Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İldırımötürən - Fazil Mustafanın yazısı...

İldırımötürən...

Fazil Mustafa: “Əhəmiyyətli vəzifələrdə oturmuş bir neçə tipik “qaqaş”la söhbətlərimdə anladım ki..."

“Şotlandiyada nəşr olunan bir jurnalda Azərbaycan xalqı dünya üzrə ilin xalqı elan edilib!” Mitinqdəki izdihamdan gələn uğultunun səsi hələ də qulağımdadır. Səhv etmirəmsə, 1988-cu ilin mitinqlərinin birində aparıcı tərəfindən səsləndirilən bu məlumat bir milyona yaxın insanın toplaşdığı meydanda böyük ruh yüksəkliyi yaratmışdı. Yaxınlığımdakı universitet müəllimimdən soruşanda ki; “Şotlandiyadakı jurnalın adını tələffüz etdilərmi?”, cavabı bu oldu ki, mitinqlərdə söylənən fikirlərin mənbəyi olmur. Sonralar bu mitinqlərdə və siyasi leksikonda dəfələrlə təkrar olunan bu ifadənin mənbəyini artıq kimsə araşdırmırdı. Çünki təkrarlana-təkrarlana özü özünü təsdiq edən həqiqətə çevrilmişdi. Kimsə Şotlandıyadan bu jurnalın nüsxəsini gətirib muzeyə də qoymadı, kimsə tirajı ilə də maraqlanmadı, bu jurnalın əhatə dairəsini, reytinqini, beynəlxalq ictimai rəyə təsirini araşdırmadı. İllər sonra xalqımızın ən üstün məziyyətlərini yaxın keçmişlə müqayisədə təqdim edən siyasətçilər bunu ara-sıra təəccüb formasında diqqətə çatdırırdılar: “Necə oldu ki, 1989-cu ildə ilin xalqı elan edildik, ancaq indi buna layiq davranış sərgiləmirik?”

Tarixi, dini, elmi bilgiləri də biz bu şəkildə almışıq. Mətn oxuma vərdişimiz olmadığından şifahi xalq yaradıcılığı üzərindən nəyi əxz etmişiksə, onu həqiqət olaraq görmüşük və düşüncə sistemimizi də bu təməldə şəkilləndirmişik. Bu üsulun nəticəsi nə olmuş? O olmuş ki, ən böyük tarix və dil abidəmiz olan “Kitab-i Dədə Qorqud”u hansısa türbənin daş hörgülərinin altında qoruyub saxlaya bilməmişik, avropalılar bizim əvəzimizə bizim abidəni qoruyub saxlayaraq Vatikan və Drezden kitabxanalarından dolaşıq nüxsələrini ötən əsrdə öz sahibinə geri qaytarmışlar. Ermənilər monastrda, kilsədə qoruyub saxladığı yazılı mətnlərin hesabına dil və tarix mövzularında daha zəngin mənbələrə sahib olduqlarını hələ də gözümüzə soxurlar və bir çox iddialarını bununla isbatlamağa çalışırlar. Bizsə məscidləri inşa edəndə Qurana zidd saydığımız bütün ədəbiyyatları kənara tolazlayaraq bircə yazılı irsi belə qorumağa qadir olmamışıq. Məscidlərimiz də elm yeri olmamış, yaddaş yeri olmamış, dedi-qodu, mənasız cəfəngiyyatların mübahisələndirdiyi bir məkan, sadəcə ziyarət və ibadət yerləri kimi tariximizə həkk olunmuşdur.

Nədən buradan giriş etdim? Zaman göstərir ki, o xalqlarda ki, ədəbi və siyasi mətnləri qorumaq ənənəsi zəifdir, orada qaragüruhçuluq daha çox düşüncə həyatının alaq otuna çevrilə bilir. Sovet dövründə belə bizim sandıq ədəbiyyatımızın çox cüzi və əhəmiyyətsiz olması onu gösrətdi ki, bu sadəcə dövrün ideoloji əngəlləmələrindən doğan məsələ deyil, bir milli xarakter məsləsidir. Hətta Osmanlı kimi nəhəng imperiya ələ keçirdiyi ölkələrin mənəvi xəzinəsini İstanbula toplamağa səy göstərmədi, tarixi İsgəndəriyyə kitabxanasına bənzər nəhəng kitabxana modeli yarada bilmədi, elmin işkişafına vəsait xərcləmədi. Ələ keçirilən məmləkətlərdən gözəl qızları daşıdı, qüvvətli oğlanları yeniçəri kimi gətirdi, elmi, kitabı bir kənara tolazladı. Bu gün muzeylərdə nümayiş etdirilən inanclara aid əşyaları da elmi dəyəri olmadığından, insanlarda bilgi duyğusu deyil, sadəcə dinçi nostalgiya duyğusu oyandırmaqdadır. Tarixdən yaşatdığımız üç fəxr etdiyimiz abidənin- Atəşgah, Qız Qalası və Şirvanşahlar Sarayının da elm və təhsillə əlaqədar olmaması Osmanlı Türkiyəsi ilə xarakter ortaqlığımızı göstərir. Müstəqillikdən öncə də, sonra da Azərbaycandakı düşüncə sisteminin önünü kəsən qaragüruhçuluğun tarixi kökünün məhz bilgiləri şifahi formada rəvayətlərdən, şaiyələrdən, mənbəsiz ehkamlardan almamızla əlaqələndirilməsi daha ağlabatan yanaşma olardı. Qaragüruhçuluğun qarşısında milli hayqırışımızı ortaya qoyan Sabirin “Harda müsəlman görürəm qorxuram” ifadəsi artıq müasir dünyanın müsəlman “İnternasional”ı kimi yayğın dəyər kəsb etməkdədir. Mirzə Cəlilin “Ölülər”inin qaragüruhu ifşaçı personajı olan Kefli İsgəndərin Şeyx Nəsrullahın çevrəsinə toplaşmış yüzminlərə soydaşımızın qarşısında təkbaşına zirehi araq şüşəsi olduğu halda, şifahi mətnlə beyinləri doldurulmuş bir kütlə onun Qərbdən yazılı mətndən öyrəndiyi elmə qalib gələ bilmişdi. Və İsgəndərin elmi ata-babalarının, ana-nənələrinin şifahi xalq ədəbiyyatından, rəvayətlərindən əxz etdiyi cahilliyi qarşısında məğlub olmuşdu. Rus müstəmləkə aparatına milli-etnik obrazda beş-on şəxsiyyət lazım olmasaydı və buna görə qorumasaydı, Axundovu da, Həsən bəy Zərdabini də Seyyid Əzimi öldürdükləri kimi, bu dini qaragüruh çoxdan daş-qalaq etmişdi. Bəs Rəsulzadə, Topçubaşov, Xoyski, Üzeyir bəy, Nəsib bəy, Mustafa bəy, Həsən bəy kimi aydınlar dövlət qurmaq üçün necə meydana çıxdılar? Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə kimi mütəfəkkirlər necə yetişdilər? Demək ki, yazılı mətnlə dünyagörüşünü inkaşaf etdirənlərin sayı çoxaldıqca, millət öz potensialını daha rahat ortaya qoya bilir. Bu şəxsiyyətlər hamısı Rus-Qərb məktəblərinin təqdim etdiyi mətnləri oxuyaraq mümkün bir tarixi situasiyada dövlət qura bildilər, dəyərli əsərlər ortaya qoya bildilər. Maraqlıdır ki, onların da qurduğu dövlətdə dünyagörüşləri hakim mövqedə deyildi. Hətta buna görə ölkəni xilasa gələn Qafqaz-İslam ordusunun komutanı Nuri Paşa və Əhməd Ağaoğlu kimi böyük mütəfəkkir milli aydınlarımızın öncül siması Məhəmməd Əmin bəydən geridə duraraq qaragüruhçular şəbəkəsinin önə çıxmasına şərait yaratmağı təkidlə tələb edirdilər. Birinci Milli Şuranın buraxılmasının əsas səbəbi bu amil idi. Çünki xalqın əhəmiyyətli hissəsi kəndin mollasına rusun milli intelligentindən, yəni Molla Sadığa Rus Əhməddən daha çox etimad göstərirdi. Sadəcə ingilis generalı Tompsonu baş nazir Fəthəli Xan Xoyskinin parlaq Qərbçi obrazı heyran etdiyinə görə ingilis işğalçı qüvvələri ağırlığı bu azsaylı müasir milli aydın siyasətçi obrazlarına yönəltdilər və dövlətin mövcudluğu ilə hesablaşmalı oldular.

Şərq mədrəsə məktəbindən parlaq bir şəxsiyyət çıxara bilməyən bir toplum, xalqın düşüncə sistemini yönləndirən xeyli qaragüruhçu yetişdirə bilmişdi. Sovet dövründə də doktor Nərimanın bolşevizmin ilk dövrlərinə xas ziyalı obrazını yan-yörəsində milli bölşevik qaragüruhçuların çoxluğu bir-iki ilə didişdirib ət maşınının çarxına göndərdilər. Ayrı-ayrı aydın şəxsiyyətlərimiz hər sahədə yetişdi, ancaq nə sovet dövründə normal bir ziyalı gildiyası formalaşdıra bildik, nə də müstəqillik dövründə. Bir-birinə dəstək verməmək bir tərəfə, ölümünə bir-birinə qarşı intriqalarla olan-qalan sağlamlarımızı da sıradan çıxarmış olduq. Əlbəttə, parlaq adamlarımız oldu, istedadlı, vicdanlı insanlarımız oldu, ancaq onların hamısından danosları qaragüruhun sırasında yer alan professorlar, akademiklər yazdı. Bu şəxsiyyətlər Azərbaycan xalqının düşüncə həyatını yönləndirə bilmədilər, tarixdə sadəcə vicdanlı etirazçılar kimi qaldılar. Üzeyir Hacıbəyov, Abbas Zamanov, Ədil İsgəndərov, Rəsul Rza, Xudu Məmmədov, Aydın Məmmədov, Əbülfəz Elçibəy kimi aydınlar xalqın ön cərgəsində yer alsalar da, qaragüruhçuluğun xalqı yönləndirici gücünü zəiflədə bilmədilər və əslində dissident hərakatında tək-tük sağ qalmışlardan olan Əbülfəz bəy də bu gücə təslim olmaq məcburiyyətində qalaraq bir il keçməmiş məğlub oldu.

Bizim Qarabağ itkimizin səbəblərində əlbəttə ilk öncə düşməni görməliyik. Ancaq düşmən bizə xeyir vermək üçün öz üzərinə missiya götürməyib ki? Bizim itki verməmiz üçün bütün planlarını qurubsa, o planlara uyğun realist qərarlar almağa gücümüz və iradəmiz olmalıydı. Oldumu? Xeyr!

Son müstəqillik dövrümüzdə də bu qaragüruhçu düşüncə bizi qeyri-real davranışlara sürükləməyi bacardı. Allah göstərməsin, əgər bu illüziyalarla dolu çağırışların hamısını reallaşdırmış olsaydıq, daha acınacaqlı itkilərə məruz qalacağımız göz qabağındadır.

Bəli, biz nə kimsədən artıq ağıllı, nə də kimsədən ağılsız xalqıq. Bütün xalqlarda bu belədir: Onu hansı düşüncə yönəldir. Trampa-filana aldanmayın, Amerikanı Cefersonun, Linkolnun, Kissincerin, Xomskinin, Bzejinskinin düşüncəsi yönəldir. Orada qaragüruh xalqın yönləndiricisi ola bilmir. İngiltərəni Con Lokkun, Rasselin zehniyyəti yönəldir, Almaniyanı Hötenin, Haydeggerin, Habermansın, Tomas Mannın düşüncəsi yönəldir. Bizi isə Mirzə Fəthəlinin, Əhməd Ağaoğlunun düşüncəsi yönəltmir. Dünən də, bu gün də düşüncə həyatımızda qaragüruhçuluq hakimdir.

Bizdə müstəqillik dövrünün başlanğıcında ilk önə çıxan Meydan qaragüruhu oldu. Soyuqqanlı bir mətni qoymadılar səsləndirməyə. O qoymayanların içində mən də vardım. “Tətil” elan edən, ağııllı yol xəritəsi göstərəndən daha dəyərli idi hamımız üçün. Başımıza ilk daş 20 yanvarda dəydi. Daha realist yoldan imtina edəndə, tək yol rus tankı ilə əliyalın üz-üzə qalmaqla bitməliydi. Nəticəsi, Bakıda fövqəladə vəziyyətlə əli-qolu bağlanmış bir xalqın Sovet hərbi maşının iradəsi alrtında əzilən yerli hakimiyyəti ilə əlaqəsinin qırılması və Qarabağın hər mənada ititlməsi idi.

Ardınca Qarabağ savaşında hərbi qaragüruh önə keçdi. Yüzlərlə vətən sevgisini qəlbində daşıyan insan bu torpağı qorumağa getdi. Peşəkar komandirlərimizin azlığından bir çox hallarda bəzən hay-küyçulər, bəzən də məqsədli hazırlanmış şəxslər birliklərin başına keçdi. Ordunun başına isə yenə də qaragüruhçu düşüncənin ən parlaq siması olan uğursuz riyaziyyat müəllimi oturduldu. Peşəkarlara əmrləri Yevlaxda yun çubuğu ilə verənlər qəhrəmana çevrildilər. Bu qədər qəhrəman oğulun fədakarlığı da durumu xilas etməyə imkan tanımadı. Xəritə, topoqrafiya, hərbi nizam-intizam əvəzinə ura-partiotizm önə çıxdı və Şirin Mirzəyevlərin məhvindən sonra da haradan gəldiyi bəlli olmayan şahinlər, elbruslar və bu gün də ordu strukturlarında strateji mövqelər tutan və yaxın xaricdən pultla idarə olunan peşəkar kəşfiyyatçılar bu torpaqların işğalının gerçəkləşməsinə imkan yaratdılar.

Ardınca siyasi-milllətçi qaragüruh fikir həyatımızda aparıcı rol aldı. Azərbaycanın bötüvləşməsindən başlamış, tarixin ideallaşdırılmasına qədər elmi əsasa söykənməyən ideologiyalara aludə olmuş özündənrazı bir kimlik formalaşdırdıq. Onlar günün problemlərini çözməyə düşüncə yetərsizliyinə görə tarixdə xəyallarına uyğun imperiyalar uydurdular, qəhrəmanlar icad etdilər, tarixin gerilikçi adətlərini ideallaşdırıb yaşatmağı təlqin etdilər. Tarixdən dəyərlər əvəzinə içiboş ideologiyaları günümüzə daşıdıq və real düşüncə platformasından uzaqlaşmalı olduq. Bu günədək düşmənimiz erməni ilə bütün polemikalarımız tarix üzərindən aparılmaqdadır. Halbuki gələn gəlib, gedən gedib, günün uğur resepti üzərində baş sındırmalıydıq, məhz günümüzün hərbi, diplomatik və intellektual üstünlüyümüz üzərində düşünməli, praktik nəticələri ortaya qoymalıydıq.

Dövlətimizin və milli varlığımızın altında barıt çəlləyi olan dini qaragüruh isə bütün dövrlərdə dəyişmədi. Quranın mətnini bir kənara buraxıb rəvayətlərin, ayrı-ayrı məzhəb və təriqətlərin uydurma xurafat və cəhalət laflarını din adına yaşamış olduq. Hazırda dini qaragüruh dövlətimiz üçün ən ciddi təhlükəyə çevriməkdədir, çünki idarəçilik pultu xarici ölkələrdəki siyasi ruhaniyyətin əlindədir. Digər tərəfdən Azərbaycanda Qərb demokratiyasının təmsilçisi kimi özlərini tanıdanların liderinin dini qaragüruhun həbsdə olan liderinə doğum günü ilə əlaqədar göndərdiyi yaltaq bir təbrik mesajından da anlaşıldı ki, bu iki cinahın ortaq düşüncəsinin ölkəmizə gətirə biləcəyi fəlakətin ölçülərini anlayanların sayı məmləkətimizdə elə də çox deyil.

Nəhayət bu gün sosial şəbəkələr vasitəsilə qarşımıza çıxan yeni qaragüruh növü olan sosial qaragüruhdur. Sosial vəziyyətin yaratdığı sıxıntılar insanları öz dövlətinə qarşı laqeydləşdirərək, istənilən hadisədən onun əleyhinə istifadə etməyə vətəndaşları yönəldə bilir. Vəziflərə təyinatın daha çox sədaqət prinsipi ilə gerçəkləşdirildiyi bir məmləkətdə şəxsi sədaqəti dövlətə, onun ideallarına bağlılığa çevirmək mümkün olmur və dövlətin sütünları laxlamağa başlayır. Mən hakimiyyətin əhəmiyyətli vəzifələrində oturmuş bir neçə tipik “qaqaş”la söhbətlərimdə anladım ki, dövləti qorumaq, hakimiyyətə nüfuz qazandırmaq deyilən hansısa qayğıları yoxdur, komfort, əyləncə, dost çevrəsində şeşelənməkdən başqa bir davranışa sahib deyillər. Hələ də anlatmaq olmur ki, dövləti qoruyacaq əsas qüvvə ləyaqətli insanlardır və sədaqətin də ən böyük təminatçısı ləyaqətdir. Bu boşluğu görən sosial qaragüruh xalq adından danışmaq haqqını mənimsəyərək yazılı mətndən uzaq kütlə arasında öz inandırıcılığını artırmağa başlayır. Hakimiyyətlə xalqın dil tapa bilməməsində, vəziyyətin bu yerə gəlməsində səbəb olaraq korrupsiyadan danışılır, məmur özbaşınalığı, yeyintilər və s. misal göstərilir. Bunlar təbii ki təsiredici amillərdir, amma əsas amillər deyi. Çünki dünyanın yeyinti, korrupsiya olmayan yerləri barmaqla sayıla bilinəcək qədər azdır. Amerika kimi bir ölkədə adi məktəb açmaq işində olan fırıldaqçılıq bizim ən pullu sayılan sahələrimizdən yoxdur, ortadakı pul hesabı dodaq uçukladır.

Koronavirusun yayıldığı ağır dövrdə iqtisadiyyatın zəifləməsi, sosial şərtlərin ağırlaşmasını bəhanə edərək vətəndaşda öz dövlətinə, onun hakimiyyətinə inamsızlığı təlqin edə bilirlər. Sosial qaragüruh ölkənin informasiya təhlükəsizliyini sıradan çıxarır, şaiyə, rəvayətləri daha operativ öz kütləsinə çatdıraraq məmur arxayınçılığının komfortunu yaşayan hakim partiyadan tutmuş vətəndaş cəmiyyətləri və media quruluşlarına qədər öz ifşa silahının hədəsi altında hərəkətsiliyə düçar edir.

Baxın, son illərdə bir filosof göstərə bilərsiniz ki, fikirləri cəmiyyətdə dəyər olaraq həzm olunsun? Bir yazar göstərə bilərsinizmi ki, düşüncələri ilə Azərbaycan cəmiyyətini öz aurasında saxlasın? Sovet mirasının Çingiz Aytmatovu, Oljas Süleymenovu belə illərdir bizim intellektual məkanda görünmür. Bir mükəmməl aydınımız olan Xudu Məmmədov obrazını illər keçsə də yarada bilmədik. Cəmiyyətimizdə daha çox sevilən şairlərdən biri Ramiz Rövşəndir, o da ümumi axına qarşı müstəqil bir fikir söylədiyi anda əminəm ki, kütlə tozanağında linç ediləcəkdir. Düşüncə həyatı immunitetsiz qalıb, istənilən kənarda yazılmış hazır konspektlə bu cəmiyyətin önünə çıxan onun düşüncə həyatını yönləndirməyə qadirdir. Otuz il öncənin xalqa sırınan, böyrünə əlli nəfər piştovlu adam yığaraq nazir kürsüsündə oturan meydan liderlərinin yerini sosial şəbəkədə arifmetik ustalıqla min nəfər yığan eyni qaragüruhçu mühakiməyə sahib Avropa və ya Amerika təhsilli birisi asanlıqla tuta bilir. yenə əsrin əvvəlində olduğu kimi elm, təhsil geriliyimiz var. Görürsən millətin xeyrinə nə isə bir qanun dəyişir anlamırlar, hansısa saziş imzalanır anlamırlar. Bədbəxtlər öz hüquqlarını belə bilmirlər, təbii ki öyrənmək də istəmirlər. İnsan təbiətcə rahat həyata meyllidir. Nəyinə lazımdır qatmaqarışıq hüquqi sözlər yığını? Kimsə youtubeyə “turp belə bitir, kələm belə kök belə...” klipi yükləyib. İndi bunu qoyub kim gedib əlinə kitab alar?

Maraqlıdır ki, bu məmləkətin şairi, yazarı, ziyalısı da artıq qaragüruhçu mühakiməyə təslim olduğuna görə, ondan sertifikat almayanda yazısını üzə çıxarmağa, fərqli görüşlərini bildirməyə qorxur. Tarixin yanlış streotiplərini dağıda bilməzsən, gələcəyin arzulanmayan gerçəklərini söyləyə bilməzsən, həmişə, hər şeyə qarşı etirazçı ruhunu qorumalısan, doğruları dolayı vasitələrlə dəstəkləyə bilərsən.

Illər uzunudur ki, bu məmləkətdə Qarabağ problemi ilə bağlı fərqli bir yol xəritəsi ortaya qoyan analitik yazıya rast gəlmədim. Yaza bilən varmı? Əlbəttə, var. Ancaq xalq adından inhisarı üzərinə götürmüş qaragüruhun qorxusundan yazmaq istəmirlər. Yazanın düşüncəsi onların istəyi ilə üst-üstə düşməlidir. Cəmiyyətlə savaşan bir yazara rast gəldinizmi, onun natamamalıqlarını qabarıq göstərən ciddi mətnlərə rast gəlirsinizmi?

Ziyalı hakimiyyətlə xalq arasında ildırımötürən rolunu oynamalıdır. Həm hakimiyyətin xalqa qarşı siyasətnin faydalılığına təsir gösrətməlidir, həm də xalqın hansısa məqamda hakimiyyətə qarşı aqressiyasını azaltmalıdır. Bu ildırımötürəni bəzən hakimiyyət öz maddi təşviqləri ilə öz ideologiyasının təbliğatçısına çevirməklə müstəqil düşüncədən, yəni öz funksiyasından məhrum edir. Xalqın adından danışmaq inhisarını mənimsəmiş qaragüruh isə “satqın” “xain” təşbehlərinin qorxusu ilə onu öz bəyəndiyi ritorikanı təkrarlamağa məcbur edir.

Bu gün Azərbaycan dövlətinin əsas problemi bu ildırımötürən təbəqənin olmamasındadır. Allah göstərməsin, kənardan gələcək məqsədyönlü bir ildırım həm hakimiyyəti, həm də xalqı vura bilər. Nəticədə bu dövləti ayağa qaldıracaq ziyalı təbəqəsi, nə də şəxsiyyət görəcəksiniz. Kritik anlarda cəmiyyəti təşkilatlandıra biləcək erməninin, gürcünün kilsə modelinə uyğun nüfuzlu din müəssisəmiz də yoxdur. Sovet rejiminin yetişdirdiyi Heydər Əliyev kimi qiqantlar da artıq dünyada yoxdur ki, uçulub-dağılmış tikintini gəlib bərpa edə bilsin.

Bu xalq bizim başımızın tacıdır, hamımız onun xidmətçisiyik. Ancaq o başın yanacağı küy deyil, düşüncə olanda müsbət mənada hər şeyə qadir olacaqdır. Biz bu dəfə də xalq olaraq içimizdəki daha təhlükəli yoluxucu mahiyyət alan sosial qaragüruhun iradəsinə tabe olsaq və onun qarşısında yalnız polis dəyənəyi ilə durmağa ümid bəsləsək bu işi çözə bilməyəcəyik. Müasir xəbərləşmədə, maarifləndirmədə Amerika üsulundan, yəni təbliğatda əks təbliğatdan istifadə edilə bilər. İnsan beyni mənfi deyə bir şeyi qəbul etmir, yəni bizim mətbuat Kardaşyanı pisləyirsə bunun özü təbliğatdır, ona daha çox maraq yönəltməyə səbəb olur. Xalqla iş aparmanın metodlarını doğru tapmaq lazım. Xalqı cins, yaş, yaşam yeri və səviyyəsi, aldığı təhsil və s. üzrə təbəqələndirmə, maraq dairələrini incələmə, sosial şəbəkələr üzərindən iş aparma günün əsas vəzifələrindən biri olmalıdır. Hökumət müəyyən fikirləri xalqa çatdırmaq istəyirsə bunun müasir üsullarını və çoxmərhələli variantlarını düşünməlidir. Əlbəttə mən burada milli təhlükəsizliklə bağlı xüsusi təbliğat mövzusuna girmədən adi milləti maarifləndirmə barədə diqqətimi çəkən Amerika metodunu xatırlatmaq istəyirəm. Demək bu ölkədə hər hansı bir xəbər olsun, istər iqtisadi, istərsə də siyasi, elmi, onları çox sadələşdirilmiş bir dillə, yumorla, müxtəlif şəkillərlə, videolarla millətə çatdırırlar. Təsəvvür edin ki, bir stand-up komedianı xəbər proqramını aparır! Youtube kanalında John Oliver, Noah Trevor belələrindəndi. Elə bil idtidai sinif uşaqlarına dərs izah edirlər. Xüsusən fermerlərlə bağlı material çox maraqlıdı. Bəli təhsildə ağılsızcasına buraxdığımız boşluqlardan doğan millətin heç də az olmayan qisminin savadsızlığını bəhanı edib maarifçiliyin yeni formalarından imtina etmək olmaz.

İsrail lideri Şimon Peresin bu barədə 8-ci Yalta Görüşündə tarixi bir çıxışı var. Deyirdi ki; “…hər kəs Tunisdə yaxud Misirdə olan inqilablardan danışır...Əsl inqilab sizin evinizdə gedir!... Əlində İ-phone olan birinə ölkə lazım deyil ki. Dünya onun cibindədi”... Bizsə hələ də özümüzü dünyanı cibində, hətta cibinin dərinliyində qayğısız hiss edirik...

Cəmiyyətin sağlam düşüncəli insanlarının, dövləti qoruma instinki olan vətəndaşlarının, qaragüruhçuluğa təslim olmayan ziyalılarının üzünə dövlətin qapısını açmalıyıq ki, ildırımötürən təbəqə formalaşsın. Əks halda təsadüfi bir ildırım bu milləti də, bu dövləti də özü ötürəcək... Ruhdan salmamaq üçün deyə bilmirəm ki, hara ötürəcək...(pravda.az)

Fazil Mustafa

Milli Məclisin deputatı

pia.az


Etiket: Fazil Mustafa


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Fazil Mustafadan İran ordusuna çağırış:"Onlar "Ümid"dən gəldilər, siz də "Xudafərin"dən girin!"

Fazil Mustafa:"Onlar haqlarını sizlərə çətin ki, halal etsinlər..."

“Özünü rayonun kiçik padşahı kimi aparır” - Fazil Mustafa İçra başçısı haqda

Rusiyaya yaxınlaşmaq Rusiyadan uzaqlaşmaqdan daha qorxuludur

“Anlamadıq ki, bizim hakimiyyət həzzimizin bədəli Şuşanın, Laçının itkisidir”

“İt hürən tərəfə gedənlər xalqın qaragüruha qazandırdıqları məxluqlardır"

Ən çox oxunanalar