Bazar ertəsi, 25 May 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Prezidentə yazırlar: “Hər şey üçün təşəkkür edirik” - Məktublar

Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir...

Vətəndaşlar yaşından, cəmiyyətdə tutduqları mövqedən asılı olmayaraq, dövlət başçısına müraciətlərində təşəkkürlərini ifadə edirlər. Həmin müraciətlərdə koronavirusun ölkədə yayılmasının qarşısının alınması istiqamətində dövlətin gördüyü tədbirlər alqışlanır.

Məktubların bir qismini təqdim edirik.

Şəkidən Baba Səmədov yazır:

“Koronavirusun dünyanı cənginə aldığı dövrdə ölkəmizdə bu bəlaya qarşı gördüyünüz qabaqlayıcı tədbirlərə görə Sizə minnətdarlığımı bildirirəm. Mən fəxr hissi keçirirəm və qürrələnirəm ki, Sizin Prezidenti olduğunuz dövlətdə yaşayıram. Siz xalqınızı, millətinizi canınızdan da çox istəyirsiniz. Əminik ki, bu şərəfli işinizi bundan sonra da uğurla davam etdirəcəksiniz”.

Neftçaladan Əlihüseyn Hacıyev məktubunda bildirir:

“Hörmətli cənab Prezident.

Sizin tapşırığınızla görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, Azərbaycanda koronavirus pandemiyasi tam nəzarət altındadır. Halbuki, dünyanın ən inkişaf etmiş ölkələrində virusa yoluxma və ölüm halları dəfələrlə çoxdur.

Əlbəttə, bu, Sizin uzaqgörənliyinizin sayəsindədir. Sizinlə fəxr edirik. Allah Sizə və ailənizə can sağlığı versin.

Mən Sizin vətəndaşa necə dəyər verdiyinizin canlı şahidi olmuşam. 2017-cl ildə Neftçalaya səfəriniz zamanı mənim fermer təsərrüfatımda oldunuz, təsərrüfatın üzvləri ilə səmimi görüş keçirdiniz, müvafiq tövsiyələr verdiniz.

Azərbaycan xalqı fəxr edir ki, Sizin kimi Lideri var. Bu işləriniz bir daha sübut edir ki, Siz Azərbaycan xalqının dahi Lideri Heydər Əliyevin davamçısınız”.

Bakı sakini İlkin Cabbarlı qeyd edir:

“Çox hörmətli möhtərəm Prezident.

Mən bir Azərbaycan gənci olaraq, bu çətin dövrdə biz məcburi köçkünlərə göstərdiyiniz qayğıya görə Sizlərə öz adımdan və məskunlaşdığımız yataqxananın məcburi köçkünləri adından təşəkkür edir, dərin minnətdarlığımızı bildiririk. Bir daha bəyan edirik ki, dövlətçiliyimizin inkişafı, millətimizin xoşbəxtliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda apardığınız mübarizədə daim Sizi dəstəkləyir və Sizinləyik. Hər şey üçün təşəkkür edirik”.

Bakı sakini Fuad Paşayev yazır:

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Sizə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi kimi müraciət edərək, həm bizə yaradılan şəraitə, həm tətbiq edilmiş onlayn dərs sisteminə, həm də bu ağır günlərdə xalqımıza, millətimizə qayğı göstərib yanımızda olduğunuza görə təşəkkürümü bildirirəm.

Televiziyada Sizə yazılan məktubları görüb mən də öz təşəkkürümü və minnətdarlığımı çatdırmaq qərarına gəldim.

Mənim ən böyük arzum Dövlət Sərhəd Xidmətində zabit kimi çalışıb Azərbaycan Respublikasına xidmət etməkdir. Həm hərbi xidmətə olan marağım, həm də Prezidentimə, xalqıma olan sevgim məni bu peşənin vurğunu edib. Zamanı gəldikdə Sizin əmrinizlə torpaqlarımızı geri qaytarmaq üçün mətanətlə ən irəlidə getməyə hazıram.

Mənim anam da tibb işçisi olaraq koronavirusa qarşı ən öndə mübarizə aparanlardandır. İnşallah, bu ağır günləri geridə qoyub gözəl günlərə addım atacağıq. Allah bizim köməyimiz olsun.

Cənab Prezident, bir daha Sizə və ailənizə təşəkkür edirəm. Bu sınaq günlərində Sizə can sağlığı, uğurlar arzulayıram. Allah Sizi qorusun”.

Astaradan Saray Fərziyeva məktubunda bildirir:

“Möhtərəm cənab Prezident.

Ölkəmizdə şəhid ailələrinə olan yüksək səviyyədə münasibət Sizin şəhidlərin ruhuna sonsuz ehtiram hissinizdən, şəhid ailələrinə olan böyük qayğınızdan irəli gəlir. Mən Heydər Əliyev Fondunun xətti ilə müayinə və müalicə olunduğuma görə Sizə və Mehriban xanım Əliyevaya sonsuz təşəkkürümü bildirirəm.

Əziz Prezidentimiz, ölkəmizdə koronavirusa qarşı mübarizə çərçivəsində vətəndaşların sağlamlığını düşünməyiniz, karantin dövründə maddi çətinliklərlə üzləşmiş ailələrə etdiyiniz yardımlar, pandemiyaya qarşı yüksək səviyyədə qabaqlayıcı tədbirlərin təşkili bir şəhid anası kimi ürəyimə rahatlıq gətirir. Övladımın düşmənlə mübarizədə şəhid olması ilə nə qədər qürur duyuramsa, nəvə-nəticələrimin bu virusun qurbanına çevrilməsindən o qədər vahimələnirəm. Çox sağ olun ki, xalqımızı bu bəladan qorumaq üçün bütün imkanları səfərbər edirsiniz. Gördüyünüz bütün işlərə görə 117 ailə üzvüm – 17 övladım, 45 nəvəm və 55 nəticəm adından Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqı hər bir işdə Sizə güvənir, dəstəyinizi, gücünüzü daim hiss edir, Sizinlə qürur duyur. Tanrı Sizi və xalqımızı qorusun”.

Bakıdan Sultan Şükürov yazır:

“Hörmətli cənab Prezident.

Siz hər zaman vurğulayırsınız: “Mən hər bir azərbaycanlının Prezidentiyəm və hər bir azərbaycanlının yanındayam”. Biz də bunu həmişə hiss edirik. Bu çətin dövrdə Sizin xalqın yanında olmanız buna bariz nümunədir. Məhz buna görə Sizə minnətdarıq.

Cənab Prezident, hər çətin gündə Sizinlə yanaşı olan, Sizinlə çiyin-çiyinə xidmət edən, xalqına diqqət və qayğısını əsirgəməyən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da “çox sağ olun” deyib, minnətdarlığımızı bildiririk.

Ulu öndər Heydər Əliyevin siyasi irsini sevən və dəstəkləyən bir nəslin nümayəndəsi kimi, Sizi, bir seçiciniz olaraq hər zaman dəstəkləmişəm və dəstəkləyəcəyəm. Sizinlə yanaşı, Sizi dəstəkləyənlərə də “çox sağ olun” demək istəyirəm. Sizə xain gözlə baxanları isə pisləyirəm.

Möhtərəm Prezident, Siz doğru yoldasınız və bu yolda Sizə uğurlar arzulayıram. Ulu Tanrı Sizi qorusun, xalqına çox görməsin”.

Sumqayıt şəhərindən Kamil Əhmədov bildirir:

“Hörmətli cənab Prezident.

Ölçüyəgəlməz xidmətlərinizə görə bir vətəndaş kimi Sizə minnətdarıq. Mən gənc dövlətimizin dünya dövlətləri arasında böyük nüfuza malik olmasından qürur duyuram.

Siz xalqın çətin anlarında, təbii fəlakətlər zamanı vətəndaşın yanında oldunuz. Məcburi köçkünlərə qayğınız isə ölçüyəgəlməzdir. Münxendəki görüşdə Paşinyana ustadlıq dərsi keçməniz isə Sizə olan sevgimizi qat-qat artırdı.

Son zamanlar ölüm kabusuna çevrilmiş, dünya iqtisadiyyatını iflic vəziyyətə salmış, bəşəriyyətə qlobal təhlükə yaradan koronovirus pandemiyası ölkəmizə də təsirsiz ötüşməyib.

Mənim yaşım 65-i ötüb. Pandemiya ilə mübarizə tədbirləri haqqında məlumatları, Sizin çıxışlarınızı mətbuatdan izləyirəm və hər gün qürur hissi keçirirəm. Görürük ki, Sizin üçün hər bir Azərbaycan vətəndaşının sağlamlığının qorunması bu gün hər şeydən irəlidir. Mən də xalqımızı həmrəyliyə səsləyən “Biz birlikdə güclüyük!” çağırışı edən rəhbərə “min alqışlar olsun” deyirəm.

Yaranmış iqtisadi vəziyyətdə də Siz birinci növbədə vətəndaşlarımızı düşündünüz. Sizin atdığınız hər bir addım bizdə nikbinlik yaradır.

Heydər Əliyev Mərkəzinin binasının üzərində pandemiyadan əziyyət çəkən ölkələrin bayraqlarının dalğalandırılması Azərbaycanın bütün dünyaya sülh, dostluq, tolerantlıq, insanlığa sevgi mesajı idi.

Böyük Yaradan adı Azərbaycan dövlətçilik tarixinə əbədi həkk olunmuş ümummilli liderimiz Heydər Əliyevin davamçısı kimi Sizi hifz etsin”.

Gəncədən Elxan Hüseynov qeyd edir:

“Möhtərəm cənab Prezident.

Hazırda bəşəriyyət koronavirus pandemiyasının yaratdığı problemlərlə, böhranlarla üz-üzə qalıb. Pandemiyanın təhlükəsinin miqyası inkişaf etmiş dövlətlərin düşdüyü dəhşətli vəziyyətdə öz əksini tapıb. Belə bir fövqəladə vəziyyətdə verdiyiniz düzgün qərarlar, qabaqlayıcı tədbirlər, sosial rifahın yüksəldilməsi tədbirləri Sizin Azərbaycan xalqı üçün qayğıkeş Lider olmağınızın təzahürüdür. Şəxsiyyətindən, yaşından və dinindən asılı olmayaraq, həmişə vətəndaşlarımızın yanında olmuş, dərdlərinə dərman olmusunuz. Xarici media orqanlarında Azərbaycan Respublikasının pandemiya ilə apardığı mübarizə modelini nümunə kimi göstərildiyini görəndə dərin fəxr hissi keçirdirəm. Xalqımızın rifahı üçün göstərdiyiniz xidmətə görə Nizami yurdu Gəncədən Sizə ailəmizin səmimi qəlbdən salamını göndərir və dərin minnətdarlığımızı bildirirəm”.

Qaxdan Pənah Baliyev məktubunda yazır:

“Möhtərəm cənab Prezident.

Qürurla deyə bilərik ki, bütün bəşəriyyət üçün təhlükə yaradan koronavirus pandemiyasının ölkəmizdə yayılmasına qarşı mübarizə Sizin rəhbərliyinizlə çox yüksək səviyyədə təşkil olundu, dövlətimiz tərəfindən zamanında qəbul edilən mükəmməl qərarların müsbət nəticələri artıq göz qabağındadır.

Cənab Prezident, kommunal xərclər üçün limitin artırılması, aztəminatlı və imtiyazlı ailələrə yardım paketlərinin çatdırılması, işsizlərə birdəfəlik ödənişlərin verilməsi, bir sözlə, hər bir azərbaycanlının dövlətimizin diqqət və qayğısının mərkəzində olması Sizin hər zaman vətəndaşları düşünməyinizin aydın təzahürüdür.

Hörmətli cənab Prezident, xalqımıza daim dayaq olaraq, bizim həyat şəraitimizin yaxşılaşdırılmasına, sağlamlığımızın qorunmasına və problemlərimizin anında həll edilməsinə göstərdiyiniz xüsusi diqqətə görə şəxsən öz adımdan, kəndimizin bütün sakinləri adından Sizə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildirirəm. Ulu Tanrı Sizi qorusun”.

Salyandan Nuranə Dadaşova bildirir:

“Hörmətli cənab Prezident.

Azərbaycanda koronavirus pandemiyası yayılan andan indiyədək ölkəmizi, millətimizi mümkün olacaq itkilərdən və iqtisadiyyatımızı ziyanlardan maksimum şəkildə qoruya bildiniz. Tapşırıqlarınız əsasında hökumət tərəfindən görülmüş tədbirləri müsbət qiymətləndirərək, Sizə, ailə üzvlərinizə və bütün dövlət strukturlarına minnətdarlığımı və sonsuz təşəkkürlərimi bildirirəm.

Karantin zamanında bizə edilmiş maddi yardımlara görə bütün sahibkarlar adından Sizə xüsusi minnətdarlığımı çatdırıram. Bu yardımlar hazırkı dövrdə neçə-neçə ailənin maddi sıxıntısını minimuma endirdi. Bütün bu işlər vətəndaşlara diqqətinizin və insanların sağlamlığını hər şeydən üstün tutmağınızın, xalqımızla həmrəy olmağınızın bariz nümunələridir. Allahdan bütün arzularınızın yerinə yetməsini və xalqımıza etdiyiniz yaxşılıqların əvəzini almağınızı diləyirəm. Ulu Tanrı Sizi, yaxınlarınızı və bütün xalqımızı qorusun”.

Beyləqandan Səkinə Hüseynova qeyd edir:

“Hörmətli cənab Prezident.

Dünyanı bürümüş COVID-19-un Azərbaycanda geniş yayılmasının qarşısını almaq üçün atdığınız qabaqlayıcı addımlar ölkəmizdə xəstəliklə bağlı vəziyyətin yaxşılaşmasına səbəb oldu. Xalqımızın sağlamlığının qorunması üçün karantin rejimi tətbiq edilməsəydi, bəlkə də indi xəstələrin sayı ilə bağlı rəqəmlər bu virusun faciələr törətdiyi ölkələrdəki ilə eyni olardı. Dünyada xəstəliyə yoluxanların və bu səbəbdən ölənlərin sayında artım temp müşahidə olunarkən ölkəmizdə koronavirusdan sağalanların sayında dinamika çox müsbətdir. Bu, bizi sevindirir.

Cənab Prezident, bu, Sizin yüksək idarəçilik qabiliyyətiniz, hər bir insana qayğıkeş münasibətiniz sayəsində mümkün oldu. Xəstəliklə mübarizə zamanı xalqımıza göstərdiyiniz kömək - əhalinin həssas qrupuna aid insanlara edilən yardımlar, tələbələrin illik təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsi, 190 manat məbləğində birdəfəlik müavinətin verilməsi işsiz və həssas əhali qrupuna böyük dəstək oldu.

Atam ikinci qrup əlil, anam isə şəkər xəstəsidir. Siz bizim kimi həssas əhali qrupuna aid olan valideynləri və tələbələri sevidirdiniz. Biz də üzərimizdə çalışaraq, seçdiyimiz ixtisasdan asılı olmayaraq, hər birimiz öz sənətimizi sevərək öyrənib dövlətimizə, xalqımıza şərəflə, layiqli şəkildə xidmət edəcəyik. "Biz birlikdə güclüyük!" çağırışınız işimizdə bizə stimul olacaq”.

Siyəzəndən Təsvir Musayev yazır:

“Hörmətli cənab Prezident.

Bildirmək istəyirəm ki, dövlətə və dövlətçiliyimizə bağlı bir vətəndaş kimi, neft sənayesində çalışan bir insan olaraq, ölkə rəhbərliyinin apardığı daxili və xarici siyasəti dəstəkləyir, gördüyünüz təqdirəlayiq işləri izləməklə yanaşı, həm də təbliğ edirəm.

Cənab Prezident, son dövrlər pandemiya ilə əlaqədar Sizin tərəfinizdən və Mehriban xanım Əliyeva tərəfindən xalqımıza ünvanlanan müraciətlər bizdə dövlətimizə qarşı böyük inam hissi oyatdı. Sizin rəhbərliyinizlə koronavirusa qarşı bir çox təşkilati məsələlərin operativ şəkildə həll edilməsi onu deməyə əsas verir ki, dövlətimiz etibarlı əllərdədir.

Görülən operativ tədbirlər nəticəsində güc strukturları asayişin qorunmasında fəal iştirak edir, səhiyyə işçilərimiz sanitar-epidemioloji vəziyyətə uyğun koronavirusla bağlı vəziyyətə nəzarət edirlər. Sosial sahədə də aidiyyəti qurumlar vətəndaşların maddi rifahının yaxşılaşdırılması üçün əlindən gələni əsirgəmir.

Sizin uzaqgörənliyiniz sayəsində respublikamızda qısa zaman ərzində tibbi maska istehsal edən müəssisə qurularaq istifadəyə verildi, bu xəstəliklə mübarizə üçün modul tipli xəstəxanaların tikintisinə başlanıldı və respublikamıza yeni tibbi ləvazimat və avadanlıqlar gətirildi. Bununla yanaşı, dövlətimiz üçün bu çətin anlarda böyük fədakarlıq göstərərək bəzi dost və qonşu ölkələrə yardımlar etdiniz.

Cənab Prezident, bütün bunlar Sizin aliliyinizdən, sadəliyinizdən və ucalığınızdan xəbər verir.

Dünya arenasında özünəməxsus dəst-xətti ilə seçilən bir rəhbər kimi Siz dövləti ilə dövlətləşən, milləti ilə millətləşən, el dilində əfsanələşən bir Lidersiniz.

Respublikamızın gələcək inkişafı naminə işlərinizdə Sizə uğurlar diləyir, Uca Allahdan xoş müjdələr arzu edirəm”.

Ağstafadan Nəzrin Rüstəmova bildirir:

“Hörmətli cənab Prezident.

Ölkəmizə də gəlib çatmış koronavirus pandemiyasına qarşı mübarizə respublikamızda yüksək səviyyədə təşkil edilib. Karantin rejiminin tətbiqi bu bəladan daha az itkilərlə qurtulmağımıza imkan verdi. Bu xidmətlərinizə görə Sizə minnətdaram. İnsanların sağlamlığını düşünərək verdiyiniz qərar və tövsiyələr öz müsbət nəticələrini göstərməkdədir.

İşsiz olsam da, karantin rejimində çətinlik çəkmədim. 190 manat birdəfəlik ödəməni də aldım. Sizin sayənizdə karantin günlərini daha rahat keçirdik. Bütün bunlara görə Sizə “Çox sağ olun!” deyirəm.

Millətini, xalqını fikirləşən Prezident olduğunuz uçun Sizi çox sevirik. Allah Sizi var etsin. Sizə və xalqımıza bu pandemiya ilı mübarizədə səbir diləyirəm. Mən inanıram ki, biz bu imtahandan da üzüağ çıxacağıq. Şəxsən öz adımdan və ailəmin adından Sizə sonsuz təşəkkürlərimi bildirirəm”.

Hacıqabuldan Ağarəzi Mehdiyev məktubunda qeyd edir:

“Hörmətli cənab Prezident.

Yaşlı nəslin nümayəndəsi olaraq respublikamızda pandemiyanın yayılmasının qarşısının alınmasında gördüyünüz təxirəsalınmaz tədbirləri alqışlayıram.

Bütün sosial sahələrdə olduğu kimi, vətəndaşlarımızın sağlamlığının qayğısına qalmağınız və onlara göstərilən diqqətiniz xalqımız tərəfindən yüksək qiymətləndirilir. Koronavirus xəstəliyinin qarşısının alınmasını, vətəndaşların sağlamlığının qorunmasını təmin etmək üçün həyata keçirilən tədbirlər hamımızın ürəyincədir.

Bu tədbirlərə, vətəndaşların qayğısına qaldığınıza görə minnətdarlığımı bildirir, Zati-alinizə və ailənizə möhkəm can sağlığı, xoş günlər, bundan sonrakı fəaliyyətinizdə uğurlar arzulayıram”.

Ağsudan Cümşüd Ayadov yazır:

“Əziz Prezidentimiz.

Tarix elminə məlumdur ki, hər bir millətin və xalqın çətin və keşməkəşli anlarında çox güclü tarixi şəxsiyyətə ehtiyacı olur. Məhz bu mənada ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyev keçən əsrin 90-cı illərində Azərbaycan adlı qədim məmləkəti məhv olmaq təhlükəsindən xilas edərək, xalqına arxalanmaqla müstəqil və suveren Azərbaycan Respublikasını qurdu. Ulu Öndər demişdi: "Mən İlhama özüm qədər inanıram".

Cənab Prezident, istər dövlətimizin, istərsə də dünyamızın bu çətin, fəlakətli günlərində Siz əməli işinizlə, böyük dövlətçilik təcrübənizlə düşmənlərimizə sübut etdiniz ki, hər bir Azərbaycan ailəsinin yanındasınız, xalqımızın ümid, güvən, pənah yerisiniz. Artıq Sizin təkcə Azərbaycanın yox, dünyanın tanınmış siyasi liderlərindən biri olmağınızla fəxr edirik.

Sizin tövsiyə və tapşırıqlarınıza əsasən, bölgələrimizdə də həssas təbəqədən olan aztəminatlı ailələrə, eləcə də bütün rayon sakinlərinə xüsusi diqqət və qayğı göstərilir.

Uca Allahdan Sizə möhkəm can sağlığı arzulayıram. Tanrı Sizi qorusun”.

Naftalandan Mətləb Quliyev bildirir:

“Möhtərəm cənab Prezident.

Biz - Naftalan şəhər Qasımbəyli kəndinin sakinləri əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi barədə Sərəncamınızla yeni subartezian quyularının qazılacağı yaşayış məntəqələri sırasına kəndimizin də daxil edilməsinə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bu çətin dövrdə, bütün qüvvələrin koronavirusla mübarizəyə səfərbər olunduğu bir zamanda Sizin bu addımınız bizdə işləməyə daha böyük həvəs oyadır.

Kəndimizdə suvarma suyunun çatışmazlığı neçə illər idi ki, bizi narahat edirdi. Əkin sahələrini vaxtında suvara bilmədiyimizə görə məhsulumuz itkiyə gedirdi. Sizin müvafiq Sərəncamınızla kəndimizdə yeni subartezian quyusunun qazılması əkin sahələrinin su təminatının daha da yaxşılaşdırılmasında və həyətyanı sahələrin suvarılmasında mühüm rol oynayacaq. Bu, suvarma suyu məhdud olan kəndimiz üçün bir bayramdır desək, yəqin ki, yanılmarıq.

Sizə sonsuz ehtiramımızı bildiririk. Allah Sizi, ailənizi və millətimizi qorusun”.

Şirvandan Vaqif Həbibov qeyd edir:

“Salam, hörmətli Prezidentimiz.

Milli Qəhrəman ailəsi olaraq Sizə bu təşəkkür məktubunu yazmağı özümə borc bildim. Koronavirus pandemiyası ilə bağlı xalqımıza göstərdiyiniz diqqətə görə Sizə minnətdaram. Bu çətin günlərdə əsl rəhbər kimi xalqımızın yanında olub bizə dəstək oldunuz. Siz bizə çox məsuliyyətlə yanaşırsınız, hər birimizə isti münasibət göstərirsiniz. Bu minvalla mən də öz vətəndaşlıq borcumu yerinə yetirirəm və Sizə dəstək oluram. Çox sağ olun, cənab Prezident”.

Masallıdan Qurbanəli Abbasov və başqaları məktublarında yazırlar:

“Hörmətli cənab Prezident.

Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə elan olunmuş karantin dövründə xalqımıza, o cümlədən Masallı rayonuna göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı ildiririk.

Daim xalqımızın yanında olmağınızdan, tapşırıq və tövsiyələrinizlə aztəminatlı ailələrə maddi yardımlar edilməsindən və görülən işlərdən ilhama gələn xalqımızın təşəbbüslərinizə qoşulması bizi çox sevindirdi.

Masallı rayon rabitəçiləri adından bu çətin günlərdə xalqımızın sağlamlığını və təhlükəsizliyini təmin etdiyiniz üçün, dövlətimizin inkişafı uğrunda misilsiz işlər gördüyünüz üçün Sizə təşəkkür edirik”.

Şamaxıdan Tərlan Bayramov bildirir:

“Möhtərəm cənab Prezident.

Bu çətin günümüzdə bizə yardımçı olduğunuz üçün öz adımdan və ailə üzvlərimin adından Sizə dərin təşəkkürümü bildirirəm. Nə qədər ki, ölkəmizin başında Siz varsınız, heç bir çətinlik ölkəmizə güc gələ bilməz. Allah Sizi qorusun. Yaxşı ki, Sizin kimi ölkə başçımız var. Sizə minnətdarlığımı bildirirəm. İnşallah, tez bir zamanda bu bəladan xilas olarıq. Mən özüm kimi hamını evdə qalmağa çağırıram. Özümüzü və ailəmizi qoruyaq. Bir daha təşəkkür edirəm. Sağ olun”.

Daşkəsəndən Elnarə Ələsgərova qeyd edir:

“Əziz və hörmətli Prezidentimiz.

Mən qürur hissi ilə bildirmək istəyirəm ki, bizim Sizin kimi humanist, əməlisaleh ölkə başçımız var. Bu gün dünyanı bürümüş COVID-19 virusunun ölkəmizdə fəsadlarının qarşısını almaq məqsədilə verdiyiniz tapşırıqlar həlledici rol oynadı. Xalqın narahatlığı nisbətən azaldı, kütləvi yayılma baş vermədi. Xarici ölkələrdə olan vətəndaşlarımızı, həmçinin tələbələri koronavirusdan qorumaq üçün ölkəmizə gətirdiniz, xəstələrin qeydinə qalan, onların qayğısını çəkən həkimlərin maaşlarını artırdınız. Bir illik əməkhaqqınızı Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdiniz. Vətəndaşlara birdəfəlik ödəmə edilməsi ilə bağlı tapşırıqlar da bir daha sübut etdi ki, Siz xalqımıza, ölkəmizə hər sahədə qayğı ilə yanaşırsınız. Saymaqla qurtarmayan, ölçüyəgəlməz işlərdir bunlar.

Gənc, müstəqil Azərbaycan Respublikası bir çox bəlaların öhdəsindən çox məharətlə gəlib və gələcək. Biz buna heç bir tərəddüd etmədən inanırıq. Çünki bizim qüdrətli ordumuz, asayişin keşiyində duran polislərimiz, gecə-gündüz demədən xalqımızın qeydinə qalan həkimlərimiz və Sizin kimi qayğıkeş və cəsarətli Ali Baş Komandanımız, qürur yerimiz var.

Əziz və hörmətli Prezidentimiz, gördüyünüz bütün işlər üçün xalqımız adından bir daha Sizə təşəkkür edir, uzun ömür, can sağlığı, xoş günlər diləyirəm”.

Zərdabdan Fərman İsmayılov yazır:

“Möhtərəm cənab Prezident.

Sizin uğurlarınızı şərtləndirən amillərdən biri də hadisələri öncədən görmək və vaxtında qabaqlayıcı tədbirlər həyata keçirmək bacarığınızdır. Sizin tapşırığınızla görülən çevik, təcili tədbirlər koronavirus bəlasının Azərbaycanda geniş yayılmasına imkan vermədi. Siz populizmdən uzaq, gələcəyə hesablanmış iqtisadi, sosial proqramların müəllifi kimi tanınan dövlət başçısısınız. 2018-ci il prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışınızda inkişafımızın və islahatların gələcək konturlarını açıq-aydın göstərdiniz. Ötən dövrdə bu islahatların ardıcıllıqla həyata keçirilməsinin şahidi olduq. Sizin iradənizə, müdrikliyinizə və fenomenal rəhbərlik istedadınıza arxalanaraq inanırıq ki, ölkəmiz pandemiyanın yaratdığı bu çətin vəziyyətdən də şərəflə çıxacaq, iqtisadiyyatımız, iş yerləri bərpa ediləcək. Belə ki, koronavirusla mübarizənin ilk anlarından verdiyiniz qərarlar tərəfimizdən rəğbətlə qarşılandı. Bu gün, Siz də qeyd etdiyiniz kimi, pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən 300 mindən çox insanın əmək haqlarının əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödənilməsi, 300 minə yaxın mikro sahibkarın maliyyə vəziyyətinin təmin edilməsi, ümumilikdə, 600 minə yaxın insanın dövlətdən maddi dəstək alması dövlətimizin və onun Prezidentinin hər zaman xalqın yanında olması deməkdir. Allah Sizi və ailənizi qorusun”.

Zaqataladan Bayram Qurbanov məktubunda bildirir:

“Hörmətli cənab Prezident.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasəti son illər daha geniş miqyasda həyata keçirilməkdədir. Azərbaycanda mədəniyyətin tərəqqisinə böyük diqqət və qayğı göstərilir. Mən Ulu Öndərin dövründən başlayaraq bu günə kimi sənət adamlarına göstərilən qayğının şahidiyəm. Nə qədər sənətçilərimiz orden və medallarla təltif olunub, Prezident təqaüdlərinə layiq görülüb, sənət adamlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirilib. Mədəniyyət xadimlərinə göstərilən bu diqqət və qayğının nəticəsidir ki, Sizin sərəncamınızla mən, Qurbanov Bayram Süleyman oğlu 2014-cü ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşəm.

Cənab Prezident, son dövrlər dünyada geniş yayılmış koronavirus infeksiyası, təəssüflər olsun ki, Azərbaycandan da yan keçmədi. Uzaqgörən siyasətçi kimi gördüyünüz qabaqlayıcı tədbirlər, atılan sistemli addımlar nəticəsində bu virusun ölkədə geniş yayılmasının qarşısı alındı. Vətəndaşların sağlamlığını düşünərək zəruri addımların atılması, insanların sosial rifahının təmin olunması istiqamətində gördüyünüz bütün işlərə görə bir əməkdar mədəniyyət işçisi kimi Zaqatala rayon mədəniyyət işçiləri adından Sizə təşəkkürümü bildirir, şərəfli və çətin işinizdə uğurlar arzulayıram”.

Gədəbəydən Vicay Cavadov qeyd edir:

“Möhtərəm cənab Prezident.

Xalqımızın qayğısına qalmaqla bütün çətin vəziyyətlərdə bizi sevindirdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi xalqa sevdirən ən mühüm xüsusiyyət əsl dövlət başçısına xas qətiyyətiniz, atdığınız hər bir addımda milli maraqları öndə tutmanızdır. Verdiyiniz hər bir qərar Azərbaycan dövlətinin milli maraqlarına hesablanır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq Sizin həyat fəlsəfənizdir. Bu çətin pandemiya vəziyyətində xalqımızın sağlamlığını hər şeydən üstün tutmağınız bizləri daha da qürurlandırır. Sizə bir daha səmimi qəlbdən minnətdarlığımı bildirirəm. Allah Sizi xalqımıza çox görməsin. Sizə can sağlığı, uzun ömür arzulayıram”.

Şabrandan Ruziyyə Kərəmova yazır:

“Möhtərəm cənab Prezident.

Dünyanı cənginə almış koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib. Sizin müdrik və uzaqgörən siyasətiniz sayəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb, dövlətimiz bütün imkanlarını epidemiyanın qarşısının alınmasına və fəsadlarının aradan qaldırılmasına yönəldib. Bütün bunlar sübut edir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Azərbaycan təhsilinə, müəllimin əməyinə verdiyiniz dəyər və şagirdlərin sağlamlığını düşünməyiniz Sizin dahi Lider olduğunuzu bir daha sübut edir.

Cənab Prezident, bütün bu işlərə görə Sizə təşəkkür edir, minnətdarlığımızı bildiririk. Sizinlə qürur duyuruq”.

İmişlidən Aygün Musayeva bildirir:

“Möhtərəm cənab Prezident.

Qlobal təhlükə olan koronavirus ilə qarşı-qarşıyayıq. Bilirik ki, COVID-19 virusuna qarşı bütün tədbirlər əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi naminə həyata keçirilir. Sizin “hər kəs evdə qalmaqla yoluxucu - öldürücü virusun geniş şəkildə vüsət almasının qarşısını almalıdır” tapşırığı respublikamızda bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə böyük töhfə verib. Sizin rəhbərliyinizlə əhali bu təşəbbüs ətrafında səfərbər olaraq koronavirusla mübarizə istiqamətindəki işlərə həmrəylik nümayiş etdirib. Sizin uzaqgörən siyasətiniz və humanist addımlarınız nəticəsində ölkəmizdə virusun kütləvi şəkildə yayılmasının qarşısı alınıb və xəstəlik nəzarət altında saxlanılır.

Hörmətli cənab Prezident, ölkəmizin gələcəyi naminə gördüyünüz bütün tədbirlərdə Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutduğunuz üçün Sizə və Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk”.

Sumqayıtdan Qətibə Əsədova yazır:

“Möhtərəm cənab Prezident.

Mən 70 yaşlı bir ana kimi Sizə və ailənizin hər bir üzvünə dərin sevgi və hörmətimi bildirmək istəyirəm. Bu il əmək fəaliyyətimi dayandırmışam. Buna baxmayaraq, Sizin və Mehriban xanımın istər işləyən nəslə, istərsə də təqaüddə olan yaşlı nəslə diqqət və qayğınızı çox yüksək qiymətləndirirəm. Sizin yorulmaz fəaliyyətiniz nəticəsində Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən çox irəli gedərək, bu amansız pandemiyaya qarşı layiqli mübarizə apardı. Allaha şükürlər olsun ki, ölkəmiz Sizin sayənizdə bu bəladan az itkilərlə qurtulmaqdadır.

Cənab Prezident, onu da bildirmək istərdim ki, Sizin millət, Vətən sevginizin qarşılığı ümumxalq sevgisidir. Azərbaycanımız naminə gördüyünüz hər bir işə görə Sizə çox minnətdarıq. Allah Sizi qorusun”.

Mingəçevirdən Mənsur Həsənov məktubunda bildirir:

“Möhtərəm cənab Prezidentimiz.

Dünyamız çətin sınaq qarşısında ikən xalqımızı bu bəladan hifz etmək üçün gördüyünuz tədbirlər və ard-arda verdiyiniz mühüm fərman və sərəncamlarınıza görə bir vətəndaş olaraq Sizə dərin təşəkkürümü bildirirəm.

Cənab Prezident, xalqımız dünyanı bürüyən ağır pandemiya dövründə “Biz birlikdə güclüyük!" çağırışınız ətrafında sıx birləşdi. Bu gün əminliklə deyə bilərəm ki, görülən təxirəsalınmaz tədbirləriniz sayəsində pandemiyaya qarşı mübarizə öz səmərəsini göstərməkdədir. Təbii ki, bu, hər bir Azərbaycan vətəndaşını sevindirir. Bu ağır dövrdə vətəndaşlarımızın rifahı üçün gördüyünüz tədbirlər bir daha sayənizdə dövlətimizin nə qədər qüdrətli bir ölkə olduğunu hər kəsə və təbii ki, bütün dünyaya göstərdi.

Bir müəllim kimi çalışdığım Mingəçevir şəhər 20 saylı tam orta məktəbin kollektivi adından Sizə və köməyini xalqımızdan heç zaman əsirgəməyən Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildirirəm. Var olun. Əmin olun ki, bu xalq hər zaman Sizinlə birlikdə güclü olacaq. Allah Sizi qorusun”.

Goranboydan Alik Quliyev qeyd edir:

“Çox hörmətli cənab Prezident.

Mən dəniz neftçiləri və Goranboy sakinləri adından Sizə minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Son dövrlərdə Azərbaycanda sürətli inkişafın, neft və qeyri-neft sektorlarında ciddi irəliləyişin olduğu hamıya bəllidir. Bu inkişaf Sizin apardığınız siyasətin nəticəsidir. Biz goranboylular Sizin dəstəyinizi və qayğınızı hər zaman hiss edirik. Ölkəmizdə bütün sahələrdə, xüsusən də siyasi, iqtisadi, məhkəmə, hüquq, təhsil və səhiyyə sahələrində aparılan islahatlar bunun bariz nümunəsidir. Siz dediyiniz kimi, Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdı. Bu gün güclü dövlət olmağımızın əsl səbəbi Sizsiniz, cənab Prezident!

Goranboyda və ətraf rayonlarda da inkişafın şahidi oluruq. Hər bir Azərbaycan vətəndaşı kimi, mən də öz növbəmdə çətin neftçi peşəsini layiqincə yerinə yetirməyə çalışıram.

Hazırda COVID-19 pandemiyasi ilə üz-üzəyik. Amma Sizin verdiyiniz qərarlar, atdığınız addımlar sübut edir ki, hər bir azərbaycanlı üçün ən doğru addım evdə qalmaq, öz sağlamlığını qorumaqdır”.

Qaxdan Əli Seyidəliyev yazır:

“Hörmətli cənab Prezident.

Dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə görülən işlər təqdirəlayiqdir. Virusun ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər üçün böyük məbləğdə vəsaitin ayrılması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi bu məsələyə necə ciddi yanaşıldığını göstərir. Bu müddət ərzində sosial işçi layihəsinin tətbiq edilməsi və mənim kimi minlərlə vətəndaşın işlə təmin olunması bizə göstərdiyiniz qayğının və diqqətin təcəssümüdür.

Əziz Prezidentimiz, böyük bir bəla olan koronavirusun ölkəmizdə kütləvi yayılmasının qarşısını almaq məqsədilə görülən işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Siz xalqımıza dəstək olduğunuz kimi, xalqımız da hər zaman Sizə dəstəkdir. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”.

Oğuzdan Nəriman Ramazanov bildirir:

“Hörmətli cənab Prezident, Ali Baş Komandan.

Sizin ölkəmizi COVID-19 virusundan qorumaq üçün atdığınız hər addımı alqışlayırıq. Siz bizi bizdən də çox düşünürsünüz. Bunun sayəsində biz bu gün rahat yaşayır, koronavirusun dünyada yaratdığı dəhşətləri kənardan izləyirik.

Bu qayğınıza görə Sizə ailəmiz adından təşəkkür edirəm. Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz, təhlükəsizliyimiz üçün əlinizdən gələni əsirgəmədiniz. Biz Sizinlə fəxr edirik. Siz dövlətimizin başında olduğunuz müddətdə Azərbaycan var olacaq. Ulu Tanrı Sizi və ailənizi qorusun”.

Biləsuvardan Sevinc Qədirova məktubunda qeyd edir:

“Möhtərəm Prezident.

Bütün dünyanı cənginə alan koronavirus pandemiyasının törətdiyi fəsadların qarşısının alınması üçün həyata keçirdiyiniz işləri hər birimiz görürük və buna görə Sizə təşəkkür edirik.

Sizin təşəbbüsünüzlə aztəminatlı ailələrlə bağlı proqramların icrasına başlanıldı. Dünya ölkələri arasında müqayisədə ölkəmizdə vəziyyət elə də acınacaqlı deyil. Bu da Sizin qabaqlayıcı tədbirləriniz nəticəsində mümkün oldu. Biz inanırıq ki, gözəl və firavan həyatımız tezliklə yenidən öz axarı ilə davam edəcək. Biz Sizinlə - cənab Prezidentimizlə fəxr edirik”.

Salyandan Şəbnəm Kərimli yazır:

“Möhtərəm cənab Prezident.

Sizin müdrikliyiniz və uzaqgörən siyasətiniz Azərbaycanımızı pandemiyadan da ən yüksək səviyyədə qorudu. COVID-19 infeksiyasının ölkəmizdə yayılmaması üçün gördüyünüz təxirəsalınmaz tədbirlərə, bu virusun gələcəyimizi əlimizdən almasına mane olduğunuza və ən əsası, xalqın təkcə Prezidenti deyil, həm də qəhrəmanı olduğunuza görə bir gənc kimi Sizə minnətdarlığım sonsuzdur. Uca Tanrı Sizi və ailənizi qorusun”.

Füzulidən Süleyman İsmayılov bildirir:

“Möhtərəm Prezidentimiz.

Bütün bəşəriyyət üçün təhlükə yaradan koronavirus xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Sizin rəhbərliyinizlə həyata keçirilən mübarizə tədbirlər bizdə böyük qürur hissi yaradıb. Dünyanın ən inkişaf etmiş ölkələrinin, müasir səhiyyə sistemlərinin belə qarşısında aciz qaldığı bu xəstəlik Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hələ pandemiya elan edilməmişdən əvvəl Sizin uzaqgörənliklə başladığınız və birbaşa rəhbərliyinizlə həyata keçirilən tədbirlər nəticəsində, şükürlər olsun ki, ölkəmiz üçün faciəvi nəticələrə gətirib çıxarmadı.

Bütün bunlara görə xalqımız Sizə minnətdarlığını ifadə edir. Azərbaycanın bu sahədəki mübarizəsinin dünya ölkələri üçün örnək olmasını qürur hissi ilə qarşılayırıq. Məhz görülən tədbirlərin nəticəsidir ki, son günlər ölkəmizdə bu xəstəliklə bağlı müsbət dinamika müşahidə olunur, sağalaraq evlərinə qayıdan xəstələrin sayı hər gün artır.

Bu çətin günlərdə bütün xalqımız Sizin “Biz birlikdə güclüyük!” çağırışınızın müsbət əhval-ruhiyyəsi və mənəvi gücü ilə yaşayır”.

Prezident İlham Əliyevə xaricdə yaşayan soydaşlarımız da təşəkkür edir.

Qazaxıstanın Qərbi Qazaxıstan vilayətinin yerli qanunverici orqanının deputatı Ənvər Ağayev qeyd edir:

“Möhtərəm cənab Prezident.

Hazırda dünyanın ən böyük problemi olan koronavirus pandemiyasının qarşısının alınması məqsədilə bütün dövlətlər çoxsaylı tədbirlər görür, virusun təsirinin azaldılması üçün addımlar atırlar. Biz - Qazaxıstanda yaşayan azərbaycanlılar - yaşadığımız ölkə ilə yanaşı, doğma Vətənimizdə bu bəlanın yayılmasından narahatlıq keçirsək də, Azərbaycanda görülən tədbirləri, Sizin örnək fəaliyyətinizi, ölkəmizin hər bir vətəndaşına göstərdiyiniz diqqət və qayğını heyranlıqla izləyirik. Vaxtında atdığınız uğurlu addımlar, verdiyiniz müdrik qərarlar, xüsusilə də ölkə vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz layihələr xaricdə yaşayan azərbaycanlıların diqqət mərkəzindədir. Belə bir qənaətə gəlir və bir daha şahidi oluruq ki, Sizin siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan xalqının rifahı Sizin üçün hər şeydən üstündür.

Sizin “Biz birlikdə güclüyük!” çağırışınız xalqımızın həmrəyliyinə, birliyinə yeni, parlaq çalarlar gətirdi. Qlobal bəla ilə mübarizədə Azərbaycan xalqı məsuliyyət, yüksək nizam-intizam və ən başlıcası, milli həmrəylik nümayiş etdirdi. Xaricdə yaşayan azərbaycanlılar olaraq həm qürbətdəki həmyerlilərimiz, həm də Vətənimiz üçün gördüyünüz işlərdən qürur duyuruq. Başqa bir ölkənin vətəndaşı olsaq da, Qazaxıstandakı azərbaycanlılar, qürbət ölkədə mövqe tutmuş, müəyyən söz sahibi olan oğul və qızlarımız üçün Sizin çağırışınız bir siqnaldır. Biz tarixi məsuliyyətimizlə bu çağırış qarşısında hər cür fədakarlığa hazır olduğumuzu bildirməkdən şərəf duyuruq.

Türkdilli xalqların liderlərinin videokonfransını keçirməklə Siz böyük türk oğlu kimi ümumbəşəri bəlaya qarşı birlikdə mücadilənin əhəmiyyətini bütün dünya siyasətçilərinə nümayiş etdirdiniz. Qlobal problemlərlə mübarizədə Azərbaycan yeni bir nümunə yaratdı və indi bütün dünya ölkəmizin nümunəsini öyrənməyə çalışır.

Biz inanırıq ki, Sizin siyasətinizin ətrafında hər zaman sıx birləşən Azərbaycan xalqı bu çətin günlərdən də uğurla çıxacaq. Sizə və ailənizə əvəzsiz olan can sağlığı arzu edirik.

Siz mürəkkəb vəziyyətlərdə qalib gəlmək üçün var qüvvənizlə çalışır, mümkün olan hər şeyi edirsiniz. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıya göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Cənab Prezident, Allahın köməyi, Sizin möhkəm iradəniz, eyni zamanda, birlik və həmrəyliyimizin gücü sayəsində gözə görünən və görünməyən bütün düşmənlərimizə hər zaman qalib gələcəyimizə öz varlığımız qədər inanırıq”.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Həbs olunan DSX polkovnikinə federasiyanın vitse-prezidenti “krışa”lıq edirmiş? 

Əbülfəs Qarayevlə Elçin Quliyevin "vurulmasının" gerçək səbəbləri - Britaniyada cinayət işi açılıb

Nazirin oğlu 4 milyon dollarlıq mənzil aldı - Foto

İngiltərəyə 17 milyon dollar aparan azərbaycanlı ər-arvad kimdir?

"Hansı vəsait hesabına onun ətrafında cangüdənlər, köməkçilər var?" - Siyavuş Novruzov

Baş prokurorun yeni müavinləri haqda maraqlı məlumatlar

Bakıda yaşayış binasına ilan sürüsü girdi: Sakinlər qorxu içində - Video

Rüstəm Usubovun qəzaya düşən bacısı dünyasını dəyişdi

Kürdəmirdə koronavirusa yoluxanların sayı 61-ə çatdı - Say sürətlə artır- Yenilənib

Eldar İbrahimov: "Oğul atasının yasına gedə bilmir"

Mingəçevirdə avtomobil 13 nəfəri vurub, 4 uşağın vəziyyəti ağır və orta ağırdır - Foto,Yenilənib

“30 ildir torpaqlar işğaldadır, buna qəzəblənmirlər, amma indi bir dılğıra görə...”

loading...

Ən çox oxunanalar