancaq nə Putin deyir ki, Andrey Kolesnikov məndən yazmasın, nə də qəzet onu o işindən uzaqlaşdırır. Əli Həsənovun kriteriyasına görə, Andrey Kolesnikov “sədaqətsiz” jurnalist-yazardır, eləmi?

Hər yazıda olduğu kimi burda da təkrar edirəm: “Mən Əli Həsənovun çörəyini yeyirəm”- deyən o “sədaqətli” jurnalistlərin hansı biri keçən il noyabrın 29-dan bəri bircə dəfə Əli Həsənovu xatırlayıb? Feodalizmin jurnalistikası yox idi, olmurdu, ola bilməzdi. Görünür, Əli Həsənov ölkə jurnalistikasına “sədaqət” prinsipini gətirəndə onun adının “jurnalistika” ola bilməyəcəyini dərk etmirmiş. Jurnalistika cəhənnəm, “dövlət” məfhumunun məzmun və mahiyyətini bilsəydi, “Ailə üzvlərimin biznesiylə fəxr edirəm”- deməyə cəsarəti çatmazdı.

Onun hali-pürməali barədə yazmaq gülüşlə bərabər göz yaşını da özüylə gətirib-gəlir. Ona görə yazmağa davam edəcəyik və Əli Həsənovun dizayn etdiyi Azərbaycan mediasının hali-pürməaliylə bağlı Türkcə çapa hazırladığımız kitabımıza bu yazıları da əlavə edəcəyik.

Danabaş məktəbində müdir olmuş Cəlil Məmmədquluzadə 7 aprel 1906-cı ildə Tiflisdə çıxardığı əfsanəvi “Molla Nəsrəddin” dərgisinin ilk nömrəsindəki yazısında necə demişdi? “Sözünü o kəslərə de ki, səni eşitmirlər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

“Requiem pour presse et nation” və ya Qələminin namusunu qoruyanlara salam olsun

“Dövlət” məfhumunu anlamamaq, yoxsa dövləti lağa qoymaq? - “Danış, Əli, danış”

Bir vaxtlar medianı nəzarətdə saxlamış adamın 2-3 qeyri-ciddi nəfərin ümidinə qalması...

“Sədaqət”li jurnalistika, yoxsa feodalist kriteriyalar - Azərbaycan mediasının “God father”i

Kreslo, titul əldə edə bilməyən yazarların taleyi qara yazılıb 

Ən çox oxunanalar