Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əkrəm Həsənov: "Təyin olunana işləməyə imkan verilməlidir, sındırmaq olmaz"

Ölkədə kadr islahatları davam edir. Bu, çox yaxşı haldır. Köhnə kadrların mütləq əksəriyyətindən əhali və sahibkarlar narazıdır. İndi əsas odur ki, köhnə kadrları daha yaxşıları əvəz etsin...

Azərbaycanda yüksək vəzifəli şəxslərin əksəriyyətini Cənab Prezident təyin edir. Bir tərəfdən – təyin edilənlərin məsuliyyəti və s. baxımından – bu yaxşıdır. Lakin, digər tərəfdən, bu o deməkdir ki, dövlət başçısı təyin edilənlərin çoxunu yaxşı tanımır (fiziki olaraq tanıya bilməz!) və daha çox ona verilən təqdimatları rəhbər tutur.

Xatırlayıram, mərhum Heydər Əliyev (Allah rəhmət eləsin!) hava limanındakı problemləri müşavirədə müzakirə edərkən təəccüblənmişdi ki, orada niyə prokuror var. Ona dedilər ki, özünüz strukturu belə təsdiqləmisiz. Ümummilli lider də cavab verdi ki, siz təqdim etmisiz də mənə həmin strukturu.

Hər bir rəhbərin, həmçinin dövlət başçısının müşavirləri ona özlərinə sərf etdiyi istiqamətdə təsir etməyə çalışır. Xüsusilə kadr məsələsində. Azərbaycanda ciddi kadr qıtlığı var (elə bu səbəbdən də bir sıra yarıtmaz məmurları dəyişmək olmur, yerinə adekvat namizəd yoxdur və ya məlum deyil). Və əlbəttə ki, bundan sui-istifadə cəhdləri də mövcuddur. Bir neçə ay əvvəl möhtərəm Prezidentimiz özü etiraf etdi ki, ondan bəzi məlumatları gizlədirlər və o, sonuncuları mətbuatdan öyrənir.

Hətta adi şirkət rəhbəri də deyə bilməz ki, heç vaxt kadr seçəndə səhvə yol verməyib. Halbuki, hərtərəfli yoxlamaq üçün daha çox imkanı var. O cümlədən ona görə ki, bununla həmişə məşğul olmur. Dövlət başçısı isə bununla daim məşğuldur. Çox çətin vəzifədir!

Yeni kadrlarımız ya dövlət qurumlarının, ya da biznesin (iri holdinqlərin) yetirmələridir. Hamısının ali təhsili, müəyyən təcrübəsi, alicənab xarici görünüşü və s. var. Çoxunun hətta xarici təhsili də var (düzdür, Almaniya təhsilindən başqa digər xarici təhsil mahiyyətinə varmadan hələ heç nə demək deyil, amma məhz alman təhsili olan demək olar ki, yoxdur!). Bəzilərinin elmi işləri, məqalələri və müsahibələri var. Amma əksər hallarda onların mahiyyətinə baxan yoxdur. Belələri çoxdur! Seçim etmək üçün meyar deyil. Hətta kiminsə qohumu olması da meyar deyil. Qohum qohuma cavabdeh deyil!

Bəs nədir meyar? Əsas odur ki, əvvəlki iş yerlərində nə qədər uğurlu olublar! Bax, məhz bu da problemdir! ASAN Xidmət istisna olmaqla Azərbaycanda uğur hekayəsi olan dövlət qurumu yoxdur! İri holdinqlərin də demək olar ki, hamısı uğursuzdur: formal uğurları varsa belə, kadrlarının deyil, daha çox inzibati resursun nailiyyətidir. Çoxunun ayaqda qalması göstərici deyil. Əks halda, eyni məntiqlə müxalifət partiyalarının da pis-yaxşı ayaqda qalmasına uğur demək olardı. Yeri gəlmişkən, müxalifət partiyalarının gənc fəallarına da tövsiyə edirəm ki, boş-boş (həmçinin bəzən dövlətimiz üçün zərərli!) işlərlə məşğul olmağa son qoysunlar və ölkədə gedən kadr dəyişikliklərində iştirak etsinlər!

Deməli, düzgün seçim etmək üçün hər bir kadr barəsində daha çox insanın fikrini öyrənmək lazımdır. Bunun üçün də bir yol var – Prezidentin publik kadr ehtiyatının formalaşdırılması. Özü də müxtəlif yollarla. Məsələn, ötən il dövlət başçısı kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsini təsis etmişdi. Əla təşəbbüsdür. Yəqin ki, yaxında nəticələrini görəcəyik. Həmin müsabiqənin qaliblərini Prezidentin kadr ehtiyatına daxil etmək lazımdır. Lakin ehtiyat başqa yollarla da formalaşdırılmalıdır, çünki yetişmiş və təcrübəli kadrların bir qismi müsabiqədə iştirak etməyə də bilər. Onlar ehtiyat siyahısına tövsiyə yolu ilə daxil edilməlidir. Nəinki yüksək vəzifəli şəxslər, həmçinin Prezidentin etimad göstərdiyi şəxslər də həmin ehtiyata namizədlərini daxil etmək imkanına malik olmalıdır. Bu siyahı da Prezidentin saytında dərc edilməlidir. Qoy ictimai müzakirələr olsun! Son qərarı isə təbii, Prezident özü verəcək!

Bu mexanizm bir sıra xoşagəlməz halların, söz-söhbətlərin (“savadsızdır”, “ingiliscə pis danışır”, “filankəsin qohumudur” və s. və i.a.) qarşısını alar. İctimaiyyət dövlət başçısına vaxtında dəstək olar. Hazırda isə vəzifəyə təyinatdan sonra təyin olunan barədə kiminsə mənfi fikir bildirməsi həm yersiz olur, həm də mənasız.

Əvvəla, belə çıxır ki, sanki mənfi fikir bildirən Prezidentə etiraz edir. Amma ona elə gəlir ki, Prezidentə bilmədiyi məlumatı çatdırır. Ola bilər ki, Prezident həqiqətən həmin məlumatı bilməyib. Amma elə də ola bilər ki, bilib, lakin yoxlayıb və nəticədə lazım bildiyi qərarı verib. Bu məlumatın sonradan deyil, əvvəlcədən verilməsi lazımdır. Çünki qərar səhv olubsa belə, onu dəyişmək də idarəçiliyin sabitliyi baxımından düzgün deyil. Təyin olunana işləməyə vaxt və imkan verilməlidir! İnsanı sındırmaq da olmaz axı. Cinayətkar deyil ki! Sadəcə təyin olunduğu vəzifəyə uyğun gəlmir...

Əkrəm Həsənov - Hüquqşünas

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar