Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Həsənov haqqında sensasion faktlar

1988-ci ildə Azərbaycan KP MK-nın I katibi Ə.Vəzirov tərəfindən Heydər Əliyevə qarşı başlanmış təqib, təftiş və böhtan kampaniyasına ilk dəstək verənlər sırasında Ə.Həsənov və onun dostlarının da olduğu, onların bu məsələ ilə bağlı Bakıya məktub göndərdikləri artıq hər kəsə bəllidir...

Doğrudur, Ə.Həsənov və onun tələbə dostları uzun müddət bunu dandılar və bu mövzunu dilə gətirənləri az qala topa-tüfəngə tutdular. Hər şey sübuta yetdikdə isə başladılar əməllərinə don geyindirməyə. Amma məşhur atalar məsəlində deyildiyi kimi «nə qədər atsan da divara göz yapışmaz».

Mən “Azərbaycan” qəzetinin bölgə müxbiri, habelə Milli Televiziya və Radio Şurasının üzvü və sədr müavini işlədiyim illər ərzində Əli Həsənov və onun əhatəsinə nisbətən daha yaxından bələd olmaq imkanım olub. Hesab edirəm ki, o illərdə rastlaşdığım bir neçə məqam Əli Həsənov və onun əhatəsinin Ulu öndər Heydər Əliyevə münasibətdə nə dərəcədə “sədaqətli” olduğunu müəyyənləşdirmək baxımından oxucular üçün də əhəmiyyətli ola bilər:

Birinci məqam: 2003-cü ildə Ulu öndər Heydər Əliyevin səhhətində problemlər yarandığından Türkiyənin Gülhanə Tibb Akademiyasında müalicə olunurdu. O, dönəmdə hansısa məkirli qüvvələr tərəfindən məqsədli şəkildə Ulu öndərin səhhəti ilə bağlı reallıqdan uzaq olan qəlbbulandırıcı informasiyalar yayılmaqda idi. Təbiidir ki, Ulu öndərin sağlamlığı ilə bağlı bu cür yalan informasiyalar Azərbaycan ictimaiyyəti tərəfindən kəskin qəzəb və nifrət hissi ilə qarşılanmaqda idi.

Yazılı mətbuata, televiziyalara, Azərbaycanın və Türkiyə Cümhuriyyətinin rəsmi qurumlarına ünvanlanan yazılarda, çıxışlarda, məktub, teleqram və bəyanatlarda bu çirkin dezinformasiyanın müəllifləri qətiyyətlə pislənilirdi. Artıq bir neçə gün idi ki, bu proses davam edirdi. Və növbəti günlərdən birində axşam evdə televiziya qarşısında əyləşərək ailəliklə həmin çıxış və bəyanatları izləyirdik. Birdən həyat yoldaşım mənə tərəf dönərək, – “bütün bunların sizin təşkilata (yəni Teleradio Şurası nəzərdə tutulur) aidiyyatı yoxdur, siz bu dövlətin çörəyini yemirsiniz, sizi bu vəzifəyə o kişi (yəni Heydər Əliyev) təyin etməyib”, – dedi.

Əlbəttə, yerində və haqlı irad idi. Odur ki, mən dərhal Şura sədri Nuşirəvan Məhərrəmliyə zəng edərək dedim ki, gəlin sabah yığışaq və Teleradio Şurası adından məlum dezinformasiyalarla bağlı bəyanat yayaq. O, isə cavabında sanki heç nə baş verməyibmiş kimi olduqca sakit və arxayın tonda “sən bilirsən ki, sabah şənbədir, yəni bizim üçün iş günü deyil. Bir də ki, sabah bizim tələbə yoldaşlarımızla Nabranda görüşümüz var. Mən ailəliklə orada olacağam. Siz özünüz necə istəyirsiniz elə də hərəkət edin». Şura sədrinin belə biganə münasibəti mənə bərk toxundusa da daha artıq bir söz demədim. Növbəti addım olaraq digər Şura üzvlərinə zəng etdim və məlum məsələ ilə bağlı sabah saat 9-da işdə olmalarını xahiş etdim. Gecə ikən Teleradio Şurası adından kifayət qədər sərt bir bəyanat mətni hazırladım. Bəyanat mətnində Ulu öndərin səhhəti ilə bağlı məkirli qüvvəllər tərəfindən yayılan dezinformayalar və onu təşkil edən qüvvələr kəskin şəkildə qınanıldı. Bəyanatın sonunda Türkiyədən olan həmkarlarımıza belə bir müraciət də vardı: “Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası əmindir ki, qardaş Türkiyə Cümhuriyyətində radio və televiziyaların fəaliyyətinə nəzarətedici qurum olan RTÜK Azərbaycan və Türkiyə cümhuriyyətlərinin dostluğu, qardaşlığı, birliyi naminə müstəsna xidmətləri olan Ulu öndər Heydər Əliyevin səhhəti ilə bağlı məkrli qüvvələrin yaymış olduğu dezinformasiyaların yer aldığı telekanallar barədə təcili olaraq zəruri hüquqi ölçülər ələ alacaqdır”.

Ertəsi günü bəyanat mətnini Şura üzvü olan həmkarlarımla birlikdə müzakirə etdik və yaydıq. Nabranda tələbə yoldaşları ilə birlikdə əylənməkdə olan sədrimiz Nuşirəvan Məhərrəmli isə heç telefonla da olsa zəng edib münasibət bildirmədi. Onu da əlavə edim ki, bizim bu müraciətə cavab olaraq RTÜK dərhal adekvat tədbirlər gördü.

İkinci məqam: Milli Televiziya və Radio Şurası Azərbaycanda bəlkə də, yeganə dövlət orqanıdır ki, bu günədək orada Ulu öndər Heydər Əliyevlə bağlı kiçik bir guşə belə yaradılmayıb. Şura üzvü və sədr müavini kimi dəfələrlə buna təşəbbüs etsəm də, Şura sədri Nuşirəvan Məhərrəmli müxtəlif bəhanələrlə buna mane olub.

Qəribədir ki, Şura sədrinin tələbə yoldaşı və dostu, Prezidentin köməkçisi Əli Həsənov vaxtaşırı Şurada olsa da bu məsələ ilə bağlı heç vaxt münasibət bildirməmişdir. Əli Həsənovun Teleradio Şurasında təmsil olunan əzizləri də hər yerə və hər şeyə baş soxsalar da, qeyd etdiyim məsələ heç vaxt yadlarına düşmədi. Tutalım ki, Ə.Həsənovun dayısı oğlu olan Şura üzvü Məmməd Cəfərov biznes adamıdır və belə məsələlərdən başı çıxarmır (Əgər belədirsə, onda həmin şəxsin 4 dəfə prezident sərəncamı ilə Şura üzvü təyin olunduğunu necə izah etməli?!). Bəs, Əli Həsənovun Şura üzvü, Şura sədrinin müavini olan, “görkəmli ədəbiyyatşünas alim”, “bacarıqlı təhsil qurucusu”, “qeyri-adi səhiyyə təşkilatçısı”, “istedadlı jurnalist, yazıçı və şairə”, “tanınmış ictimai xadim” kimi cəmiyyətə təqdim və təbliğ olunan, sözlərinə mahnılar bəstələnən, həmin mahnılara kliplər çəkdirilən, klipmeykerləri vəzifə və fəxri adlarla mükafatlandırılan həyat yoldaşı Sona Vəliyeva niyə susurdu?! Ailəlikcə çörəyini yedikləri, sayəsində vəzifə və mənsəb sahibi olduqları bu insanlar axı niyə Ulu öndərin xatirəsinə və irsinə münasibətdə bu dərəcədə biganə idilər?!

Doğrusu, əvvəllər Şura sədrinin və dostunun bu məsələyə olan soyuq münasibətinin və biganəliyinin nədən qaynaqlandığını heç cür anlaya bilmirdim.

Lakin Ə.Həsənov və tələbə dostlarının 1988-ci ildə Moskva Dövlət Universitetində təhsil alarkən Azərbaycan KP MK-nın o zamankı birinci katibi Ə.Vəzirova dəstək məktubu yazdıqları, dolayısı yolla o dönəmdə Ə.Vəzirovun rəhbərliyi ilə Ulu öndərə qarşı aparılmaqda olan çirkin siyasi kompaniyanın iştirakçısı olduqları təsdiqləndikdə mənə hər şey aydın oldu.

Üçüncü məqam: 2017-ci il fevral ayının 21-də Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin olunması barədə sərəncam oldu. Bu xəbəri eşidən kimi yaxındakı poçt şöbəsinə gedərək təbrik teleqramı göndərdim. Orada bildirdilər ki, mən Xoşbəxt Yusifzadədən sonra ikinci adamam ki, Mehriban xanıma təbrik teleqramı göndərirəm. Ertəsi günü Şura sədri N.Məhərrəmli bununla bağlı mənə narazılığını bildirdi. Mənim “Siz necə, Mehriban xanımı təbrik etdinizmi”, – sualıma o “hələ bilmək olmaz ki, nələr baş verəcək» dedi. Aradan 13 gün keçəndən sonra o məni otağına çağıraraq “sabah 8 martdır, xanıma mənim adımdan bir təbrik teleqramı hazırla,” – dedi: Mən sual etdim:

– Siz birinci vitse-prezident təyinatı ilə bağlı xanımı təbrik etdinizmi?

O isə – “yox etmədim”, – dedi: Belə olan halda mənim təklifimlə Mehriban xanıma həm yeni təyinat, həm də 8 mart bayramı münasibəti ilə təbrik hazırlandı. Aradan 2-3 gün keçdikdən sonra isə rəsmi mətbuatda yeni təyinatı ilə bağlı birinci vitse-prezidenti təbrik edənlərin siyahısında Nuşiravan Məhərrəmlinin də adını oxudum. Təbiidir ki, Əli Həsənovun şöbəsi tərəfindən hazırlanmış siyahılardan heç birində mənim adım Mehriban xanım Əliyevanı təbrik edənlər sırasında olmadığına, lakin məndən 13 gün sonra, həm də mənim təkidimlə təbrik göndərən Nuşiravanın adının olduğuna çox təəccübləndim. Bu o demək idi ki, artıq onların gözlədiyi baş tutmayıb və ona görə də, necə deyərlər, şəraitə uyğun olaraq rəng və cilidi dəyişmək taktikasına keçiblər.

Dördüncü məqam: Əli Həsənov Prezident Administrasiyasında söz sahibi olduğu illər ərzində onun təsir dairəsində olmayan insanların Ulu öndər və cənab Prezidentin fəaliyyəti, Azərbaycan dövlətinin uğurları barədə yazanlara və fikir formalaşdıranlara qarşı ən azı qısqanclıqla yanaşıb. Sanki bu sahə onun kütbeyin əhatəsinin monopoliyası imiş.

Bununla əlaqədar şəxsi arxivimin Ə.Həsənovla bağlı bölümündə yer alan bir əhvalat barədə. Görkəmli dövlət xadimi Əziz Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar mətbuatda yazılar gedirdi. Növbəti yazılardan biri müəllifi o zaman dövlət müşaviri olan yazıçı Hidayət Orucovun olduğu “Qurucu Əziz” məqaləsi idi. İki hissədən ibarət olan bu portret oçerkin birinci hissəsi «Azərbaycan» qəzetində dərc olundu. Ədalət naminə deməliyəm ki, H.Orucovun bu yazısı daha peşəkar səviyyədə işlənməsi baxımından digər müəlliflərin həmin mövzu ilə bağlı yazılarından qat-qat üstün və oxucuda xoş təəssurat yaradan bir yazı idi. Məqalənin altında belə bir redaksiya qeydi vardı: “Məqalənin ardı qəzetin növbəti nömrəsində dərc olunacaq”. Amma ertəsi gün qəzet məqalənin ardını vermədi. Bunun səbəbi barədə qəzetin baş redaktoru Əmir Mustafayevin dedikləri: “Hidayət Orucovun yazısının birinci hissəsi qəzetdə çıxan gün Əli Həsənov mənə zəng edərək “o yazınının davamını verməyin”, – dedi. Mən sual etdim ki, rəhbərliyin bundan xəbəri var?! O da dedi ki, mən sənə bu tapşırığı elə rəhbərliyin adından verirəm. Məlumat üçün bildirim ki. Heydər Əliyev o zaman İranda rəsmi səfərdə idi. Aradan iki gün keçəndən sonra məni Prezident Administrasiyasına çağırdılar. Ulu öndər məni qəbul etdi. İçəri daxil olan kimi qəzetin “Qurucu Əziz” məqaləsi olan nömrəsinin açıq vəziyyətdə masanın üstündə olduğunu gördüm. Ulu öndər əli ilə məqaləni göstərərək, əsəbi halda “bunun ardını niyə vermədin”, – deyə sordu. Mən də bildirdim ki, Əli Həsənovun rəhbərliyin adından verdiyi tapşırıq belə oldu. Ulu öndər yumruğunu asta-asta masaya vura-vura «sən bilmirsən Əziz Əliyev Azərbaycan üçün, Azərbaycan xalqı üçün kim olub?! Məgər onun xidmətlərindən xəbərin yoxdur?! Sən bilmirsən ki, Əziz Əliyev mənim üçün kimdir?! Səni vəzifəyə Əli Həsənov təyin edib, yoxsa mən?! Əli Həsənov səni dama basdıracağı ilə təhdid etsəydi belə, gərək o yazını yarımçıq saxlamayaydın. Bir də belə səhvlərə yol vermə!»

Ə.Həsənovun qeyd olunan yazının davamının qəzetdə getməsinin qarşısını almasının səbəbləri müxtəlif ola bilər. Amma əsas səbəblərdən biri məncə onun məhz məqalə müəllifi Hidayət Orucova qarşı qısqanclığı idi.

Ötən illər ərzində Ulu öndərin Azərbaycan dövlətçiliyi və Azərbaycan xalqı naminə müstəsna tarixi xidmətləri, cənab Prezidentin çoxşahəli titanik fəaliyyəti sayəsində ölkəmizin əldə etmiş olduğu uğurlar barədə rəsmi mətbuatda dərc etdirdiyim silsilə yazılarım hər dəfə Ə.Həsənov və əhatəsi tərıfindən sükut və qısqanclıqla qarşılandığını hiss etmişəm. Cənab Prezidentin hakimiyyətdə olmasının 15 illiyi münasibəti ilə “Xalq qəzeti” və “Yeni Azərbaycan” qəzetlərində “Qurucu prezident” adlı iri həcmli portret-oçerkim dərc olunarkən də bu soyuq münasibəti tam qabarıqlığı ilə hiss etdim. Əslində Ə.Həsənov həmin oçerklərin digər rəsmi qəzetlərdə də dərcini təmin etməli idi. Bu da son olmadı. Az sonra rejissor dostum Elşən Qəni mənim “Qurucu prezident” oçerkim əsasında “İlhamla sabaha” adlı olduqca baxımlı və sanballı sənədli film çəkdi. Bununla bağlı mən telefonla Ə.Həsənovun müavinlərindən biri ilə danışdım və müdirinə məlumat verməsini xahiş etdim. Təəssüflə bildirim ki. müdirin cavabı müsbət olmadı. Beləliklə filmimiz efir üzü görməyərək arxivdə qalası oldu. Görün, ardınca nə baş verdi. Bu söhbətdən iki-üç gün keçərdi ki, AzərTAC tərəfindən Ə.Həsənovun özünün cənab prezidentin hakimiyyətdə olmasının 15 illiyi ilə bağlı yazısı yayıldı və aradan daha bir neçə gün keçər-keçməz həmin yazı əsasında AzTV tərəfindən çəkilən sənədli film efirə getdi.

Tam səmimi olaraq bildirirəm ki, Ə.Həsənovun yazısı mənim oçerkimlə, AzTV-nin çəkdiyi film isə rejisor dostum Elşən Qəninin filmindən hissolunacaq dərəcədə zəif təsir bağışlayırdı. Yeri gəlmişkən onu da əlavə edim ki, Ə.Həsənov bundan əvvəl rejissor Elşən Qəni ilə birlikdə çəkdiyimiz daha bir sənədli filmi arxivə yollamışdı. Söhbət Ulu öndər Heydər Əliyevin və cənab prezident İlham Əliyevin davamlı və hərtərəfli qayğısı sayəsində coşğun tərəqqi yolu keçən Sumqayıt şəhərinə həsr olunmuş “Xəyalların gerçəkləşdiyi şəhər” filmindən gedir.

Bu yerdə Ə.Həsənovun “dövlətçilik fəaliyyəti”nin gizli məqamlarından xəbər verən daha iki faktı da yada salmaq istərdim. Bəzi media orqanları o zaman da, bu zaman da ictimai xadim kimi cəmiyyətdə xüsusi çəkisi olan tanışlarımdan birinin rəhbəri olduğu müəssisə barəsində davamlı olaraq tənqid yazırdı. Yazılanların da hamısı şər və böhtan idi. Bir dəfə bu məsələ ilə bağlı ikilidkdə fikir mübadiləsi edərkən o mənə dedi ki, “bütün bunları təşkil edən birbaşa Əli Həsənovdur”. Doğrusu, bu mənim üçün çox gözlənilməz oldu. Odur ki, birbaşa olmasa da, dolayısı onun fikri ilə razılaşmadığımı bildirdim. Bir müddət sonra respublika Həmkarlar İttifaqının sədri Ə.Həsənovun qudası Səttar Mehbalıyev tərəfindən hüquqları pozulmuş, mülkiyyəti ələ keçirilən II qrup Qarabağ əlili Zaur Həsənov nümayişkaranə şəkildə özünü yandırdı. Təsəvvür edin, Mirşahin Ağayevin “ANS”dəki sərt çıxışı istisna olmaqla (məhz bu fakta görə Ə.Həsənovun fürsət yaranan kimi ANS-i bağlamaqla Mirşahindən necə qisas aldığı da hər kəsə bəllidir) bütövlükdə Azərbaycan mediası özünü elə apardı ki, sanki bu dəhşətli olaydan xəbərsizmiş. Onda anladım ki, bəli, tanışım Ə.Həsənovu suçlu bilməkdə haqlı imiş. Yəni, o özünə lazım olanda həm yazdıra, həm də susdura bilirdi. Bu, prezidentin köməkçisi postunda əyləşən baş ideoloqla yaraşan mövqedirmi?!

İndi gəlin baş verənləri qısaca da olsa, ümumiləşdirməklə yekun nəticənin nədən ibarət olduğunu müəyyən edək. Bir tərəfdə Əli Həsənov, onun ailə üzvləri və yaxın ətrafının vəzifə başında olarkən yol vermiş olduqları çoxsaylı sui-istifadə, özbaşınalıq və qanunsuzluq halları.

Digər tərəfdə Ə.Həsənov və onun yaxın əhatəsinin Ulu öndər Heydər Əliyevə, onun siyasi kursunun uğurlu davamçısı olan cənab Prezidentə, ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya münasibətdə sərgiləmiş olduqları susqunluq, sayqısızlıq və qısqanclıq hallarına dair konkret faktlar. Ə.Həsənovun özünü, habelə jurnalist həmkarlarımızdan birinin yazdığı kimi, Əflatun Amaşov, Vüqar Səfərli, Nuşirəvan Məhərrəmli, təkrar-təkrar Teleradio Şurasının üzvü etdiyi dayısı oğlu Məmməd Cəfərov formatında olan kütbeyin və səriştəsiz əhatəsini siyasi gündəmdə saxlamaq naminə Ulu öndər Heydər Əliyevə və onun siyasi kursuna sadiq olan, doğma Azərbaycanımızın hərtərəfli inkişafında xüsusi xidmətləri olan neçə-neçə dəyərli kadrı ləkələyərək sıradan çıxarmaq yönündəki dağıdıcı fəaliyyətini də yuxarıda deyilənlərə əlavə edəsi olsaq, alınan mənzərə həqiqətən çox düşündürücüdür. Yəni, bütün bunlardan sonra nə üzlə, hansı məntiqlə Ə.Həsənovun əvəzolunmaz kadr kimi Ulu öndər Heydər Əliyevə, cənab prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, bütövlükdə Azərbaycan iqtidarına sədaqətli kadr olduğunu dilə gətirmək olar?!

Əziz oxucu, hesab edirəm ki, Əli Həsənov və onun yaxın ətrafını göründüyü və təqdim olunduğu kimi deyil, məhz olduğu kimi tanımaq mənasında yuxarıda toxunulan məqamlar heç də az əhəmiyyət kəsb etmir. Mən əminəm ki Əli Həsənov və onun dostları bu yazını oxuyandan sonra söylədiyim faktları danmağa və ya hansısa formada onlara don geyindirməyə cəhd edəcəklər.

Amma ağılları varsa, bütün bunlara etiraz etməkdənsə, don geyindirməkdənsə oturub özlərinin keçmiş əməllərini yaxşı-yaxşı təhlil etsinlər. Çünki çapaladıqca daha artıq çılpaqlıqlar üzə çıxır, bununla da özlərini daha artıq ifşa etmiş olurlar. Nəzərə alsınlar ki, məşhur atalar məsəlində deyildiyi kimi «Cidanı çuvalda gizlətmək olmaz». Son olaraq Ə.Həsənova və ətrafındakılara daha bir atalar məsəlini xatırlatmaq yerinə düşər: «Özü yıxılan ağlamasın gərək».

P.S. Bu günlərdə Ə.Həsənovla haqqında mətbuatda gedən tənqidi yazılarla bağlı sosial şəbəkələrdə bir status oxudum. Orada deyilirdi ki, bu gün Ə.Həsənovdan tənqid yazanlar rayondan Bakıya bir pencəkdə gələnlərin indi evləri, maşını, sürücüsü var. Mən həmin sətirləri yazmış nadana sual edirəm. Məgər qanunsuz yollarla külli sərvət və mülk sahibi olmuş Ə.Həsənov Naxçıvandan Bakıya zər-ziban içində gəlmişdi?! Onun da Bakıda şəxsi evi, maşını, sürücüsü vardı?! Prezident Administrasiyasında işə düzələnədək kiminsə tərəzisi başında duraraq metallom qəbul edən o deyildimi?! Bir də ki, jurnalistikada olanları iş, ev-eşik və maşınlı edən məgər Ə.Həsənov olub?! Odur ki, hər kəs dediyinin və yazdığının fərqinə varsın!(konkret.az)

Qafar Cəbiyev

əməkdar jurnalist, “Qızıl qələm” müakafatı laureatı, tarix elmləri doktoru, professor

pia.az


Etiket: Əli Həsənov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar