Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şamanizm və Tengriçilik: Sivilizasiya quran türklər cadugər olublar?..

Xanlıq və imperiya qurmuş türklər, həqiqətən cadugər idilər, yoxsa monoteist?..

Doğu Perinçek

“Aydınlık” qəzeti, Türkiyə, 24 aprel 2020-ci il

Bir oxucu təxminən belə bir şərh yazmışdı: “Əlhəmdulillah müsəlmanam, amma bir vaxtlar mühüm bir funksiyaya sahib olmuş, qədim dinimuz şamanizmi cadugərlik kimi görməyinizi doğru hesab etmirəm. Əslində, bəşəriyyəti tək tanrıya aparan bu din dövrünə görə öz funksiyasını lazımınca yerinə yetirmişdi. Hələ İslam dininin mövcud olmadığı zamanlarda Romada çoxlu tanrılar olmasına baxmayaraq, Atillanın yanında şaman saxladığını da unutmayaq.

Həmçinin, “böyük insanlar din və mədəniyyət ortaya çıxarır” yanaşması doğru olsa belə, regional şərtləri də nəzərə almaq lazımdır. Maraqlısı odur ki, dinlər və mədəniyyətlər də keyfiyyətli regionlarda kök atırlar. Buna görə də düşünürəm ki, Orta Asiya və Rusiya çöllərində axtarıb tapa bilmədiyimiz türklər vasitəsilə mövcud mədəniyyətləri və dinləri uğurlu hesab etmək düzgün olmaz.

Mən Səlcuq dövlətini və ya Osmanlını heçə saymıram. Əlbəttə ki, onlar mövcud olublar, lakin başqaları da vardı və bir regionu müqəddəsləşdirmək böyük ədalətsizlik olardı”.

Şamanizm din deyil, cadugərlikdir

Oxucu, əslində, hər kəsin ortaq bir yanlışını ifadə edib.

Şamanizm din deyildi, dinlərdən əvvəl qəbilə icmalarında ortaya çıxmış bir inanc sistemi idi. 11-ci əsrin sonlarında Mahmud Kaşğari yazdığı “Divan-i Lüğət-it türk” əsərində Şamanın türkcə qarşılığı olan Qamın sehrbaz olduğunu, cadugərlik və falçılıqla məşğul olduğunu qeyd edib. Yusif Akçura və Ziya Gökalp kimi türk milliyətçiliyinin aparıcı mütəfəkkirləri Fuad Köprülü, Prof. Dr. Əbdülqədir İnan, Prof. Dr. Osman Karatay kimi ciddi türk tarixçiləri və Radloff, Rouks kimi türk tarixi üçün böyük əmək sərf etmiş elm adamları da bu tarixi həqiqəti qəbul edirlər.

Dinlər yalnız türklərə aid olmadığı kimi, şamanizm də təkcə türklərə xas deyildi. Şamanizm qəbilə dövrünün cəmiyyətlərində meydana gəlib və tarixdən əvvəlki sivilizasiya ilə birlikdə yox olub.

Türk xaqanlarının və bəylərinin dini

Mədəniyyət qurmuş əski türklərdən Hun, Göytürk, Uyğur, Qırğız, Qıpçak, Oğuz və Tatar xaqanları və bəyləri şaman inancında deyildilər, hamısı Tengri dininə bağlı idi. Bu gün Mete dediyimiz Modu, Qutluq Xaqan, Bilgə Xaqan , Gün Tigin, Mu Xan, Bögü Xaqan , Su-lu Xaqan , Almuş Xan, Bərkə Xan, türk kağanlarının və bəylərinin şamanizmlə heç bir əlaqəsi yox idi. Bütün səlahiyyətləri Tengridən asılı idi. Şamanizm mövzusunda ilk ciddi araşdırma aparan Prof. Dr. Əbdülqədir İnanın dediyi kimi:

“Göy Tanrı dini böyük imperiyaların qurulduğu dövrlərdə imperiyaya daxil olan bütün xalqlar üçün ortaq və ictimai bir din olaraq qəbul edilmişdi. Orta Asiyada dövlət quran bütün sülalələrin hamısında Göy-Tanrı bütünə sitayiş edildiyini Çin mənbələri müəyyən etmişlər”.

Şamanizm və ya cadugərlik, şübhəsiz ki, Asiyanın geridə qalmış cəmiyyətlərində hər zaman olub. Tengri inancı xanlıqların mərkəzində və bəylər sinfində olsa da, hələ də kənarlarda, meşə qəbilələri içində şamanizmə, yəni cadugərliyə rast gəlmək mümkün idi. Böyük tarixçi Rouks Tengrinin hər şeydən əvvəl imperiya tanrısı olduğunu qeyd edərək işin mahiyyətini vurğulayıb. Bilgə Kağanın oğlunun adı Tengri Xaqan idi. Uygur xaqanı olan Bögü Xaqan daha sonra Tengri Xaqan adını almışdı.

Şamanizm barbarlıq kimidir

Xanlıq və imperiya quran türklərə cadugər demək onları primitiv və barbar kimi göstərən cahil bir yanaşmadır.

Türklərin tarix boyunca təkcə bir dini olmayıb. Lakin ən qədim türklərin dini araşdırılıb və bu din elm dünyasında tengriçilik / tanrıçılıq adlanır. Ruslar bu dinə Tengri-yantsvo, Qərb tarixçiləri isə tengrizm və ya Tanrismus deyirlər.

Tengriçilik fəlsəfədə monoteist idi, yəni kainatdakı hər şeyin bir olduğunu qəbul edirdi. Bu baxımdan, İslamdakı vəhdəti-vücud fəlsəfəsinə uyğun gəlir. Bu fəlsəfə dünyada siyasi sahədə tək hakimiyyəti müdafiə edən cahangirlik və imperiya prinsiplərində özünü göstərir.

Oğuz Kağan dastanı və Orxan kitabələrində şamanizm yox, Tenqri vardı

Oğuz Kağan dastanındakı Tengri tək Allaha inamı əks etdirir. Bu dastan türklərdə sinifləşmənin və dövlətin yaranması prosesinin münasibətlərini və qurumlarını əks etdirir. Oğuz Kağana “yer verən” Tengridir.

Oğuz Kağan dastanında yer üzünə hökmranlıq idealı Oğuz Kağanın dilindən belə təsvir olunur:

“Mən uyğurların kağanıyam və yerin dörd tərəfində kağan olmalıyam. Sizdən itaət etməyinizi istəyirəm”.

Dastanın əldə olan nüsxəsinin sonlarında Oğuz Kağan həyatını qısaca belə izah edir: “Göy Tanrıya borcumu ödədim”.

Eramızın 8-ci əsrində Orxan və Tonyukuk kitabələrində şamanizmin izlərinə rast gəlinməyib. Göytürk xaqanlarının dini təkallahlılıq idi.

13-cü əsrdə Asiyadakı imperiya mədəniyyətinin böyük cahangiru olan Çingiz xan da Göy Tanrıya ibadət edirdi. İbtidai qəbilə cəmiyyətində yaşayan monqolların keçmiş inancı şamanizm idi. Ancaq Çingiz xan onları dövlət işləri ilə qarışdırmadı. Çünki şamanizmlə dövlət qurula bilməzdi və dünyanı idarə etmək mümkün olmazdı. Gibbon Çingizin dininin təmiz bir deizm olduğunu heyranlıqla qəbul edir.

Şamanizmin yolu tək bir tanrıya aparmır

Şamanizm tək Tanrıya yol açmaz. Tək Tanrıya inam şamanizmin rədd edilməsi və sürgün edilməsi ilə ortaya çıxıb, çiçəkləndi. Yuxarıda Çingiz xan nümunəsini verdik. Eyni hadisəni qəbilə cəmiyyətlərinin dağılması və xanlıqların qurulması prosesində də görürük.

İslamdan əvvəlki türklərlə əlaqəli olan bütün səyahətçilər və tarixçilər türklərin tək Tanrıya inandıqlarını görüblər. Məsələn, Simokattes, suriyalı Mikhael, kalankatlı Musa, Monto Kroçe, Məqdisi, İbn Fadlan, türklərin “tək Tengri”, “Tengri Xan” dediklərini bildiriblər.

Tək Tenqridən İslama keçid

Tək Tengri sivilizasiya dini olduğundan türklərin İslamı qəbul etməsi üçün uyğun bir zəmin yaratmışdı. Türklər 8-9-cu əsrlər boyunca İslam sivilizasiyası ilə əlaqə yaratdıqda İslamın tək Tanrı inancına və vəhdəti-vücud fəlsəfəsinə heç də yad deyildilər.

İslamı qəbul edən türklər ticarət sivilizasiyası qurmuşdular və ticarət yollarına nəzarət edirdilər. İslamçılıq ticarət sivilizasiyasının dini olaraq türklərin inkişaf prosesinə cavab verirdi. Digər tərəfdən, İslamın ilk növbədə kütlələr arasında yayılması və xaqanların xalqın inandığı dini qəbul etməsi maraqlı idi. Türklərin qılınc gücü ilə müsəlman olduqları iddiası tarixdən kənar bir xurafatdır. Karatayın vurğuladığı kimi: “Qılınc türklərin əlində idi”.

Daha önəmlisi isə odur ki, dövrün sivilizasiya öncüsü Əməvi və Abbasi imperiyaları idi. Dövrün Ərəb Sivilizasiyası həm o dövrdə, həm də bu günün bütün tarixçiləri tərəfindən dövrün mədəniyyətin öncülü kimi qəbul edilir. Bu səbəblə, türklər əsrin sivilizasiyasında lider mövqeyinə qayıdarkən İslamı qəbul etmişdilər. Orta əsrlərdə İslam dini türklərin sivilizasiya prosesinin zirvəsinə çevrilmişdi. Bu zirvə 19-20-cu əsrlərdə Milli Demokratik İnqilablar nəticəsində aradan qaldırıldı. Əlbəttə ki, köhnə təcrübədən və güc alaraq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Ən çox oxunanalar