Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail-Çin evliliyi: “Göylərdə kəsilmiş kəbin”

Amerika yəhudilərə barmaq silkələdi...

Rusiya ilə keçmiş Sovet respublikaları arasında münasibətlər gərgindir. Rəsmi Moskva həmin ölkələri nəzarət altında saxlamağa çalışır. Bu məqsədlə də Rusiyadan uzaqlaşmaq istəyən ölkələri cəzalandırır. Onların ərazisində separatçı bölgələr yaratmaqla istəyinə nail olmağa çalışır. Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada bizi bunun nəticələrini aydın görürük.

Bu davranış təkcə Rusiyaya xas deyil. Böyük dövlətlərin məsələyə yanaşması belədir. Hətta Amerika kimi demokratik ölkə belə bu məsələdə Rusiya ilə eyni mövqedən çıxış edir.

İsrailin nüfuzlu nəşrlərindən olan “The Jerusalem Post” yazır ki, ABŞ-la Çin arasında iqtisadi müharibə gedir və İsrail qarşı duran tərəflərin arasında qalıb.
Söhbət ondan gedir ki, Çin İsrailin texnologiya və infrastruktur sahələrinə iri həcimdə sərmayə qoyur. Bu isə ABŞ-ı hövsələdən çıxarır. Ağ Evi bunu Amerikanın təhlükəsizliyi baxımından yolverilməz hesab edir.

ABŞ-ın Dövlət katibi Mayk Pompeo bu yaxınlarda Yerusəlimdə (Qüds) olub. İşğal olunmuş Fələstin ərazilərində tikinti işlərinin davam etdirilməsi və İran məsələsi gündəmə gətirilib. Ümumiyyətlə, Tramp administrasiyası ilə Baş nazir Benyamin Netanyahu arasında sıx münasibətlər formalaşıb.

Buna baxmayaraq, Çinin İsrailə sərmayə axıtması və bu axının səviyyəsinin sürətlə qalxmasına Amerika seyrçi qalmaq fikrində deyil. Tramp administrasiyası prosesə müdaxilə etmək və sərmayə axınını dayandırmaq əzmindədir.

İsrail qəzeti yazır ki, Donald Tramp 2018-ci ildə Çinə ticarət müharibəsi elan etdi. Koronavirus dönəmində isə tərəflər arasındakı münasibətlər daha da gərginləşdi. Qarşılıqlı ittihamlar çoxaldı.

Bu isə İsrail üçün qara xəbər kimi bir şeydir. Çünki İsrail öz dövlət maraqlarını təmin etmək üçün hər iki ölkə ilə sıx münasibətdə olmaqda maraqlıdır.
ABŞ hələ ötən il həm prezident Trampın, həm də dövlət katibi Mayk Pompeonun şəxsində İsrailə xəbərdarlıq edib. Deyilib ki, əgər bu proses səngiməsə, ABŞ-la İsrail arasında təhlükəsizliklə bağlı mövcud olan əməkdaşlıq məhdudlaşacaq. Kəşfiyyat məlumatlarının qarşılıqlı mübadiləsi də oxşar aqibətlə üzləşəcək.

Əsas mübahisə obyektlərindən biri Hayfa limanı ilə bağlıdır. Burada bir hissəsi Çin şirkəti tərəfindən tikilən və istifadə olunan terminal gələn ildən tam gücü ilə işə düşəcək.

“Sorek 2” dünya üzrə dəniz suyunu duzdan təmizləyən ən böyük müəssisədir. 2013-cü ildə tikilmiş bu müəssisə 400 milyon dollara başa gəlib. Bu zavodun idarəçiliyi üçün İsrail dövləti tender elan edib. Honq Konqa məxsus şirkətin törəməsi olan “Hutchison Water International” tenderin sonuna qalmış iki finalçısından biridir. Bugünlərdə İsrailin Baş nazir Benyamin Netanyahu xarici sərmayələr komitəsinə göstəriş verib ki, tender yenidən keçirilsin. Aydındır ki, Baş nazir bu addımı Amerikanın təzyiqi altında atıb...

ABŞ-ın İsraildəki səfiri David Friedman “The Jerusalem Post “a deyib ki, İsrail ilə əməkdaşlıqda və işgüzar münasibətlərdə məhdudiyyətin tətbiq olunması Ağ Evin atmaq istəyə biləcəyi son addımdır: “İsrail və ABŞ qədər bir-birinə bu qədər yaxın ölkələrin qarşılıqlı əməkdaşlığı, kəşfiyyat və digər gizli sirləri bölüşmələri hər iki ölkənin təhlükəsizliyi baxımından yüksək səviyyədə qorunmalıdır. Hər iki ölkə nəzərə almalıdır ki, ortaya girən xarici qüvvənin fərqli məqsədi ola bilər”.

Səfir xəbərdarlıq edib ki, Çin sərmayə qoymaqla və infrastruktur layihələri həyata keçirməklə İsraildə möhkəmlənmək və bu ölkənin daxili işlərinə müdaxilə etmək üçün imkanlar ələ keçirmək istəyir: “Onlar səs salamadan, sanki sürünərək, amma təhlükəli bir yolla bütün dünyada öz mövqelərin möhkəmləndirirlər. Bunu raket və tanklarla etmirlər. Ucuz işçi qüvvəsi ilə həyata keçirdikləri layihələr yolu ilə edilər. Çin şirkətlərində müxtəlif açar sahələrə nüfuz etmək və ən həssas rabitə xətlərini ələ keçirmək məharəti var".

Qəzet bildirir ki, ötən onillikdə İsrail-Çin ticarət əlaqələri 402 faiz artıb. 2018-ci ildə bu ölkələr arasında 14 milyard dollarlıq mal mübadiləsi olub. Nəticədə Çin İsrailin ticarət sahəsində ən sıx əlaqədə olduğu üçüncü ölkəyə çevrilib.

Pekinin 2013-cü ildə start verdiyi “One Belt One Road” (Bir kəmər-bir yol) təşəbbüsü çərçivəsində dünyanın dörd tərəfində infrastruktur layihələrini həyata keçirmək məqsədi güdüb. 2015-ci ildə Çin rəhbərliyi “Made in China 2025” layihəsinə də start verdiyi. Bu layihənin məqsədi bu layihə üzərindən Çini dünyanın ultra-müasir texnologiya istehsal edən ölkəsinə çevirməkdən ibarətdir. İsrail hər iki layihə üçün Çinə çox lazımlı ölkədir.

İsrailin də Çinlə sıx münasibət yaratmaqda öz maraqları var. Belə ki, İsrail ölkəyə daxil olan Çin sərmayəsi hesabına iqtisadi baxımdan dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrilmək istəyir. Ona görə də hazırkı hökumətdə Çin-İsrail əlaqələrinin güclənməsini istəyənlər çoxdur. Baş nazir Benyamin Netanyahu da onların arasındadır.

2017-ci ildə Pekinə səfər etmiş Benyamin Netanyahu Çin prezidenti Si Tsinpinlə görüşündə demişdi ki, Çin "dünyada haqq etdiyi layiqli yerini tutmalıdır". Bu işdə İsrail " Çinin mükəmməl kiçik tərəfdaşı olmağa hazırdır”. Baş nazir onu da vurğuladı ki, Çin-İsrail ticarət əlaqələri "göylərdə kəsilmiş müqəddəs nikahdır".

“RAND” nüfuzlu analitik mərkəzlərdən biridir. ABŞ hökumətinə bağlıdır. Bu mərkəz ötən ay öz araşdırmasını dərc edib. Araşdırma ABŞ Müdafiə Departamentinin sifarişi əsasında hazırlanıb. Hesabatda deyilir ki, Çinin İsrai texnologiyasına sərmayə yatırması Pekinin hərbi və iqtisadi üstünlük əldə etməsinə gətirib çıxaracaq.

Qeyd olunur ki, 11 Çin şirkəti İsrail və ABŞ üçün narahatlıq doğura biləcək 4 milyard dollar dəyərində nəqliyyat infrastruktur layihələri həyata keçirirlər. Bura Aşdod limanının genişlənməsi, Hayfa limanında yeni terminalın tikintisi və idarəçiliyi, Təl Əvivdə sürətli qatar xətti, Hayfada Karmel tunelinin çəkilməsi, Eylat şəhərindən Aralıq dənizinə çəkilən dəmiryol xətti xüsusi önəm daşıyır. "İkitərəfli istifadə" üçün nəzərdə tutulmuş kommersiya texnologiyalarına investisiya qoyulması hərbi və ya kəşfiyyat funksiyaları da daşıya bilər.

Əsas narahatlıq doğuran odur ki, Çin şirkətləri bir qayda olaraq Çin hökumətinə, hərbi dairələrinə və Kommunist Partiyasına bağlıdırlar.

Çin İsrail ilə ikitərəfli istifadə üçün süni intellekt, peyk əlaqəsi və kiber-təhlükəsizlik kimi sahələrə xüsusi diqqət ayırır. Çin kiber-casusluqda və ölkənin kiber-hücumdan müdafiəsində bu imkandan hərtərəfli şəkildə yararlana bilər.

Analitik mərkəzin hesabatında deyilir ki, söhbət təkcə texniki sahədə həyata keçirilə biləcək casusluqdan getmir. Məsələn, ABŞ-ın hərbi dəniz qüvvələrinə məxsus altıncı donama ən azı ildə bir dəfə Hayfa limanında olur. Bu limandakı idarəçiliyi ələ keçirmiş Çin ABŞ-a məxsus hərbi gəmilərdə quraşdırılmış radar sistemi və gəmilərin hansı silahla təchiz edilməsi haqqında daha müfəssəl məlumatlar əldə edə bilər. Gəmilərin döyüş qabiliyyəti, texniki parametrləri haqqında bilgilərin kənara sızması mümkündür.

O da sirr deyil ki, Çinin İranla sıx əlaqələri var. Çin 2000-ci ildən bəri İranın silahlanmasına yüz milyonlarla dollar vəsait xərcləyib. Xüsusən İranın raket və nüvə proqramları Pekinin diqqət mərkəzində olub. İsrail ilə İran arasındakı münasibətlər düşmən xarakteri daşıyır. O da bəllidir ki, hazırda İsraildə çalışan bir çox şirkət eyni zamanda İranda da fəaliyyət göstərir.

“Hizbullah” məsələsində də Çin İsraildən fərqli mövqedədir. Belə ki, Çin “Hizbullah”ı terrorçu təşkilat kimi tanımır. Çin BMT-də də İsrailin əleyhinə səs verən ölkədir.

ABŞ rəsmiləri deyir ki, Vaşinqtonla Pekin arasında gedən ticarət müharibəsi fonunda uzunmüddətli maraqları hədəfə alsaq “Amerika həmişə İsrailin yanında olacaq, Çinin isə belə bir fikri yoxdur”.

Son olaraq onu da qeyd edək ki, İsraildən sonra yəhudilərin ən çox yaşadığı ölkə Amerikadır. Orada isə müxtəlif hesablamalara görə, 5.5-8 milyon arası yəhudi yaşayır. Bu isə ABŞ əhalisinin 1.7-2.6 faizi deməkdir. Saylarının az olmasına baxmayaraq, yəhudilər Amerikanın siyasi-iqtisadi həyatında dominant mövqeyə sahibdirlər.

Təbii ki, İsrailin Çinə bu qədər meyllənməsi ABŞ-da yaşayan yəhudilərin təsir dairəsinin məhdudlaşmasına gətirib çıxara bilər.

O da bəllidir ki, İsrail dövləti yaranandan bəri Amerika Fələstin məsələsində həmişə yəhudilərin yanında olub. Avropa Birliyi isə xüsusən son illərdə Fələstinin yanında yer alır. ABŞ BMT-də İsraili qorumaq üçün həmişə veto hüququndan istifadə edib. İsrail ilə Çin arasında “göylərdə kəsilmiş nikah” sonda yəhudiləri bu dəstəkdən məhrum da edə bilər. Heç kəs unutmasın ki, Amerika bir ingilis ölkəsidir. Bəli, bu ölkədə yəhudilər dominant mövqelərə sahibdir. Buna baxmayaraq, Amerika tarixində heç vaxt bir yəhudi prezident olmayıb. Düzdür, bəziləri Donald Trampı Amerikanın ilk yəhudi prezidenti sayır. Ancaq ortada ciddi qəbul olunacaq arqument yoxdur.

Ona da şübhə yoxdur ki, ABŞ öz milli maraqları naminə İsraili də tapdalayıb keçə bilər. Hələ ki, belə bir gedişat gözlənilmir, ancaq İsrail Çinə yaxınlaşdıqca bu məsələ ciddiləşə bilər. Amerikalılar, o cümlədən Donald Tramp “Öncə Amerika” şüarını sadiqdirlər. İsrail də bunu yaxşı bilir. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar