Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dolları hardan almaq sərfəlidir?-Mərkəzi Bankdan yoxsa "qara bazardan"?

Mərkəzi Bankın qərarı qalmaqala səbəb oldu...

“Oğurlayıb bahalı maşın almaq olar, dollar yox?” – 

Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarına valyuta dəyişmə əməliyyatları zamanı xarici valyuta alan müştərilərdən daha detallı məlumatların alınmasını nəzərdə tutan təlimat göndərib.

Bu barədə yerli mediada məlumatlar dərc edilib.

Məlumatda deyilir ki, alınan valyutanın həcmi 500 dolları keçdikdə müştərilər xüsusi blankı doldurmalıdırlar.

“Burada ad-soyad, ata adı ilə yanaşı, telefon nömrəsi, konvertasiya olunan vəsaitin mənbəyi və konvertasiya olanacaq vəsaitin istiqaməti (necə istifadə olunacağı) qeyd edilir. Alınan valyutanın məbləği 20 min manatı keçdikdə isə müştəri Maliyyyə Monitorinq Xidmətinin (MMX) nəzarət dairəsinə düşür. Artıq bu halda müştəri təqdim etdiyi məlumatları sənədlərlə də təsdiqləməlidir. Bunun üçün valyuta dəyişmə əməliyyatı zamanı bəzi sənədləri təqdim etmək lazımdır.

Bütün bu məlumatlar Mərkəzi Bankdakı ümumi portala toplanılır və təhlil edilir. Müştəri alqı-satqı edibsə, yəni dollara çevirmək istədiyi manat məbləğini alqı-satqı nəticəsində əldə edibsə (məsələn, ev və ya digər əmlak satıbsa), notariusun təsdiqlədiyi alqı-satqı müqaviləsini təqdim etməlidir. Həmin müştəri müqavilədə göstərilən həcmdə vəsait dəyişə bilər. Məsələn, 40 min manatlıq alqı-satqı edilibsə, o qədər dollar almaq olar və sair. Vəsaitin mənbəyi kimi əmək haqqı göstərilirsə, son bir ilin əmək haqqı barədə möhürlü arayış tələb olunur. Təqdim edilən məlumatlar toplanaraq yoxlanılır. Məlum olsa ki, müştəri bir gün ərzində bir neçə yerdən xarici valyuta alıb və bu məbləğ limiti keçir, məlumatlar araşdırılır, həmin şəxslə əlaqə saxlanılır və vəsaitin mənbəyi soruşulur. Müştəri vəsaitin mənbəyini sənədlərlə izah edə bilmirsə, şəxsin gəlirləri araşdırılır və həmin məbləğdən vergi hesablanıb tutulur,” bu barədə fed.az saytının məlumatında deyilir.

Dövlət Vergi Xidməti bildirib ki, belə hallarda həmin şəxslər vergi qeydiyyatına alınır, onlara VÖEN hesabı açılır.

“Mənbəyi göstərilə bilməyən vəsait isə qeyri-sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilən vəsait hesab edilir və həmin məbləğ Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14%-lə vergiyə cəlb edilir,” Vergi Xidməti qeyd edib.

Mərkəzi Bankın məlumatına görə, 2020-ci ilin birinci rübündə Azərbaycanda dollar alış-satışı 60% artıb.

Mərkəzi Bankın Hazırladığı Pul Siyasəti İcmalında deyilir ki, xarici mühitdə baş verən proseslərin dolayı təsirləri ilə bağlı Azərbaycanın valyuta bazarında mart ayında dollara tələb artsa da sonrakı aylarda vəziyyət sabitləşib.

Mərkəzi Bank yerli mediada dərc olunan məlumatlara hələ şərh verməyib.

Bununla yanaşı, iqtisadçı ekspertlər təlimatın ölkə iqtisadiyyatına ciddi mənfi təsirlərinin olacağını, inzibati yollarla dolların məzənnəsinin artmasının qarşısnın alınmasının mümkünsüz olduğunu iddia edir. Eksperlərin fikrincə, ölkədə qara bazar formalaşacaq.

İqtisadçı ekspert Rövşən Ağayev hesab edir ki, Mərkəzi Bankın təlimatı ölkədə qara valyuta bazarının çiçəklənməsinə şərait yaradacaq. Ekspert təlimatı Sovet dövrünün siyasətinə bənzədir.

“Xarici valyuta əhalnin və biznesin yığım kimi istifadə edə biləcəyi aktivlərdən biridir. Onda hökumət belə eləsin: mənzil alan, maşın alan, müəssisə yaratmaq üçün sərmayə qoyan hər kəsdən vəsaitin mənbəyi tələb olunsun.

Məntiqi yanaşsaq, dollar almaqla mənzil və ya avtomobil almağın arasında niyə fərq olsun? Hər ikisi aktiv deyilmi? Qanunsuz yolla qazandıqları para ilə məmur balası 150 min dollarlıq maşın alanda, 500 min dollarlıq villa tikəndə pulun mənbəyilə bağlı sorğu-sual etməyə niyə ehtiyac olmasın? Oğurlayıb bahalı maşın almaq olar, dollar yox? Siz belə fərqli yanaşmada məntiq görürsünüzmü? Yaxud eyni məntiqlə xaricdə övladının təhsilinə hər il 50 min dollar pul transfer edəndə də pulun mənbəyi niyə soruşulmasın?

Hətta sizə başqa təklif də verim: sovetlər dönəmində həyətinə daş hasar çəkən, dəmir çardaq bağladan kolxozçunu belə, həmin daşı, sementi, dəmiri haradan alması barədə çək-çevirə salırdılar. Bu sistemi də bərpa etsək, köhnə sovet vətəndaşı kimi nostalji duyğularımızın üzərinə sərin su səpərik,” ekspert istehza ilə bildirib.

O hesab edir ki, bu qadağa və sərt nəzarətin ən böyük fəsadı qara bazarın dirilməsi ola bilər.

“Yüksək marja ilə qeyri-rəsmi valyuta alışının canlanma riski böyükdür...

Eləcə də ev təsərrüfatları və biznes üzərində belə sərt adminstrativ nəzarət investorların ölkəyə onsuz da çox zəif olan inamının qalıqlarını da məhv edir,” ekspert qeyd edib.

İqtisadçı Natiq Cəfərli bildirib ki, Mərkəzi Bankın təlimatı absurddur, tamamilə məntiqsizdir, hətta Azərbaycan iqtisadiyyatına gələcəkdə böyük problemlər yaradacaq.

Belə, süni, administrativ üsullarla məzənnənin bahalaşmasının, yəni manatın ucuzlaşmasının, dolların bahalaşmasının qarşısını almaq mümkün olmayacaq. Bu, əksinə, Azərbaycan iqtisadiyyatına əlavə problemlər yaradacaq. İqtisadi proseslərin ləngiməsinə səbəb olacaq. Belə absurd qərarlar yenidən qara bazarı dirçəldəcək. Qara bazarda istənilən həcmdə, istənilən qədər valyutanı almaq mümkün olacaq. Sadəcə məzənnə rəsmi məzənnədən daha baha olacaq. Bu qərar əslində ikili məzənnə sisteminə keçidin əsasını qoyur. Bundan sonra bir rəsmi, bir də qara bazar məzənnəsi yavaş-yavaş formalaşmağa başlayacaq. Hökumətin atdığı addım valyutaya olan tələbatın azaldılmasına yönəlıib. Əslində anlamırlar ki, valyutaya olan tələbatı bu yolla azaltmaq ölkədə daha ciddi başqa problemlərin yaranmasına səbəb olacaq. Ölkədən valyuta çıxışının qarşısını almaq gələcəkdə mal qıtlığına səbəb ola bilər. İqtisadi aktivliyin daha da azalmasına səbəb ola bilər. Azərbaycan hökuməti nədənsə səhv olaraq düşünür ki, ölkədən valyuta çıxışının qarşısını alsa bununla məzənnəni qoruyacaq. Əksinə, sonunc etibarı ilə bununla nə məzənnə qoruna biləcək, həm də bahaçılığa gətirib çıxaracaq. İqtisadi aktivliyin zəifləməsi ilə nəticələnəcək.

 

İqtisad elmləri doktoru Qubad İbadoğlu Amerikanın Səsinə deyib ki, Mərkəzi Bank bu təlimatla maliyyə amnistiyası ilə bağlı fikirlərin əksinə gedir.

Bu valyuta liberallaşdırılması, kapitalın sərbəst hərəkəti ilə bağlı bazar iqtisadiyyatı prinsiplərinə ziddir. Hakimiyyətin siyasi və iqtisadi maraqlarına xidmət edir. Belə yanaşma iqtisadiyyata sərmayə qouluşunu tormozlayacaq.

Bununla əlaqədar hökümət 3 məqsəd güdür.

1. Valyuta alışınını məhdudlaşdırmaq. Artıq yeni qaydalara görə 1 il ərzindən 1 nəfər 20 min dollardan çox valyuta ala bilməz. Ona görə də qeydiyyat aparırlar ki, ona nəzarət etsinlər.

2. Kapitalı nəzarətdə saxlamaq. Kapital sahiblərini uçota almaq, onların vəsaitlərinin hərəkətini izləmək və maliyyə monitorinqi xidməti vasitəsilə onlara təzyiq etmək.

3. Büdcəyə əlavə vəsait cəlb etmək. Mənbəyi aşkar edilməyən vəsaitdən vergi tutmaq yolu ilə onun bir hissəsini büdcəyə cəlb etmək.

Bu onu göstərir ki, Nazirlər Kabinetinin son qərarlarından birində nəzərdə tutulan kapitala və əmlaka amnsitiya məsələsi heç də bütün hökümətin mövqeyi deyil. Çünki, bütün bunlar amnsitiyaya əks olan proseslərdir. Yəni Mərkəzi Bank bununla siqnal verir ki, kapitalı olanlar onu gizlətsinlər, üzə çıxarsalar uçota alıb, vergi tutacagıq.(pravda.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar